14:04 AZ | RUS | ENG

.

               Təqvim

Super Ajax Calendar


Səhifənin xəritəsi



xəbərlər

Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin Dövlət Yol Polisi İdarəsində hüquqi maarifləndirmə tədbiri keçirilib.

Martın 11-də yol polisi əməkdaşlarının hüquqi maarifləndirilməsi işinin davam etdirilməsi məqsədilə Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) tərəfindən Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyi ilə qarşılıqlı əməkdaşlıq çərçivəsində Dövlət Yol Polisi İdarəsində tədbir keçirilib.
 
  
Həyata keçirilən tədbirdə Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsmanın) əməkdaşı Asiman Abbasov, Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin əməkdaşı Nihad Sadıxov və Dövlət Yol Polisi İdarəsinin zabit və sıravi rəis heyəti iştirak edib.
Tədbiri Nihad Sadıxov giriş sözü ilə açaraq yol hərəkəti və onun təhlükəsizliyinin təmin edilməsi məqsədilə yol polisi əməkdaşlarının hüquqi maarifləndirilməsinin günün əsas tələblərindən biri olduğunu, Ombudsman təsisatı ilə birgə təsdiq edilmiş tədbirlər planına uyğun olaraq bu istiqamətdə Dövlət Yol Polisi İdarəsində bugünədək müxtəlif mövzularda həyata keçirilmiş tədbirlərin yol polisi əməkdaşlarının hüquqi maarifləndirilməsində əvəzsiz rol oynadığını vurğulayıb.
Sonra Ombudsmanın əməkdaşı Asiman Abbasov "Yol hərəkəti qaydalarının pozulmasına dair cinayət qanunverciliyinin tələbləri" mövzusunda çıxış edərək qeyd edib ki, yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması ilə bağlı cinayətlərin geniş yayılması hərəkət təhlükəsizliyinin təmin edilməsini və yol-nəqliyyat hadisələrinin qarşısının alınması üçün təşkilati və təsiredici hüquqi tədbirlərin həyata keçirilməsini zəruri edir.
Qeyd olunub ki, yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının hüquqi və təşkilati əsasları "Yol hərəkəti haqqında" 08 noyabr 1968-cı il tarixli Vyana Konvensiyası, "Yol hərəkəti haqqında" Azərbaycan Respublikasının 03 iyul 1998-ci il tarixli Qanunu və digər normativ hüquqi aktlarla tənzimlənir, bu qaydaların pozulması nəticəsindən asılı olaraq mülki, inzibati və cinayət məsuliyyətinə səbəb olur.
Məruzəçi yol hərəkəti qaydalarının pozulması barədə tədbir iştirakçılarına məlumat verərək bildirib ki, yol hərəkəti qaydalarının pozulması nəticəsində baş verən yol-nəqliyyat hadisələrinin insan həyatı və sağlamlığı üçün təhlükə mənbəyi olmasını nəzərə alaraq qanunvercilik həm Azərbaycan Respublikasının İnzibati Xətar Məcəlləsində, həm də Azərbaycan Respublikasının Cinayət Məcəlləsində bununla bağlı konkret normalar və onlara uyğun tədbirlər müəyyənləşdirib.
A.Abbasov çıxışında bildirib ki, avtomobil, tramvay və ya digər mexaniki nəqliyyat vasitəsini idarə edən şəxs tərəfindən həmin qaydaların pozulması yalnız o zaman cinayət məsuliyyətinə səbəb olur ki, bu, ehtiyatsızlıqdan zərər çəkmiş şəxsin ölümü və ya onun sağlamlığına ağır, yaxud da az ağır zərər vurulması ilə nəticələnmiş olsun.
Daha sonra məruzəçi mövzu ilə bağlı mövcud qanunvericiliyin tələblərini tədbir iştirakçılarının diqqətinə çatdırıb.
Tədbirin sonunda mövzu ətrafında müzakirələr aparılıb və iştirakçıların sualları Ombudsmanın əməkdaşı tərəfindən cavablandırılıb.
 
11.03.2022













      

Copyright © 2009. Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman).