16:27 AZ | RUS | ENG

.

               Təqvim

Super Ajax Calendar


Səhifənin xəritəsi



xəbərlər

Naxçıvan Qarnizon Hauptvaxtında tədbir keçirilib.
 
Aprelin 29-da Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) və Əlahiddə Ümumqoşun Ordu Komandanlığının birgə təşkilatçılığı ilə Naxçıvan Qarnizon Hauptvaxtında hüquqi maarifləndirmə tədbiri keçirilib.
Tədbirdə Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsmanın) əməkdaşı Asiman Abbasov, Əlahiddə Ümumqoşun Ordu Komandanlığının əməkdaşı Elşən Quliyev və Hauptvaxtın zabit, çavuş və əsgər heyəti iştirak edib.
 
 
Tədbiri giriş sözü ilə Əlahiddə Ümumqoşun Ordu Komandanlığının əməkdaşı Elşən Quliyev açaraq Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) ilə birgə həyata keçirilmiş tədbirlərin hərbi qulluqçuların maarifləndirilməsində, onların hüquq və vəzifələrinin daha dərindən öyrənilməsində xüsusi əhəmiyyətə malik olduğunu vurğulayıb, hərbi xidmətin hüquqi əsaslarının gənc əsgərlərə təbliğ edilməsinin gələcəkdə də davam etdirilməsinin zəruri olduğunu diqqətə çatdırıb.
Sonra Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsmanın) əməkdaşı Asiman Abbasov "Hərbi xidmət əleyhinə olan inzibati xətalar" mövzusunda çıxış edərək qeyd edib ki, hərbi rütbəsindən və xidmət vəziyyətindən asılı olmayaraq bütün hərbi qulluqçular qanun qarşısında bərabərdirlər.
Asiman Abbasov bildirib ki, İntizam nizamnamələrində bilavasitə nəzərdə tutulmuş hallarda hərbi qulluqçular inzibati xətalara görə intizam məsuliyyəti, qalan hallarda isə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsi ilə müəyyən edilmiş qaydada inzibati məsuliyyət daşıyırlar.
Qeyd olunub ki, hərbi qulluqçu inzibati, əmək, vergi və sair sahəvi hüquq normaları ilə yanaşı hərbi-hüquq normalarını da pozmaqla inzibati məsuliyyətin müstəsna subyekti olaraq konkret əməli, yəni inzibati hüquq pozuntusunu törətmiş olur. Hərbi qulluqçunun törətmiş olduğu inzibati hüquq pozuntusunun digər şəxslərin inzibati xətasından fərqi ondan ibarətdir ki, hərbi qulluqçu həm inzibati hüquq münasibətlərinə, həm də hərbi hüquq münasibətlərinə zərər vurmuş olur. Onun ictimai təhlükəliliyi də məhz bunda ifadə olunur.
A.Abbasov hərbi qulluqçunun hərbi xidmət əleyhinə olan inzibati xətalara görə məsuliyyətin əlamətindən bəhs edərək bildirib ki, bu məsuliyyət inzibati məsuliyyətə cəlb etmənin əsaslarına görə, xüsusi subyekt tərkibinə görə və hərbi qulluqçulara münasibətdə ayrı-ayrı inzibati tənbeh növlərinin tətbiq edilməsi imkanının məhdudlaşdırılması ilə fərqlənir.
Ombudsmanın əməkdaşı qeyd edib ki, hərbi qulluqçulara münasibətdə inzibati tənbehin tətbiq edilməsi preventiv və mühafizə məqsədləri daşıyır. Preventiv məqsəd hərbi qulluqçular tərəfindən inzibati hüquq pozuntularının törədilməsinin qarşısının alınmasında, mühafizə məqsədi isə hərbi-hüquq münasibətlərinin subyektlərinin hüquq və azadlıqlarının təmin edilməsi, ictimai asayişin mühafizəsinin və müdafiəsinin, hərbi qulluqçuların hərbi xidmətkeçmə qaydalarının təmin olunmasında ifadə olunur.
Vurğulanıb ki, hərbi qulluqçular inzibati məsuliyyətə bu məsuliyyəti müəyyən edən maddi-hüquqi əsaslar, hərbi qulluqçular tərəfindən inzibati xətanın törədilməsinə səbəb olan faktiki əsaslar və hərbi qulluqçuların inzibati məsuliyyətə cəlb edilməsinin qaydasını tənzimləyən prosessual-hüquqi əsaslarla cəlb edilir.
Tədbirdə hərbi xidmət əleyhinə olan inzibati xətalar və bu xətaların törədilməsinə görə inzibati tənbeh növləri ilə bağlı qanunvericilikdə nəzərdə tutulmuş hüquqi normalar barədə iştirakçılara ətraflı məlumat verilib.
Tədbirlərin sonunda mövzular ətrafında müzakirələr aparılıb və iştirakçıların sualları Ombudsmanın əməkdaşı tərəfindən cavablandırılıb.
 
29.04.2022













      

Copyright © 2009. Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman).