10:31 AZ | RUS | ENG

.

               Təqvim

Super Ajax Calendar


Səhifənin xəritəsi



xəbərlər

İnformasiya əldə etmək hüququ.
 
 
"İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında" Avropa Konvensiyasının 10-cu maddəsinə əsasən hər kəs öz fikrini ifadə etmək azadlığı hüququna malikdir. Bu hüquqa öz rəyində qalmaq azadlığı, dövlət hakimiyyəti orqanları tərəfindən hər hansı maneəçilik olmadan və dövlət sərhədlərindən asılı olmayaraq, məlumat və ideyaları almaq və yaymaq azadlığı daxildir.
Azərbaycan Respublikası Konstitusiyasının 50-ci maddəsi hər kəsin məlumat azadlığına malik olmasından bəhs edir. Həmin maddəyə əsasən, hər kəsin istədiyi məlumatı qanuni yolla axtarmaq, əldə etmək, ötürmək, hazırlamaq və yaymaq azadlığı vardır. Kütləvi informasiyanın azadlığına təminat verilir. Kütləvi informasiya vasitələrində, o cümlədən mətbuatda dövlət senzurası qadağandır.
Göstərilən maddənin ali hüquqi qüvvəyə malik olan konstitusiyada bəyan olunması informasiya və məlumat azadlığının ən mühüm təminatıdır.
İnformasiya sahəsində daha geniş hüquqi tənzimləməni həyata keçirmək üçün "İnformasiya əldə etmək haqqında" 30 sentyabr 2005-ci il, "İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında" 3 aprel 1998-ci il tarixli Azərbaycan Respublikasının qanunları qəbul edilmişdir.
"İnformasiya əldə etmək haqqında" 30 sentyabr 2005-ci il tarixli Azərbaycan Respublikası Qanununun məqsədi Azərbaycan Respublikası Konstitusiyasının 50-ci maddəsi ilə təsbit olunmuş məlumat əldə etmək hüququnun sərbəst, maneəsiz və hamı üçün bərabər şərtlərlə, açıq cəmiyyətin və demokratik hüquqi dövlətin prinsipləri əsasında təmin edilməsinin hüquqi əsaslarını müəyyənləşdirməkdən, həmçinin ictimai vəzifələrin yerinə yetirilməsinə vətəndaşlar tərəfindən nəzarət olunmasına şərait yaratmaqdan ibarətdir.
Azərbaycan Respublikasında informasiyanın əldə olunması azaddır.
Hər kəs özü birbaşa və ya nümayəndəsi vasitəsilə informasiya sahibinə müraciət etmək, informasiyanın növünü və əldə etmə formasını seçmək hüququna malikdir.
Həmin Qanunun 3-cü maddəsinə əsasən "informasiya" dedikdə, yaranma tarixindən, təqdimat formasından və təsnifatından asılı olmayaraq istənilən fəaliyyət nəticəsində yaradılan, yaxud əldə olunan faktlar, rəylər, bilgilər, xəbərlər və ya digər xarakterli məlumatlar başa düşülür.
İnformasiya sahibinə müraciət edən hər kəs, sorğu edilən informasiyanın informasiya sahibində olub-olmadığını öyrənmək, bu informasiya olmadıqda onu əldə etmək üçün yardımçı məlumatlar almaq, informasiya sahibi sorğu edilən informasiyaya malik olduqda onu sərbəst, maneəsiz və hamı üçün bərabər şərtlərlə əldə etmək hüququna malikdir. Fiziki şəxslərin özləri barəsindəki sənədləşdirilmiş informasiya ilə maneəsiz tanış olmaq, onu əldə etmək, bu informasiyada dəqiqləşdirmələr aparılmasını tələb etmək, informasiyadan kimlərin və hansı məqsədlə istifadə etdiyini öyrənmək hüququ vardır.
İnformasiyanın əldə edilməsinə o şərtlə icazə verilir ki, bu, Azərbaycan Respublikasının siyasi, iqtisadi, hərbi, maliyyə-kredit və valyuta siyasəti sahələrində maraqlarının qorunması, ictimai qaydanın, sağlamlığın və mənəviyyatın mühafizəsi, digər şəxslərin hüquq və azadlıqlarının, kommersiya və digər iqtisadi maraqlarının qorunması, məhkəmənin nüfuzunun və qərəzsizliyinin, cinayət işləri üzrə ibtidai araşdırmanın normal gedişinin təmin edilməsi məqsədlərinə zidd olmasın.
İnformasiya sahibi öz informasiya ehtiyatlarından hər kəsin sərbəst, maneəsiz və hamı üçün bərabər şərtlərlə informasiya əldə etmək hüququnu qanunla müəyyənləşdirilmiş qaydada təmin etməyə borcludur.
İnformasiya sahibi, həmçinin informasiya sorğusunu ən qısa zamanda və sorğuçu üçün ən münasib üsulla təmin etməli, sənədlərin reyestrini aparmalı, ictimai vəzifələrin yerinə yetirilməsi haqqında ictimaiyyətə müntəzəm məlumat verməli, açıqlamalı olduğu ictimai informasiyanı qanunla müəyyənləşdirilmiş qaydada və müddətdə açıqlamalı, sorğuçuya kömək göstərməli, informasiyanın əldə olunmasına qoyulan məhdudiyyətlər barədə sorğuçuya məlumat verməli, əldə olunması qanunla məhdudlaşdırılan informasiyaları qorumalı, həqiqətə uyğun olmayan, natamam və ya qeyri-dəqiq informasiya verməməli, şübhə yarandığı hallarda informasiyanın düzgünlüyünü və mötəbərliyini yoxlamalıdır.
Əldə olunma növünə görə informasiya ümumi istifadə üçün açıq və alınması məhdudlaşdırılan informasiyalara bölünür.
Azərbaycan Respublikasının qanunu ilə əldə olunması məhdudlaşdırılmayan informasiyalar açıq informasiyalar sayılır. Açıq informasiya dedikdə, əldə olunması, işlənməsi, verilməsi və ya istifadəsi Azərbaycan Respublikasının qanunvericiliyi ilə məhdudlaşdırılmayan və ümumi istifadə üçün təyin olunmuş sənədləşdirilmiş informasiya başa düşülür.
Əldə edilməsi qanunla məhdudlaşdırılan informasiyalar hüquqi rejiminə görə məxfi və gizli (konfidensial) olur. Dövlət sirri məxfi, vətəndaşların, mülkiyyət növündən asılı olmayaraq yaradılmış idarə, müəssisə və təşkilatların, digər hüquqi şəxslərin qanuni maraqlarının qorunması məqsədi ilə əldə olunmasına məhdudiyyət qoyulan peşə (həkim, vəkil, notariat), kommersiya, istintaq və məhkəmə sirləri, konfidensial xarakter daşıyır. Fərdi məlumatlar daxilolma və əldə olunma növünə görə konfidensial və açıq kateqoriyalara bölünür.
Qeyd etmək lazımdır ki, 29 dekabr 2011-ci il tarixdə "Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) haqqında" Naxçıvan Muxtar Respublikasının Qanununa edilən dəyişikliyə əsasən informasiya sahibi olan dövlət orqanlarının, yerli özünüidarə orqanlarının və vəzifəli şəxslərin "İnformasiya əldə etmək haqqında" Azərbaycan Respublikası Qanunundan irəli gələn vəzifələri Naxçıvan Muxtar Respublikasında yerinə yetirməsinə nəzarəti həyata keçirən təsisat qismində Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) müəyyən edilmişdir.
Müvəkkil informasiya əldə etmək hüququnun pozulmasına dair şikayətdə əks olunmuş halların araşdırılması zamanı informasiya sahibi olan dövlət orqanı, yerli özünüidarə orqanı və ya vəzifəli şəxs tərəfindən "İnformasiya əldə etmək haqqında" Azərbaycan Respublikası Qanununun tələblərinə riayət edilib-edilmədiyini aydınlaşdırır.
04.11.2021













      

Copyright © 2009. Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman).