19:35 AZ | RUS | ENG

.

               Təqvim

Super Ajax Calendar


Səhifənin xəritəsi



xəbərlər

Naxçıvanda Xocalı soyqırımı qurbanlarının xatirəsi ehtiramla yad edilib.
 
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin "Xocalı soyqırımının otuzuncu ildönümü haqqında" 2022-ci il 28 yanvar tarixli Sərəncamına əsasən ölkəmizin hər yerində Xocalı soyqırımının otuzuncu ildönümü münasibətilə tədbirlər keçirilir.
Fevralın 26-da Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov Xocalı soyqırımının 30-cu ildönümü ilə əlaqədar Naxçıvan şəhərinin Dövlət Bayrağı Meydanındakı Xatirə Kompleksini ziyarət etmiş, abidə önünə güllər qoymuş, Xocalı soyqırımı qurbanlarının xatirəsini ehtiramla yad etmişdir.
 
 
Dövlət qurumlarının nümayəndələri, Türkiyə Respublikasının və İran İslam Respublikasının Naxçıvan Muxtar Respublikasındakı Baş konsulları da abidə önünə gül qoymuşlar.
 
 
1992-ci il fevral ayının 25-dən 26-na keçən gecə Azərbaycanın Xocalı şəhərində Ermənistan silahlı qüvvələrinin bölmələri, Dağlıq Qarabağdakı erməni terrorçu dəstələri və keçmiş sovet ordusunun Azərbaycanın Xankəndi şəhərində yerləşən 366-cı motoatıcı alayının şəxsi heyəti tərəfindən soyqırımı törədilmişdir. Xocalıda qadağan olunmuş mərmilərdən və kimyəvi silahlardan istifadə edilmiş, ağbirçək analara, ağsaqqallara, südəmər körpələrə belə, aman verilməmiş, bir gecədə şəhər yer üzündən silinmişdir. İnsanlığa qarşı törədilmiş bu dəhşətli cinayət Ermənistanın ovaxtkı siyasi rəhbərliyi tərəfindən təşkil edilmişdi.
Xocalı soyqırımı zamanı mühasirədə olan şəhərə ağır hərbi texnika yeridilərək, dinc əhali xüsusi qəddarlıqla qətlə yetirilmişdir. Yandırılan şəhərdən qaçıb xilas olmaq istəyən insanlara aman verilməmiş, sakinlər yollarda, meşələrdə xüsusi amansızlıqla öldürülmüşdür. Bu cinayət beynəlxalq hüququn norma və prinsiplərinin və əsas insan hüquqlarının kobudcasına pozulmasıdır. İnsanlığa qarşı törədilmiş bu dəhşətli cinayət əməli nəticəsində 613 dinc azərbaycanlı qətlə yetirilmişdir ki, onlardan 63-ü uşaq, 106-sı qadın, 70-i qoca olmuşdur. Eyni zamanda 487 dinc sakin ağır yaralanmış, 1275 nəfər girov götürülmüşdür.
Xocalı soyqırımına ilk qiyməti ulu öndər Heydər Əliyev vermiş, hələ Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri işlədiyi dövrdə xüsusi bəyanatla Xocalı soyqırımını törədənləri ittiham etmişdir. Ümummilli liderimiz Heydər Əliyevin xalqın tələbi ilə yenidən hakimiyyətə qayıdışından sonra Xocalı soyqırımına siyasi qiymət verilmişdir. Dahi şəxsiyyətin təşəbbüsü əsasında 1994-cü il fevralın 24-də Azərbaycan Respublikasının Milli Məclisi Xocalı soyqırımına siyasi-hüquqi qiymət vermiş, 26 fevral tarixi "Xocalı soyqırımı günü" elan olunmuş və soyqırımı haqqında həqiqətlər dünya dövlətlərinə və beynəlxalq ictimaiyyətə çatdırılmışdır. Ulu öndər Heydər Əliyev demişdir: "Xocalı soyqırımı erməni faşizminin iç üzünü bir daha açıb göstərməklə təkcə Azərbaycan xalqına deyil, bütün bəşəriyyətə qarşı yönəlmiş tarixi cinayətdir və beynəlxalq hüquqa uyğun olaraq sivilizasiyalı dünya tərəfindən məhkum olunmalıdır".
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə haqq səsimizin dünya ictimaiyyətinə çatdırılması, Xocalı soyqırımının tanınması istiqamətində ardıcıl iş aparılır. Soyqırımı faktlarının və erməni vəhşiliklərinin dünya ictimaiyyətinə çatdırılmasında Heydər Əliyev Fondunun təşəbbüsü ilə həyata keçirilən "Xocalıya ədalət!" beynəlxalq kampaniyası xüsusi rol oynamışdır. Hazırda 17 dövlətin qanunvericilik orqanı, Amerika Birləşmiş Ştatlarının 24 ştatı Xocalıda törədilmiş qətliamı pisləyən qətnamə və qərarlar qəbul etmişdir. İslam Əməkdaşlıq Təşkilatı Ermənistanı təcavüzkar, Xocalı faciəsini isə soyqırımı kimi tanımışdır.
2020-ci il sentyabrın 27-də başlanan 44 günlük Vətən müharibəsində Azərbaycan Ordusu düşmən üzərində qələbə çaldı, tarixi ədaləti bərpa etdi, Xocalı soyqırımı qurbanlarının, eləcə də torpaq uğrunda canını fəda edən bütün Vətən övladlarının qisası alındı, ərazi bütövlüyümüz təmin olundu. Ölkə başçısı cənab İlham Əliyevin dediyi kimi: "Biz Xocalı qurbanlarının intiqamını döyüş meydanında aldıq. 44 gün davam edən İkinci Qarabağ müharibəsində Ermənistan ordusunu darmadağın edərək, öz tarixi torpaqlarımızı işğalçılardan azad edərək, o cümlədən Xocalı qurbanlarının da qanını aldıq".
Həmin gün muxtar respublikanın rayonlarında da Xocalı soyqırımı qurbanlarının xatirəsi yad edilmişdir.
 
 
 
Naxçıvan Muxtar Respublikası
Ali Məclisinin mətbuat xidməti
 
 
28.02.2022













      

Copyright © 2009. Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman).