4:28 AZ | RUS | ENG

.

               Təqvim

Super Ajax Calendar


Səhifənin xəritəsi



xəbərlər

  Daxili İşlər Nazirliyinin Orta İxtisas Polis Məktəbində növbəti hüquqi maarifləndirici tədbir keçirilib.

  Aprelin 19-da Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyi ilə qarşılıqlı əməkdaşlıq çərçivəsində Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) tərəfindən Orta İxtisas Polis Məktəbində tədbir keçirilib.
Qeyd etmək lazımdır ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 5 mart 2018-ci il tarixli Fərmanına əsasən daxili işlər orqanlarının ixtisaslı kadrlarla komplektləşdirilməsini təmin etmək məqsədilə yaradılan bu məktəb muxtar respublikanın hüquq-mühafizə orqanlarının kadr təminatının həyata keçirilməsində mühüm əhəmiyyətə malikdir. Məktəb təkcə daxili işlər orqanlarında deyil, həm də digər güc strukturlarında orta rəis heyətinin komplektləşdirilməsinə öz töhfəsini verməkdədir.
Hüquq-mühafizə orqanında kadr təminatını həyata keçirən Orta İxtisas Polis Məktəbində insan hüquqlarının, hüquqi biliklərin daha dərindən öyrənilməsi daim diqqətdə saxlanılır. Bu məqsədlə həyata keçirilən tədbirdə Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsmanın) əməkdaşı Asiman Abbasov, Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin əməkdaşı Nihad Sadıxov və Daxili İşlər Nazirliyinin Orta İxtisas Polis Məktəbinin zabit və kursant heyəti iştirak edib.
 
 
Tədbiri giriş sözü ilə Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin əməkdaşı Nihad Sadıxov açaraq qeyd edib ki, Ombudsman təsisatı ilə həyata keçirilən bu tədbirlər Orta İxtisas Polis Məktəbinin zabit və kursant heyətinin hüquqi biliklərinin artırılması və nəzəri biliklərinin təcrübə ilə əlaqələndirilməsi istiqamətində mühüm rol oynamaqdadır.
Sonra tədbirdə Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin əməkdaşı Asiman Abbasov Azərbaycan Respublikasının tərəfdar çıxdığı insan hüquqlarına və azadlıqlarına dair beynəlxalq müqavilələrdən irəli gələn öhdəliklər barədə danışıb.
A.Abbasov bildirib ki, Azərbaycan Respublikası Konstitusiyasının 10-cu maddəsinə əsasən Azərbaycan Respublikası başqa dövlətlərlə münasibətlərini hamılıqla qəbul edilmiş beynəlxalq hüquq normalarında nəzərdə tutulan prinsiplər əsasında qurur. Məhz bu prinsiplər beynəlxalq praktikanın nəticəsi kimi meydana gələn, beynəlxalq hüququn subyektləri tərəfindən rəhbər tutulan davranış qaydaları və beynəlxalq hüququn əsaslarıdır.
Məruzəçi qeyd edib ki, Konstitusiyaya əsasən Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələr Azərbaycan Respublikasının qanunvericilik sisteminin ayrılmaz tərkib hissəsidir. Azərbaycan Respublikasının Konstitusiyası və referendumla qəbul edilən aktlar istisna olmaqla Azərbaycan Respublikasının qanunvericilik sisteminə daxil olan normativ hüquqi aktlar ilə Azərbaycan Respublikasının tərəfdar çıxdığı dövlətlərarası müqavilələr arasında ziddiyyət yaranarsa, həmin beynəlxalq müqavilələr tətbiq edilir.
Vurğulanıb ki, Azərbaycan Respublikası insan hüquqlarının və azadlıqlarının müdafiəsinə yönələn beynəlxalq səviyyədə tanınmış və qəbul edilmiş çoxsaylı müqavilələrə qoşulmuş və onları ratifikasiya etmişdir. İnsan hüquqları sahəsində ən mühüm sənəd 1948-ci ildə BMT Baş Assambleyası tərəfindən qəbul olunmuş "Ümumdünya İnsan Hüquqları Bəyannaməsi"dir. Bu sənəd onlarla digər beynəlxalq və regional vasitə, yüzlərlə konstitusiya və digər qanunvericilik aktlarının ilham aldığı təməl insan hüquqları vasitəsidir.
Qeyd olunub ki, Ümumdünya İnsan Hüquqları Bəyannaməsində qeyd olunmuş hüquqları genişləndirmək və onlara hüquqi qüvvə vermək məqsədilə 1966-cı il tarixdə "Mülki və siyasi hüquqlar haqqında" Beynəlxalq Pakt və "İqtisadi, sosial və mədəni hüquqlar haqqında" Beynəlxalq Pakt qəbul edilmişdir. Hər iki pakt bütün dünyada tətbiq olunan və insan hüquqlarının təminatı sahəsində hüquqi öhdəlik yaradan başlıca vasitələrdir.
Məruzəçi çıxışına əlavə edərək bildirib ki, Azərbaycan Respublikası bütün əsas insan hüquqları və ya onların böyük bir hissəsinin təsbit olunduğu ümumi beynəlxalq müqavilələrdən olan "İqtisadi, sosial və mədəni hüquqlar haqqında" Beynəlxalq Paktın, "Vətəndaş və siyasi hüquqlar haqqında" Beynəlxalq Paktın, eləcə də "Vətəndaş və siyasi hüquqlar haqqında" Beynəlxalq Paktın birinci və ikinci Fakültativ Protokollarının iştirakçısıdır.
Daha sonra tədbirdə insan hüquqlarının və azadlıqlarının müdafiəsinə yönələn beynəlxalq səviyyədə tanınmış və qəbul edilmiş, Azərbaycan Respublikasının qoşulduğu və ratifikasiya etdiyi beynəlxalq sənədlər barədə tədbir iştirakçılarına ətraflı məlumat verilib.
Tədbirin sonunda mövzu ətrafında müzakirələr aparılıb və iştirakçıların sualları Ombudsmanın əməkdaşı tərəfindən cavablandırılıb.
 
19.04.2022

 














      

Copyright © 2009. Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman).