23:40 AZ | RUS | ENG

.

               Təqvim

Super Ajax Calendar


Səhifənin xəritəsi



xəbərlər

Ombudsman təsisatında ötən ilin yekunları müzakirə edilib, qarşıda duran vəzifələr müəyyənləşdirilib.
 
Yanvarın 21-də Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) təsisatında 2021-ci ilin yekunları və Naxçıvan Muxtar Respublikası Ali Məclisinin altıncı çağırış altıncı sessiyasında qarşıya qoyulan vəzifələrlə bağlı yığıncaq keçirilib.
Yığıncağı Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Ülkər Bayramova giriş sözü ilə açaraq bildirib ki, muxtar respublikanın yüksələn iqtisadi inkişafı, hər bir sosial qrupa ünvanlanmış sosial-iqtisadi layihələrin ardıcıl həyata keçirilməsi əhalinin rifah halının getdikcə yaxşılaşmasına, nəticə etibarilə insan hüquq və azadlıqlarının daha səmərəli təmin edilməsi və etibarlı müdafiəsinin davamlı inkişafına geniş imkanlar yaradıb. Hesabat dövrü ərzində muxtar respublikada yaradılmış imkanlardan istifadə edilərək vətəndaşların hüquq və azadlıqlarının müdafiəsinə yönəlmiş tədbirlər uğurla davam etdirilib.
 
 
 
Qeyd olunub ki, ötən ildə insan hüquqlarının müdafiəsi və pozulmuş hüquqların bərpası daim diqqət mərkəzində saxlanılıb. Belə ki, Müvəkkilə ünvanlanmış hər bir müraciət araşdırılıb, aid qurumlara sorğular göndərilib və şifahi qəbul zamanı ərizəçilərə hüquqi məsləhətlər verilib. Ərizəçilər tərəfindən Müvəkkilin ünvanına yazılı, şifahi və elektron formada 99 müraciət daxil olub, müraciətlərə qanunla müəyyən edilən müddətlərdə baxılıb və daxil olan bütün müraciətlər vaxtında cavablandırılıb.
Müvəkkil hüquqi maarifləndirmə sahəsində fəaliyyətini, əsasən, müxtəlif sosial qruplara ünvanlanan müvafiq tədbirlərin həyata keçirilməsi və maarifləndirici vəsaitlərin hazırlanması istiqamətlərində davam etdirib. Qeyd olunub ki, 2021-ci il ərzində Müvəkkil təsisatı tərəfindən insan hüquqlarının müxtəlif istiqamətləri üzrə müxtəlif sosial qruplara ünvanlanmış 38 tədbir keçirilib.
Vurğulanıb ki, hesabat dövrü ərzində Müvəkkilin preventiv mexanizm yurisdiksiyasının şamil olunduğu orqanlar üzrə, ümumilikdə, 30 müəssisədə mütəmadi olaraq və əvvəlcədən xəbərdarlıq edilmədən 126 başçəkmə həyata keçirilib, preventiv mexanizm və insan hüquqlarının müxtəlif istiqamətləri üzrə təşkil olunan maarifləndirmə tədbirlərində 1318 nəfər iştirak edib.
Ötən ildə informasiya və ictimaiyyətlə əlaqələrin təşkili, muxtar respublikanın kütləvi informasiya vasitələri ilə əməkdaşlığın daha da genişləndirilməsi və fəaliyyətimizin əlaqələndirilməsi istiqamətində işlər davam etdirilərək kütləvi informasiya vasitələrində hüquqi maarifləndirmə işinin təşkilinə də xüsusi önəm verilib. Müvəkkilin rəsmi internet səhifəsinin informasiya yükü daha da artırılıb, Müvəkkil təsisatının insan hüquqları sahəsində fəaliyyətinin işıqlandırılması ilə yanaşı, Naxçıvan Muxtar Respublikasının müasir inkişafı, tarixi-mədəni irsi və turizm potensialının təbliği, informasiyaların mütəmadi olaraq yenilənməsi, elektron kitabxana bazasının davamlı zənginləşdirilməsi və elektron müraciət səhifəsinin fəaliyyəti daim diqqət mərkəzində saxlanılıb.
Bildirilib ki, 2021-ci ildə Müvəkkil təsisatı ilə muxtar respublikanın kütləvi informasiya vasitələri arasında mövcud əlaqələr daha da genişləndirilib, təsisatın fəaliyyəti ilə bağlı kütləvi informasiya vasitələrində 223, Müvəkkilin rəsmi internet və feysbuk səhifələrində 322, habelə muxtar respublikamızın müasir inkişafı, tarixi-mədəni irsi və turizm potensialının təbliği ilə bağlı 349, ümumilikdə isə 894 informasiya materialı verilib.
Daha sonra Müvəkkil qarşıda duran vəzifələrdən də danışaraq bildirib ki, təsisat bundan sonra da insan hüquqlarının müdafiəsinin səmərəli həyata keçirilməsi məqsədilə beynəlxalq təcrübə mübadiləsi, əhalinin müxtəlif sosial qruplarının hüquqlarının müdafiəsi və hüquqi maarifləndirmə, bu sahədə dövlət və yerli özünüidarəetmə orqanları, vətəndaş cəmiyyəti təsisatları, kütləvi informasiya vasitələri ilə qarşılıqlı əməkdaşlığını daha da inkişaf etdirməli və mütəmadi olaraq təkmilləşdirməlidir.
 
 
 
Sonra yığıncaqda məruzə ətrafında çıxış edən Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Aparatının əməkdaşları Babək Hacıyev, Asiman Abbasov və Vahidə Bayramova görülmüş işlər və qarşıda duran vəzifələrdən danışıblar.
Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Ülkər Bayramova iclasa yekun vuraraq bildirib ki, təsisat tərəfindən insan hüquq və azadlıqlarının müdafiəsinin etibarlı təmin edilməsi istiqamətində işlər daim diqqət mərkəzində saxlanılacaq, bu sahədə həyata keçirilən tədbirlər bundan sonra da uğurla davam etdiriləcək, həmçinin Müvəkkil təsisatı üzərinə düşən vəzifələrin yerinə yetirilməsi istiqamətində səylərini daha da artıracaqdır.
 
21.01.2022













      

Copyright © 2009. Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman).