18:47 AZ | RUS | ENG

.

               Təqvim

Super Ajax Calendar


Səhifənin xəritəsi



xəbərlər

Psixi Xəstəliklər Dispanserində hüquqi maarifləndirmə tədbiri keçirilib.
 
Mart ayının 04-də Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) və Naxçıvan Muxtar Respublikasının Səhiyyə Nazirliyinin birgə təşkilatçılığı ilə Psixi Xəstəliklər Dispanserində hüquqi maarifləndirmə tədbiri keçirilib.
 
 
Tədbirdə Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsmanın) əməkdaşı Vahidə Bayramova, Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin əməkdaşı Səbuhi İbrahimov və Dispanserin işçi heyəti iştirak edib.
Tədbiri Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin əməkdaşı Səbuhi İbrahimov giriş sözü ilə açaraq qeyd edib ki, Ombudsman təsisatı ilə birgə təsdiq edilmiş tədbirlər planına uyğun olaraq Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin tabeliyində olan bir sıra müəssisələrdə bugünədək müxtəlif mövzularda tədbirlər həyata keçirilib, bu kimi tədbirlər tibb işçilərinin hüquqi maarifləndirilməsində əvəzsiz rol oynayıb.
Sonra tədbirdə Ombudsmanın əməkdaşı Vahidə Bayramova "Psixi pozuntusu olan şəxsin hospitallaşdırılması və bu sahədə qanunvericiliyin tələbləri" mövzusunda çıxış edərək bildirib ki, Azərbaycan Respublikasının Konstitusiyasının 41-ci maddəsinə əsasən hər kəsin sağlamlığını qorumaq və tibbi yardım almaq hüququ vardır. Tibbi yardımın əsas növlərindən biri də psixiatriya yardımıdır. Psixi pozuntu vəziyyətində olan şəxslərə tibbi və sosial yardım göstərilməsi dövlət təminatı, qanunçuluq, humanistlik, insan və vətəndaş hüquqlarına və azadlıqlarına əməl edilməsi prinsipləri əsasında həyata keçirilir.
Ombudsmanın əməkdaşı bildirib ki, Psixi pozuntu vəziyyətində olan şəxslərin psixiatriya yardımı alması hüququ birbaşa olaraq "Psixiatriya yardımı haqqında" Azərbaycan Respublikasının Qanunu ilə tənzimlənir. Bu Qanun Azərbaycan Respublikasında psixiatriya yardımının göstərilməsi ilə bağlı yaranan münasibətləri tənzimləyir, bu sahədə hüquqi və fiziki şəxslərin hüquq və vəzifələrini müəyyən edir.
Məruzəçi psixi pozuntusu olan şəxsin hospitallaşdırılması haqqında tədbir iştirakçılarına məlumat verərək bildirib ki, psixiatriya müəssisəsinə müayinə və müalicə məqsədi ilə yerləşdirilmə hospitallaşdırma adlanır. Şəxs psixiatriya müəssisəsinə könüllü, qeyri-könüllü və tibbi xarakterli məcburi tədbirlərin tətbiq edilməsi məqsədilə yerləşdirir.
V.Bayramova çıxışında bildirib ki, qeyri-könüllü psixiatriya yardımı göstərilməsi üçün əsaslar və tibbi xarakterli məcburi tədbirlər istisna olmaqla, şəxsin özü müraciət etdikdə, ona psixiatriya yardımı göstərilir. 16 yaşına çatmamış və ya qanunvericilikdə müəyyən edilmiş qaydada fəaliyyət qabiliyyəti olmayan hesab edilən şəxslərə psixiatriya yardımı isə onların valideynlərinin və ya qanuni nümayəndələrinin razılığı (xahişi) ilə qanunvericilikdə nəzərdə tutulmuş qaydada göstərilir.
Vurğulanıb ki, qeyri-könüllü hospitallaşdırma isə "Psixiatriya yardımı haqqında" Qanunla müəyyən edilmiş əsaslar olduqda, cinayət törətməmiş ağır psixi pozuntusu (xəstəlik) olan şəxsin onun iradəsindən asılı olmayaraq Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsi ilə müəyyən olunmuş qaydada məhkəmənin qərarı əsasında psixiatriya müəssisəsinə müayinə və müalicə məqsədi ilə yerləşdirilməsidir.
Diqqətə çatıdılıb ki, anlaqsız vəziyyətdə cinayət törətmiş və ya cinayət törətdikdən sonra psixi xəstəliyə tutulmuş, yaxud anlaqlılığı istisna etməyən psixi pozuntu vəziyyətində olan şəxslər Azərbaycan Respublikasının Cinayət Məcəlləsi və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinə uyğun olaraq məhkəmənin qərarı əsasında tibbi xarakterli məcburi tədbirlərin tətbiq edilməsi yolu ilə psixiatriya stasionarına yerləşdirilirlər.
Tədbirin sonunda iştirakçıları maraqlandıran suallar Ombudsmanın əməkdaşı tərəfindən cavablandırılıb.
 
04.03.2022













      

Copyright © 2009. Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman).