7:08 AZ | RUS | ENG

.

               Təqvim

Super Ajax Calendar


Səhifənin xəritəsi



xəbərlər

Kəngərli Rayon Polis Şöbəsində hüquqi maarifləndirmə tədbiri keçirilib.
 
Mayın 12-də Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) və Naxçıvan Muxtar Respublikasının Daxili İşlər Nazirliyinin birgə təşkilatçılığı ilə Kəngərli Rayon Polis Şöbəsində hüquqi maarifləndirmə tədbiri keçirilib.
Tədbirdə Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsmanın) əməkdaşı Asiman Abbasov, Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin əməkdaşı Nihad Sadıxov və Kəngərli Rayon Polis Şöbəsinin zabit və sıravi rəis heyəti iştirak edib.
 
 
Tədbiri Daxili İşlər Nazirliyinin əməkdaşı Nihad Sadıxov giriş sözü ilə açaraq qeyd edib ki, Ombudsman təsisatı ilə birgə təsdiq edilmiş tədbirlər planına uyğun olaraq Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin tabeliyində olan müəssisələrdə bugünədək müxtəlif mövzularda həyata keçirilmiş tədbirlər polislərin hüquqi maarifləndirilməsində əvəzsiz rol oynayıb.
Sonra tədbirdə Ombudsmanın əməkdaşı Asiman Abbasov "İnformasiya təhlükəsizliyi və kibercinayətkarlıqla mübarizə" mövzusunda çıxış edib. O qeyd edib ki, informasiya mühiti dövlətin siyasi, iqtisadi, müdafiə və digər sistemlərinə aktiv təsir edən cəmiyyətin həyatının ən vacib faktorlarından biridir. Dövlətin milli təhlükəsizliyi informasiya təhlükəsizliyinin təmin edilməsindən əhəmiyyətli dərəcədə asılıdır. Hal-hazırda informasiya milli strateji resurs olub, dövlətin ən əsas sərvətlərindən biri sayılır. Ona görə də informasiya təhlükəsizliyinin təmin edilməsi müasir dövrdə hər bir dövlətin ən prioritet vəzifələrindən birinə çevrilmişdir.
Qloballaşma prosesinin müasir cəmiyyətlərə müsbət və mənfi təsirləri ilə xarakterizə olunduğunu, informasiya kommunikasiya texnologiyalarının sürətli inkişafının kibercinayətlər üzrə beynəlxalq əməkdaşlığı zərurətə çevirdiyini diqqətə çatdıran A.Abbasov bildirib ki, digər beynəlxlaq xarakterli cinayətlərdən fərqli olaraq, kibercinayətkarlığın özünəməxsus cəhəti ondan ibarətdir ki, bu cinayətlə mübarizə üzrə ayrıca dövlətin hakimiyyət orqanlarının gücü və hüquq mühafizə orqanlarının təkbaşına fəaliyyəti kifayət etmir. Bu səbəbdən də beynəlxalq birlik bu cinayətlə mübarizədə daha effektiv nəticələrə nail olmaq üçün beynəlxalq əməkdaşlığa üstünlük verilməsini məqbul sayır.
Ombudsmanın əməkdaşı kibercinayətkarlığa qarşı mübarizədə beynəlxalq səviyyədə ən böyük nailiyyətlərdən birinin 23 noyabr 2001-ci ildə "Kibercinayətkarlıq haqqında" Budapeşt Konvensiyanın qəbul edilməsi olduğunu vurğulayıb. O qeyd edib ki, Konvensiyanın qəbul olunması müasir dövrdə rəqəmsal texnologiyaların geniş şəkildə həyatımıza daxil olması və qloballaşmanın səbəb olduğu əhəmiyyətli dəyişiklikləri nəzərə alaraq kibercinayətkarlıqdan qorumağa yönəlmiş cinayət hüququ sahəsində ümumi siyasətin aparılması zərurətindən irəli gəlmişdir.
Tədbirdə kibercinayətkarlığa qarşı mübarizə imkanlarının təkmilləşdirilməsi və qabaqcıl dövlətlərin təcrübəsinin öyrənilməsi məsələsinə də toxunulub. Qeyd olunub ki, kibercinayətkarlığa qarşı mübarizə sahəsində hüquqi bazanın formalaşdırılması istiqamətində Azərbaycan beynəlxalq konvensiya və proqramlara qoşulmuş, daxili qanunvericilik bazasını daha da təkmilləşdirmişdir. Belə ki, Azərbaycan Respublikası 2008-ci ildə Avropa Şurasının "Kibercinayətkarlıq haqqında'' Konvensiyasını imzalamış və 2010-cu ildə ratifikasiya etmişdir. Eyni zamanda Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 30-cu fəsli beynəlxalq hüquqdan transformasiya olunmaqla "Kibercinayətkarlıq haqqında" Konvensiyanın tələblərinə uyğun olaraq, həmin fəslin "Kompüter informasiyası sahəsində cinayətlər" adı dəyişdirilərək, "Kibercinayətlər" termini ilə əvəzlənmişdir.
Kibercinayətkarlığın qarşısının alınması, bu sahədə profilaktik, habelə digər təşkilatı-hüquqi mexanizmlərin müəyyən olunması istiqamətində kompleks işlər görüldüyünü vurğulayan Asiman Abbasov bu cinayətlə mübarizə tədbirlərini əhatə edən normativ-hüquqi aktlar, Dövlət Proqramları, xüsusi layihələr qəbul edilməklə və icra olunmaqla digər sahəvi qanunvericilik normalarının inkişafına dövlətimiz tərəfindən əlavə dəstək verildiyini, müvafiq qurumlar tərəfindən maarifləndirici fəaliyyət həyata keçirildiyini tədbir iştirakçılarının diqqətinə çatdırıb.
Tədbirin sonunda iştirakçıları maraqlandıran suallar Ombudsmanın əməkdaşı tərəfindən cavablandırılıb.
 
12.05.2022













      

Copyright © 2009. Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman).