11:32 AZ | RUS | ENG

.

               Təqvim

Super Ajax Calendar


Səhifənin xəritəsi



xəbərlər

20 noyabr Ümumdünya Uşaqlar Günüdür.
 
Noyabrın 19-da Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) və Naxçıvan Muxtar Respublikasının Səhiyyə Nazirliyinin birgə təşkilatçılığı ilə Naxçıvan Şəhər Körpələr Evi və Ailələrə Dəstək Mərkəzində hüquqi maarifləndirmə tədbiri keçirilib.
 
 
Həyata keçirilmiş tədbirdə Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili təsisatının əməkdaşı Vahidə Bayramova, Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin əməkdaşı Səbuhi İbrahimov və Mərkəzin əməkdaşları iştirak edib.
Tədbiri giriş sözü ilə Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin əməkdaşı Səbuhi İbrahimov açaraq Ombudsman təsisatı ilə bugünədək müxtəlif mövzularda bir sıra tədbirlərin həyata keçirildiyini, bu kimi tədbirlərin tibb işçilərinin hüquqi maarifləndirilməsində əvəzsiz rol oynadığını diqqətə çatdırıb.
Tədbirdə Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsmanın) əməkdaşı Vahidə Bayramova "20 noyabr Ümumdünya Uşaqlar Günüdür" mövzusunda çıxış edərək bildirib ki, 1954 -cü ildə Birləşmiş Millətlər Təşkilatının Baş Məclisi tərəfindən qəbul edilmiş qətnaməyə əsasən 1956-cı ildən bütün dünya 20 Noyabr Ümumdünya Uşaq Hüquqları günü kimi qeyd edir. Məhz 1959-cu il noyabrın 20-də BMT Baş Məclisi Uşaq Hüquqları Bəyannaməsini, 1989-cu ilin həmin günündə isə uşaqların hüquqlarını qorumağa dair ən mükəmməl beynəlxalq sənəd "Uşaq hüquqları haqqında" Konvensiyanı qəbul edib.
Məruzəçi çıxışında Azərbaycan Respublikasının 1992-ci il 21 iyul tarixdə "Uşaq hüquqları" Konvensiyasına qeyd-şərtsiz qoşulduğunu, bununla yanaşı bir çox beynəlxalq müqavilələri də ratifikasiya etdiyini diqqətə çatdırıb.
Vurğulanıb ki, əsası ümummilli liderimiz Heydər Əliyev tərəfindən qoyulmuş, bu gün isə ölkə Prezidenti cənab İlham Əliyevin uğurla davam etdirdiyi dövlət uşaq siyasəti artıq milli strategiya kimi formalaşıb, son illər uşaqların sağlamlıqlarının möhkəmləndirilməsi, onların müasir tələblər səviyyəsində təlim-tərbiyəsinin daha da yüksəldilməsi üçün lazımi şərait yaradılıb, uşaq hüquqları ilə bağlı qanunvericilik və normativ-hüquqi aktlar davamlı olaraq təkmilləşdirilib, uşaq hüquqlarının müdafiəsi, uşaqların normal formalaşması, sağlam böyüməsinə yönəldilmiş dövlət proqramları qəbul edilib.
Müasir dövrdə sosial-iqtisadi inkişafa və mədəni tərəqqiyə nail olan Naxçıvan Muxtar Respublikasında da uşaqların hüquqlarının müdafiəsinə, təhsilinə, dünyagörüşlərinin zənginləşməsinə, onların cəmiyyətə inteqrasiyasına, habelə asudə vaxtlarının səmərəli təşkilinə xüsusi diqqət göstərildiyini vurğulayan natiq bildirib ki, ötən dövr ərzində muxtar respublikamızda bu istiqamətdə qanunvericilik bazası mütəmadi olaraq təkmilləşdirilib.
Məruzəçi tədbirə yekun vuraraq bildirib ki, əsas fəaliyyət istiqamətlərindən biri əhalinin müxtəlif sosial qruplarının hüquqlarının müdafiəsi olan Müvəkkil təsisatı uşaqların hüquqlarının və qanuni mənafelərinin daha səmərəli təmin edilməsi və etibarlı müdafiəsini daim diqqət mərkəzində saxlayır, bu sahədə mütəmadi olaraq maarifləndirmə tədbirləri həyata keçirir.
Tədbirin sonunda iştirakçıları maraqlandıran suallar Ombudsmanın əməkdaşı tərəfindən cavablandırılıb.
19.11.2021













      

Copyright © 2009. Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman).