1:35 AZ | RUS | ENG

.

               Təqvim

Super Ajax Calendar


Səhifənin xəritəsi



xəbərlər

Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin Orta İxtisas Polis Məktəbində tədbir keçirilib.
 
Fevralın 22-də Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyi ilə qarşılıqlı əməkdaşlıq çərçivəsində Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) təsisatı tərəfindən Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin Orta İxtisas Polis Məktəbində tədbir keçirilib.
Qeyd etmək lazımdır ki, Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin Orta İxtisas Polis Məktəbi Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 5 mart 2018-ci il tarixli Fərmanına əsasən daxili işlər orqanlarının ixtisaslı kadrlarla komplektləşdirilməsini təmin etmək məqsədilə yaradılıb.
Məktəb muxtar respublikanın hüquq-mühafizə orqanlarının kadr təminatının həyata keçirilməsində mühüm əhəmiyyətə malikdir. Məktəb təkcə daxili işlər orqanlarında deyil, həm də digər güc strukturlarında orta rəis heyətinin komplektləşdirilməsinə öz töhfəsini verməkdədir.
2019-cu il oktyabrın 14-də Orta İxtisas Polis Məktəbi üçün yeni tədris kompleksinin açılış mərasimində Ali Məclisin Sədri kursantlara müraciətlə demişdir: Zabit olmağın şərəfi dövlətə və dövlətçiliyə sədàqətli olmaqdan, vəzifə və vətəndàşlıq bîrcunu vicdanla yerinə yetirməkdən ibarətdir. Bu gün Orta ixtisas Polis Məktəbinə qəbul olunanlar da yaxşı oxumaqla yanaşı, həm də vətənpərvər yetişməlidirlər. Özünüzü ciddi intizama və zabit məsuliyyətinə indidən hazırlamalı, çox mütaliə etməli, müasir texnologiyaları yaxşı mənimsəməli və onlardan bacarıqla istifadə etmək vərdişlərinə yiyələnməlisiniz. Məktəb lazım olan ən müasir tədris şəraitinə malikdir. Bu da zabit və müəllim heyəti üçün geniş imkanlar açır. Ona görə də tədris materiallarının yüksək səviyyədə mənimsənilməsini təmin edən üsul və vasitələr seçilməlidir. Kursantlara vətənpərvərlik hissləri aşılanmalı, onlar dövlətə, xalqa sədaqət ruhunda tərbiyə edilməlidirlər. Xidməti vəzifələrə məsuliyyətlə yanaşmaq, mətinlik, fiziki dözümlülük və peşəkarlıq ön plana çəkilməli, hər bir kursant nəzəri və praktik biliklərlə yanaşı, həm də ümumi intellektual təfəkkürə malik kadrlar kimi hazırlanmalı, qanunvericilik bazası dərindən öyrənilməlidir.
Hüquq-mühafizə orqanında kadr təminatını həyata keçirən bu qurumda insan hüquqlarının, hüquqi biliklərin daha dərindən öyrənilməsi daim diqqətdə saxlanılır. Bu məqsədlə həyata keçirilən tədbirdə Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsmanın) əməkdaşı Asiman Abbasov, Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin əməkdaşı Nihad Sadıxov və Daxili İşlər Nazirliyinin Orta İxtisas Polis Məktəbinin zabit və kursant heyəti iştirak edib.
 
 
Tədbiri giriş sözü ilə Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin əməkdaşı Nihad Sadıxov açaraq qeyd edib ki, Ombudsman təsisatı ilə həyata keçirilən bu tədbirlər Orta İxtisas Polis Məktəbinin zabit və kursant heyətinin hüquqi biliklərinin artırılması və nəzəri biliklərinin təcrübə ilə əlaqələndirilməsi istiqamətində mühüm rol oynayacaqdır.
Sonra tədbirdə Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin əməkdaşı Asiman Abbasov insan hüquqlarının məhkəmədən kənar müdafiə mexanizmi olan Ombudsman təsisatı və onun əsas fəaliyyət istiqamətləri barədə danışıb.
A.Abbasov Ombudsman təsisatı haqqında məlumat verərək bildirib ki, Müvəkkil təsisatı insan hüquqlarının müdafiəsi sahəsində Azərbaycan Respublikası və onun tərkib hissəsi olan Naxçıvan Muxtar Respublikası üçün yeni qurumdur.
Məruzəçi qeyd edib ki, Müvəkkil təsisatı muxtar respublikada 2006-cı ildən etibarən fəaliyyətə başlayıb. Belə ki, 20 fevral 2006-cı ildə üçüncü çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinin ikinci sessiyasında "Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) haqqında" qanun qəbul edilib, 21 fevral 2006-cı ildə isə Ali Məclisin Sədri tərəfindən "Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) haqqında" Naxçıvan Muxtar Respublikası qanununun tətbiq edilməsi haqqında fərman imzalanıb.
Ombudsmanın əməkdaşı vurğulayıb ki, Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin fəaliyyətinin əsas istiqamətləri ilə bağlı məsələlər "Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) haqqında" Naxçıvan Muxtar Respublikası Qanunu ilə tənzimlənir.
Daha sonra məruzəçi mövzu ilə bağlı mövcud qanunvericiliyin tələblərini tədbir iştirakçılarının diqqətinə çatdırıb.
Tədbirin sonunda mövzu ətrafında müzakirələr aparılıb və iştirakçıların çoxsaylı sualları Ombudsmanın əməkdaşı tərəfindən cavablandırılıb.
 
23.02.2022













      

Copyright © 2009. Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman).