10:02 AZ | RUS | ENG

.

               Təqvim

Super Ajax Calendar


Səhifənin xəritəsi



Xəbərlər

Ombudsman Ülkər Bayramova 2021-ci ildəki fəaliyyəti haqqında məruzəni təqdim edib.
 
29 dekabr 2021-ci il tarixdə altıncı çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinin altıncı sessiyası keçirilib.
Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Ülkər Bayramova altıncı çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinin altıncı sessiyasına məruzəsini təqdim edib. 
Naxçıvan Muxtar Respublikası Ali Məclisi Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsmanın) məruzəsi haqqında qərar qəbul edib.
 
Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin  (Ombudsmanın) məruzəsi haqqında Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Qərarı
 
"Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) haqqında" Naxçıvan Muxtar Respublikası Qanununun 14.1-ci maddəsinə uyğun olaraq Naxçıvan Muxtar Respublikasının Ali Məclisi qərara alır:
1. Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsmanın) məruzəsi nəzərə alınsın.
2. İnsan hüquq və azadlıqlarının təmin edilməsi ilə bağlı məsələlər gündəlik nəzarətdə saxlansın.
 
Naxçıvan Muxtar Respublikası
Ali Məclisinin Sədri        Vasif TALIBOV
 
Naxçıvan şəhəri, 29 dekabr 2021-ci il
 
Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsmanın) 2021-ci ildə fəaliyyəti haqqında illik
M Ə R U Z Ə
 
Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) muxtar respublikada vətəndaşların hüquq və azadlıqlarının müdafiəsinə yönəlmiş tədbirləri 2021-ci ildə də davam etdirmiş, bu sahədə fəaliyyətini daxil olan müraciətlərin araşdırılması, insan hüquq və azadlıqlarının pozulmasının qarşısının alınması, preventiv mexanizm funksiyasının icrası, insan hüquqlarının müxtəlif istiqamətləri üzrə hüquqi maarifləndirmə, dövlət orqanları, kütləvi informasiya vasitələri ilə əməkdaşlığın davamlı inkişaf etdirilməsi istiqamətində həyata keçirmişdir.
2021-ci ildə Müvəkkilin ünvanına yazılı, şifahi və elektron formada 99 müraciət daxil olmuşdur. Daxil olan müraciətlərin 27-si şikayətlər, 72-ni isə ərizələr təşkil etmişdir.
Qanunun tələblərinə müvafiq olaraq şikayətlərin Müvəkkilin səlahiyyətlərinə aid olmaması,şikayətlə bağlı məhkəmə icraatının getməsi, təkrar təqdim edilmiş şikayətdə yeni məlumat, fakt və sübutların olmaması səbəbindən 2 şikayətə baxılmasından imtina edilmişdir. 25 müraciət baxılmaq üçün icraata qəbul edilmiş, onlardan 4-ü təmin edilmişdir. 21 şikayətə baxılması zamanı isə hüquq pozuntusu aşkar edilməmişdir.
Daxil olan müraciətlərin araşdırılması ilə əlaqədar muxtar respublikanın dövlət və yerli özünüidarəetmə orqanlarına müvafiq sorğular ünvanlanmış, ərizəçilərə hüquqları izah edilmişdir. Müraciətlərə qanunla müəyyən edilmiş müddətlərdə baxılmış və daxil olan müraciətlər cavablandırılmışdır.
2021-ci ildə Müvəkkil insan hüquq və azadlıqlarının müdafiəsində mühüm əhəmiyyət kəsb edən hüquqi maarifləndirmə sahəsində fəaliyyətini, əsasən insan hüquqlarının müxtəlif istiqamətləri üzrə və müxtəlif sosial qruplara ünvanlanan müvafiq tədbirlərin həyata keçirilməsi, maarifləndirici vəsaitlərin hazırlanması istiqamətində davam etdirmişdir.
2021-ci il ərzində Müvəkkil təsisatı tərəfindən insan hüquqlarının müxtəlif istiqamətləri üzrə müxtəlif sosial qruplara ünvanlanmış 38 tədbir keçirilmişdir.
2021-ci ildə hərbi qulluqçuların hüquqlarının müdafiəsi və bu sahədə hüquqi maarifləndirmə daim diqqət mərkəzində olmuş, fəaliyyətimizin əlaqələndirilməsi məqsədilə Naxçıvan Muxtar Respublikası Əlahiddə Ümumqoşun Ordu və "Naxçıvan" Əlahiddə Sərhəd Diviziyası ilə birgə hazırlanmış tədbirlər planına əsasən muxtar respublika ərazisindəki birləşmə və hərbi hissələrdə insan hüquqlarına dair müvafiq tədbirlər keçirilmişdir.
Ötən ildə məhkumların hüquqlarının müdafiəsi və bu sahədə hüquqi maarifləndirmənin həyata keçirilməsi davam etdirilmiş, Ədliyyə Nazirliyi ilə hazırlanmış birgə tədbirlər planına əsasən cəzaçəkmə müəssisələrində insan hüquqlarının müxtəlif istiqamətləri üzrə maarifləndirici tədbirlər keçirilmişdir.
Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin təşəbbüsü ilə hər il cəzaçəkmə müəssisələrində cəza çəkən məhkumların barəsində humanist cəza siyasətinə əsaslanan tədbirlərin davam etdirilməsi onların islah edilmə prosesinin sürətlənməsini, normal sosial faydalı həyata adaptasiya olunmasını və bu sosial qrupdan olan şəxslərin hüquqlarının daha səmərəli müdafiəsini təmin edir.
2021-ci ildə Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin təşəbbüsü ilə Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin tabeliyində olan cəzaçəkmə müəssisələrində 5 nəfər məhkum cəzadan şərti olaraq vaxtından əvvəl azad edilmiş, 4 nəfər məhkumun isə cəzasının çəkilməmiş hissəsi daha yüngül cəza növü ilə əvəz edilmişdir.
Bununla yanaşı, 8 Noyabr - Zəfər Günü ilə əlaqədar qəbul edilmiş Amnistiya aktı 65 şəxs barəsində tətbiq edilmişdir ki, onlardan 14-ü azadlıqdan məhrumetmə cəzasından, 2-si cinayət məsuliyyətindən azad edilənlər, 12-si azadlıqdan məhrumetmə cəzasının çəkilməmiş hissəsi 6 ay azaldılan məhkumlardır.
Ötən il ərzində məhkumların əməyə həvəsləndirilməsi və əməyə cəlb edilməklə islah edilməsi məqsədilə cəzaçəkmə müəssisəsinin yaradıcılıq və istehsalat sahəsində yeni peşələrə yiyələnməsi istiqamətində işlər davam etdirilərək 24 məhkum daş üzərində oyma kursu və heykəltəraşlıq kurslarına cəlb edilmişdir.
Muxtar respublikada əhalinin məşğulluğunun artırılması istiqamətində həyata keçirilən tədbirlər çərçivəsində həssas əhali qruplarının, o cümlədən cəzaçəkməkdən azad edilmiş məhkumların da özünüməşğulluğunun təmin edilməsi diqqət mərkəzində saxlanılmış, 2021-ci il ərzində cəzaçəkməkdən azad edilmiş 11 nəfər məhkum özünüməşğulluq proqramına cəlb edilmişdir.
2021-ci ildə Müvəkkil preventiv mexanizm yurisdiksiyasının şamil olunduğu orqanlar üzrə, ümumilikdə, 30 müəssisədə mütəmadi olaraq və əvvəlcədən xəbərdarlıq edilmədən 126 başçəkmə həyata keçirmiş, preventiv mexanizmin fəaliyyəti ilə bağlı maarifləndirmə tədbirlərində 1318 nəfər iştirak etmişdir.
Bu və ya digər müəssisəyə başçəkmə zamanı saxlanma şəraiti, işçi heyətinin rəftarı, qida rasionu, qidanın keyfiyyəti, tibbi xidmətin vəziyyəti, onların asudə vaxtının təşkili kimi məsələlər xüsusi diqqət mərkəzində saxlanılmış, saxlanılan şəxslərlə görüşlər keçirilmiş, onlarla ümumi və fərdi söhbətlər aparılmış, hüquq və vəzifələri izah edilmişdir.
Qeyd edilməlidir ki, preventiv mexanizm yurisdiksiyasının şamil olunduğu müəssisələrdə saxlanılan şəxslərin sosial, tibbi, habelə qanunla müəyyən edilmiş digər hüquqlarının təmin edilməsi, həmçinin onların asudə vaxtının təşkil edilməsi üçün müasir standartlara uyğun müvafiq şərait yaradılmışdır.
Ötən ildə informasiya və ictimaiyyətlə əlaqələrin təşkili, muxtar respublikanın kütləvi informasiya vasitələri ilə əməkdaşlığın daha da genişləndirilməsi və fəaliyyətimizin əlaqələndirilməsi istiqamətində işlər davam etdirilərək kütləvi informasiya vasitələrində hüquqi maarifləndirmə işinin təşkilinə də xüsusi önəm verilmişdir.
Müvəkkilin rəsmi internet səhifəsinin informasiya yükü daha da artırılmış, Müvəkkil və təsisatın insan hüquqları sahəsində fəaliyyətinin işıqlandırılması ilə yanaşı, Naxçıvan Muxtar Respublikasının müasir inkişafı, tarixi-mədəni irsi və turizm potensialının təbliği, informasiyaların mütəmadi olaraq yenilənməsi, elektron kitabxana bazasının davamlı zənginləşdirilməsi və elektron müraciət səhifəsinin fəaliyyəti daim diqqət mərkəzində saxlanılmışdır.
Ötən ildə Müvəkkil təsisatı ilə muxtar respublikanın kütləvi informasiya vasitələri arasında mövcud əlaqələr daha da genişləndirilmiş, təsisatın fəaliyyəti ilə bağlı kütləvi informasiya vasitələrində 223, Müvəkkilin rəsmi internet və feysbuk səhifəsində 322, habelə muxtar respublikamızın müasir inkişafı, tarixi-mədəni irsi və turizm potensialının təbliği ilə bağlı 349, ümumilikdə isə 894 informasiya materialı verilmişdir.
Muxtar respublikamızın iqtisadi inkişafı, hər bir sosial qrupa ünvanlanmış sosial-iqtisadi dəstək layihələrinin, sosial müdafiə və məşğulluq məsələlərinə yönəlmiş qabaqlayıcı tədbirlərin həyata keçirilməsi, nəticə etibarı ilə, əhalinin rifah halının getdikcə yaxşılaşdırılmasına, insan hüquq və azadlıqlarının daha səmərəli təmin edilməsi və etibarlı müdafiəsinə öz töhfəsini verməkdədir.
Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkil təsisatı bu sahədə üzərinə düşən vəzifələrin yerinə yetirilməsi istiqamətində səylərini daha da artıracaqdır.
 
31.12.2021













      

Copyright © 2009. Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman).