4:31 AZ | RUS | ENG

.

               Təqvim

Super Ajax Calendar


Səhifənin xəritəsi



xəbərlər

Ombudsmanın kollektivi "Muzey günləri" çərçivəsində muzeyləri ziyarət edib.

Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin "Muzeylərlə əlaqələrin daha da gücləndirilməsi haqqında" 2014-cü il 19 dekabr tarixli Sərəncamına uyğun olaraq muxtar respublikada fəaliyyət göstərən dövlət orqanları əməkdaşlarının muzeylərə kollektiv gedişinin həyata keçirilməsi muzeylərə marağın artmasına, tariximizin, mədəniyyətimizin hərtərəfli öyrənilməsinə və təbliğinə şərait yaradır.
Sərəncamın icrasına uyğun olaraq, Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsmanın) kollektivi "Xan Sarayı" Dövlət Tarix-Memarlıq Muzeyində olub.
 
 
Muzeylə tanışlıq zamanı bələdçi şərq memarlığı üslubunda inşa edilmiş abidənin tarixi haqqında məlumat verərək qeyd edib ki, xalqımızın zəngin keçmişini, mədəniyyətini, adət-ənənələrini özündə yaşadan, tariximizə adlı-sanlı generallar, hərbçilər, dövlət xadimləri bəxş etmiş Kəngərli nəslinin, Naxçıvan xanlarının iqamətgahı olmuş Xan sarayını XVIII əsrin sonunda axırıncı Naxçıvan xanı Ehsan xanın atası Kəlbəli xan Kəngərli tikdirib. Şərq memarlıq üslubunda tikilmiş "Xan sarayı" XX əsrin əvvəllərinə qədər Naxçıvan xanlarının yaşayış evi olmaqla yanaşı, həm də xanlıq dövründə dövlətin siyasi iqamətgahı funksiyasını yerinə yetirib. Naxçıvan xanlığı ləğv edildikdən sonra bir sıra məqsədlər üçün istifadə olunan bu sarayda Kəngərli süvarilərinin komandanlığı yerləşdirilib, 1918-1920-ci illərdə Naxçıvan Milli Müdafiə Şurasının qərargahı buraya köçürülüb.
Bildirilib ki, bu qədim mədəniyyət incisi 1998-ci ildən 2010-cu ilədək Naxçıvan Muxtar Respublikası Dövlət Xalça Muzeyi kimi fəaliyyət göstərib. Naxçıvan xanlığının dövlətçilik tariximizdəki roluna verilən qiymətin təzəhürü olaraq Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2010-cu il 23 oktyabr tarixli Sərəncamı ilə "Xan Sarayı" Dövlət Tarix-Memarlıq Muzeyi adlandırılıb. "Xan Sarayı"nın binası yenidən qurulub, bu mədəniyyət müəssisəsinin fəaliyyəti üçün lazımi arxiv materialları və digər sənədlər toplanaraq muzeyə verilib. 2010-cu il dekabrın 17-də "Xan Sarayı" Dövlət Tarix-Memarlıq Muzeyinin açılışı olub. Muzeyin yaradılmasının əsas məqsədi Azərbaycanın milli dövlətçilik tarixində xüsusi yer tutan Naxçıvan xanlığının tarixinin öyrənilməsi və təbliğidir.
Vurğulanıb ki, muzeyin 9 ekspozisiya zalı var. Burada 400-ə yaxını eksponat nümayiş etdirilir. Bu eksponatlar içərisində arxiv sənədləri, fotoşəkillər, Naxçıvan xanlarının şəcərəsi, xanlığın xəritəsi mövcuddur. Eyni zamanda tarixin həmin dövrünü özündə əks etdirən saray əhalisinin məişət əşyaları, istifadə olunan silahlar da "Xan Sarayı" Muzeyinin qiymətli eksponatları olaraq nümayiş etdirilir.
Muzeydə nümayiş olunan Naxçıvan xanlığı haqqında yazılı annotasiya, Kəngərli nəslinin gerbi və Kəngərli süvari dəstəsinin fəxri bayrağının rəngli fotosurətləri, Naxçıvan xanlarının nəsil şəcərəsini və vəkil (sultan) qolunu əks etdirən sxem-tablo, həmçinin xan nəslinin məşhur generalları, digər məşhur hərbçi və dövrün tanınmış şəxslərinə aid fotomənbələr və onlar haqqında arxiv sənədlərinin surətləri, yazılı məlumatlar və digər qiymətli eksponatlar Ombudsmanın əməkdaşları tərəfindən maraqla izlənilib.
Həmin gün Ombudsmanın kollektivi "Möminə Xatun" türbəsini və Açıq Səma Altında Muzeyi də ziyarət ediblər.
 
01.05.2022 













      

Copyright © 2009. Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman).