20:36 AZ | RUS | ENG

.

               Təqvim

Super Ajax Calendar


Səhifənin xəritəsi



xəbərlər

Vətəndaşlığın əldə edilməsi əsasları.
 
Hüquqi dövlətdə fərdlərin dövlətlə hüquqi bağlılığını müəyyən edən vacib şərtlərdən biri də vətəndaşlıqdır. Hər bir insan öz vətəndaşlığı ilə mənsub olduğu dövlətin, xalqın təmsilçisidir.
 
 
Vətəndaşlıq şəxs və dövlət arasındakı daimi siyasi və hüquqi əlaqədir. Vətəndaşlıq dövlətə münasibətdə fərdin qarşısında geniş imkanlar açır, onun bir çox hüquq və vəzifələrinin realizəsini mümkün edir. (məsələn: siyasi proseslərdə, dövlət idarəetməsində iştirak etmək və s.)
Azərbaycanda vətəndaşlıq Konstitusiyada və qanunda müəyyən olunmuş prinsiplərə əsaslanır. Bu prinsiplər vətəndaşlıqla bağlı münasibətləri tənzimləyən, qanunvericiliklə müəyyən olunan rəhbər müddəalardır.
Konstitusiyamızın 52-ci və "Azərbaycan Respublikasının vətəndaşlığı haqqında" Qanunun 1-ci maddəsinə görə, Azərbaycan dövlətinə mənsub olan, onunla siyasi və hüquqi bağlılığı, habelə qarşılıqlı hüquq və vəzifələri olan şəxs Azərbaycan Respublikasının vətəndaşıdır. Azərbaycan Respublikasının ərazisində və ya Azərbaycan Respublikasının vətəndaşlarından doğulmuş şəxs Azərbaycan Respublikasının vətəndaşıdır. Həmçinin valideynlərindən biri Azərbaycan Respublikasının vətəndaşı olan şəxs də Azərbaycan Respublikasının vətəndaşıdır.
Vətəndaşlığın əldə edilməsi yolları aşağıdakılardır:
Filiasiya- bu vətəndaşlığın anadangəlmə əldə edilməsidir. Burada əsas olaraq iki prinsip mövcuddur: qan hüququ (ius sanquini) və torpaq hüququ (ius soli).
Qan hüququ prinsipinə görə şəxs hansı dövlətin vətəndaşından doğulubsa, həmin dövlətin vətəndaşı sayılır. Torpaq hüququ prinsipinə görə isə şəxs harada doğulursa, oranın vətəndaşlığını əldə edir.
Naturalizasiya- fərdin könüllü olaraq bir dövlətin vətəndaşlığını qəbul etməsinə deyilir. Naturalizasiya qaydasında vətəndaşlıq əldə etmək üçün şəxs dövlətin qanunvericiliyində qeyd edilən müxtəlif şərtlərə əməl etməlidir. Azərbaycan Respublikasının ərazisində son beş il ərzində fasiləsiz olaraq qanuni əsaslarla daimi yaşayan, qanuni gəlir mənbəyi olan, Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına riayət olunması barədə öhdəlik götürən, habelə Azərbaycan Respublikasının dövlət dilini bilməsi haqqında sənəd təqdim edən əcnəbi və vətəndaşlığı olmayan şəxs mənşəyindən, irqi və milli mənsubiyyətindən, cinsindən, təhsilindən, dinə münasibətindən, siyasi və başqa əqidələrindən asılı olmayaraq qanuna müvafiq surətdə öz vəsatəti ilə Azərbaycan Respublikasının vətəndaşlığına qəbul edilə bilər.
Optasiya- fərdin bir neçə dövlətin vətəndaşlığından birini seçib qəbul etməsinə deyilir.
Transfert- ərazilər dəyişərkən, yəni bir dövlətdən digərinə keçərkən həmin ərazidə yaşayan əhalinin vətəndaşlığının müəyyən olunmasıdır. Transfert hamıya aid edilir.
Azərbaycan Respublikasında vətəndaşlığın əldə edilməsi əsasları aşağıdakı kimidir:
• Azərbaycan Respublikasının ərazisində və ya Azərbaycan Respublikasının vətəndaşından doğulduqda;
• Azərbaycan Respublikasının vətəndaşlığına qəbul edildikdə;
• Azərbaycan Respublikasının beynəlxalq müqavilələrində nəzərdə tutulmuş əsaslar olduqda;
• Qanunda nəzərdə tutulmuş başqa əsaslar olduqda.
Azərbaycan Respublikasının vətəndaşlığı onun əldə edilməsi əsaslarından asılı olmayaraq hamı üçün bərabərdir.
Əlavə olaraq qeyd etmək lazımdır ki, vətəndaşlıq bir dövlətlə olan əlaqələri ehtiva edir. Lakin hüquqda ikili vətəndaşlıq (bipatrizm) anlayışı da mövcuddur. İkili vətəndaşlıq şəxsin eyni zamanda iki və daha artıq dövlətin vətəndaşı olmasını ifadə edir. Azərbaycan Respublikası vətəndaşı olan şəxsin ikili vətəndaşlığı olduqda həmin şəxsin xarici dövlətin vətəndaşlığına mənsubiyyəti Azərbaycan Respublikasının beynəlxalq müqavilələrində nəzərdə tutulmuş və ya Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndinə müvafiq surətdə həll edilmiş hallar istisna olmaqla tanınmır.
Azərbaycan Respublikasının vətəndaşı Azərbaycan Respublikası vətəndaşlığından məhrum edilə (onun qanunla müəyyən edilmiş itirilmə halları istisna olmaqla) və heç bir halda Azərbaycan Respublikasından qovula və ya xarici dövlətə verilə bilməz. Qeyd edilən bu prinsip vətəndaşlıq hüququnun ən mühüm təminatıdır.
Azərbaycan Respublikası Konstitusiyasının 53-cü maddəsinin III hissəsinə görə, Azərbaycan Respublikası onun ərazisindən kənarda müvəqqəti və ya daimi yaşayan Azərbaycan Respublikası vətəndaşlarının hüquqi müdafiəsinə təminat verir və onlara hamilik edir. Vətəndaşlıq hüququnun təminatı üçün Azərbaycan dövləti öz orqanlarının və vəzifəli şəxslərinin simasında Azərbaycan Respublikası vətəndaşları qarşısında məsuliyyət daşıyır.
 
 
02.03.2022













      

Copyright © 2009. Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman).