18:58 AZ | RUS | ENG

.

               Təqvim

Super Ajax Calendar


Səhifənin xəritəsi



xəbərlər

Beynəlxalq İnsan hüquqları Günü münasibətilə tədbirlər davam etdirilir.
 
 
Dekabrın 10-da Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) və Əlahiddə Ümumqoşun Ordu Komandanlığının birgə təşkilatçılığı ilə N saylı hərbi hissədə Ümumdünya İnsan Hüquqları Günü münasibətilə tədbir keçirilib.
Tədbirdə Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsmanın) əməkdaşı Asiman Abbasov, Əlahiddə Ümumqoşun Ordu Komandanlığının əməkdaşı Elnur Əliyev və hərbi hissənin zabit, çavuş və əsgər heyəti iştirak edib.
Tədbiri giriş sözü ilə Əlahiddə Ümumqoşun Ordu Komandanlığının əməkdaşı Elnur Əliyev açaraq Ombudsman təsisatı ilə birgə həyata keçirilmiş hüquqi maarifləndirilmə tədbirlərinin hərbi qulluqçuların maarifləndirilməsində, onların hüquq və vəzifələrinin daha dərindən öyrənilməsində xüsusi əhəmiyyətə malik olduğunu vurğulayıb, hərbi xidmətin hüquqi əsaslarının gənc əsgərlərə təbliğ edilməsinin gələcəkdə də davam etdirilməsinin zəruri olduğunu diqqətə çatdırıb.
Sonra Ombudsmanın əməkdaşı Asiman Abbasov "10 dekabr Beynəlxalq İnsan Hüquqları Günüdür" mövzusunda çıxış edərək qeyd edib ki, 1948-ci il dekabrın 10-da Birləşmiş Millətlər Təşkilatı Baş Məclisi İnsan Hüquqları haqqında Ümumi Bəyannamə qəbul etmişdir. Həmin tarixdən etibarən hər il dekabrın 10-u bütün dünyada "İnsan Hüquqları Günü" kimi qeyd olunur.
Daha sonra A.Abbasov Ümumdünya İnsan Hüquqları Bəyannaməsinin müddəaları və əhəmiyyəti barədə məlumat verərək bildirib ki, Bəyannamə bəşər nəslinin bütün üzvlərinə məxsus olan ləyaqətin, onların bərabər və ayrılmaz hüquqlarının tanınmasının azadlıq, ədalət və ümumi sülhün əsası olduğunu, xalqlar arasında dostluq münasibətlərinin inkişaf etdirilməsinin zəruriliyini, üzv dövlətlərin Birləşmiş Millətlər Təşkilatı ilə əməkdaşlıqda insan hüquqlarına hamılıqla hörmət göstərilməsinə və onlara riayət olunmasına yardım etməyi öhdələrinə götürdüklərini nəzərdə tutur.
Vurğulanıb ki, Birləşmiş Millətlər Təşkilatının İnsan Hüquqları üzrə Komissiyasının 17 aprel 1998-ci il tarixli qətnaməsində göstərilir ki, Ümumdünya İnsan Hüquqları Bəyannaməsi bütün ölkələr və xalqlar üçün ümumi etalon qismində qəbul olunur və gələcək təkamül üçün əsas sayılır. Həmin qətnaməyə görə dövlətlərə tövsiyə edilir ki, insan hüquq və azadlıqlarının tam həcmdə həyata keçirilməsi məqsədilə beynəlxalq əməkdaşlığı genişləndirməli və milli səviyyədə səylər gücləndirilməlidir.
Tədbirdə Bəyannamənin qəbulunun beynəlxalq münasibətlərin inkişafında yeni mərhələ olmaqla yanaşı, insan hüquqlarına dair qəbul edilmiş digər beynəlxalq sənədlərə və dövlətlərin daxili qanunvericiliyinin inkişafına öz təsirini göstərdiyi vurğulanıb.
Məruzəçi əlavə edib ki, Ümumdünya İnsan Hüquqları Bəyannaməsi beynəlxalq insan hüquqları hüququnun, habelə bütövlükdə beynəlxalq hüququn inkişafında misilsiz rol oynayıb. Bəyannamənin yaradıcı qüvvəsi sayəsində insan hüquqlarının təşviqində və müdafiəsində əhəmiyyətli tərəqqi əldə olunub. Bu gün birmənalı demək olar ki, beynəlxalq səviyyədə insan hüquqlarının məzmununu müəyyənləşdirmək üçün müraciət edilən ilk sənəd məhz Ümumdünya İnsan Hüquqları Bəyannaməsidir.
Tədbirin sonunda mövzu ilə bağlı iştirakçıları maraqlandıran suallar Ombudsmanın əməkdaşı tərəfindən cavablandırılıb.
10.12.2021













      

Copyright © 2009. Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman).