17:58 AZ | RUS | ENG

.

               Təqvim

Super Ajax Calendar


Səhifənin xəritəsi



xəbərlər

Daxili İşlər Nazirliyinin tabeliyində olan müəssisələrdə hüquqi maarifləndirmə tədbirləri davam etdirilir.
 
Aprel ayının 14-də Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) və Naxçıvan Muxtar Respublikasının Daxili İşlər Nazirliyinin birgə təşkilatçılığı ilə Naxçıvan Hava Nəqliyyatında Polis Şöbəsində hüquqi maarifləndirmə tədbiri keçirilib.
Tədbirdə Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsmanın) əməkdaşı Asiman Abbasov, Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin əməkdaşı Nihad Sadıxov və Naxçıvan Hava Nəqliyyatında Polis Şöbəsinin zabit və sıravi rəis heyəti iştirak edib.
 
 
Tədbiri Daxili İşlər Nazirliyinin əməkdaşı Nihad Sadıxov giriş sözü ilə açaraq qeyd edib ki, Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) təsisatı ilə birgə təsdiq edilmiş tədbirlər planına uyğun olaraq Daxili İşlər Nazirliyinin tabeliyində olan müəssisələrdə bugünədək müxtəlif mövzularda bir sıra tədbirlər həyata keçirilib, bu kimi tədbirlər polis əməkdaşlarının hüquqi maarifləndirilməsində əvəzsiz rol oynayıb.
Sonra tədbirdə Ombudsmanın əməkdaşı Asiman Abbasovun "İctimai qaydanın qorunması və ictimai təhlükəsizliyin təmin edilməsi sahəsində polis əməkdaşının vəzifələri" mövzusunda çıxışı dinlənilib. O qeyd edib ki, dövlətimizdə polisin təyinatı insanların həyatını, sağlamlığını, hüquq və azadlıqlarını, dövlətin, fiziki və hüquqi şəxslərin qanuni mənafelərini və mülkiyyətini hüquqa zidd əməllərdən qorumaqdan ibarətdir.
Vurğulanıb ki, polisin fəaliyyətinin əsas istiqamətləri ictimai qaydanın qorunması və ictimai təhlükəsizliyin təmin edilməsi, cinayətlərin və digər xətaların qarşısının alınması və açılması, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsidir. Polis fəaliyyətini insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət, qanunçuluq, humanistlik və təkbaşçılıq prinsipləri əsasında həyata keçirir.
Məruzəçi ictimai qaydanın qorunması və ictimai təhlükəsizliyin təmin edilməsi sahəsində polis əməkdaşının vəzifələri barədə tədbir iştirakçılarına məlumat verərək qeyd edib ki, polis əməkdaşı hər bir şəxsin təhlükəsizliyini təmin etməli, qanunvericiliklə səlahiyyətlərinə aid edilmiş inzibati xətalara dair işlər üzrə icraatı aparmalı, o cümlədən təhqiqat, istintaq orqanlarının, məhkəmələrin, müvafiq icra hakimiyyəti orqanının icra və probasiya qurumlarının qərarlarını icra etməli, tutulmuş və ya həbs edilmiş şəxsi müvəqqəti saxlama yerində saxlamalı, cinayət prosesində iştirak edən şəxslərin dövlət müdafiəsini təmin etməli, əşyaların, o cümlədən odlu silahın, döyüş sursatının, zəhərli maddələrin və sair zərərli materialların əldə edilməsi, saxlanması, gəzdirilməsi, daşınması üçün müəyyənləşdirilmiş qaydada icazə verməli, Azərbaycan Respublikasının bütün ərazisində və ya ayrı-ayrı yerlərində tətbiq edilən fövqəladə və ya hərbi vəziyyət rejimini təmin etməli, epidemiya və ya epizootiya zamanı karantin tədbirlərinin həyata keçirilməsində iştirak etməlidir
Həmçinin polis əməkdaşı kütləvi tədbirlər zamanı ictimai asayişi təmin etməli, kütləvi idman tədbirlərinin və idman yarışlarının keçirilməsi zamanı idman obyektlərində, tamaşaçılar üçün nəzərdə tutulmuş yerlərdə, eləcə də idman obyektlərinə bitişik ərazilərdə və təxliyyə yollarında zorakılığın qarşısını almalı, yarış iştirakçılarının və tamaşaçıların təhlükəsizliyini və ictimai asayişi təmin etməli, tapılmış və polisə təhvil verilmiş sənədlərin, əşyaların və digər əmlakın saxlanılmasını və mühafizəsini təmin etməli, digər dövlət orqanları və ictimai təşkilatlarla birlikdə azyaşlılar arasında hüquq qaydasının pozulmasının və nəzarətsizliyin qarşısının alınmasında iştirak etməli, hüquqi və fiziki şəxslərin əmlakını hüquqa zidd əməllərdən qorumalı, o cümlədən qanunvericilikdə nəzərdə tutulmuş digər vəzifələri yerinə yetirməlidir.
Tədbirdə polis əməkdaşının qanunla müəyyənləşdirilmiş səlahiyyətləri yerinə yetirərkən dövlət hakimiyyətinin nümayəndəsi kimi çıxış etdiyi, Azərbaycan Respublikasının ərazisində olan bütün hüquqi və fiziki şəxslərin polis əməkdaşının qanuni tələblərini icra etməli olduqları tədbir iştirakçılarının diqqətinə çatdırılıb.
Tədbirin sonunda mövzu ətrafında müzakirələr aparılıb və iştirakçıların sualları Ombudsmanın əməkdaşı tərəfindən cavablandırılıb.
 
14.04.2022













      

Copyright © 2009. Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman).