19:14 AZ | RUS | ENG

.

               Təqvim

Super Ajax Calendar


Səhifənin xəritəsi



xəbərlər

Yol polislərinin hüquqi maarifləndirilməsi davam etdirilir.
 
Mayın 5-də Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyi ilə qarşılıqlı əməkdaşlıq çərçivəsində Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) tərəfindən Dövlət Yol Polisi İdarəsində tədbir keçirilib.
Həyata keçirilən tədbirdə Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsmanın) əməkdaşı Asiman Abbasov, Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin əməkdaşı Nihad Sadıxov və Dövlət Yol Polisi İdarəsinin zabit və sıravi rəis heyəti iştirak edib.
 
Tədbiri Nihad Sadıxov giriş sözü ilə açaraq yol hərəkəti və onun təhlükəsizliyinin təmin edilməsi məqsədilə yol polisi əməkdaşlarının hüquqi maarifləndirilməsinin günün əsas tələblərindən biri olduğunu, Ombudsman təsisatı ilə birgə təsdiq edilmiş tədbirlər planına uyğun olaraq bu istiqamətdə Dövlət Yol Polisi İdarəsində bugünədək müxtəlif mövzularda həyata keçirilmiş tədbirlərin yol polisi əməkdaşlarının hüquqi maarifləndirilməsində əvəzsiz rol oynadığını vurğulayıb.
Sonra Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsmanın) əməkdaşı Asiman Abbasov "Yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətalarla bağlı qərarların icrasında elektron xidmətlərdən istifadənin təşviqi və əhəmiyyəti" mövzusunda çıxış edərək qeyd edib ki, ictimai-siyasi sabitlik hüquqi dövlət və vətəndaş cəmiyyəti quruculuğu yolunu seçmiş hər bir dövlətin mövcudluğunun mühüm şərtlərindən biridir. Müstəqil Azərbaycanın son illərdə bütün sahələrdə sürətlə inkişaf edən, beynəlxalq miqyasda böyük nüfuz sahibi olan dövlətlərdən birinə çevrilməsinin əsası da ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş ictimai-siyasi sabitlik amilinə söykənir.
A.Abbasov bildirib ki, Azərbaycan Respublikası ərazisində yol hərəkətinin təşkili, onun təhlükəsizliyinin təmin edilməsi və yol hərəkəti qaydalarının müəyyənləşdirilməsi yol hərəkəti sahəsində dövlətin ən vacib vəzifələrindən biridir.
Vurğulanıb ki, yol-patrul xidməti Dövlət Yol Polisi qurumlarının tərkib hissəsi olaraq, yol hərəkəti iştirakçılarının həyatının, sağlamlığının, əmlakının, onların hüquqlarının, yol hərəkəti sahəsində dövlətin və cəmiyyətin maraqlarının qorunmasını, yol hərəkəti təhlükəsizliyinin, nəqliyyat vasitələrinin fasiləsiz və təhlükəsiz hərəkətinin təmin olunmasını, bu sahədə inzibati xətaların aşkar olunmasını, profilaktikasını və qarşısının alınmasını, habelə qanunla polisin üzərinə düşən digər vəzifələrin icrasını həyata keçirir.
Ombudsmanın əməkdaşı bildirib ki, dövlət yol polisinin yol hərəkətinə nəzarəti həyata keçirməyə səlahiyyətli əməkdaşları tərəfindən video müşahidə kameraları vasitəsilə qanunvericiliklə nəzərdə tutulmuş yol hərəkəti qaydaları və yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi qaydaları əleyhinə olan inzibati xəta aşkar edildikdə xüsusi texniki vasitələrin məlumatları real vaxt rejimində elektron formada birbaşa Dövlət Yol Polisi İdarəsinin mərkəzi informasiya sisteminə ötürülür, inzibati xətanı törətmiş şəxsin iştirakı olmadan real vaxt rejimində, elektron sənəd şəklində inzibati tənbeh vermə haqqında elektron qərar çıxarılır və həmin mərkəzi informasiya sisteminin müvafiq səlahiyyətli əməkdaşının elektron imzası ilə təsdiqlənir.
A.Abbasov çıxışında bildirib ki, inzibati xəta haqqında protokol və ya inzibati xəta haqqında iş üzrə qərar həmin anda elektron qaydada müvafiq orqanın informasiya sisteminə yerləşdirilir. Bu zaman informasiya sistemində olan inzibati xəta haqqında protokol və ya inzibati xəta haqqında iş üzrə qərar və onların əlavələri hər bir nəqliyyat vasitəsinin istifadəçisi üçün internet informasiya resursunda yaradılmış elektron kabinetə dərhal yerləşdirilir və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin elektron ünvanına göndərilir.
Eyni zamanda nəqliyyat vasitəsi istifadəçisinin elektron kabinetində olan mobil telefon nömrəsinə inzibati xəta törətməsi, törətdiyi xətanın qısa məzmunu, xətanın törədildiyi yer və vaxt, İnzibati Xətalar Məcəlləsinin hansı maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunması, cərimənin məbləği, inzibati xəta haqqında iş üzrə qərarın nömrəsi, həmin sənədlə və ona əlavə edilmiş materiallarla tanış ola biləcəyi elektron kabinetin internet ünvanı və daxilolma qaydası barədə ödənişsiz SMS məlumatı dərhal göndərilir.
Tədbirin sonunda mövzu ətrafında müzakirələr aparılıb və iştirakçıların sualları Ombudsmanın əməkdaşı tərəfindən cavablandırılıb.
 
05.05.2022













      

Copyright © 2009. Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman).