16:41 AZ | RUS | ENG

.

               Təqvim

Super Ajax Calendar


Səhifənin xəritəsi



xəbərlər

El anası - Sosialist Əməyi Qəhrəmanı Bahar Talıbovanın əziz xatirəsinə.
 
Əsrlərin sınağından çıxan, cilalanaraq zəmanəmizə gələn müdrik bir fikir var - "Əmək insanı ucaldar". Sözün əsl mənasında, onu da əmək ucaltdı, zəhmət şöhrətləndirdi. O güləndə ucsuz-bucaqsız çöllər, geniş tarlalar da güldü. Günəşlə oyandı, ayla yarışdı. İllərlə əkib becərdiyi tütün, pambıq sahələrinə bir ana sığalı çəkdi, tərəvəz kollarına qayğı göstərdi. Əkin işini loğmantək bildi.
 
 
1927-ci ilin baharında doğulan bu qarayanız xanım qismətinə yazılan ömrə özünəməxsus bir naxış vurdu, ona şan-şöhrət qatdı.
Yaşasaydı, 95 yaşını qeyd edəcəkdi Sosialist Əməyi Qəhrəmanı Bahar Talıbova...
Qara torpağı cana gətirmək, onu gülüstana çevirmək insandan böyük iradə, əzm və zəhmət tələb edir. O, ta uşaqlıqdan özündə bu bacarığı hiss etmişdi.
Biz onu görməsək də, zəhmətlə dolu ömür yolunu səhifələrində yaşadan "Qayğı dolu ömür" kitabını vərəqləyəndə ağ kəlağayılı Azərbaycan qadınının hünərinə heyrətlənməyə bilmirik. Başındakı ağ örpək sanki becərdiyi ağ pambıq tarlalarının bir nişanəsi idi. Təkcə pambıq yox, tütün, tərəvəz yetişdirdi, üzüm becərdi.
Atası Məhərrəm kişi 1941-1945-ci illər müharibəsinin gedər- gəlməzlərindən olanda Bahar hələ 5-ci sinif şagirdi idi. Ta o vaxtdan anası Xədicə xanımla birlikdə kolxozda çalışdı. Həmin illərdə arxa cəbhədə göstərdiyi fədakarlığı "Rəşadətli əməyə görə" medalı ilə qiymətləndirildi. 1951-ci ildə Qarxun kəndindəki Mehdi Hüseynzadə adına kolxozda manqa başçısı oldu. Böyük Nizaminin "Çalış öz xalqının işinə yara, geysin əməyindən dünya zər xara" poetik ifadəsinin həyati misalını Bahar Talıbova işlədiyi kolxozda yaratdı. Gecəni gündüzə qatıb pambıq tarlalarının başına dolandı, hər bir kola nəzarət etdi, nəvaziş göstərdi. Ağ qızıl becərənlərin müəllimi kimi onlarla pambıq ustası yetişdirdi. Çəkilən zəhmət hədər getmədi. Bacarığı, işgüzarlığı və zəhmətsevərliyi ilə qısa müddətdə qabaqcıl bir təsərrüfatçı kimi hər il dövlətə onlarla ton tütün, pambıq verdi.
O vaxtlar, sovet hakimiyyəti illərində Sosialist Əməyi Qəhrəmanı adı əməyin zirvəsi, ən yüksək ad, titul idi.
Bahar xanımı 1960-cı ildə 8 Mart - Beynəlxalq Qadınlar Günü ərəfəsində Moskvaya dəvət edirlər. Ölkənin bir qrup qadını ilə birlikdə o, Sosialist Əməyi Qəhrəmanı adına layiq görülür. Beləliklə, Qarxun kəndindəki Mehdi Hüseynzadə adına kolxozun manqabaşçısı, SSRİ Ali Sovetinin deputatı, Sosialist Əməyi Qəhrəmanı, Naxçıvan MSSR-in "Pambıq ustası" Bahar Talıbovanın və onun pambıqçılarının şöhrəti respublikamızdan uzaqlara da yayılır.
Azərbaycan KP MK-nın, Naxçıvan Vilayət Partiya Komitəsinin Plenum üzvü, Şərur Rayon Partiya Komitəsinin büro üzvü seçilən, el içində böyük hörmət sahibi olan Bahar xanım həm də Şərur Rayon Qadınlar Şurasının sədri olmuşdu.
Ən yüksək tribunalarda sözünün çəkisi, özünün nüfuzu olan bu mərd qadın doğma kəndi, eli, obası üçün nələr etmədi ki...?
Onun xeyir-duası, dəstəyi ilə neçə-neçə qız gəlin xoşbəxt oldu, neçə-neçə ailə dağılmaqdan xilas oldu. İmkanı olmayanlara öz balası kimi cehiz payı verdi. Neçə-neçə kəndlərdə məişət xidməti, feldşer mama məntəqələrinin tikilməsi onun təşəbbüsü ilə oldu.
27 il Ali hakimiyyət orqanlarında deputat mandatı almaqla, 40 il qızmar günəş altında pambıqçı, tütünçü ömrü yaşayan, tarlada bir ömür nəğməsi oxuyan Sosialist Əməyi Qəhrəmanı Bahar Talıbovanın həyat yolu bu gün əfsanəyə dönmüş bir nəğmə kimi səslənir.
"O dövr çətinlik idi. Müharibə dövrü idi. Çörək tapa bilmirdik. Anamla gedib işlədim. Mən də oldum camaat kimi manqa işçisi. Öz zoruma gecə-gündüz işlədim. Çünki atam öləndən sonra evin bütün yükü çiyinlərimə düşdü. Qolumdan tutan olmayıb. Sonra manqa başçısı oldum. Ümidimi torpağa bağladım, torpağın da bəhrəsini götürdüm. Məni də torpaq şöhrətləndirdi. Tanımadığım yerlərə apardı. 16 il SSRİ-yə gedib gəldim. 16 yaşımı Moskvada keçirtdim. 17 il partiyanın Mərkəzi Komitəsinin üzvü oldum. Əməyimlə yüksəldim".
"Torpağın üzü qaradır. Lakin o insanın üzünü ağardır",- deyən Bahar xanıma da torpaq üzağlığı gətirdi. O, heç bir vəzifə sahibi olmamışdı. Bütün gəncliyini, ömrünü, gününü bağladığı torpaq, tarla idi iş yeri. 33 yaşında qəhrəman olmuşdu. Əlbəttə, bu qəhrəmanlığı o döyüşdə hünər göstərməklə almamışdı. Torpaq vermişdi ona bu adı.
Onun fədakar əməyi şairlərin də ilham mənbəyi oldu, söz, sənət dünyasının da diqqətini cəlb etdi. Həyatı filmlərə səhnə olan, barəsində kitablar yazılan, mahnı bəstələnən bu el anasının zəhmətkeş ömrü Elman Həbibin "Bahar" poemasında əks olunub, onun fəaliyyəti Şıxəli Qurbanovun "Bahar" şeirinə, Xalq yazıçısı Hüseyn İbrahimovun "Əlvan çiçəklər" əsərinə də bəzək vurub.
 
Könül verib bu torpağa,
Qızıl gülə, qızıl çağa
Dönüb sinədə bayrağa,
Cürəti Bahar xanımın.
 
Sinəsi orden və medallarla bəzənmişdi Bahar xanımın. Bu onun alın təri ilə qazandığı əməyinin bəhrəsi idi.
 
Ağ tarlalar gülür üzə,
Ağ günlərdir elimizə.
Şah şöhrəti gətirir bizə,
Şöhrəti Bahar xanımın.
 
Şan-şöhrət də gətirdi vətəninə. Dəfələrlə qurultay nümayəndəsi oldu. "Əməkdar Pambıq ustası", "Oraq və çəkic" ordeni, Ümumxalq Təsərrüfatları sərgisinin "kiçik gümüş" medalı, "Əmək igidliyinə görə" medalı kimi hər adama nəsib olmayan titullar qazandı. V, VI, VII, VIII çağırış SSRİ Ali Sovetinin deputatı, IX, X, XI çağırış Naxçıvan MR Ali Sovetinin deputatı oldu. Bütün bunlar onun ulu əməyinin bəhrəsi idi.
 
Xoşbəxt o kəsdir ki, torpağı sevir,
Açır ürəyini ona qış, bahar.
Bir ovuc toxum səp, qayğısın çək,
Gör torpaq əvəzini necə qaytarar.
 
Torpaq əvəzini qaytardı. Onu tanımadığı yerlərə apardı, ad-san qazandırdı.
Sadə əmək adamı kimi şərəfli bir ömür yolu seçərək qədim Şərur torpağında iz qoyan Bahar xanımı tanıyanlar deyirlər ki, ağ örpəyi ölənədək başından çıxmadı. Elə bir xeyir-şər mərasimi olmadı ki, Bahar xanım orada iştirak etməsin. Təmkinli, qayğıkeş, əməyə dəyər verən, gəncləri düz yola çağıran, qonaqpərvər el ağbirçəyinə hər zaman ana dedilər. İnsani keyfiyyətləri, vətənə bağlıIığı, torpağa məhəbbəti bir el ağbirçəyi kimi ondan öyrəndilər.
Bahar xanımın qayğı dolu ömür yolunun işığı bu gün də Şərurun bərəkətli torpağında bərq vurur. O, insanları əməyə, zəhmətə alışdırdı, torpağa tər axıdıb zər götürməyi bir ənənə kimi qoyub getdi bu dünyadan. Onun yolunu bu gün Şərur torpağında əzmlə çalışan ailə təsəsrrüfatçıları davam etdirirlər. İndi də torpaq, əməyə, zəhmətə, bağlılığı ondan əxz edən hər bir Şərurlunun iş yeridir. Deməli, belə insanlar cismən bu dünyadan köçsə də, əməlləri ilə əbədiyaşarlıq qazanıblar.
 
 
17.03.2022













      

Copyright © 2009. Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman).