3:56 AZ | RUS | ENG

.

               Təqvim

Super Ajax Calendar


Səhifənin xəritəsi



xəbərlər

Ombudsmanın kollektivi "Muzey günləri" çərçivəsində görkəmli rəssam Bəhruz Kəngərli muzeyində olublar.
 
Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin "Muzeylərlə əlaqələrin daha da gücləndirilməsi haqqında" 2014-cü il 19 dekabr tarixli Sərəncamına uyğun olaraq muxtar respublikada fəaliyyət göstərən dövlət orqanları əməkdaşlarının muzeylərə kollektiv gedişinin həyata keçirilməsi muzeylərə marağın artmasına, tariximizin, mədəniyyətimizin hərtərəfli öyrənilməsinə və təbliğinə şərait yaradır.
Sərəncamın icrasına uyğun olaraq, yanvarın 29-da Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsmanın) kollektivi muzey günləri çərçivəsində görkəmli rəssam Bəhruz Kəngərlinin muzeyində olublar.
 
 
 
Muzeylə tanışlıq zamanı bildirilib ki, Bəhruz Kəngərli Muzeyi Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 22 may 2001-ci il tarixli Sərəncamı ilə yaradılmışdır. Ümummilli lider Heydər Əliyev 2002-ci il iyunun 18-də muzeyin açılış mərasimində iştirak etmiş və Bəhruz Kəngərlinin yaradıcılığını yüksək qiymətləndirərək demişdir: "Bəhruz Kəngərlinin əsərləri Azərbaycan rəssamlıq sənətinin, mədəniyyətinin ən görkəmli nümunələrindəndir. Biz bununla fəxr etməliyik. Fəxr etməliyik ki, Azərbaycan xalqının belə böyük istedada malik insanları olubdur".
Vurğulanıb ki, Naxçıvan Muxtar Respublikasında Bəhruz Kəngərli irsi hər zaman diqqət mərkəzində saxlanılır. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədrinin "Bəhruz Kəngərlinin adının əbədiləşdirilməsi haqqında" 15 fevral 2001-ci il tarixli Sərəncamına əsasən Naxçıvan Muxtar Respublikası Rəssamlar Birliyinin Sərgi Salonuna Bəhruz Kəngərlinin adı verilmiş, rəssamın əsərlərindən ibarət albom-kataloq hazırlanmışdır. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin "Görkəmli rəssam Bəhruz Kəngərlinin 120 illik yubileyinin keçirilməsi haqqında" 2012-ci il 12 yanvar tarixli Sərəncamı ilə təsdiq olunmuş Tədbirlər Planına əsasən bir sıra tədbirlər həyata keçirilib. Bəhruz Kəngərli Muzeyi müasir tələblər səviyyəsində yenidən qurulub, 2013-cü ildə yenidənqurmadan sonra açılışı olan muzey yeni eksponatlarla daha da zənginləşdirilib. Rəssamın Azərbaycan Dövlət İncəsənət Muzeyində saxlanılan 200-ə yaxın əsərinin yüksək keyfiyyətli surəti çıxarılaraq Bəhruz Kəngərli Muzeyinə gətirilib.
 
 

Realist Azərbaycan rəssamlığının əsasını qoyan istedadlı rəssamın yaradıcılığına yüksək dövlət qayğısının növbəti bariz nümunəsi Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin "Rəssamlar Parkının yaradılması haqqında" 2015-ci il 14 noyabr tarixli Sərəncamı olmuşdur. Sərəncama əsasən, Naxçıvan şəhəridə Bəhruz Kəngərli adına Rəssamlar Parkı yaradılıb və burada rəssamın abidəsi ucaldılıb.
Qeyd olunub ki, Bəhruz Kəngərli Muzeyi tarixi binada yerləşir. Bina XIX əsrin sonlarında Qızlar Məktəbi, sonrakı dövrlərdə pedaqoji texnikum və tibb məktəbi kimi fəaliyyət göstərmişdir. Ümummilli lider Heydər Əliyev XX əsrin 30-cu illərində burada yerləşən Pedaqoji Texnikumda təhsil almış, texnikumu əla qiymətlərlə bitirmişdir. Ulu öndərin xarirəsini əbədiləşdirmək üçün binaya xatirə lövhəsi vurulmuş və burada onun xatirə otağı yaradılmışdır.
Hazırda muzeydə Bəhruz Kəngərli irsinə aid 1300-dən çox eksponat mühafizə olunur ki, bunlardan 397-i muzeyin ekspozisiyasında nümayiş etdirilir. Bunlardan 61-i orijinal əsərlərdir. Muzeydə nümayiş etdirilən eksponatlar sırasında Bəhruz Kəngərlinin həyat və yaradıcılığını əks etdirən müxtəlif sənədlər, rəssamın istifadə etdiyi şəxsi və məişət əşyaları, etüd çantası, özünün və qohumlarının fotoşəkilləri, müxtəlif illərdə tanınmış fırça və tişə ustalarının Bəhruz Kəngərliyə həsr etdikləri təsviri və tətbiqi sənət nümunələri, görkəmli şəxslərin və sənətşünasların rəssam haqqında fikirlərini əks etdirən iqtibaslar da vardır.
Sonra Ombudsmanın kollektivi muzeyin ekspozisiyası ilə yaxından tanış olub, Bəhruz Kəngərlinin fəaliyyəti barədə dolğun məlumat əldə ediblər.
 
31/01/2022













      

Copyright © 2009. Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman).