1:13 AZ | RUS | ENG

.

               Təqvim

Super Ajax Calendar


Səhifənin xəritəsi



xəbərlər

Cəzaçəkmə müəssisələrində hüquqi maarifləndirmə tədbirləri həyata keçirilib.
 
İyunun 17-də Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) və Naxçıvan Muxtar Respublikasının Ədliyyə Nazirliyinin birgə təşkilatçılığı ilə Penitensiar Xidmətin İstintaq Təcridxanasında və Qarışıq Rejimli Cəzaçəkmə Müəssisəsinin Ümumi Rejim-1 və Ümumi Rejim-2 bölmələrində hüquqi maarifləndirmə tədbirləri həyata keçirilib.
Həyata keçirilmiş tədbirlərdə Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsmanın) əməkdaşı Asiman Abbasov, Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin əməkdaşı Əli Rəhimov, müvafiq müəssisədə cəzaçəkən məhkumlar və aid müəssisələrin əməkdaşları iştirak edib.
Tədbiri Penitensiar Xidmətin əməkdaşı Əli Rəhimov giriş sözü ilə açaraq qeyd edib ki, Ombudsman təsisatı ilə birgə təsdiq edilmiş tədbirlər planına uyğun olaraq Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin tabeliyində olan bir sıra müəssisələrdə bugünədək müxtəlif mövzularda tədbirlər həyata keçirilib, bu kimi tədbirlər məhkumların və işçi heyətin hüquqi maarifləndirilməsində əvəzsiz rol oynayıb.
Ombudsmanın əməkdaşı Asiman Abbasov İstintaq Təcridxanasında həyata keçirilmiş tədbirdə "Həbs yerlərində saxlanılan şəxslərin hüquq və azadlıqlarının təmin edilməsi haqqında Azərbaycan Respublikası Qanununun tələblərinin izahı" mövzusunda çıxış edərək bildirib ki, qanunvericiliklə müəyyən edilmiş qaydada tutulmuş və ya həbs edilmiş şəxslərin həbs yerlərində hüquq və azadlıqlarının təmin edilməsi ilə bağlı münasibətlər "Həbs yerlərində saxlanılan şəxslərin hüquq və azadlıqlarının təmin edilməsi haqqında" Azərbaycan Respublikasının 22 may 2012-ci il tarixli Qanunu ilə tənzimlənir.
Vurğulanıb ki, şübhəli və təqsirləndirilən şəxslərin həbs yerlərində saxlanılması qanunçuluq, təqsirsizlik prezumpsiyası, qanun qarşısında bərabərlik, humanizm, şərəf və ləyaqətə hörmət edilməsi və beynəlxalq müqavilələrə əməl olunması prinsiplərinə müvafiq qaydada həyata keçirilir.
Qeyd olunub ki, tutulmuş və ya həbs edilmiş şəxslərin həbs yerlərində saxlanılmasında əsas məqsəd cinayət mühakimə icraatının vəzifələrinin həyata keçirilməsini təmin etməkdir. Cinayət törətməkdə şübhəli olduğu üçün tutulmuş şəxsin müvəqqəti saxlama yerində saxlanılması Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsində müəyyən edilmiş qaydada və hallarda cinayət prosesini həyata keçirən orqanlar tərəfindən tərtib edilmiş tutulma haqqında protokol əsasında həyata keçirilir.
A.Abbasov çıxışında bildirib ki, hökmün və ya məhkəmənin digər yekun qərarının icrası yerinə məcburi göndərilməsi və ya təyin olunmuş cəzanın digər cəza növü ilə əvəz edilməsi, habelə şərti məhkum etmənin və ya cəzadan şərti olaraq vaxtından əvvəl azad etmənin ləğvi məsələsinin həlli məqsədi ilə məhkumun tutulması və ya təqsirləndirilən şəxsin barəsində həbs qətimkan tədbirinin seçilməsi qanunvericilikdə müəyyən edilmiş qaydada və hallarda yalnız məhkəmənin qərarına əsasən həyata keçirilir və buna əsaslar olmadıqda şəxsin həbs yerlərində saxlanılması qadağandır.
"Hər bir tutulmuş və ya həbsə alınmış şəxsə dərhal tutulmanın, yaxud həbsə almanın səbəbləri, habelə şübhənin və ya ittihamın mahiyyəti, ifadə verməmək və müdafiəçi tərəfindən hüquqi yardım almaq hüquqları bildirilməlidir" deyən Ombudsmanın əməkdaşı bu kateqoriyadan olan şəxslərin hüquq və azadlıqları, o cümlədən vəzifələri ilə bağlı qanunvericiliyin müvafiq müddəalarını tədbir iştirakçılarının diqqətinə çatdırıb.
Sonra Asiman Abbasov tədbiri Qarışıq Rejimli Cəzaçəkmə Müəssisəsinin Ümumi Rejim-1 bölməsində "18 iyun Azərbaycan Respublikasında "İnsan hüquqları günü"dür" və Ümumi Rejim-2 bölməsində "İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında Avropa Konvensiyası və onun tələblərinin izahı" adlı mövzularla davam etdirib.
Tədbirlərdə 18 iyun Azərbaycan Respublikasında İnsan Hüquqları Gününün tarixi və əhəmiyyəti, insan hüquqlarının səmərəli təmin edilməsi və etibarlı müdafiəsi istiqamətində ölkəmizdə, o cümlədən muxtar respublikamızda həyata keçirilən məqsədyönlü tədbirlər və görülən işlər barəsində, həmçinin Avropa İnsan Hüquqları Konvensiyasının təyinatı, əhəmiyyəti, Konvensiyanın xarakterik cəhətləri və tələbləri barədə tədbir iştirakçılarına məlumat verilib.
Sonda iştirakçıları maraqlandıran suallar Ombudsmanın əməkdaşı tərəfindən cavablandırılıb.
 
17.06.2022













      

Copyright © 2009. Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman).