22:19 AZ | RUS | ENG

.

               Təqvim

Super Ajax Calendar


Səhifənin xəritəsi



xəbərlər

İmmunçatışmazlığı virusu ilə mübarizənin hüquqi aspektləri.
 
Tarixin, bəşəriyyətin bütün dövrlərində Yer üzündə milyonlarla insanın həyatına son qoyan müxtəlif xəstəliklər olub. Bu xəstəliklərdən biri də "İnsanın İmmun Çatışmazlığı" virusudur. Bu virus dünya səhiyyəsinin infeksion xəstəliklər sahəsində ən ciddi problemlərindən biridir.
İmmun çatışmazlığı virusu insanı müxtəlif infeksiyalardan və bədxassəli şişlərdən qoruyan immun sisteminə təsir göstərir, immun sisteminin müəyyən hüceyrələrini zədələyir və bu hüceyrələrin qanda miqdarının azalması immun sisteminin zədələnmə dərəcəsi və xəstəliyin mərhələsi haqqında məlumat verir. İnsanın immunçatışmazlığı virusuna yoluxmadan sonra ilk illər ərzində insanın immun sistemi virusa qarşı müqavimət göstərə bilir.
 
 
Azərbaycan Respublikasında insanın immunçatışmazlığı virusu ilə mübarizə məqsədi ilə bu infeksiyanın aşkarlanması, profilaktikası və infeksiyaya yoluxmuş insanların müalicəsi sahəsində mühüm tədbirlər həyata keçirilib, zəngin qanunvericilik bazası formalaşdırılıb. "İnsanın immunçatışmazlığı virusunun törətdiyi xəstəliklə mübarizə haqqında" Azərbaycan Respublikasının 2010-cu il 11 may tarixli 1001-IIIQ nömrəli Qanununun qəbul edilməsi bu infeksiyaya qarşı kompleks tədbirlərin həyata keçirilməsinə zəmin yaradıb. Adıçəkilən Qanun Azərbaycan Respublikası ərazisində insanın immunçatışmazlığı virusunun törətdiyi xəstəliyin profilaktikasının, diaqnostikasının, müalicəsinin, bu şəxslərə tibbi və sosial-psixoloji yardım göstərilməsinin hüquqi əsaslarını müəyyən edir, bu sahədə yaranan münasibətləri tənzimləyir.
"İnsanın immunçatışmazlığı virusunun törətdiyi xəstəliklə mübarizə haqqında" Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinə əsasən insanın immunçatışmazlığı infeksiyası ilə mübarizə və bu infeksiyaya yoluxmuş şəxslərə tibbi və sosial yardım göstərilməsi dövlət təminatı, qanunçuluq, humanistlik, insan və vətəndaş hüquqlarına və azadlıqlarına riayət və hörmət edilməsi prinsipləri əsasında həyata keçirilir.
Qanunun 4-cü maddəsində insanın immunçatışmazlığı infeksiyası ilə mübarizə sahəsində dövlət təminatları öz əksini tapıb. Belə ki, insanın immunçatışmazlığı infeksiyası ilə mübarizə üzrə milli strategiyanın və dövlət proqramlarının qəbul edilməsi və həyata keçirilməsi, bu infeksiya ilə mübarizə üzrə xidmətlərin ölkənin bütün ərazisində təşkilinin təmin edilməsi, əhalinin İİV infeksiyası və onunla mübarizə sahəsində hərtərəfli məlumatlandırılması və maarifləndirilməsi, yüksək riskli əhali qrupları arasında İİV infeksiyasının səmərəli profilaktikası üzrə kompleks tədbirlərin həyata keçirilməsi, İİV-yə tibbi müayinənin anonimliyinə və konfidensiallığına təminat verilməsi, İİV-yə tibbi müayinənin dövlət tibb müəssisələrində pulsuz həyata keçirilməsi və s. təminatlar İİV infeksiyası ilə mübarizə sahəsində dövlət təminatları sırasına daxildir.
Qanunun 5-ci maddəsində qeyd olunur ki, dövlət əhali arasında, xüsusilə yüksək riskli əhali qruplarının üzvləri, mütəmadi miqrasiya edən şəxslər və gənclər arasında təhlükəsiz və məsuliyyətli davranışın aşılanması məqsədilə insanın immunçatışmazlığı infeksiyasının əsas xüsusiyyətləri, bu xəstəliyə yoluxma və yoluxmadan qorunma yolları haqqında maarifləndirməni həyata keçirir. Təhsil müəssisələrində gənclər arasında adıçəkilən infeksiyanın, cinsi yolla keçən infeksiyaların profilaktikası və bu sahədə bilik səviyyəsinin artırılması məqsədilə tədris proqramlarına ayrıca bölmələr daxil edilir. Təhsilin hər bir pilləsində insanın immunçatışmazlığı infeksiyasının profilaktikası üzrə tədrisin məzmunu, həcmi və metodologiyası yaşa uyğun, elmi cəhətdən dəqiq, dəlillərin göstərildiyi və insan hüquqlarına söykənən məlumatlara əsaslanır. Dövlət və ictimai teleradio yayımçıları insanın immunçatışmazlığı infeksiyasının profilaktikası barədə maarifləndirici verilişlərin, sosial reklam çarxlarının nümayişi üçün ayda 20 dəqiqədən az olmayan efir vaxtı ayırmalı və həmin verilişlərin daha əlverişli vaxtda yayımını təmin etməlidir.
"İnsanın immunçatışmazlığı virusunun törətdiyi xəstəliklə mübarizə haqqında" Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə əsasən insanın immunçatışmazlığı virusu ilə yaşayan şəxslərin bu xəstəliyə yoluxması səbəbinə görə hüquq və azadlıqlarının hər hansı formada məhdudlaşdırılmasına yol verilmir.
İmmunçatışmazlığı virusuna yoluxmuş şəxslər bu infeksiya ilə əlaqədar şərəf və ləyaqətin alçaldılmasına yol verilməməsi və onlara humanist münasibət bəslənilməsi, insanın immunçatışmazlığı virusuna tibbi müayinə və onun nəticələri, habelə tətbiq edilən tibbi nəzarət və müalicə üsulları haqqında məlumat əldə etmək, tibbi göstərişlər əsasında mümkün olan bütün müalicə növlərini almaq, nikaha daxil olmaq, digər reproduktiv hüquqlarını həyata keçirmək, insanın immunçatışmazlığı virusunun yayılmasının qarşısının alınması üzrə universal təhlükəsiz davranış qaydalarına yiyələnmək, qoruyucu vasitələrlə müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunmuş qaydada təmin olunmaq və qanunvericilikdə nəzərdə tutulmuş digər hüquqlara malikdirlər.
Bu Qanunun 8-ci maddəsinə əsasən immunçatışmazlığı virusu ilə yaşayan şəxslərin işləməsinə yol verilməyən peşə növləri və vəzifələr istisna olmaqla, onları virusa yoluxması səbəbinə görə işə qəbul etməkdən, işdə irəli çəkməkdən imtina etmək və ya işdən azad etmək qadağandır. İşəgötürən işçinin qeyd olunan virusa yoluxması barədə məlumata malik olduqda bu məlumatı açıqlamamalıdır. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi immunçatışmazlığı virusu ilə yaşayan şəxslərin xəstəliyin mərhələsindən asılı olaraq ixtisaslarını dəyişdirməsi və ya yeni peşəyə yiyələnməsi üçün təxirəsalınmaz tədbirlər görməlidir. İşəgötürən insanın immunçatışmazlığı virusu ilə yaşayan işçi ilə məsləhətləşmə aparmaqla onun üçün münasib iş şəraiti (xüsusi avadanlıqlarla təminat, istirahət fasilələri üçün imkanlar və tibbi müayinələr üçün icazələrin verilməsi və s.) yaratmalıdır.
"İnsanın immunçatışmazlığı virusunun törətdiyi xəstəliklə mübarizə haqqında" Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə əsasən immunçatışmazlığı virusuna tibbi müayinənin könüllü, mütləq və məcburi tibbi müayinə növləri vardır. Könüllü və mütləq tibbi müayinə immunçatışmazlığı virusuna tibbi müayinə olunan şəxsin və ya onun qanuni nümayəndəsinin razılığı ilə keçirilir. Şəxsin hər hansı bir formada gizli surətdə (məlumatlandırılmadan) insanın immunçatışmazlığı virusunun tibbi müayinəsinin aparılması qadağandır.
Ölkəmizdə immunçatışmazlığı virusunun yayılmasının qarşısının alınması məqsədilə qeyd olunan şəxslər barəsində qanunvericiliyin tələblərinin pozulmasına görə məsuliyyət tədbirləri nəzərdə tutulubdur.
Belə ki, "İnsanın immunçatışmazlığı virusunun törətdiyi xəstəliklə mübarizə haqqında" Azərbaycan Respublikası Qanununun 27-ci maddəsinə əsasən immunçatışmazlığı virusuna yoluxmuş şəxslərə yoluxmada təqsirkar şəxslər tərəfindən vurulmuş ziyanın ödənilməsi qanunvericiliklə müəyyən edilmiş qaydada həyata keçirilir. Vurulmuş ziyanın ödənilməsi təqsirkar şəxsləri qanunvericiliklə müəyyən olunmuş digər məsuliyyət növlərindən azad etmir. Stasionar tibb müəssisəsində İİV ilə yaşayan 14 yaşınadək uşağı ilə birgə qalan işləyən valideynlərdən birinə və ya uşağa qulluq edən digər şəxsə qanunvericiliklə müəyyən edilmiş qaydada əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə müavinət ödənilir.
Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 160-cı maddəsinə görə insanın immunçatışmazlığı virusuna yoluxmuş şəxslə əlaqədə olmuş və müayinəyə ehtiyacı olan şəxsin tibb müəssisələri tərəfindən xəbərdarlıq edildikdən sonra da müayinədən boyun qaçırmasına görə səksən manatdan yüz iyirmi manatadək məbləğdə cərimə edilir. Bu Məcəllənin 161-ci maddəsində qeyd olunur ki, insanın immunçatışmazlığı virusuna yoluxmuş şəxs tərəfindən yoluxma mənbəyinin, habelə onunla əlaqədə olub, insanın immunçatışmazlığı virusuna yoluxma təhlükəsi yaradan şəxsin adının gizlədilməsinə görə iki yüz manatdan dörd yüz manatadək məbləğdə cərimə edilir.
Həmçinin Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 139-1-ci maddəsinə görə epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və ya karantin rejimlərinin pozulması xəstəliklərin yayılmasına səbəb olduqda və ya xəstəliklərin yayılması üçün real təhlükə yaratdıqda iki min beş yüz manatdan beş min manatadək miqdarda cərimə və ya üç ilədək müddətə azadlığın məhdudlaşdırılması, üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Eyni əməllər ehtiyatsızlıqdan insan ölümünə və ya digər ağır nəticələrə səbəb olduqda isə üç ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
Bundan başqa Azərbaycan Respublikası Nazirlər Kabinetinin 27 aprel 2011-ci il tarixli 62 nömrəli Qərarı ilə "İnsanın immunçatışmazlığı virusu ilə yaşayan şəxslərin qoruyucu vasitələrlə təmin olunması haqqında", "İnsanın immunçatışmazlığı virusu ilə yaşayan şəxslərin işləməsinə yol verilməyən peşə növləri və vəzifələrin siyahısı", "İnsanın immunçatışmazlığı virusu ilə yaşayan şəxslərə dövlət büdcəsinin vəsaiti hesabına göstərilən tibbi yardımın həcmi", "İnsanın immunçatışmazlığı virusu ilə yaşayan analardan doğulmuş bir yaşadək uşaqların qida məhsulları ilə pulsuz təmin olunması Qaydası" və "İnsanın İmmunçatışmazlığı Virusu infeksiyasının profilaktikası üzrə zərərin azaldılması proqramlarının tətbiqi Qaydası" təsdiq edilibdir.
"Azərbaycan 2020: gələcəyə baxış" İnkişaf Konsepsiyası"nın təsdiq edilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 29 dekabr tarixli 800 nömrəli Fərmanına əsasən, insanın immunçatışmazlığı virusunun (İİV infeksiyasının) törətdiyi xəstəliyin profilaktikası, diaqnostikası və müalicəsinin təkmilləşdirilməsi məqsədilə Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən 2016-cı il 17 fevral tarixdə qəbul edilmiş 63 nömrəli Qərarla "2016-2020-ci illər üçün İİV/QİÇS-lə mübarizə üzrə Tədbirlər Proqramı" təsdiq edilib.
Muxtar respublikamızda da immunçatışmazlığı ilə mübarizə məqsədilə bu infeksiyanın aşkarlanması, profilaktikası və İİV-li insanların müalicəsi sahəsində mühüm tədbirlər həyata keçirilib. Naxçıvan Muxtar Respublikası Yoluxucu Xəstəliklər Mərkəzinin yeni binasında fəaliyyət göstərən QİÇS-lə mübarizə şöbəsi üçün müasir iş şəraiti yaradılıb, ən müasir laboratoriya avadanlıqları quraşdırılıb. Bundan əlavə muxtar respublikada nikaha daxil olmaq istəyən şəxslər hepatit B, hepatit C, o cümlədən QİÇS üzrə tibbi müayinələrə cəlb olunurlar.
Bəli, hər ötən il dünya yeni, təhlükəli, ölümcül epidemiyalarla tanış olur. Son bir neçə ildir ki, bəşəriyyət yeni tip koronavirusla savaşa qalxıb. Mütəxəssislərin də sözlərindən çıxarılan nəticə budur ki, bütün növ viruslarda insanın ən güclü silahı immunitetidir. İmmunitetiniz nə qədər güclü olarsa, istənilən virusla mübarizədən bir o qədər az zərərlə və qalib kimi çıxa bilərsiniz.
Unutmayaq ki, hər bir insanın sağlamlığı, ilk növbədə, onun özündən asılıdır. Normal həyat tərzi sürmək üçün hər kəs daim öz sağlamlığının qayğısına qalmalı, zərərli vərdişlərdən uzaq olmalı, gigiyena və sanitariya qaydalarına əməl etməlidir.
 
 
07.04.2022













      

Copyright © 2009. Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman).