23:39 AZ | RUS | ENG

.

               Təqvim

Super Ajax Calendar


Səhifənin xəritəsi



xəbərlər

Yol nəqliyyat hadisəsi və hüquqi məsuliyyət.
 
 
Ölkəmizdə həyata keçirilən sosial-iqtisadi inkişaf strategiyası çərçivəsində yol hərəkəti təhlükəsizliyinin artırılması və yol-nəqliyyat infrastrukturunun yaxşılaşdırılması istiqamətində bir sıra mühüm tədbirlər həyata keçirilmiş, nəqliyyat və yol hərəkəti sahəsində qanunvericilik bazası əhəmiyyətli dərəcədə yenilənmiş, yol hərəkəti və nəqliyyatdan istifadə mədəniyyətinin yüksəldilməsi üçün əhali arasında maarifləndirmə və təbliğat-təşviqat işləri genişləndirilmişdir.
Yol hərəkətinin təhlükəsizliyi səviyyəsinin artırılması istiqamətində həyata keçirilən tədbirlərin davamı olaraq Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 27 dekabr tarixli Sərəncamı ilə "Azərbaycan Respublikasında yol hərəkətinin təhlükəsizliyinə dair 2019-2023-cü illər üçün Dövlət Proqramı" təsdiq olunmuşdur. Dövlət Proqramının icrası çərçivəsində yol-nəqliyyat hadisələrinin, xüsusilə də ölümlə və sağlamlığa zərər vurulması ilə nəticələnən yol-nəqliyyat hadisələrinin sayının, habelə ölkə iqtisadiyyatına və ekologiyasına dəyən ziyanın həcminin azaldılması məqsədilə zəruri tədbirlər görülməkdədir.
Qeyd etmək lazımdır ki, yol hərəkəti insan həyatı üçün təhlükə mənbəyi olmamalıdır. Azərbaycan Respublikası Konstitusiyasına uyğun olaraq, hər bir insanın təhlükəsiz yaşamaq hüququ, sağlam ətraf mühitdə yaşamaq hüququ, sağlamlığın qorunması hüququ vardır. Təhlükəsiz yol hərəkəti bu hüquqların təminatlarından biridir. Yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi dövlətimizin qarşısında duran əhəmiyyətli sosial-iqtisadi və demoqrafik vəzifələrdəndir.
Bütün bunlara baxmayaraq, son illərdə ölkəmizin avtomobil yollarında nəqliyyat axınının ümumi sıxlığının və adambaşına düşən nəqliyyat vasitələrinin sayının artması nəticəsində yol nəqliyyat hadisələrinin və bu hadisə zamanı həyat və sağlamlığına ciddi ziyan dəyənlərin, o cümlədən həyatını itirənlərin sayı xeyli çoxalmışdır.
Yol-nəqliyyat hadisəsi yollarda, küçələrdə, meydanlarda, dəmiryol keçidlərində nəqliyyat vasitələrinin hərəkəti prosesində baş verən və adamların həlakına və ya müxtəlif dərəcəli bədən xəsarəti almasına, heyvanların və ya hərəkətsiz maneənin vurulmasına, nəqliyyat vasitələrinin, yolların, qurğuların zədələnməsinə və ya başqa maddi zərər dəyməsinə səbəb olan hadisədir. Yol-nəqliyyat hadisəsi əsasən yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması ilə baş verir. Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının hüquqi və təşkilati əsasları "Yol hərəkəti haqqında" 08 noyabr 1968-ci il tarixli Vyana Konvensiyası, "Yol hərəkəti haqqında" Azərbaycan Respublikasının 03 iyul 1998-ci il tarixli Qanunu və digər normativ hüquqi aktlarla tənzimlənir və bu qaydaların pozulması isə nəticəsindən asılı olaraq mülki, inzibati və cinayət məsuliyyətinə səbəb olur.
Avtomobil, tramvay və ya digər mexaniki nəqliyyat vasitəsini idarə edən şəxs tərəfindən yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması yalnız o zaman cinayət məsuliyyətinə səbəb olur ki, bu, ehtiyatsızlıqdan zərər çəkmiş şəxsin sağlamlığına az ağır və ya ağır zərər vurulması və yaxud onun ölümü ilə nəticələnmiş olsun. Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması ehtiyatsızlıqdan zərər çəkmiş şəxsin sağlamlığına yüngül zərər vurulmaqla nəticələndikdə və yaxud ona maddi ziyan vurulmasına səbəb olduqda qeyd edilən qaydaları pozmaqda təqsirləndirilən şəxs cinayət məsuliyyəti deyil, mülki-hüquqi, yaxud inzibati məsuliyyət daşıyır.
Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263-cü maddəsində yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına görə cinayət məsuliyyəti müəyyən edilmişdir. Belə ki, avtomobil, tramvay və ya digər mexaniki nəqliyyat vasitəsini idarə edən şəxs tərəfindən yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına az ağır zərər vurulmasına səbəb olduqda iki ilədək müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə beş min manatdan yeddi min manatadək miqdarda cərimə və ya iki ilədək müddətə islah işləri və ya iki ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
Eyni əməllər ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına ağır zərər vurulmasına səbəb olduqda isə üç ilədək müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
Nəqliyyat vasitəsini idarə edən şəxs tərəfindən yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda üç ilədək müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə iki ildən altı ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
Həmin əməllər ehtiyatsızlıqdan iki və daha çox şəxsin ölümünə səbəb olduqda isə beş ilədək müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə beş ildən on ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263-1-ci maddəsində isə yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının sərxoş halda və ya nəqliyyat vasitələrini idarə etmək hüququ olmayan şəxs tərəfindən pozulmasına görə cinayət məsuliyyəti müəyyən edilmişdir.
Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması ilə əlaqədar baş vermiş hadisələr zamanı sürücülər tərəfindən «Yol hərəkəti haqqında» Qanunun tələblərinin pozulub-pozulmaması, bu hadisələrin qarşısını almağa onların texniki cəhətdən imkanlarının olub-olmaması əsas etibarı ilə məhkəmə-yol-nəqliyyat ekspertizasının, zərər çəkmiş şəxsin sağlamlığına məhz yol-nəqliyyat hadisəsi nəticəsində zərərin vurulması və bu zərərin ağırlıq dərəcəsi isə məhkəmə-tibbi ekspertizasının rəyləri əsasında müəyyən edilir.
Yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının alkoqollu içkilərin qəbulu, narkotik vasitələrdən, psixotrop maddələrdən və digər güclü təsir edən maddələrdən istifadə edilməsi nəticəsində sərxoş halda olan və ya nəqliyyat vasitələrini idarə etmək hüququ olmayan şəxs tərəfindən pozulması ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda beş ilədək müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə beş ildən səkkiz ilədək müddətə azadlıqdan məhrum etmə ilə, ehtiyatsızlıqdan iki və ya daha çox şəxsin ölümünə səbəb olduqda isə beş ilədək müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə yeddi ildən on iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
Burada nəqliyyat vasitəsini idarə etmək hüququ olmayan şəxs dedikdə, həmin hüququ ümumiyyətlə əldə etməmiş və ya ondan qanunvericilikdə nəzərdə tutulmuş qaydada məhrum olunmuş, habelə bu hüququ müvəqqəti məhdudlaşdırılmış şəxslərlə yanaşı, həm də müvafiq kateqoriyaya aid olan nəqliyyat vasitəsini idarə etmək hüququ olmayan şəxslər başa düşülür düşülür (məsələn, yalnız "B" kateqoriyasına aid olan avtomaşınları idarə etmək hüququna malik olub avtobusları idarə edən şəxslər).
Şəxsin nəqliyyat vasitəsini alkoqollu içkilərin qəbulu, narkotik vasitələrdən, psixotrop maddələrdən və digər güclü təsir edən maddələrdən istifadə edilməsi nəticəsində sərxoş halda idarə edib-etməməsi isə ekspert rəyi, habelə şəxsin sərxoşluğunun müəyyən edilməsi haqqında müayinə aktı ilə müəyyən edilir.
Qeyd etmək lazımdır ki, qanunvericiliyimizin tələblərinə əsasən, yol nəqliyyat hadisəsi baş verdikdə sürücü yol nəqliyyat hadisəsi yerindən qaçmamalı, yol-nəqliyyat hadisəsindən zərər çəkmiş şəxslərə kömək göstərmək üçün mümkün olan tədbirləri görməli, təcili tibbi yardım maşını çağırmalı, ekstremal hallarda isə zərərçəkmişləri eyni səmtə gedən nəqliyyat vasitəsi ilə xəstəxanaya yola salmalıdır. Əks halda sürücü əlavə maddələrlə, yəni Cinayət Məcəlləsinin 264-cü (yol nəqliyyat hadisəsi yerindən qaçma) və ya 143-cü (təhlükədə qoyma) maddələri ilə də cinayət məsuliyyətinə cəlb olunacaqdır.
İsa Əliyev
Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsmanın) əməkdaşı
 
 
29.07.2022













      

Copyright © 2009. Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman).