12:11 AZ | RUS | ENG

.

               Təqvim

Super Ajax Calendar


Səhifənin xəritəsi



xəbərlər

Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin Müvəqqəti Saxlama Yerində hüquqi maarifləndirmə tədbiri keçirilib.
 
Mayın 26-da Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyi ilə qarşılıqlı əməkdaşlıq çərçivəsində Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) tərəfindən Müvəqqəti Saxlama Yerində tədbir keçirilib.
Tədbirdə Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsmanın) əməkdaşı Asiman Abbasov, Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin əməkdaşı Nihad Sadıxov və Müvəqqəti Saxlama Yerinin zabit və sıravi rəis heyəti iştirak edib.
 
 
Tədbirdə Nihad Sadıxov giriş sözü ilə çıxış edərək Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) ilə birgə təsdiq edilmiş tədbirlər planına uyğun olaraq Daxili İşlər Nazirliyinin tabeliyində olan müəssisələrdə bugünədək müxtəlif mövzularda həyata keçirilmiş tədbirlərin polislərin hüquqi maarifləndirilməsində əvəzsiz rol oynadığını vurğulayıb.
Sonra tədbirdə Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsmanın) əməkdaşı Asiman Abbasovun "Azadlıqdan məhrum edilmiş şəxslərin saxlanılma şəraitinin və rejiminin beynəlxalq təcrübəyə uyğunlaşdırılması" mövzusunda çıxışı dinlənilib. O qeyd edib ki, qanunvericilikdə müəyyən edilmiş qaydada tutulmuş və ya həbs edilmiş şəxslərin həbs yerlərində hüquq və azadlıqlarının təmin edilməsi ilə bağlı münasibətlər "Həbs yerlərində saxlanılan şəxslərin hüquq və azadlıqlarının təmin edilməsi haqqında" 22 may 2012-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə tənzimlənir.
Bildirilib ki, cinayət mühakimə icraatının vəzifələrinin həyata keçirilməsini təmin etmək məqsədilə tutulmuş və ya həbs edilmiş şəxslər qanunvericiliklə müəyyən edilmiş hallarda və müddətlərdə müvəqqəti saxlama yerlərində saxlanılırlar. Hökmün və ya məhkəmənin digər yekun qərarının icrası yerinə məcburi göndərilməsi və ya təyin olunmuş cəzanın digər cəza növü ilə əvəz edilməsi, habelə şərti məhkum etmənin, cəzadan şərti olaraq vaxtından əvvəl azad etmənin və ya cəzanın çəkilməsinin təxirə salınmasının ləğvi məsələsinin həlli üçün tutulmuş şəxs ən geci 7 gün ərzində, digər hallarda isə tutulma anından ən geci 48 saat keçənədək müvəqqəti saxlama yerində saxlanıla bilər. Məhkəmə qərarına əsasən həbs edilmiş şəxs müvəqqəti saxlama yerində 24 saatdan artıq saxlanıla bilməz və bu müddət bitənədək o, istintaq təcridxanasına keçirilməlidir.
A.Abbasov müvəqqəti saxlama yerlərinin daxili intizam qaydaları barədə tədbir iştirakçılarına məlumat verərək bildirib ki, bu qaydalar "Avropa Penitensiar Qaydaları"nın tələbləri, İşgəncənin və Qeyri-insani, yaxud Ləyaqəti Alçaldan Rəftar və ya Cəzanın Qarşısının Alınması üzrə Avropa Komitəsinin tövsiyələri nəzərə alınmaqla , o cümlədən "Həbs yerlərində saxlanılan şəxslərin hüquq və azadlıqlarının təmin edilməsi haqqında" Qanuna uyğun olaraq hazırlanmışdır və tutulmuş və ya həbs edilmiş şəxslərin müvəqqəti saxlanılma rejimini, onların hüquqlarının təmin olunması və vəzifələrinin yerinə yetirilməsi, habelə saxlanılma şəraitinin təmin olunması qaydalarını müəyyən edir.
Vurğulanıb ki, "Avropa Penitensiar Qaydaları" məhkəmənin qərarı ilə həbs edilmiş, azadlıqdan məhrum edilmiş, bu və ya digər səbəbdən digər yerlərdə saxlanılan bütün şəxslər barəsində tətbiq edilir. Azadlıqdan məhrum edilmiş bütün şəxslərə tətbiq olunan məhdudiyyətlər onun tətbiqinin əsas məqsədinə uyğun və minimal olmalıdır. Həmçinin irqə, dərinin rənginə, cinsə, dilə, dinə, siyasi və digər əqidəyə, milli və ya sosial mənşəyə, doğulduğu məkana, iqtisadi statusa əsaslanan əlamətlərə görə ayrı-seçkiliyə yol verilmədən və qərəzsiz tətbiq edilməlidir.
Daha sonra Ombudsmanın əməkdaşı tədbirdə Avropa Penitensiar Qaydalarının tələbləri, o cümlədən azadlıqdan məhrum edilmiş şəxslərin saxlanılma şəraitinin və rejiminin beynəlxalq təcrübəyə uyğunlaşdırılması istiqamətində görülən işlər barəsində iştirakçılara ətraflı məlumat verib.
Tədbirin sonunda mövzu ətrafında müzakirələr aparılıb və iştirakçıların sualları cavablandırılıb.
 
26.05.2022













      

Copyright © 2009. Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman).