14:36 AZ | RUS | ENG

.

               Təqvim

Super Ajax Calendar


Səhifənin xəritəsi



xəbərlər

Naxçıvan Şəhər Körpələr Evi və Ailələrə Dəstək Mərkəzində tədbir keçirilib.
 
Aprel ayının 22-də Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) və Naxçıvan Muxtar Respublikasının Səhiyyə Nazirliyinin birgə təşkilatçılığı ilə Naxçıvan Şəhər Körpələr Evi və Ailələrə Dəstək Mərkəzində hüquqi maarifləndirmə tədbiri keçirilib.
 
 
Tədbirdə Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsmanın) əməkdaşı Vahidə Bayramova, Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin əməkdaşı Səbuhi İbrahimov və Mərkəzin əməkdaşları iştirak edib.
Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin əməkdaşı Səbuhi İbrahimov tədbiri giriş sözü ilə açaraq qeyd edib ki, Ombudsman təsisatı ilə birgə təsdiq edilmiş tədbirlər planına uyğun olaraq Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin tabeliyində olan bir sıra müəssisələrdə həyata keçirilən tədbirlər tibb işçilərinin hüquqi maarifləndirilməsində əvəzsiz rol oynayıb.
Tədbirdə Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsmanın) əməkdaşı Vahidə Bayramova "Uşaq hüquqlarının pozulmasına görə məsuliyyət" mövzusunda çıxış edərək bildirib ki, uşaq ailənin, xalqın, dövlətin ən qiymətli sərvətidir. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Uşaq hüquqlarının həyata keçirilməsinə dövlət nəzarət edir.
V.Bayramova uşaqların hüquqlarının və qanuni mənafelərinin müdafiəsi hüququ barədə tədbir iştirakçılarına məlumat verərək bildirib ki, uşağın hüquqlarının və qanuni mənafelərinin müdafiəsi valideynlər və ya onları əvəz edən şəxslər, qanunvericiliklə nəzərdə tutulmuş hallarda isə yerli icra hakimiyyətlərinin qəyyumluq və himayə orqanları və məhkəmə tərəfindən həyata keçirilir. Uşağın hüquqları və qanuni mənafeləri pozulduqda, o cümlədən valideynlər (onlardan biri) uşağın təhsili, tərbiyəsi üzrə vəzifələrini yerinə yetirmədikdə və ya valideynlik hüquqlarından sui-istifadə etdikdə, uşaq öz hüquqlarını qorumaq üçün müvafiq icra hakimiyyəti orqanına,14 yaşına çatdıqda isə məhkəməyə müraciət etmək hüququna malikdir.
Tədbirdə uşaq hüquqlarının pozulmasına görə məsuliyyətlə bağlı qanunvericiliyin tələbləri iştirakçılarının diqqətinə çatdırılıb. Qeyd olunub ki, uşaq hüquqlarının pozulması Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada inzibati və cinayət məsuliyyətinə səbəb olur.
Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 189-cu maddəsinin tələbinə görə yetkinlik yaşına çatmayanların tərbiyə və təlimi vəzifələrinin valideynlər və ya onları əvəz edən şəxslər tərəfindən üzrlü səbəblər olmadan yerinə yetirilməməsinə və ya lazımınca yerinə yetirilməməsinə görə həmin şəxslərə xəbərdarlıq edilir və ya qırx manatdan altmış manatadək məbləğdə cərimə edilir. Bu əməllər yetkinlik yaşına çatmayanların baxımsız qalmasına səbəb olduqda altmış manatdan yüz manatadək məbləğdə, yetkinlik yaşına çatmayanların spirtli içki, narkotik vasitələr və ya psixotrop maddələr qəbul etməsinə və ya avaralıqla məşğul olmasına, cinayət məsuliyyətinə cəlb etməyə imkan verən yaş həddinə çatmamış uşaqlar tərəfindən cinayət əlamətləri olan ictimai təhlükəli əməlin törədilməsinə və ya on dörd yaşından on altı yaşınadək uşaqlar tərəfindən inzibati xəta əlamətləri olan əməlin törədilməsinə səbəb olduqda isə altmış manatdan yüz manatadək məbləğdə cərimə edilir.
Ombudsmanın əməkdaşı qeyd edib ki, qanunvericiliyə əsasən işəgötürən tərəfindən 15 yaşına çatmamış şəxsin işə cəlb edilməsinə görə vəzifəli şəxslər min manatdan min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Həmçinin işəgötürən tərəfindən uşaqların onların həyatına, sağlamlığına və ya mənəviyyatına təhlükə törədə bilən fəaliyyətə cəlb edilməsinə görə vəzifəli şəxslərə üç min manatdan dörd min manatadək məbləğdə, hüquqi şəxslərə on min manatdan on üç min manatadək məbləğdə cərimə cəzası tətbiq edilir.
Tədbirin sonunda mövzu ətrafında müzakirələr aparılıb və iştirakçıların sualları Ombudsmanın əməkdaşı tərəfindən cavablandırılıb.
 
22.04.2022













      

Copyright © 2009. Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman).