11:14 AZ | RUS | ENG

.

               Təqvim

Super Ajax Calendar


Səhifənin xəritəsi



xəbərlər

"Naxçıvan" Əlahiddə Sərhəd Diviziyasının zastavalarında hüquqi maarifləndirmə tədbirləri keçirilib.
 
Fevral ayının 18-də Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) və "Naxçıvan" Əlahiddə Sərhəd Diviziyasının birgə təşkilatçılığı ilə N saylı sərhəd zastavalarında hüquqi maarifləndirmə tədbirləri keçirilib.
Tədbirlərdə Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsmanın) əməkdaşı Asiman Abbasov, "Naxçıvan" Əlahiddə Sərhəd Diviziyasının əməkdaşı Tofiq Bayramov və N saylı zastavaların zabit, çavuş və əsgər heyəti iştirak edib.
 
 
Tədbiri giriş sözü ilə Əlahiddə Sərhəd Diviziyasının əməkdaşı Tofiq Bayramov açaraq qeyd edib ki, Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) və "Naxçıvan" Əlahiddə Sərhəd Diviziyasının birgə təşkilatçılığı ilə bugünədək müxtəlif mövzularda bir sıra tədbirlər həyata keçirilib, bu kimi tədbirlər hərbi qulluqçuların hüquqi maarifləndirilməsində əvəzsiz rol oynayıb.
Sonra Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsmanın) əməkdaşı Asiman Abbasov "Sərhəd xidməti qaydalarını pozmağa görə cinayət məsuliyyətinin əsasları" mövzusunda çıxış edərək bildirib ki, sərhəd xidməti çəkmə qaydaları "Sərhəd mühafizə orqanları haqqında" Azərbaycan Respublikasının 6 yanvar 1994-cü il tarixli Qanunu, "Azərbaycan Respublikasının dövlət sərhədi haqqında" Azərbaycan Respublikasının 9 dekabr 1991-ci il tarixli Qanunu və digər normativ aktlarla tənzimlənir.
Qeyd olunub ki, dövlət sərhədlərinin hərtərəfli şəkildə qorunması Vətənin müdafiəsinin mühüm tərkib hissəsidir. Azərbaycan Respublikası dövlət sərhədinin quruda, dənizdə, çaylarda, göllərdə və digər sututarlarda mühafizə olunması sərhəd qoşunlarına, havada mühafizə olunması isə hava hücumundan müdafiə və hərbi hava qüvvələrinə həvalə olunur. Sərhəd qoşunları, hava hücumundan müdafiə və hərbi hava qüvvələri Azərbaycan Respublikası dövlət sərhədinin qorunması vəzifələrini yerinə yetirərkən bu Qanunu, Azərbaycan Respublikasının başqa qanunvericilik aktlarını, Azərbaycan Respublikasının dövlətlərarası müqavilələrini rəhbər tuturlar.
Məruzəçi sərhəd xidməti qaydalarının pozulması barədə tədbir iştirakçılarına məlumat verərək bildirib ki, sərhəd xidməti qaydalarını pozma sərhəd dəstəsi tərkibində hərbi xidmət çəkmə zamanı xidməti özbaşına dayandırmada, kənar məşğuliyyətlərlə əlaqədar xidmətdən yayınmada, diqqətsizlikdə, sərhəddən qaçaqmalçılıq yolu ilə əşyaların keçirilməsində, silah tətbiqi qaydasına əməl edilməməsində, sərhədi pozan barəsində məlumatın verilməməsində, xarici dövlətin vətəndaşları ilə danışıqlar aparılmasında və ya əşyaların mübadiləsində və digər əməllərdə təzahür edir. Bu cinayət tərkibinin mövcud olması üçün sərhəd xidməti qaydalarını pozmanın dövlətin təhlükəsizlik mənafeyinə zərər vurma təhlükəsi yaratması zəruridir.
Vurğulanıb ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 339-cu maddəsində sərhəd xidməti qaydalarının pozulmasına görə cinayət məsuliyyəti müəyyən olunmuşdur. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 339.1-ci maddəsinə əsasən sərhəd dəstəsinin tərkibinə daxil olan şəxs tərəfindən və ya sərhəd xidməti üzrə sair vəzifələri yerinə yetirən şəxs tərəfindən sərhəd xidməti qaydalarını pozma, bu əməllər dövlətin təhlükəsizlik mənafelərinə real təhlükə yaratdıqda iki ilədək müddətə hərbi xidmət üzrə məhdudlaşdırma və ya iki ilədək müddətə intizam xarakterli hərbi hissədə saxlama və ya eyni müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
Sonra Asiman Abbasov tədbiri digər sərhəd zastavalarında "Hərbi qulluqçuların intizam məsuliyyətinə cəlb edilməsi qaydası və şərtləri", "Hərbi xidmət əleyhinə olan inzibati xətalar" və "Silahlı münaqişələr zamanı beynəlxalq humanitar hüquq normalarının pozulması" adlı mövzularla davam etdirib.
 
 
Tədbirlərin sonunda iştirakçıları maraqlandıran suallar Ombudsmanın əməkdaşı tərəfindən cavablandırılıb.
 
18.02.2022













      

Copyright © 2009. Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman).