21:36 AZ | RUS | ENG

.

               Təqvim

Super Ajax Calendar


Səhifənin xəritəsi



xəbərlər

Heydər Əliyev adına Hərbi Lisey kursantlarının buraxılış mərasimi keçirilib.
 
İyunun 17-də Heydər Əliyev adına Hərbi Liseyin 22-ci buraxılışı münasibəti ilə tədbir keçirilmişdir.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov tədbirdə iştirak etmişdir.
 
 
Əlahiddə Ümumqoşun Ordu komandanı general-polkovnik Kərəm Mustafayev Ali Məclisin Sədrinə mərasimə hazırlıq barədə raport vermişdir.
Ali Məclisin Sədri kursantları salamlamışdır.
Kursantlar orkestrin müşayiəti ilə Azərbaycan Respublikasının Dövlət Himnini ifa etmişlər.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov Heydər Əliyev adına Hərbi Liseyin 22-ci buraxılışı münasibətilə kursant, zabit və müəllimləri, valideynləri və bütün tədbir iştirakçılarını təbrik edərək demişdir: Ümummilli liderimiz Heydər Əliyev Azərbaycanda ordu quruculuğunun əsasını qoymuş, siyasi fəaliyyətinin bütün dövrlərində bu məsələni diqqətdə saxlamışdır. Sovetlər Birliyi dövründə ilk hərbi məktəbi təsis etməklə bu sahədə kadr hazırlığına başlayan ulu öndər 1992-ci ildə Naxçıvanda ilk milli ordu qurumunu yaratmış, ölkəmizdə yenidən siyasi hakimiyyətə qayıtdıqdan sonra isə Azərbaycan Respublikasının Silahlı Qüvvələrini formalaşdırmışdır. Müstəqillik dövründə ölkəmizdə həyata keçirilən ordu quruculuğu tədbirləri sırasında ümummilli liderimizin Sərəncamı ilə 1998-ci ildə Cəmşid Naxçıvanski adına Hərbi Liseyin Naxçıvan filialının yaradılması xüsusi yer tutur. Ulu öndər 1999-cu ildə hərbi liseydə olarkən demişdir: "Müstəqil Azərbaycan yaşamalıdır, inkişaf etməlidir. Onun çox güclü ordusu bu gün də, gələcəkdə də olmalıdır. Olmalıdır ki, torpaqlarımız bundan sonra işğal edilməsin. Olmalıdır ki, torpaqlarımızın hər bir qarışı qoruna bilsin. Olmalıdır ki, müstəqil Azərbaycanın özünün də hərbi sərkərdələri olsun".
Ali Məclisin Sədri demişdir: Ötən dövrdə ümummilli liderin arzuları reallığa çevrilmiş, ölkə Prezidenti cənab İlham Əliyevin müvafiq Sərəncamına əsasən 2004-cü ildə filialın əsasında Heydər Əliyev adına Hərbi Lisey yaradılmışdır. Hərbi lisey Azərbaycan ordusunun komandan-zabit heyətinin formalaşdırılması işinə öz töhfəsini vermişdir. 56 kursantla fəaliyyətə başlayan liseydə hazırda 310 kursant təhsil alır. Ötən dövrdə Hərbi Liseyi 3 mindən artıq kursant bitirmişdir. Liseyin kursantları hərbi xidmət dövründə nizam-intizamı, bilik və bacarığı, hərbi səriştəsi ilə daim seçilmişlər. İkinci Qarabağ müharibəsində də Heydər Əliyev adına Hərbi Liseyin məzunları qəhrəmanlıq göstərmiş, şəhidlik zirvəsinə yüksəlmişlər.
Ali Məclisin Sədri şəhidlərimizin əziz xatirəsinə ehtiramını bildirərək demişdir: Ölkəmizdə ordu quruculuğu yeni mərhələdədir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev ulu öndərin yolunu uğurla davam etdirərək ordumuzun döyüş qabiliyyətinin artırılması və peşəkar komandan-zabit heyətinin formalaşdırılması sahəsində ardıcıl tədbirlər görür, hərbi təhsil sistemi təkmilləşdirilir. Eyni zamanda hərbi hissələrin maddi-texniki bazası gücləndirilir, xidməti yaşayış kompleksləri istifadəyə verilir. Bu gün müasir hərbi məktəblərdə təhsil aldığınız kimi, gələcəkdə də hər cür imkanlara malik hərbi hissələrdə xidmət edəcəksiniz. Siz qalib ölkənin qalib ordusunun zabiti adını daşıyacaqsınız. Bu, böyük şərəf və məsuliyyət deməkdir. Ona görə də ali hərbi təhsil illərində hərbi bilikləri və texnologiyaları dərindən mənimsəməli, qarşıya qoyulan döyüş tapşırıqlarının icrasına hər an hazır olmalısınız. Sizdən əvvəlki məzunların xidməti fəaliyyəti hər biriniz üçün nümunə olmalı, bu illər ərzində formalaşmış ənənə davam etdirilməlidir.
"Zabit olmaq üçün təkcə hərbi və fiziki hazırlıq kifayət etmir",- deyən Ali Məclisin Sədri ulu öndərimizin "Ordunun qüdrətini, onun döyüş qabiliyyətini, qələbə iradəsini təşkil edən döyüşçülərin vətənpərvərlik hissidir. Hər bir zabit vətənpərvərlik hissini, Vətənə, torpağa, müstəqil dövlətimizə, xalqımıza sədaqət hissini hər şeydən üstün tutmalıdır" fikirlərini xatırladaraq bildirmişdir ki, gələcəkdə hansı ali hərbi məktəbdə təhsil almağınızdan asılı olmayaraq çalışmalısınız ki, fiziki və hərbi hazırlıqla yanaşı, həm də peşəkar, vətənpərvər və dövlətçiliyinə bağlı hərbçilər kimi formalaşasınız. Tariximizə, dəyərlərimizə sahib çıxmaq, xidməti borcunuzu şərəflə yerinə yetirmək qarşınızda duran əsas vəzifələrdir.
Ali Məclisin Sədri bu vəzifələrin icrasında, gələcək təhsildə və xidmətdə kursantlara uğurlar arzulamış, onları bir daha buraxılış münasibəti ilə təbrik etmişdir.
Heydər Əliyev adına Hərbi Liseyin rəisi, polkovnik Elşad Həsənov buraxılış mərasimində çıxış edərək demişdir: Naxçıvanda fəaliyyət göstərən və Azərbaycan xalqının müdrik oğlunun yadigarı olan hərbi lisey ordumuzun kadr hazırlığı işinə mühüm töhfədir. Hər il hərbi təhsil ocağında məzunlar günündə Ali Məclis Sədrinin iştirakı kollektivdə böyük ruh yüksəkliyi yaradır. Hərbi liseydə kursantların vətənpərvərlik tərbiyəsinə üstünlük verilərək tariximizə, dilimizə, mədəni irsimizə, dövlət atributlarına hörmət və ehtiram hisslərinin aşılanması daim diqqət mərkəzindədir. Hər bir tədris ilinin ilk günlərindən məzun olanadək kursantlarımızın Vətənimizə, xalqımıza və müstəqil dövlətimizə sədaqətlə və ləyaqətlə xidmət edən zabit və nümunəvi vətəndaş kimi yetişmələri üçün pedaqoji kollektiv bütün bilik və bacarığı, yüksək tələbkarlıq və məsuliyyət hissilə çalışır. Bunun nəticəsidir ki, kursantlar il ərzində şəhər və muxtar respublika miqyaslı fənn olimpiadalarında, idman yarışlarında, "STEAM təhsil festivalı"nda iştirak edərək layiqli yerlər tutmuşlar. Adlarını zəfər tarixinə əbədi həkk etmiş şəhid məzunlarımız bugünkü kursantlarımız üçün nümunədir. Hərbi liseyin məzunları Vətən qarşısında vəzifə borclarını bu gün də şərəflə yerinə yetirirlər. Elşad Həsənov göstərilən diqqət və qayğıya görə hərbi liseyin şəxsi heyəti adından minnətdarlıq etmişdir.
Heydər Əliyev adına Hərbi Liseyin məzunu Cavid Cavadov demişdir: "Bu gün kursantların həyatına əlamətdar tarix kimi daxil olur. Ulu öndərimiz tərəfindən yaradılmış hərbi liseyə qəbul olmuş hər bir yeniyetmə kursant adını daşıdığı üçün fəxr edir və özlərini vətən müdafiəçisi sayırlar. Biz bu hərbi liseydə təhsil aldığımıza görə fəxr edir və işıqlı gələcəyimizə inanırıq. Məhz Ali Məclis Sədrinin diqqət və qayğısının nəticəsidir ki, geniş və işıqlı, ən müasir tədris avadanlıqları olan siniflərdə müxtəlif fənlər üzrə dərslər keçirik. Hərbi liseyin həm açıq, həm də qapalı idman zallarında, idman şəhərciyində asudə vaxtlarımızda və idman dərslərində fiziki hazırlığımızı təkmilləşdiririk. Heydər Əliyev adına Hərbi Liseyin kursantları olaraq Vətənimizin xoşbəxt gələcəyi və müstəqilliyimizin qorunub saxlanması yolunda var gücümüzlə çalışacaq, ali hərbi məktəblərdə təhsilimizi yüksək səviyyədə davam etdirəcək, istənilən tapşırığı yerinə yetirməyə daim hazır olacağıq. Göstərilən diqqət və qayğıya görə minnətdarlığımızı bildirir və əmin edirik ki, Heydər Əliyev adına Hərbi Liseyin adını daim uca tutacağıq".
Sonra Ali Məclisin Sədri liseyin əlaçı kursantlarına attestatları təqdim etmiş, onları mükafatlandırmışdır.
 
 
Kursant Rəmzi Bağırov təhsil ocağının rəmzi kötüyünə xatirə birkasını vurmuşdur.
Orkestrin müşayiəti ilə "Hərbi lisey marşı" ifa edilmiş, şəxsi heyət təntənəli marşın sədaları altında nizami addımlarla tribunanın önündən keçmişdir.
Ali Məclisin Sədri hərbi liseyin yataqxanasında olmuş, kursantların məişət şəraiti ilə maraqlanmışdır.
Sonra Ali Məclisin Sədri ümummilli liderimiz Heydər Əliyevin hərbi liseydəki büstü önündə kursantlarla xatirə şəkli çəkdirmişdir.
 
 
Ali Məclisin Sədri valideynlərlə görüşmüş, vətənpərvər övladlar yetişdirdikləri üçün onlara təşəkkürünü bildirmiş, bir daha hərbi liseyin buraxılışı münasibətilə təbriklərini çatdırmışdır.
 
 
Valideynlərdən Ramin Tarverdiyev və Fatma Heydərova yaradılan şəraitə görə dövlətimizə minnətdarlıq etmişlər.
 
Naxçıvan Muxtar Respublikası
Ali Məclisinin mətbuat xidməti
 
 
17.06.2022













      

Copyright © 2009. Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman).