17:29 AZ | RUS | ENG

.

               Təqvim

Super Ajax Calendar


Səhifənin xəritəsi



xəbərlər

Polis əməkdaşlarının hüquqi maarifləndirilməsi günün tələbidir.
 
Aprel ayının 28-də Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) və Naxçıvan Muxtar Respublikasının Daxili İşlər Nazirliyinin birgə təşkilatçılığı ilə Naxçıvan şəhər Polis İdarəsinin 1 nömrəli Polis Bölməsində hüquqi maarifləndirmə tədbiri keçirilib.
Tədbirdə Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsmanın) əməkdaşı Asiman Abbasov, Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin əməkdaşı Nihad Sadıxov və Naxçıvan şəhər Polis İdarəsinin 1 nömrəli Polis Bölməsinin zabit və sıravi rəis heyəti iştirak edib.
 
 
Tədbiri Daxili İşlər Nazirliyinin əməkdaşı Nihad Sadıxov giriş sözü ilə açaraq qeyd edib ki, Ombudsman təsisatı ilə birgə təsdiq edilmiş tədbirlər planına uyğun olaraq Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin tabeliyində olan müəssisələrdə bugünədək müxtəlif mövzularda həyata keçirilmiş tədbirlər polis əməkdaşlarının hüquqi maarifləndirilməsində əvəzsiz rol oynayıb.
Sonra tədbirdə Ombudsmanın əməkdaşı Asiman Abbasov "İnsan hüquqlarının məhkəmədənkənar müdafiə mexanizmləri: mediasiya institutu" mövzusunda çıxış edib. O qeyd edib ki, mübahisələrin alternativ həll yollarınından biri olan mediasiyanın tətbiqi ilə bağlı münasibətlər "Mediasiya haqqında" 29 mart 2019-cu il tarixli Azərbaycan Respublikasının Qanunu ilə tənzimlənir.
A.Abbasov mediasiyanın anlayışı və tətbiq olunduğu hüquq münasibətləri haqqında tədbir iştirakçılarına məlumat verərək bildirib ki, mediasiya mediatorun vasitəçiliyi ilə tərəflər arasında yaranmış mübahisənin qarşılıqlı razılıq əsasında həlli ilə bağlı qanunla müəyyən olunan prosesdir. Mediasiya mülki işlər və kommersiya mübahisələri, ailə münasibətlərindən irəli gələn mübahisələr, əmək münasibətlərindən irəli gələn mübahisələr, inzibati hüquq münasibətlərindən irəli gələn mübahisələr üzrə tətbiq edilir. Kommersiya mübahisələri, həmçinin ailə və əmək münasibətlərindən irəli gələn mübahisələr üzrə qanunvericiliyə uyğun olaraq məhkəməyə müraciət etməmişdən əvvəl ilkin mediasiya sessiyasında iştirak tələb olunur.
Mediasiya tərəflər arasında münaqişə səviyyəsinin azaldılması və onları razı salacaq şəkildə mübahisənin həllini təmin etmək məqsədilə həyata keçirilir. Mediasiya könüllülük, tərəflərin hüquq bərabərliyi və əməkdaşlığı, mediatorların qərəzsizliyi və müstəqilliyi, mediasiya prosesinə müdaxilənin yolverilməzliyi və konfidensiallıq prinsipləri əsasında həyata keçirilir.
Ombudsmanın əməkdaşı qeyd edib ki, mediasiya prosesi baxılan hər bir mübahisə ilə bağlı işin halları, tərəflərin istəkləri, mübahisənin tez həll edilməsi zərurəti nəzərə alınmaqla həyata keçirilməlidir. Mediasiya prosesi danışıqlar şəraitində həyata keçirilir. Mediasiya prosesinə hazırlıq, mediasiya prosesinin başlanılması, tərəflərin mübahisənin mahiyətinin açıqlaması, tərəflərin hər biri ilə ayrı -ayrı danışıq, mübahisənin həlli üçün təkliflərin hazırlanması, mediasiya prosesinin yekunlaşdırılması, mediasiya prosesinə xitam verilməsi, barışıq sazişinin icrası mərhələsindən ibarətdir.
Tədbirdə mediasiya xərcləri barədə hüquqi məsələlərə də toxunulub. Qeyd olunub ki, "İlkin mediasiya sessiyası zamanı mediasiya xidmətinin göstərilməsinə görə haqqın və digər xərclərin məbləği"nin təsdiq edilməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 15 iyul 2019-cu il tarixli Qərarına əsasən ilkin mediasiya sessiyası zamanı mediasiya xidmətinin göstərilməsinə görə haqq ailə və əmək münasibətlərindən irəli gələn mübahisələr üzrə 50 manat, kommersiya mübahisələri üzrə isə iddianın qiymətindən asılı olaraq 20 manatdan 400 manatadək müəyyən olunur.
Naxçıvan Muxtar Respublikasında mediasiya prosesinin 26 iyul 2021-ci il tarixdən həyata keçirildiyini vurğulayan Asiman Abbasov muxtar respublika rəhbərliyi tərəfindən mediatorların fəaliyyəti üçün lazımi şərait yaradıldığını, onların ofislə təmin olunduğunu və mediasiya prosesinin sərbəst aparılması üçün hər cür şərait yaradıldığını tədbir iştirakçılarının diqqətinə çatdırıb.
Tədbirin sonunda iştirakçıları maraqlandıran suallar Ombudsmanın əməkdaşı tərəfindən cavablandırılıb.
 
28.04.2022













      

Copyright © 2009. Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman).