11:04 AZ | RUS | ENG

.

               Təqvim

Super Ajax Calendar


Səhifənin xəritəsi



xəbərlər

"18 iyun İnsan Hüquqları Günü"nə həsr olunmuş hüquqi maarifləndirmə tədbiri keçirilib.
 
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2007-ci il 18 iyun tarixli Sərəncamına əsasən hər il 18 iyun ölkəmizdə İnsan Hüquqları Günü kimi qeyd olunur.
 
 
Bu münasibətlə Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) və Naxçıvan Muxtar Respublikasının Daxili İşlər Nazirliyinin birgə təşkilatçılığı ilə Culfa Rayon Polis Şöbəsində hüquqi maarifləndirmə tədbiri keçirilib.
Tədbirdə Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsmanın) əməkdaşı Asiman Abbasov, Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin əməkdaşı Nihad Sadıxov və Culfa Rayon Polis Şöbəsinin zabit və sıravi rəis heyəti iştirak edib.
Tədbiri Daxili İşlər Nazirliyinin əməkdaşı Nihad Sadıxov giriş sözü ilə açaraq qeyd edib ki, Ombudsman təsisatı ilə birgə təsdiq edilmiş tədbirlər planına uyğun olaraq Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin tabeliyində olan müəssisələrdə bugünədək müxtəlif mövzularda həyata keçirilmiş tədbirlər polislərin hüquqi maarifləndirilməsində əvəzsiz rol oynayıb.
Sonra tədbirdə Ombudsmanın əməkdaşı Asiman Abbasov "18 iyun Azərbaycan Respublikasında İnsan hüquqları günüdür" mövzusunda çıxış edib. O qeyd edib ki, ölkəmiz dövlət müstəqilliyini bərpa etdikdən sonra beynəlxalq cəmiyyətin tamhüquqlu və beynəlxalq hüququn müstəqil subyekti kimi tarixin sınağından uğurla çıxmış, ümumbəşəri dəyərlərin üstünlüyünü qəbul edərək demokratik, hüquqi və dünyəvi dövlət quruculuğunu, eyni zamanda bəşər sivilizasiyasının idealları olan azadlığı, insan hüquqlarını, ədaləti və sülhü özünün inkişaf yolu seçmişdir.
A.Abbasov bildirib ki, dövlət başçısı cənab İlham Əliyevin 2007-ci il 18 iyun tarixli Sərəncamı ilə ümummilli liderimiz Heydər Əliyev tərəfindən 1998-ci il iyunun 18-də Azərbaycan Respublikasında ilk "İnsan hüquqlarının müdafiəsinə dair Dövlət Proqramı"nın təsdiq edildiyi və insan hüquqlarının təmin olunmasının dövlət siyasətinin əsas istiqamətlərindən biri kimi müəyyən edildiyi nəzərə alınaraq, iyunun 18-i Azərbaycan Respublikasında İnsan hüquqları günü kimi təsis edilib.
Ombudsmanın əməkdaşı qeyd edib ki, ulu öndər Heydər Əliyevin siyasi xəttini uğurla davam etdirən Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə ötən müddət ərzində ölkəmizdə insan hüquq və azadlıqlarının qorunması sahəsində kompleks tədbirlər həyata keçirilmişdir. Dövlət başçısının 2006-cı il 28 dekabr tarixli Sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasında insan hüquqlarının müdafiəsi üzrə Milli Fəaliyyət Planı" və 2011-ci il 27 dekabr tarixli Sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyini artırmaq sahəsində Milli Fəaliyyət Proqramı" ölkəmizdə insan hüquqlarının qorunması sahəsində həyata keçirilən dövlət siyasətinin tərkib hissəsi kimi mühüm əhəmiyyətə malikdir.
Qeyd olunub ki, demokratiya və insan hüquqları, sosial tərəqqi kimi ümumbəşəri dəyərlərə sadiq olan və hüquqi dövlət quruculuğu yolunda inamla irəliləyən Azərbaycanın sürətlə tərəqqi edən diyarına çevrilmiş Naxçıvan Muxtar Respublikasında da hüquq sisteminin müasirləşdirilməsi prosesinə uyğun olaraq insan hüquqlarının daha etibarlı müdafiəsinin təmin edilməsi, vətəndaşların hüquq institutlarına inamının artırılması, onların müraciət etmək imkanlarının asanlaşdırılması ilə bağlı həyata keçirilən mühüm islahatlar ardıcıl şəkildə davam etdirilir. Belə ki, muxtar respublikada insan hüquqlarının müdafiəsi ilə bağlı hüquq institutlarının inkişafı tarixində ən mühüm tədbirlərdən biri də Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin təşəbbüsü ilə 2006-cı ildə insan hüquqlarının müdafiəsi üzrə orqanlar sistemində yeni və müstəqil məhkəmədənkənar alternativ hüquq müdafiə vasitəsi olan Müvəkkil təsisatının yaradılması olmuşdur.
Daha sonra tədbirdə muxtar respublikada həyata keçirilən məqsədyönlü sosial-iqtisadi layihələr və aparılan islahatlar, əhalinin müxtəlif sosial qruplarının hüquqlarının müdafiəsi istiqamətində görülən işlər barədə iştirakçılara ətraflı məlumat verilib.
Tədbirin sonunda iştirakçıları maraqlandıran suallar Ombudsmanın əməkdaşı tərəfindən cavablandırılıb.
 
16.06.2022













      

Copyright © 2009. Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman).