12:59 AZ | RUS | ENG

.

               Təqvim

Super Ajax Calendar


Səhifənin xəritəsi



xəbərlər

18 iyun İnsan Hüquqları Günüdür.
 
Muxtar respublikada insan hüquq və azadlıqları etibarlı şəkildə qorunur.
 
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2007-ci il 18 iyun tarixli Sərəncamına əsasən hər il 18 iyun ölkəmizdə İnsan Hüquqları Günü kimi qeyd olunur.
 
 
Çoxəsrlik dövlətçilik ənənələrinə malik olan ölkəmizdə insan hüquq və azadlıqlarının təmin edilməsi və müdafiəsi müstəqil Azərbaycanın qurucusu və memarı, ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır. Ümummilli lider tərəfindən həyata keçirilmiş hüquq islahatları Azərbaycanda demokratik, hüquqi dövlət və vətəndaş cəmiyyətinin möhkəmləndirilməsinə, insan hüquq və azadlıqlarının səmərəli müdafiəsinə yönəlmiş müasir hüquq sisteminin formalaşmasına zəmin yaratmışdır. Ölkəyə rəhbərlik etdiyi bütün dövrlərdə qanunun aliliyinin təmin olunmasına, insan hüquq və azadlıqlarının qorunmasına diqqət yetirən ulu öndər demişdir: "Bəşər sivilizasiyasının ən müdrik kəşflərindən sayılan insan hüquqları bu gün hamının anladığı və ya anlamalı olduğu əvəzsiz nailiyyətdir. İnsan hüquqlarına hörmət, insan hüquqlarının qorunması müasir dünyaya qovuşmağın əsas yoludur".
1995-ci il noyabrın 12-də qəbul edilən ümummilli liderimiz Heydər Əliyevin müəllifi olduğu Azərbaycan Respublikasının Konstitusiyasında insan hüquq və azadlıqlarının təminatı dövlətin ali məqsədi kimi müəyyənləşdirilmişdir. Konstitusiyanın qəbulu ölkədə hüquq islahatlarının keyfiyyətcə yeni mərhələsinin başlanmasına təkan vermiş, mühüm normativ-hüquqi aktlar və bu sahədə fəaliyyətini tənzimləyən dövlət proqramları qəbul edilmiş, insan hüquqlarının təminatı sahəsində həyata keçirilən tədbirlərin mahiyyəti və konsepsiyası dəqiqləşdirilmişdir. Ulu öndər tərəfindən imzalanan "İnsan və vətəndaş hüquq və azadlıqlarının təmin edilməsi sahəsində tədbirlər haqqında" 1998-ci il 22 fevral tarixli Fərman və "İnsan hüquqlarının müdafiəsinə dair Dövlət Proqramının təsdiq edilməsi haqqında" 1998-ci il 18 iyun tarixli Sərəncam ölkəmizdə bu sahədə həyata keçirilən tədbirlərin mahiyyətini və konsepsiyasını dəqiq müəyyənləşdirməklə insan hüquqlarının davamlı inkişafını təmin etmiş, qanunvericilik və institusional islahatlara təkan vermiş, insan hüquqlarının müdafiəsi sahəsində hüquqi mexanizmlər təkmilləşdirilmişdir. 1996-2000-ci illərdə insan hüquq və azadlıqlarının, demokratik təsisatların təminatı ilə bağlı mühüm beynəlxalq konvensiyalara, sazişlərə qoşulan Azərbaycan Respublikası 2001-ci ildə "İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında" Avropa Konvensiyasını ratifikasiya etmişdir. Avropa Şurasının bu mühüm sənədinə münasibət bildirməklə Azərbaycan beynəlxalq təşkilatla sıx əməkdaşlığa hazır olduğunu və insan hüquqlarının qorunması sahəsində öz üzərinə götürdüyü öhdəliklərə sadiqliyini bir daha bəyan etmişdir.
Bu gün Azərbaycanda hüquqi dövlət quruculuğu və insan hüquqlarının müdafiəsi sahəsində səylərin gücləndirilməsi, ölkəmizdə konstitusion qaydaların möhkəmləndirilməsi və hüquq siyasətinin təkmilləşdirilməsi dövlət siyasətinin əsas istiqamətlərindən biri kimi müəyyən edilmişdir. Ulu öndər Heydər Əliyevin siyasi xəttini uğurla davam etdirən Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə insan hüquq və azadlıqlarının qorunması sahəsində kompleks tədbirlər həyata keçirilir. Ölkə başçısı tərəfindən 2006-cı ildə qəbul edilmiş "Azərbaycan Respublikasında insan hüquqlarının müdafiəsi üzrə Milli Fəaliyyət Planı" və 2011-ci ildə qəbul edilmiş "Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyini artırmaq sahəsində Milli Fəaliyyət Proqramı" insan hüquqlarının təmin edilməsi prosesinin keyfiyyətcə yeni müstəviyə keçməsinə, universal və regional səviyyədə yeni əməkdaşlıq strategiyasının qurulmasına, dövlətlə vətəndaş cəmiyyəti arasında tərəfdaşlıq münasibətlərinin yaradılmasına xidmət etmiş, o cümlədən cəmiyyətdə hüquq mədəniyyətinin inkişaf etdirilməsi, normativ-hüquqi bazanın və hüquq müdafiə sisteminin təkmilləşdirilməsi istiqamətində tədbirlərin davamlılığını təmin etmişdir.
Azərbaycanın ayrılmaz tərkib hissəsi olan Naxçıvan Muxtar Respublikasında da insan hüquq və azadlıqları ilə bağlı həyata keçirilən mühüm islahatlar ardıcıl şəkildə davam etdirilir. Ölkə başçısının "Naxçıvan Muxtar Respublikasında hüquq institutlarının inkişafı haqqında" 2006-cı il 2 noyabr tarixli Fərmanı muxtar respublikada bu istiqamətdə inkişafı təmin etmişdir. Fərmanın qəbul edilməsindən ötən dövr ərzində hüquq institutlarının təkmilləşdirilməsi, onların maddi-texniki bazasının gücləndirilməsi, insan hüquqlarının müdafiəsi və ədalət mühakiməsi mexanizmlərinin effektiv fəaliyyətinin təmin edilməsi, əhaliyə yüksək səviyyədə hüquqi xidmətlərin göstərilməsi sahəsində mühüm tədbirlər həyata keçirilmişdir. Muxtar respublikada insan hüquqlarının müdafiəsi ilə bağlı hüquq institutlarının inkişafı tarixində ən mühüm tədbirlərdən biri də Müvəkkil təsisatının yaradılması olmuşdur.
Muxtar respublikada insan hüquq və azadlıqlarını daim diqqətdə saxlayan Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin təşəbbüsü ilə 2006-cı ildə insan hüquqlarının müdafiəsi üzrə orqanlar sistemində yeni və müstəqil məhkəmədənkənar alternativ hüquq müdafiə vasitəsi olan Müvəkkil təsisatı yaradılmışdır. Ötən dövrdə təsisatın fəaliyyətinin təkmilləşdirilməsi diqqətdə saxlanılmış, "Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) haqqında" Naxçıvan Muxtar Respublikasının Qanununa bir sıra dəyişikliklər edilmişdir. Həyata keçirilən bu tədbirlər muxtar respublikada insan hüquqlarının müdafiəsi istiqamətində mövcud qanunvericiliyin daha da təkmilləşdirilməsini, insan hüquq və azadlıqlarının daha səmərəli müdafiəsini təmin etmişdir. Müvəkkil təsisatı bu gün fəaliyyətini preventiv mexanizm funksiyalarının icrası, insan hüquq və azadlıqlarının pozulmasının qarşısının alınması, beynəlxalq təcrübə mübadiləsi, əhalinin müxtəlif sosial qruplarının hüquqlarının müdafiəsi və hüquqi maarifləndirmə, bu sahədə dövlət və yerli özünüidarəetmə orqanları, kütləvi informasiya vasitələri ilə əməkdaşlığın davamlı inkişaf etdirilməsi istiqamətində qurmuşdur.
Muxtar respublikamızın davamlı sosial-iqtisadi inkişafı əhalinin müxtəlif sosial qruplarının - qadınların, gənclərin, ahıl vətəndaşların, müharibə veteranlarının, şəhid ailələrinin və məhdud fiziki imkanlı şəxslərin sosial müdafiəsini gücləndirmiş, onların hüquq və azadlıqlarının səmərəli təmini və etibarlı müdafiəsi məqsədilə mühüm normativ-hüquqi aktlar, dövlət proqramları qəbul edilmişdir.
Muxtar respublikada sabit, güclü iqtisadi tərəqqi ümummilli liderimiz Heydər Əliyevin müəllifi olduğu milli inkişaf strategiyasının tərkib hissəsidir. İqtisadiyyatın davamlı inkişafının təmin edilməsi, yerli resurs və xammalla işləyən müəssisələrin yaradılması istiqamətində həyata keçirilən uğurlu siyasət iqtisadi inkişafın lokomotivi sayılan sənayeləşmə prosesini daha da sürətləndirmiş, dinamik inkişaf qorunub saxlanılmışdır. Naxçıvan Muxtar Respublikasında 2022-ci ilin "Sənaye ili" elan olunması bu sahədə işləri daha da genişləndirmiş, rəqabətədavamlı və ixracyönümlü məhsul istehsalının təşviqinə, innovasiyalara əsaslanan yeni müəssisələrin qurulmasına, həmçinin yeni məhsul növlərinin istehsalına şərait yaratmış, sənayenin infrastruktur təminatının yaxşılaşdırılması istiqamətində çoxsaylı layihələr icra edilmiş, yeni iş yerləri açılaraq əhalinin məşğulluğu artırılmışdır.
Həyata keçirilən hərtərəfli sosial müdafiə tədbirləri, xüsusilə əhalinin məşğulluğunun təmin olunması istiqamətində aparılan islahatlar, reallaşdırılan layihələr yeni iş yerlərinin açılması ilə yanaşı, sosial cəhətdən həssas əhali qruplarının məşğulluqda iştirak payını da yüksəltmiş, onlar özünüməşğulluq proqramlarına cəlb olunmuşdur. Bu istiqamətdə görülən işlərin davamı olaraq Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 28 yanvar 2021-ci il tarixli Sərəncamı ilə təsdiq edilmiş "2021-2025-ci illərdə Naxçıvan Muxtar Respublikasında əhalinin məşğulluğunun artırılması üzrə Dövlət Proqramı"nın məqsədi əhalinin məşğulluğuna yönəldilən tədbirlərin davamlılığına nail olunması, yeni iş yerlərinin yaradılması və özünüməşğulluğun təmin edilməsi, əmək bazarında real vəziyyətin təhlili və tələbata uyğun kadr hazırlığının aparılması, sosial müdafiəyə xüsusi ehtiyacı olan şəxslərin məşğulluğunun təmin edilməsidir. Proqramın icrası muxtar respublikada əhalinin, xüsusən də gənclərin və qadınların məşğulluğunun artırılmasına, onların rifahının daha da yüksəldilməsinə, aztəminatlı təbəqənin aktiv əməyə cəlb edilməsinə və özünüməşğulluğun təmin olunmasına əlverişli zəmin yaradır.
Naxçıvan Muxtar Respublikasında sağlamlıq imkanları məhdud uşaqların hüquqlarının təmin olunması, onların cəmiyyətə inteqrasiyası və sosial statuslarının bərpası xüsusi diqqətdə saxlanılan məsələlər sırasındadır. Ötən dövrdə muxtar respublikada sağlamlıq imkanları məhdud uşaqların təhsili və reabilitasiyası, məşğulluq imkanlarının və peşə hazırlığının yüksəldilməsi, istedad və bacarıqlarının inkişaf etdirilməsi, onlara göstərilən sosial, tibbi və defaktoloji xidmətlərin, inklüziv təhsilin keyfiyyətinin daha da artırılması istiqamətində qəbul edilmiş dövlət proqramlarının icrasına uyğun olaraq ardıcıl tədbirlər uğurla həyata keçirilmişdir. Görülən işlərin davamı olaraq Ali Məclis Sədrinin müvafiq Sərəncamı ilə "2021-2025-ci illərdə Naxçıvan Muxtar Respublikasında sağlamlıq imkanları məhdud uşaqların təhsili və reabilitasiyası üzrə Dövlət Proqramı" təsdiq edilmişdir. Məqsəd sağlamlıq imkanları məhdud uşaqların təhsilə və cəmiyyətə inteqrasiyası, inklüziv təhsil imkanlarından geniş istifadə olunması, distant təhsil proqramlarının təkmilləşdirilməsi və onların sosial reabilitasiyasının təmin olunmasıdır. Dövlət Proqramının icrası çərçivəsində ümumtəhsil müəssisələrində fiziki imkanları məhdud uşaqların inklüziv tədrisə cəlbi və məktəb mühitinə uyğunlaşması məqsədilə onların tədrisdə iştirakına şərait yaradılmış, bacarıq, imkan və maraqları nəzərə alınmaqla peşə kurslarına, innovativ dərnəklərə cəlb olunmuş, onların sosial müdafiəsi və cəmiyyətə fəal inteqrasiyası daha da sürətlənmişdir.
Ahıl vətəndaşların sosial vəziyyətlərinin yaxşılaşdırılması da muxtar respublikada daim diqqətdə saxlanılır. İldən-ilə ahıl vətəndaşlara göstərilən xidmətlərin həcmi və keyfiyyəti əhəmiyyətli dərəcədə yüksəlir, onların maddi və mənəvi tələbatlarının ödənilməsi, müxtəlif növ xidmətlərin göstərilməsi, sağlamlıqlarının qorunması və tibbi reabilitasiyası həyata keçirilir, muxtar respublikada ahıl vətəndaşların sosial müdafiə sisteminin beynəlxalq standartlar səviyyəsində davamlı inkişafı təmin edilir.
Muxtar respublikada müharibə veteranlarının və şəhid ailələrinin sosial müdafiəsinin və rifah halının daha da yaxşılaşdırılması sahəsində məqsədyönlü tədbirlər həyata keçirilir. Bu kateqoriyadan olan şəxslərə xüsusi diqqət və hərtərəfli dövlət qayğısı göstərilir, onlar üçün qanunvericilikdə nəzərdə tutulmuş imtiyaz və müavinətlərin icrası təmin olunur, bu istiqamətdə yeni sosial dəstək proqramları həyata keçirilir. Cəmiyyətimizin bu həssas kateqoriyadan olan insanları müxtəlif sosial proqramlara, aktiv məşğulluq tədbirlərinə cəlb edilir, mənzil-məişət şəraitinin yaxşılaşdırılması məqsədilə onlar mənzil və avtomobillərlə təmin olunurlar. Həyata keçirilən bu tədbirlər Vətən qarşısında borclarını layiqincə yerinə yetirən, vətənpərvərlik nümunəsi göstərən insanların hərtərəfli dövlət qayğısı ilə əhatə olunduğunun bariz ifadəsidir.
Naxçıvan Muxtar Respublikasında həyata keçirilən dövlət qadın siyasəti qadınların hüquqlarının etibarlı müdafiəsini təmin etməklə, cəmiyyətdə mövqelərini daha da möhkəmləndirir, onların ictimai-siyasi, sosial-mədəni həyata daha fəal cəlb edilməsinə geniş imkanlar yaradır. Muxtar respublikada qadınların əmək bazarında rəqabət qabiliyyətinin artırılması məqsədilə sahibkarlıq fəaliyyəti ilə məşğul olması, kredit resurslarından, bazar və müxtəlif imkanlardan istifadəsi, qadınların iqtisadi təşəbbüskarlığının artması, mikro, kiçik və orta biznesdə geniş təmsil olunması, məşğulluğun təmin edilməsi, öz gəlirləri ilə ailə büdcəsinə dəstək olması və onların peşə kurslarına cəlbi üçün dövlət dəstəyi göstərilir. Həyata keçirilən kompleks tədbirlər qadın sahibkarlığın inkişafını, qadınların öz potensiallarının reallaşdırılması imkanlarını əhəmiyyətli dərəcədə artırır.
Dövlət gənclər siyasətinin muxtar respublikada məqsədyönlü şəkildə davam və inkişaf etdirilməsi sürətlə inkişaf edən diyarımızda sosial-iqtisadi, elmi-mədəni, təhsil və digər sahələrdə gənclərin fəal iştirakını günün reallığına çevirir. Gənclərin ictimai-siyasi fəallığının yüksəlməsi, gənc nəslin öz xalqı və dövlətinin gələcəyi naminə vətənpərvər ruhda formalaşması, intellektual səviyyəsi və dünyagörüşünün artırılması məqsədilə düzgün iş strategiyasının müəyyənləşdirilməsi və yerinə yetirilməsi nəticəsində hər bir muxtar respublika gənci elm, mədəniyyət, idman, incəsənət və digər sahələrdə böyük nailiyyətlər əldə edir, dövlətçilik ənənələrini daim uca tutur, irimiqyaslı layihələrin icrasında, idarəetmədə, çoxşaxəli dövlət islahatlarının həyata keçirilməsində yaxından iştirak edir. Muxtar respublikada həyata keçirilən dövlət gənclər siyasətinin mühüm istiqamətlərindən birini də gənclərin sosial müdafiəsi, məşğulluğunun təmin edilməsi, sosial-iqtisadi problemlərinin həlli, xüsusilə də mənzil şəraitinin yaxşılaşdırılması təşkil edir. Bu sahədə həyata keçirilən tədbirlərin davamı olaraq Naxçıvan şəhərində və muxtar respublikanın rayonlarında yeni yaşayış kompleksləri tikilərək istifadəyə verilir, gənclərin güzəştli şərtlərlə mənzil sahibi olmaları üçün tədbirlər görülür.
Muxtar respublikada azadlıqdan məhrum edilmiş şəxslərin saxlanma şəraitinin və gündəlik təminatının yaxşılaşdırılması, əmək hüquqlarının təmin edilməsi, cəmiyyətə adaptasiyası və müxtəlif peşə vərdişlərinə yiyələnməsi daim diqqətdə saxlanılır. Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Qarışıq Rejimli Cəzaçəkmə Müəssisəsinin nəzdindəki yaradıcılıq və istehsalat sahələrində məhkumlar müxtəlif peşələr üzrə kurslara cəlb edilir, onların əl işləri müxtəlif sərgilərdə nümayiş etdirilir, azadlığa buraxıldıqdan sonra sosial adaptasiyası və özünüməşğulluğun təmin edilməsinə geniş imkanlar yaradılır. Əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulan humanist cəza siyasəti muxtar respublikada uğurla davam etdirilir. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin təşəbbüsü ilə cəzaçəkmə müəssisələrində cəza çəkən məhkumların barəsində humanist cəza siyasətinə əsaslanan tədbirlərin uğurla davam etdirilməsi onların islah edilmə prosesinin sürətlənməsini, normal sosial faydalı həyata adaptasiya olunmasını və bu sosial qrupdan olan şəxslərin hüquqlarının daha səmərəli müdafiəsini təmin edir.
Muxtar respublikada sosial-iqtisadi həyatın bütün sahələrində innovativ yeniliklərin geniş tətbiqi, informasiya-kommunikasiya texnologiyalarından düzgün və təhlükəsiz istifadə, dövlət orqanlarının internet informasiya ehtiyatlarının yaradılması, kütləvi informasiya vasitələrinin fəaliyyətinin təkmilləşdirilməsi, redaksiyaların maddi-texniki bazasının gücləndirilməsi, kütləvi informasiya vasitələri ilə əlaqələrin daha dinamik və operativ şəkildə qurulması, jurnalist peşəkarlığının yüksəldilməsi, azad mətbuatın fəaliyyət göstərməsi, keyfiyyətli və sürətli internetə çıxış imkanlarının yaradılması, söz və fikir azadlığının təmin olunması insan hüquqlarının və azadlıqlarının qorunması sahəsində həyata keçirilən tədbirlərin tərkib hissəsi kimi mühüm əhəmiyyət daşıyır. Həyata keçirilmiş bu tədbirlər Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin mətbuata və kütləvi informasiya vasitələrinə göstərdiyi diqqət və qayğının parlaq təzahürü olmaqla yanaşı, həm də ictimai tribuna kimi insan hüquqlarının təminatı sahəsində görülən işlərin davamıdır.
Ümummilli liderimiz Heydər Əliyevin müəyyənləşdirdiyi inkişaf strategiyasının qətiyyət və uğurla reallaşdırıldığı muxtar respublikamızın yüksələn iqtisadi inkişafı, hər bir sosial qrupa ünvanlanmış sosial-iqtisadi layihələrin ardıcıl həyata keçirilməsi əhalinin həyat səviyyəsinin daha da yaxşılaşmasına, nəticə etibarilə, insan hüquq və azadlıqlarının daha səmərəli təmin edilməsinə, etibarlı müdafiəsinə və davamlı inkişafına öz töhfəsini verməkdədir. Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) təsisatı tərəfindən insan hüquq və azadlıqlarının etibarlı təmin edilməsi istiqamətində işlər daim diqqətdə saxlanılacaq, bu sahədə həyata keçirilən tədbirlər bundan sonra da davam etdiriləcəkdir.
 
18.06.2022













      

Copyright © 2009. Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman).