17:04 AZ | RUS | ENG

.

               Təqvim

Super Ajax Calendar


Səhifənin xəritəsi



xəbərlər

Naxçıvanda şəhid ailələrinə və qazilərə mənzillər və avtomobillər təqdim olunub.
 
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev demişdir: "Vətən uğrunda öz canlarını fəda etmiş qəhrəman övladlarımızın ailə üzvləri dövlət tərəfindən qayğı ilə əhatə olunmalıdır və biz bunu bu gün əyani şəkildə görürük. Öz sağlamlığını itirmiş, yaralanmış qazilər bütün dövlət orqanları tərəfindən daim qayğı ilə əhatə olunmalıdır və biz bunu təmin edirik". Bu gün muxtar respublikada şəhid ailələrinə və müharibə iştirakçılarına hərtərəfli qayğı göstərilir. Bu kateqoriyadan olan vətəndaşlar mənzil və avtomobillərlə təmin olunurlar.
Martın 15-də - İlaxır çərşənbə günü 10 şəhid ailəsinə və qaziyə mənzillər, 10 Vətən müharibəsi iştirakçısına isə avtomobillər təqdim olunmuşdur.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov ümummilli liderimiz Heydər Əliyevin "Azərbaycanın xoşbəxt gələcəyi Azərbaycan vətəndaşlarının Vətənə olan sevgisi, vətənpərvərliyi və millətimizin qüdrəti ilə bağlıdır" fikirlərini xatırladaraq demişdir: İkinci Qarabağ müharibəsində Lider-xalq birliyi və igid oğullarımızın qəhrəmanlığı xalqımıza böyük Zəfər qazandırdı. Bu gün Azərbaycanda şəhid ailələrinin və müharibə iştirakçılarının sosial-məişət şəraitinin yaxşılaşdırılması istiqamətində ardıcıl tədbirlər görülür. Xalqımızın birlik və vətənpərvərliyinin ifadəsi olan Novruz bayramı ərəfəsində muxtar respublikada şəhid ailələrinin və müharibə iştirakçılarının mənzil və avtomobillərlə təmin olunması da bu tədbirlərin davamıdır.
 
 
Ali Məclisin Sədri şəhidlərimizin əziz xatirəsinə ehtiramını bildirmiş, şəhid ailələrini və qaziləri mənzillər və avtomobillərlə təmin olunmaları, eləcə də bütün şəhid ailələrini, veteranları qarşıdan gələn Novruz bayramı münasibətilə təbrik etmişdir.
Naxçıvan Muxtar Respublikasının əmək və əhalinin sosial müdafiəsi naziri Nicat Babayev çıxış edərək demişdir ki, muxtar respublikada İkinci Qarabağ müharibəsi şəhidlərinin ailələri və qazilərin mənzil və avtomobillərlə təminatı diqqətdə saxlanılmış, bugünkü təqdimatla birlikdə, ümumilikdə, 38 şəhid ailəsi mənzillə, 38 qazi avtomobillərlə təmin olunmuşdur. Həmçinin Vətən müharibəsi qazilərindən 56-na əlillik təyinatı aparılmış, 75 ailə özünüməşğulluq proqramına cəlb edilmişdir. Vətən müharibəsi şəhidlərinin ailə üzvləri, müharibə iştirakçıları və yaralananlar üçün yaradılmış Psixoloji Dəstək Xidmətində 40-dan artıq şəxsə xidmət göstərilmişdir. Bu günədək müvafiq kateqoriyadan olan 24 şəxsin muxtar respublika xaricində müalicə və müayinəsinə köməklik göstərilmiş, 19 nəfərin kredit borcları ödənilmiş, 32 ailənin məişət şəraiti yaxşılaşdırılmış, 1 şəhid ailəsi üzvünün təhsil xərcləri qarşılanmışdır. Naxçıvan Muxtar Respublikasında şəhid ailələri üzvlərinin, müharibə ilə əlaqədar xəsarət almış hərbi qulluqçuların və əlilliyi müəyyən edilmiş şəxslərin müraciətləri üzrə vahid əlaqələndirmə mərkəzlərinin fəaliyyəti nəticəsində ötən müddətdə 126 şəhidin 251 ailə üzvünə vəsiqələr verilmiş, 277 şəhid ailəsi üzvünə Prezident təqaüdü, 39 uşaq üçün sosial müavinət, 2 nəfərə Vətən Müharibəsi Qəhrəmanı üçün Prezident təqaüdü təyin edilmişdir. Vətən müharibəsi iştirakçılarından 13-ü Naxçıvan Əlillərin Bərpa Mərkəzində müalicə almış, 21-nə texniki və yardımçı reabilitasiya vasitələri təqdim edilmişdir. Nicat Babayev muxtar respublikada şəhid ailələrinə və müharibə ilə əlaqədar sağlamlıq imkanları məhdudlaşmış şəxslərə göstərilən diqqət və qayğıya görə minnətdarlıq etmişdir.
Sonra Ali Məclisin Sədri mənzillərin orderlərini və avtomobillərin açarlarını təqdim etmişdir.
 
 
Mənzillə təmin olunan şəhid baş leytenant Zülfü Rzayevin həyat yoldaşı Gülnar Rzayeva demişdir: "Həyat yoldaşım 2007-2010-cu illərdə Heydər Əliyev adına Hərbi Liseyin kursantı olmuş, hər zaman Ali Məclis Sədrinin liseyə göstərdiyi diqqət və qayğıdan bəhs etmişdir. O, daha sonra təhsilini Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində davam etdirmiş və 2015-ci ildə kəşfiyyatçı kimi ön xətdə xidmətə başlamışdır. 2016-cı ildə düşmənin törətdiyi təxribata qarşı həyata keçirilən əməliyyatlarda fəal iştirak etmiş, Lələtəpə yüksəkliyinin azad olunmasında şücaət göstərmişdir. Buna görə 2017-ci ildə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən "İgidliyə görə", 2018-ci ildə "Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 100 illiyi (1918-2018)" yubiley medalı ilə təltif olunmuşdur. Xidmətdə olduğu dövrdə nümunəvi zabit kimi diplom və fəxri fərmanlara layiq görülmüşdür. 2020-ci il sentyabrın 27-də İkinci Qarabağ müharibəsinin başlandığı ilk gündən düşmən sədlərini öz döyüş yoldaşları ilə birgə yarmış və qəhrəmancasına şəhidlik zirvəsinə ucalmışdır. Ölümündən sonra ölkə başçısı cənab İlham Əliyevin müvafiq sərəncamları ilə "Azərbaycan Bayrağı" ordeni, "Vətən uğrunda", "Cəsur döyüşçü", "Füzulinin azad olunmasına görə", "Xocavəndin azad olunmasına görə" və "Şuşanın azad olunmasına görə" medalları ilə təltif olunmuşdur. Bir zamanlar sizin qarşınızda təhsildə uğur qazanmış gənc bir tələbə kimi, bu gün isə şəhidin həyat yoldaşı kimi dayanmışam. Bu, nə qədər ağır və çətin olsa da, bir o qədər fəxrli və qürurludur". Gülnar Rzayeva göstərilən diqqət və qayğıya görə bütün şəhid ailələri adından ölkə Prezidenti və Ali Məclisin Sədrinə minnətdarlıq etmişdir.
 
 
Ali Məclisin Sədri şəhid ailələrinə və qazilərə rahat həyat arzulamışdır.
 
 
Tədbir çay süfrəsi arxasında davam etmişdir.
 
 
Sonda xatirə şəkli çəkdirilmişdir.
 
 
Şəhid ailələrinə və qazilərə verilən 2 və 3 otaqlı mənzillər Kəngərli rayonunun Qıvraq qəsəbəsində, Şərur, Culfa və Şahbuz şəhərlərindəki yeni yaşayış binalarında yerləşir. Tam təmir olunan mənzillərə mebel dəstləri qoyulmuş, lazımi məişət şəraiti yaradılmışdır.
 
 
 
Naxçıvan Muxtar Respublikası
Ali Məclisinin mətbuat xidməti
 
16.03.2022
 













      

Copyright © 2009. Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman).