Hərbi hissələrdə hüquqi maarifləndirmə tədbirləri davam etdirilir. Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) və Əlahiddə Ümumqoşun Ordu Komandanlığının birgə təşkilatçılığı ilə N saylı hərbi hissədə hüquqi maarifləndirmə tədbiri keçirilib. Tədbirdə Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsmanın) əməkdaşı Asiman Abbasov, Əlahiddə Ümumqoşun Ordu Komandanlığının əməkdaşı Elnur Əliyev və hərbi hissənin zabit, çavuş və əsgər heyəti iştirak edib. Tədbiri giriş sözü ilə Əlahiddə Ümumqoşun Ordu Komandanlığının əməkdaşı Elnur Əliyev açaraq Ombudsman təsisatı ilə birgə həyata keçirilmiş tədbirlərin hərbi qulluqçuların maarifləndirilməsində, onların hüquq və vəzifələrinin daha dərindən öyrənilməsində xüsusi əhəmiyyətə malik olduğunu vurğulayıb, hərbi xidmətin hüquqi əsaslarının gənc əsgərlərə təbliğ edilməsinin gələcəkdə də davam etdirilməsinin zəruri olduğunu diqqətə çatdırıb. Sonra Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsmanın) əməkdaşı Asiman Abbasovun "Hərbi xidmətlə əlaqədar olaraq hərbi qulluqçuların hüquqlarının məhdudlaşdırılması" mövzusunda çıxışı dinlənilib. Qeyd olunub ki, Silahlı Qüvvələrin daimi döyüş qabiliyyətli və döyüş hazırlıqlı olmasının zəruri şərti hərbi qulluqçular tərəfindən onların vəzifələrini, funksiyalarını və onlara verilən tapşırıqları müəyyən edən normativ aktların tələblərinə dönmədən riayət edilməsi, yüksək hərbi intizamın dəstəklənməsidir. "Milli qanunvericilikdə hərbi qulluqçular üçün əsas insan hüquq və azadlıqlarının geniş kataloqu müəyyən edilmişdir" deyə çıxış edən A.Abbasov qeyd edib ki, hərbi qulluqçular Azərbaycan Respublikasının Konstitusiyasında, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə və digər qanunvericilik aktlarında təsbit olunmuş hüquq və azadlıqlara malikdir. Bildirilib ki, qanunvericiliyə əsasən hərbi xidmətlə bağlı olaraq hərbi qulluqçuların bəzi hüquq və azadlıqları məhdudlaşdırılır. Belə ki, onlara siyasi partiya və təşkilatlarda olmaq, onların seçkili orqan və vəzifələrə müstəqil namizədlərin xeyrinə bu və ya digər formada təbliğat aparmaq, seçkilərdə səsə qoyulmaq, tətil elan etmək və onda iştirak etmək qadağan olunur. Həmçinin Azərbaycan Respublikasının Silahlı Qüvvələrində və Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrdə qulluq edən hərbi qulluqçular (hərbi attaşelər, hərbi nümayəndələr və onların köməkçiləri istisna olmaqla), habelə Azərbaycan Respublikasının hüdudlarından kənarda beynəlxalq hərbi təlimlərə, antiterror, xilasetmə və xidməti zərurətlə bağlı digər tədbir və ya əməliyyatlara cəlb olunan müddətli həqiqi hərbi xidmət keçən hərbi qulluqçular müvafiq icra hakimiyyəti orqanlarının rəsmiləşdirilmiş icazəsi olduqda Azərbaycan Respublikasından gedə bilərlər. Vurğulanıb ki, hərbi qulluqçular Azərbaycan Respublikası vətəndaşlarının bütün vəzifələrini, habelə öz statusundan irəli gələn vəzifələri daşıyırlar. Heç kəsin ixtiyarı yoxdur ki, hərbi qulluqçuların və onların ailə üzvlərinin Azərbaycan Respublikası Konstitusiyasında və qanunlarında Azərbaycan Respublikası vətəndaşları üçün nəzərdə tutulmuş hər hansı hüquq və azadlıqlardan məhrum etsin və ya onları məhdudlaşdırsın. Buna yalnız Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına müvafiq surətdə yol verilir. Məruzəçi çıxışının sonunda əlavə edib ki, Konstitusiyada, insan hüquqları sahəsində Azərbaycan Respublikasının tərəfdar çıxdığı dövlətlərarası müqavilələrdə, həmçinin hərbi xidmətin xüsusiyyətləri nəzərə alınmaqla digər qanunvericilik aktlarında təsbit olunmuş əsas insan hüquq və azadlıqlarının məcmusu hərbi qulluqçuların hüquqlarının mahiyyətini və əsasını təşkil edir. Tədbirin sonunda mövzu ilə bağlı iştirakçıları maraqlandıran suallar Ombudsmanın əməkdaşı tərəfindən cavablandırılıb. 17.12.2021
|