20:11 AZ | RUS | ENG

.

               Təqvim

Super Ajax Calendar


Səhifənin xəritəsi



xəbərlər

Ombudsman təsisatında 2022-ci ilin birinci yarısında görülmüş işlər müzakirə edilib və qarşıda duran vəzifələr müəyyənləşdirilib.

İyulun 26-da Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) təsisatında cari ilin 6 ayının yekunlarına və altıncı çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinin yeddinci sessiyasında qarşıya qoyulan vəzifələrə həsr olunmuş yığıncaq keçirilib.
Yığıncağı Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Günay Rzayeva giriş sözü ilə açaraq bildirib ki, hüquqi dövlət quruculuğu sahəsində inamla irəliləyən Azərbaycanın sürətlə tərəqqi edən diyarına çevrilmiş Naxçıvan Muxtar Respublikasının iqtisadi inkişafı, sosial-iqtisadi layihələrin ardıcıl və uğurlu icrası əhalinin həyat səviyyəsinin daha da yaxşılaşmasını, insan hüquq və azadlıqlarının daha səmərəli təmin edilməsini, etibarlı müdafiəsini və davamlı inkişafını hədəfə alır.
 

Naxçıvan Muxtar Respublikasında insan hüquqlarının müdafiəsi və bərpası məqsədilə məhkəmədənkənar hüquq müdafiə mexanizmi və insan hüquqları institutu kimi fəaliyyət göstərən Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) hamı üçün bərabər hüquqların təmin olunmasını və əhalinin bütün qruplarının hüquq və azadlıqlarına hörmət edilməsini fəaliyyətinin bütün dövrlərində əsas meyar kimi rəhbər tutub.
Müvəkkil Günay Rzayeva vurğulayıb ki, 2022-ci ilin I yarısında Müvəkkilin ünvanına yazılı, şifahi və elektron formada 33 müraciət daxil olub, bütün müraciətlərə qanunla müəyyən edilən müddətlərdə baxılaraq vaxtında cavablandırılıb, şikayətlərin 5-nin baxılmasından qanunvericiliyə uyğun olaraq imtina edilib, qalan 28 müraciət baxılmaq üçün icraata qəbul edilib.
Qeyd olunub ki, Müvəkkil cari ilin 6 ayı ərzində sosial cəhətdən həssas olan əhali qruplarının, o cümlədən uşaqların, qadınların, əlilliyi olan şəxslərin, ahılların və miqrantların, həbs edilmiş şəxslərin və məhkumların, hərbi qulluqçuların hüquqlarının müdafiəsini diqqət mərkəzində saxlayıb. Müvəkkil fəaliyyətini həmin şəxslərə ünvanlanan müvafiq tədbirlərin həyata keçirilməsi və maarifləndirici vəsaitlərin hazırlanması istiqamətində davam etdirərək hesabat dövründə 37 hüquqi maarifləndirici tədbir keçirib, həmin tədbirlərdə ümumilikdə 717 nəfər iştirak edib.
Vurğulanıb ki, hesabat dövründə səmərəli hüquq müdafiə mexanizmi kimi formalaşan Müvəkkil təsisatı tərəfindən preventiv mexanizm funksiyasının icrası təmin edilib, preventiv mexanizm yurisdiksiyasının şamil olunduğu orqanlar üzrə, ümumilikdə, 28 müəssisədə mütəmadi olaraq və əvvəlcədən xəbərdarlıq edilmədən 66 başçəkmə həyata keçirilib. Başçəkmələr zamanı saxlanma şəraiti, işçi heyətinin rəftarı, qida rasionu, qidanın keyfiyyəti, tibbi xidmətin vəziyyəti, onların asudə vaxtının təşkili kimi məsələlər xüsusi diqqət mərkəzində saxlanılıb, saxlanılan şəxslərlə görüşlər keçirilib, 255 şəxslə ümumi və fərdi söhbətlər aparılıb, hüquq və vəzifələri izah edilib.
Ombudsman Günay Rzayeva bildirib ki, 2022-ci ilin ötən dövründə informasiya və ictimaiyyətlə əlaqələrin təşkili, muxtar respublikanın kütləvi informasiya vasitələri ilə əməkdaşlığın daha da genişləndirilməsi və fəaliyyətimizin əlaqələndirilməsi istiqamətində işlər davam etdirilərək kütləvi informasiya vasitələrində hüquqi maarifləndirmə işinin təşkilinə də xüsusi önəm verilib. Müvəkkilin rəsmi internet səhifəsinin informasiya yükü daha da artırılıb, Müvəkkilin insan hüquqları sahəsində fəaliyyətinin işıqlandırılması ilə yanaşı, Naxçıvan Muxtar Respublikasının müasir inkişafı, tarixi-mədəni irsi və turizm potensialının təbliği, informasiyaların mütəmadi olaraq yenilənməsi, elektron kitabxana bazasının davamlı zənginləşdirilməsi və elektron müraciət səhifəsinin fəaliyyəti daim diqqət mərkəzində saxlanılıb.
Qeyd olunub ki, 2022-ci ilin I yarımilində Müvəkkil təsisatı ilə muxtar respublikanın kütləvi informasiya vasitələri arasında mövcud əlaqələr daha da genişləndirilib, kütləvi informasiya vasitələrində ümumilikdə 431 informasiya materialı işıqlandırılıb.

 
Daha sonra Müvəkkil qarşıda duran vəzifələrdən də danışaraq bildirib ki, əhalinin müxtəlif qruplarının hüquqi maarifləndirilməsi, onların hüquqi düşüncə və mədəniyyətinin inkişaf etdirilməsi ilə yanaşı, insan hüquqlarının qorunması və bərpası istiqamətində Müvəkkil öz fəaliyyətini uğurla davam etdirməli, nizam-intizam möhkəmləndirilməli, beynəlxalq təcrübə mübadiləsi, dövlət və yerli özünüidarəetmə orqanları, vətəndaş cəmiyyəti təsisatları, kütləvi informasiya vasitələri ilə qarşılıqlı əməkdaşlığını daha da inkişaf etdirməli və mütəmadi olaraq təkmilləşdirməlidir.
Sonra yığıncaqda məruzə ətrafında çıxış edən Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsmanın) əməkdaşları Babək Hacıyev, Asiman Abbasov və Vahidə Bayramova görülmüş işlər və qarşıda duran vəzifələrdən danışıblar.
Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Günay Rzayeva iclasa yekun vuraraq bildirib ki, Müvəkkil təsisatı tərəfindən insan hüquq və azadlıqlarının müdafiəsinin etibarlı təmin edilməsi istiqamətində işlər daim diqqət mərkəzində saxlanılacaq, bu sahədə həyata keçirilən ardıcıl və məqsədyönlü tədbirlər bundan sonra da uğurla davam etdiriləcəkdir.
 
26.07.2022













      

Copyright © 2009. Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman).