12:04 AZ | RUS | ENG

.

               Təqvim

Super Ajax Calendar


Səhifənin xəritəsi



xəbərlər

Hüquqi maarifləndirmə günün tələbidir.
 
Mart ayının 4-də Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) və Naxçıvan Muxtar Respublikasının Ədliyyə Nazirliyinin birgə təşkilatçılığı ilə Penitensiar Xidmətin Mühafizə taborunda, 8 saylı Məntəqə Tipli Cəzaçəkmə Müəssisəsində və Qarışıq Rejimli Cəzaçəkmə Müəssisəsinin Ümumi Rejim-1 və Ümumi Rejim-2 bölmələrində hüquqi maarifləndirmə tədbirləri həyata keçirilib.
Həyata keçirilmiş tədbirlərdə Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsmanın) əməkdaşı Asiman Abbasov, Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin əməkdaşı Əli Rəhimov, müvafiq müəssisədə cəzaçəkən məhkumlar və aid müəssisələrin əməkdaşları iştirak edib.
Tədbiri Penitensiar Xidmətin əməkdaşı Əli Rəhimov giriş sözü ilə açaraq qeyd edib ki, Ombudsman təsisatı ilə birgə təsdiq edilmiş tədbirlər planına uyğun olaraq Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin tabeliyində olan bir sıra müəssisələrdə bugünədək müxtəlif mövzularda tədbirlər həyata keçirilib, bu kimi tədbirlər məhkumların və işçi heyətin hüquqi maarifləndirilməsində əvəzsiz rol oynayıb.
Ombudsmanın əməkdaşı Asiman Abbasov 8 saylı Məntəqə Tipli Cəzaçəkmə Müəssisəsində həyata keçirilmiş tədbirdə "İnsan hüquqlarının məhkəmədənkənar müdafiə mexanizmləri: mediasiya institutu" mövzusunda çıxış edərək qeyd edib ki, mübahisələrin alternativ həll yollarınından biri olan mediasiyanın tətbiqi ilə bağlı münasibətlər "Mediasiya haqqında" 29 mart 2019-cu il tarixli Azərbaycan Respublikasının Qanunu ilə tənzimlənir.
Məruzəçi mediasiya anlayışı və tətbiq olunduğu hüquq münasibətlər haqqında tədbir iştirakçılarına məlumat verərək bildirib ki, mediasiya mediatorun vasitəçiliyi ilə tərəflər arasında yaranmış mübahisənin qarşılıqlı razılıq əsasında həlli ilə bağlı qanunla müəyyən olunan prosesdir. Mediasiya mülki işlər və kommersiya mübahisələri, ailə münasibətlərindən irəli gələn mübahisələr, əmək münasibətlərindən irəli gələn mübahisələr, inzibati hüquq münasibətlərindən irəli gələn mübahisələr üzrə tətbiq edilir. Kommersiya mübahisələri, həmçinin ailə və əmək münasibətlərindən irəli gələn mübahisələr üzrə qanunvericiliyə uyğun olaraq məhkəməyə müraciət etməmişdən əvvəl ilkin mediasiya sessiyasında iştirak tələb olunur.
A.Abbasov çıxışında bildirib ki, mediasiya tərəflər arasında münaqişə səviyyəsinin azaldılması və onları razı salacaq şəkildə mübahisənin həllini təmin etmək məqsədilə həyata keçirilir. Mediasiya könüllülük, tərəflərin hüquq bərabərliyi və əməkdaşlığı, mediatorların qərəzsizliyi və müstəqilliyi, mediasiya prosesinə müdaxilənin yolverilməzliyi və konfidensiallıq prinsipləri əsasında həyata keçirilir.
Vurğulanıb ki, mediasiya prosesi baxılan hər bir mübahisə ilə bağlı işin halları, tərəflərin istəkləri, mübahisənin tez həll edilməsi zərurəti nəzərə alınmaqla həyata keçirilməlidir. Mediasiya prosesi danışıqlar şəraitində həyata keçirilir. Mediasiya prosesinə hazırlıq, mediasiya prosesinin başlanılması, tərəflərin mübahisənin mahiyətinin açıqlaması, tərəflərin hər biri ilə ayrı -ayrı danışıq, mübahisənin həlli üçün təkliflərin hazırlanması, mediasiya prosesinin yekunlaşdırılması, mediasiya prosesinə xitam verilməsi, barışıq sazişinin icrası mərhələsindən ibarətdir.
Natiq mediasiya xərcləri barədə tədbir iştirakçılarına məlumat verərək qeyd edib ki, "İlkin mediasiya sessiyası zamanı mediasiya xidmətinin göstərilməsinə görə haqqın və digər xərclərin məbləği"nin təsdiq edilməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 15 iyul 2019-cu il tarixli Qərarına əsasən ilkin mediasiya sessiyası zamanı mediasiya xidmətinin göstərilməsinə görə haqq ailə münasibətlərindən irəli gələn mübahisələr üzrə - 50 manat, əmək münasibətlərindən irəli gələn mübahisələr üzrə - 50 manat, kommersiya mübahisələri üzrə isə iddianın qiymətindən asılı olaraq 20 manatdan 400 manatadək müəyyən olunur.
Çıxışının sonunda məruzəçi əlavə edib ki, Naxçıvan Muxtar Respublikasında mediasiya prosesi 26 iyul 2021-ci il tarixdən həyata keçirilir. Mediatorların fəaliyyət göstərməsi üçün muxtar respublikasının rəhbərliyi tərəfindən mediatorların fəaliyyəti üçün lazımi şərait yaradılmış, mediatorlar ofislə təmin olunmuş və mediasiya prosesinin sərbəst aparılması üçün hər cür şərait yaradılmışdır. Hal-hazırda Naxçıvan Muxtar Respublikasında 5 mediator ərazi üzrə bölünərək fəaliyyət göstərir. Mediatorların fəaliyyəti, apardığı işlərin nəticələri barədə daima nəzarət və qiymətləndirmələr aparılır.
Sonra Asiman Abbasov tədbiri Mühafizə Taborunda "İşgəncə və digər qəddar, qeyri-insani və ya ləyaqəti alçaldan rəftar və ya cəza əleyhinə Konvensiya"nın və onun Fakültativ Protokolunun tələblərinin izahı, Ümumi Rejim-1 və Ümumi Rejim-2 bölmələrində "Elektron nəzarət vasitələrinin tətbiqi xüsusiyyətləri" adlı mövzularla davam etdirib.
Tədbirlərdə işgəncə və digər qəddar, qeyri-insani və ya ləyaqəti alçaldan rəftar və ya cəza ilə bağlı beynəlxalq və milli qanunvericiliyin tələbləri, o cümlədən ölkəmizdə probasiya nəzarəti, elektron nəzarət vasitələrinin tətbiq olunması qaydaları barəsində məlumat verilib.
Tədbirlərin sonunda iştirakçıları maraqlandıran suallar Ombudsmanın əməkdaşı tərəfindən cavablandırılıb.
 
04.03.2022













      

Copyright © 2009. Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman).