15:05 AZ | RUS | ENG

.

               Təqvim

Super Ajax Calendar


Səhifənin xəritəsi



Xəbərlər

"Naxçıvan Muxtar Respublikasının kənd təsərrüfatı elektron informasiya sistemi" haqqında Əsasnamə"nin təsdiq edilməsi barədə Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin Fərmanı.
 
 
Naxçıvan Muxtar Respublikası Konstitusiyasının 5-ci maddəsinin II hissəsinin 22-ci bəndini rəhbər tutaraq, aqrar sahədə elektron xidmətlərin tətbiqi və elektron informasiya sisteminin yaradılması məqsədilə qərara alıram:
1. "Naxçıvan Muxtar Respublikasının kənd təsərrüfatı elektron informasiya sistemi" haqqında Əsasnamə" təsdiq edilsin.
2. Naxçıvan Muxtar Respublikasının Kənd Təsərrüfatı Nazirliyi Naxçıvan Muxtar Respublikasının Rabitə və Yeni Texnologiyalar Nazirliyi ilə birlikdə "Naxçıvan Muxtar Respublikasının kənd təsərrüfatı" elektron informasiya sisteminin fəaliyyətinin təşkili və təhlükəsizliyinin təmin edilməsi üçün tədbirlər görsün.
3. Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Dövlət Statistika Komitəsi, Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidməti, Dövlət Baytarlıq Xidməti, Naxçıvan Muxtar Respublikasının Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyəti, "Naxçıvan Aqrolizinq" Açıq Səhmdar Cəmiyyəti, "Naxçıvan Toxumçuluq Mərkəzi" publik hüquqi şəxsi və rayon (şəhər) icra hakimiyyətləri "Naxçıvan Muxtar Respublikasının kənd təsərrüfatı elektron informasiya sistemi"ni zəruri məlumatlarla təmin etsinlər.
4. Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabineti bu Fərmandan irəli gələn digər məsələləri həll etsin.
 
VASİF TALIBOV
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri
 
Naxçıvan şəhəri, 27 yanvar 2022-ci il
 
"Naxçıvan Muxtar Respublikasının kənd təsərrüfatı elektron informasiya sistemi" haqqında Ə S A S N A M Ə
 
1. Ümumi müddəalar
 
1.1. "Naxçıvan Muxtar Respublikasının kənd təsərrüfatı elektron informasiya sistemi" haqqında Əsasnamə" (bundan sonra - Əsasnamə) "Naxçıvan Muxtar Respublikasının kənd təsərrüfatı elektron informasiya sistemi"nin (bundan sonra -sistem), fəaliyyətinin hüquqi, təşkilati və texnoloji əsaslarını müəyyən edir.
1.2. Sistemin fəaliyyətinin təşkilini, idarə olunmasını və təkmilləşdirilməsini Naxçıvan Muxtar Respublikasının Kənd Təsərrüfatı Nazirliyi (bundan sonra - operator) həyata keçirir.
1.3. Sistem kənd təsərrüfatı sahəsində xidmətlərin göstərilməsini və bu məqsədlə informasiyanın yaradılması, toplanılması, işlənilməsi, saxlanılması və axtarışı işlərinin avtomatlaşdırılmasını, statistik məlumatların və proqnozların çıxarılmasını təmin edir.
1.4. Sistemdə fərdi məlumatların toplanılması və işlənilməsi qanunvericiliyə uyğun olaraq həyata keçirilir.
1.5. Sistemin fəaliyyətinin təşkili, idarə olunması və təkmilləşdirilməsi ilə bağlı xərclər dövlət büdcəsindən ayrılan vəsait və qanunvericiliklə qadağan olunmayan digər mənbələr hesabına maliyyələşdirilir.
1.6. Sistemdə həyata keçirilən elektron xidmətlərə görə ödəniş və həmin elektron xidmətlərə görə dövlət rüsumundan azadolmalar qanunvericiliyə əsasən müəyyən olunur.
 
2. Sistemin fəaliyyət prinsipləri
 
2.1. Sistemin fəaliyyəti aşağıdakı prinsiplər əsasında həyata keçirilir:
2.1.1. məlumat mübadiləsinin, eləcə də istifadəçilərin sistemdən istifadəsinin rahat və əlavə əməliyyatlar aparılmadan təmin edilməsi;
2.1.2. aparılan təşkilati, inzibati, texniki və digər dəyişikliklərdən asılı olmayaraq sistemin fəaliyyətinin fasiləsiz həyata keçirilməsi;
2.1.3. xidmətlərin göstərilməsinin və məlumat mübadiləsinin ən qısa müddətdə həyata keçirilməsi, aşkarlığın və hesabatlılığın təmin edilməsi.
 
3. Sistemin strukturu
 
3.1. Sistemin strukturuna aşağıdakı altsistemlər daxildir:
3.1.1. "kənd təsərrüfatı subyektlərinin qeydiyyatı" altsistemi;
3.1.2. "subsidiyalar" altsistemi;
3.1.3. "heyvandarlıq və süni mayalanma" altsistemi;
3.1.4. "işin idarə olunması" altsistemi;
3.1.5. "əkinlərin planlaşdırılması və məlumatlandırma" altsistemi;
3.1.6. "təhlil və hesabat" altsistemi.
3.2. Sistemin strukturuna daxil olan altsistemlər vasitəsilə aşağıdakılar təmin edilir:
3.2.1. "kənd təsərrüfatı subyektlərinin qeydiyyatı" altsistemi vasitəsilə fermerlərin, təchizatçıların və tədarükçülərin, habelə kənd təsərrüfatı sahəsində fəaliyyət göstərən digər subyektlərin qeydiyyatının aparılması, onların fəaliyyəti üzrə tələb olunan məlumatların və sənədlərin daxil edilməsi, ailə-kəndli təsərrüfatı üzvlərinə vəsiqələrin təqdim edilməsi;
3.2.2. "subsidiyalar" altsistemi vasitəsilə subsidiyaların verilməsinə dair kənd təsərrüfatı məhsulları istehsalçılarının müraciətlərinin qəbulu, üzləşdirilməsi və istehsalçıların məlumatlandırılması;
3.2.3. "heyvandarlıq və süni mayalanma" altsistemi vasitəsilə heyvanların və heyvan qruplarının, o cümlədən arı ailələrinin qeydiyyatının aparılması, onların hərəkətlərinin izlənilməsi, mənşəyinin, təsərrüfat əhəmiyyətinin və istifadə təyinatının müəyyənləşdirilməsi, heyvanların xəstəlik tarixçəsinin, vaksinasiyasının və digər məlumatların qeydiyyatının aparılması, habelə heyvanların süni mayalandırılması işinin təşkili;
3.2.4. "işin idarə olunması" altsistemi vasitəsilə məlumatların toplanılması, emalı, saxlanılması və qiymətləndirilməsi, müraciətlərə baxılması və cavablandırılması, daxil edilmiş sənədlərin surətlərinin avtomatik oxunması;
3.2.5. "əkinlərin planlaşdırılması və məlumatlandırma" altsistemi vasitəsilə kənd təsərrüfatı bitkilərinin növləri üzrə əkin proqnozlarının hazırlanması və müvafiq proqnoz məlumatlarının fermerlərə çatdırılması, istifadəçilərə məlumat xarakterli elektron bildirişlərin göndərilməsi və göndərilən bildirişlərin qeydiyyatının aparılması;
3.2.6. "təhlil və hesabat" altsistemi vasitəsilə bir neçə mənbədən əldə edilmiş məlumatların təhlili, subsidiyaların verilməsi zamanı həmin məlumatların üzləşdirilməsi, üzləşdirmə zamanı aşkar edilən uyğunsuzluqların hesabatlarda öz əksini tapması, müxtəlif parametrlərə görə hesabatların alınması.
 
4. Sistemin texniki infrastrukturu
 
4.1. Sistemin texniki infrastrukturu aşağıdakı əsas komponentlərdən ibarətdir:
4.1.1. proqram-texniki vasitələr və proqram təminatı;
4.1.2. telekommunikasiya kanalları;
4.1.3. əsas və ehtiyat mərkəzləri;
4.1.4. ödəniş modulu;
4.1.5. informasiya ehtiyatı və onu idarəetmə paneli;
4.1.6. sistemin test mühiti.
4.2. Sistem istifadəçilərin identikləşdirilməsi və göstərilən xidmətlərin dəqiq və ünvanlı həyata keçirilməsi məqsədilə Vahid Giriş Sistemi ilə təchiz olunur.
 
5. Sistemə daxil edilən və ötürülən məlumatlar
 
5.1. Sistemə daxil edilən, habelə dövlət qurumları tərəfindən sistemə ötürülən məlumatlar aşağıdakılardır:
5.1.1. fermerlərin, tədarükçülərin və təchizatçıların aşağıdakı məlumatları:
1. fiziki şəxs olduqda - soyadı, adı, atasının adı, qeydiyyat ünvanı və fərdi identifikasiya nömrəsi;
2. hüquqi şəxs olduqda - tam adı, qanuni təmsilçilərinin soyadı, adı və atasının adı, hüquqi ünvanı və hüquqi şəxslərin dövlət reyestrində qeydiyyata alınması ilə bağlı digər məlumatlar;
3. VÖEN-i (olduğu halda) və vergi ödəyicisi kimi uçota alınması haqqında digər məlumatlar;
4. fəaliyyət istiqamətləri və əlaqə vasitələri;
5. əcnəbi və vətəndaşlığı olmayan şəxs olduqda -sərhədkeçmə sənədi üzrə məlumatlar.
5.1.2. torpaq sahələrinin, o cümlədən kənd təsərrüfatı təyinatlı torpaq sahələrinin dövlət torpaq kadastrı məlumatları, identikləşdirmə nömrəsi və iqtisadi qiymətləndirilməsi barədə məlumatlar;
5.1.3. ünvan məlumatları;
5.1.4. ortofoto planlar, inzibati ərazi vahidlərinin və bələdiyyə torpaqlarının sərhədləri barədə məlumatlar;
5.1.5. torpaqların kateqoriyalara aid edilməsi və onların bir kateqoriyadan digərinə keçirilməsi barədə məlumatlar;
5.1.6. kənd təsərrüfatı məqsədləri üçün istifadə edilən daşınmaz əmlak (torpaq sahələri, tikili və qurğular), həmin daşınmaz əmlak üzərində qeydiyyata alınmış hüquqlar, hüquqların yüklülüyü (məhdudlaşdırılması), hüquq sahibləri;
5.1.7. su kadastrı məlumatları, suvarılan torpaq sahələri, meliorasiya və irriqasiya (suvarma) sistemləri, şorlaşma və şorakətləşmə vəziyyəti barədə məlumatlar;
5.1.8. ixtisaslaşmanın aparılması üçün tələb olunan aqroiqlim və hidrometeoroloji məlumatlar;
5.1.9. aparılmış notariat hərəkətləri barədə sənədlərə dair məlumatlar;
5.1.10. lizinqə verilmiş kənd təsərrüfatı istehsal vasitələri (kənd təsərrüfatı texnikası, texnoloji avadanlıq, damazlıq heyvanlar, suvarma sistemləri dəsti və avadanlığı) barədə məlumatlar;
5.1.11. qeydiyyata alınmış kənd təsərrüfatı texnikasının növü, tipi, markası, modeli, mühərrik gücü, şassi nömrəsi, təkərin növü, reyestr nömrəsi, dövlət qeydiyyat nişanı, istehsal olunduğu ölkə və zavod, zavod nömrəsi, texniki baxış vəziyyəti barədə məlumatlar;
5.1.12. muxtar respublikanın şəhər və rayonları üzrə ötən illərdə əkilmiş və növbəti illərdə əkilməsi planlaşdırılan kənd təsərrüfatı bitkiləri, habelə əkilməsi nəzərdə tutulan torpaq sahələri barədə məlumatlar;
5.1.13. subsidiyaların verilməsi ilə bağlı qayda və təlimatlar;
5.1.14. kənd təsərrüfatı heyvanlarının və arı ailələrinin (pətəklərin) identikləşdirilməsi üçün istifadə edilən məlumat və göstəricilər;
5.1.15. kənd təsərrüfatı texnikasının, texnoloji avadanlıqların, ehtiyat hissələrinin, mineral gübrələrin, pestisidlərin, damazlıq mal-qaranın alınması, onların hüquqi və fiziki şəxslərə satılması və lizinqə verilməsi ilə bağlı məlumatlar;
5.1.16. istehsalı, idxalı və satışı həyata keçirilən kənd təsərrüfatı istehsal vasitələrinin və məhsullarının növləri və miqdarı (qaimə-faktura məlumatları), habelə idxalı həyata keçirilən kənd təsərrüfatı istehsal vasitələrinin və məhsullarının bəyannamələri üzrə məlumatlar;
5.1.17. nəqliyyat və mühəndis-texniki infrastruktur barədə məlumatlar;
5.1.18. hidroqrafik şəbəkə (hidroloji struktur), o cümlədən su ehtiyatları barədə məlumatlar;
5.1.19. meşə zolaqları və təsərrüfatdaxili yollar barədə məlumatlar;
5.1.20. heyvanların, o cümlədən arıların müayinəsi, müalicəsi və heyvan xəstəliklərinin profilaktikası barədə məlumatlar;
5.1.21. yeniliyə görə ekspertiza, habelə fərqliliyə, oxşarlığa və sabitliyə görə sınaq nəticələri əsasında qeydiyyata alınmış bitki sortları barədə məlumatlar;
5.1.22. seleksiya nailiyyətlərindən istifadə üçün bağlanmış lisenziya müqavilələri barədə məlumatlar;
5.1.23. kənd təsərrüfatı məhsullarının yetişdirildiyi istixanalar, saxlanıldığı soyuducu anbarlar və taxıl elevatorları barədə məlumatlar;
5.1.24. uçota alınmış ailə-kəndli təsərrüfatı üzvlərinə vəsiqələrin təqdim edilməsi barədə məlumatlar.
5.2. Sistemin digər dövlət informasiya ehtiyatları və sistemləri ilə inteqrasiyası, habelə məlumat mübadiləsinin təşkili qanunvericiliyə uyğun olaraq həyata keçirilir.
5.3. Sistem ilə digər dövlət informasiya sistemləri və ehtiyatları arasında məlumat mübadiləsini real vaxt rejimində həyata keçirmək mümkün olmadıqda, sənədlərin (məlumatların) Sistemə daxil edilməsi əllə həyata keçirilir.
 
6. Operatorun funksiyaları
 
6.1. Operator aşağıdakı funksiyaları həyata keçirir:
6.1.1. sistemin fəaliyyətinin təkmilləşdirilməsi və onun funksional imkanlarının artırılması istiqamətində tədbirlər görmək;
6.1.2. sistemdə olan məlumatların mühafizəsi məqsədilə aşağıdakı tədbirləri həyata keçirmək:
1. məlumatlara icazəsiz girişin qarşısını almaq;
2. məlumatlara giriş qaydalarının pozulması ilə bağlı xəbərdarlıq etmək;
3. proqram-texniki vasitələrin fəaliyyətini poza biləcək təsirlərin qarşısını almaq;
4. icazəsiz giriş nəticəsində dəyişdirilmiş və ya məhv edilmiş məlumatların dərhal bərpası imkanını təmin etmək;
5. məlumatların mühafizə səviyyəsini müəyyən etmək;
6. məlumatlara giriş hüquqlarını müəyyən etmək;
7. sistem proqramlarının, tətbiqi proqramların və informasiya ehtiyatlarının mütəmadi yenilənən ehtiyatının saxlanılmasını təmin etmək.
6.1.3. sistemdə aparılan təmir və yenilənmə işləri haqqında istifadəçiləri və Naxçıvan Muxtar Respublikasının Rabitə və Yeni Texnologiyalar Nazirliyini qabaqcadan məlumatlandırmaq;
6.1.4. sistemin dövri olaraq tam monitorinqini həyata keçirmək.
 
7. Sistemdən istifadə
 
7.1. İstifadəçilər sistemdə qeydiyyatdan keçərək elektron kabinet yaratmaq və kənd təsərrüfatı sahəsində xidmətlər üzrə müraciət etməklə aşağıdakı imkanlara malikdirlər:
7.1.1. fermer:
1. təsərrüfatları (əkin sahələri, heyvanları və s.) haqqında məlumatları daxil etmək;
2. kənd təsərrüfatı təyinatlı torpaq sahələrinin təyinatı üzrə istifadə vəziyyəti və istehsal etdikləri kənd təsərrüfatı məhsulları haqqında məlumatları daxil etmək;
3. barəsində toplanan məlumatlarla razılaşmadıqda müraciət etmək;
4. qayda və təlimatlarla bağlı məlumatlar əldə etmək;
5. Sistemdə qeydiyyatdan keçən süni mayalanma mütəxəssisi və baytar həkimi haqqında məlumatları əldə etmək, habelə onlara müraciət etmək;
6. kənd təsərrüfatı istehsal vasitələrinin alınması üçün təchizatçıya elektron qaydada müraciət etmək;
7. kənd təsərrüfatı məhsullarını yetişdirdiyi istixanalar barədə məlumatları sistemdə müəyyən edilmiş hesabat forması üzrə daxil etmək;
7.1.2. təchizatçı:
1. kənd təsərrüfatı təyinatlı torpaq sahələrinin təyinatı üzrə istifadə vəziyyəti və istehsal etdikləri kənd təsərrüfatı məhsulları, kənd təsərrüfatı istehsal vasitələri ilə bağlı apardıqları əməliyyatlar haqqında məlumatları daxil etmək;
2. barəsində toplanan məlumatlarla razılaşmadıqda müraciət etmək;
3. qayda və təlimatlarla bağlı məlumatlar əldə etmək;
4. toxum və ting əkinlərinin aprobasiyası ilə bağlı müraciət etmək;
5. istehsal etdiyi toxum və (ya) ting üzrə sertifikat almaq üçün müraciət etmək;
6. fermerdən daxil olan müraciətləri təsdiqləmək və ya bundan imtina etmək;
7. işçilərinə sistemdə əməliyyat aparmaq üçün səlahiyyət vermək;
8. apardığı əməliyyatlar, habelə daxil etdiyi sənədlər (məlumatlar) üzrə müxtəlif parametrlərə görə hesabatlar almaq;
7.1.3. tədarükçü:
1. fermerdən aldığı məhsullar barədə sənədləri (məlumatları) daxil etmək;
2. hər hansı kənd təsərrüfatı fəaliyyət sahəsi üzrə şikayət etmək;
3. qayda və təlimatlarla bağlı məlumatlar əldə etmək;
4. fermerin şikayətinə əsasən daxil etdiyi məlumatlarda düzəliş və ya həmin düzəlişdən imtina (əsas göstərilməklə) etmək;
5. apardığı əməliyyatlar, habelə daxil etdiyi sənədlər (məlumatlar) üzrə müxtəlif parametrlərə görə hesabatlar almaq;
6. fermerdən tədarük etdiyi məhsulları saxlamaq üçün istifadə etdiyi soyuducu anbarlar və taxıl elevatorları barədə məlumatları sistemdə müəyyən edilmiş hesabat formasına uyğun olaraq daxil etmək;
7.1.4. baytar həkimi:
doğulmuş heyvanın sağlamlığı haqqında sənədləri (məlumatları) daxil etmək;
7.1.5. süni mayalanma mütəxəssisi:
mayalandırılan heyvan haqqında sənədləri (məlumatları) daxil etmək;
7.1.6. yerli özünüidarəetmə orqanı:
uçota alınmış ailə kəndli təsərrüfatı üzvlərinin statusu, əmək fəaliyyəti və əmək stajı barədə məlumatları daxil etmək.
7.2. Sistemdən istifadə Vahid Giriş Sistemi vasitəsilə identikləşdirildikdən sonra yaradılan elektron kabinetlər vasitəsilə həyata keçirilir.
7.3. İstifadəçilər identikləşdirildikdən sonra elektron kabinetlərində açıq sənədlərlə, habelə özlərinə aid sənədlərlə tanış ola və onları çap edə bilərlər, habelə həmin sənədlərin elektron variantlarını əldə edə, elektron xidmətlərdən istifadə edə, ödənişlər və digər əməliyyatlar həyata keçirə bilərlər.
7.4. İstifadəçilər, həmçinin sistemdə yaradılan elektron kabinetləri vasitəsilə özləri haqqında toplanan məlumatlarda dəyişiklik olunmasını təklif edə, habelə həmin məlumatlardan istifadə olunması barədə məlumatları (qanunvericiliklə müəyyən edilmiş hallar istisna olmaqla) əldə edə bilərlər.
7.5. İstifadəçilərin elektron kabinetlərində özləri barədə olan məlumatlarda etdikləri dəyişikliklər, aidiyyəti dövlət qurumlarının münasibət bildirməsi üçün, sistem tərəfindən real vaxt rejimində həmin qurumlara göndərilir.
7.6. Bu Əsasnamənin 5-ci hissəsində qeyd edilən sənədlər istifadəçilərin sistemə daxil etdikləri məlumatlar əsasında, belə məlumatlar daxil edilmədikdə isə dövlət qurumları tərəfindən sistemə ötürülən məlumatlar əsasında istifadəçilərə göndərilir.
7.7. Bu Əsasnamənin 5-ci hissəsində qeyd edilən sənədlər sistemə daxil olduqda həmin sənədlər sistem tərəfindən real vaxt rejimində istifadəçilərin elektron kabinetlərində yerləşdirilir (yerləşdirilmə vaxtı göstərilməklə) və bu barədə onların elektron ünvanlarına məlumatlar göndərilir.
7.8. Operator istifadəçinin sistemin məlumatlarına giriş hüquqlarını aşağıdakı hallarda məhdudlaşdırır:
7.8.1. sistemə qeyri-qanuni daxilolma və ya müdaxilə baş verdikdə;
7.8.2. bu Əsasnamədə müəyyən edilmiş tələblər yerinə yetirilmədikdə.
 
28.01.2022 













      

Copyright © 2009. Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman).