10:05 AZ | RUS | ENG

.

               Təqvim

Super Ajax Calendar


Səhifənin xəritəsi



Xəbərlər

Hərbi qulluqçuların hüquqi maarifləndirilməsi ilə bağlı həyata keçirilən tədbirlər davam etdirilir.
 
Mart ayının 15-də Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) və Əlahiddə Ümumqoşun Ordu Komandanlığının birgə təşkilatçılığı ilə N saylı hərbi hissədə hüquqi maarifləndirmə tədbiri keçirilib.
Tədbirdə Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsmanın) əməkdaşı Asiman Abbasov, Əlahiddə Ümumqoşun Ordu Komandanlığının əməkdaşı Seymur Əlizadə və hərbi hissənin zabit, çavuş və əsgər heyəti iştirak edib.
 
 
Tədbiri giriş sözü ilə Əlahiddə Ümumqoşun Ordu Komandanlığının əməkdaşı Seymur Əlizadə açaraq Ombudsman təsisatı ilə birgə həyata keçirilmiş tədbirlərin hərbi qulluqçuların maarifləndirilməsində, onların hüquq və vəzifələrinin daha dərindən öyrənilməsində xüsusi əhəmiyyətə malik olduğunu vurğulayıb, hərbi xidmətin hüquqi əsaslarının gənc əsgərlərə təbliğ edilməsinin gələcəkdə də davam etdirilməsinin zəruri olduğunu diqqətə çatdırıb.
Sonra Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsmanın) əməkdaşı Asiman Abbasov "Hərbi qulluqçuların intizam məsuliyyəti" mövzusunda çıxış edərək bildirib ki, Azərbaycan Respublikasının Silahlı Qüvvələrində hərbi intizam hərbi qulluqçuların yüksək şüurluğuna və vətənpərvərlik borclarını dərindən dərk etmələrinə, xalqımızın beynəlmiləlçilik ənənələrinə sadiq olmalarına və Vətənə sonsuz məhəbbət bəsləmələrinə əsaslanır.
Məruzəçi hərbi intizam barədə tədbir iştirakçılarına məlumat verərək bildirib ki, hərbi intizam bütün hərbi qulluqçuların Azərbaycan Respublikası qanunlarında və hərbi nizamnamələrində müəyyən olunmuş qaydalara ciddi riayət etməsi deməkdir. Azərbaycan Respublikası Silahlı Qüvvələrinin İntizam Nizamnaməsinə əsasən bütün komandirlər (rəislər) bu Nizamnamənin tələblərini rəhbər tutaraq, hissə və bölmələrdə hərbi intizamın daim yüksək səviyyədə saxlanmasını təmin etməyə borcludurlar.
Vurğulanıb ki, hər bir komandir (rəis) öz tabeliyində olanları hərbi intizamın bütün tələblərini sözsüz yerinə yetirmək ruhunda tərbiyə etməli, onlarda hərbi şərəfi və hərbi borcu şüurlu inkişaf etdirib möhkəmləndirməli, layiqliləri həvəsləndirməli, intizamı pozanlara qarşı isə ciddi tədbirlər görməlidir.
Həmçinin komandir (rəis) öz tabeliyində olanlara Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına əməl edilməsi, hərbi andın və hərbi nizamnamələrin tələblərinin, əmr və sərəncamların dəqiq və sözsüz yerinə yetirilməsi işində daim nümunə olmalıdır.
"Komandirin (rəisin) əmri tabelikdə olanlar üçün qanundur" deyən natiq qeyd edib ki, əmr sözsüz, dəqiq və vaxtında yerinə yetirilməlidir. Əgər tabelikdə olan tabe olmaqdan açıq-aşkar imtina edirsə, yaxud müqavimət göstərirsə, komandir (rəis) qayda-qanunu bərpa etmək üçün məcburiyyət tədbirlərindən istifadə etməyə və hətta təqsirkarı həbs edib, məhkəmə məsuliyyətinə cəlb etməyə borcludur. Qayda-qanunun və intizamın bərpası üçün tədbir görməyən komandir (rəis) bunun üçün məsuliyyət daşımalıdır. Hərbi qulluqçu hərbi intizamı, yaxud ictimai asayişi pozarsa, komandir (rəis) ona vəzifə borcunu xatırlatmalı, lazım gələrsə, intizam cəzası verməlidir. Komandir (rəis) öz səlahiyyəti çatan və nalayiq hərəkət etmiş hərbi qulluqçuya onun fikrincə daha çox tərbiyəvi təsir göstərə bilən hər hansı cəzanı verə bilər.
Qeyd olunub ki, "Hərbi qulluqçuların statusu haqqında" Azərbaycan Respublikası Qanununa əsasən hərbi qulluqçular hüquq pozuntuları törətmək üstündə Azərbaycan Respublikasının qüvvədə olan qanunvericiliyinə müvafiq surətdə məsuliyyət daşıyırlar. Hərbi rütbəsindən və xidmət vəziyyətindən asılı olmayaraq hərbi qulluqçular qanun qarşısında bərabərdirlər.
Bildirilib ki, İntizam nizamnamələrində bilavasitə nəzərdə tutulmuş hallarda hərbi qulluqçular inzibati xətalara görə intizam məsuliyyəti, qalan hallarda isə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsi ilə müəyyən edilmiş qaydada inzibati məsuliyyət daşıyırlar.
Tədbirin sonunda mövzu ətrafında müzakirələr aparılıb və iştirakçıların sualları Ombudsmanın əməkdaşı tərəfindən cavablandırılıb.
 
15.03.2022













      

Copyright © 2009. Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman).