17:58 AZ | RUS | ENG

.

               Təqvim

Super Ajax Calendar


Səhifənin xəritəsi



xəbərlər

Turizm fəaliyyətinin hüquqi əsaslarını bilməyimiz vacibdir.

 
 
Turizm müasir dünyanın qlobal əhəmiyyətə malik olan, sosial-iqtisadi əlaqələrini tənzimləyən, müxtəlif ölkələr və xalqlar arasında qarşılıqlı münasibətlər yaradan, biznes maraqlarının əhatə dairəsini genişləndirən sahədir. Turizmin inkişafı Azərbaycanda dövlət siyasətinin ayrılmaz tərkib hissəsinə çevrilməklə iqtisadi tərəqqinin və yüksəlişin mühüm amili kimi nəzərdən keçirilir.
Son illərin statistik göstəricilərinə görə, turizm Azərbaycanda daim inkişaf edən sektorlardan biri olub. Bu sahədə 2015-ci ildə turizm sektorunda sahibkarlıq fəaliyyəti üçün lisenziya tələbinin ləğv edilməsi, habelə elektron vizaların verilməsi prosedurunun sadələşdirilməsi, "ASAN Viza" sisteminin yaradılması, 2016-cı ildə "Azərbaycan Respublikasında ixtisaslaşmış turizm sənayesinin inkişafına dair Strateji Yol Xəritəsi"nin qəbul edilməsi, o cümlədən ölkə başçısı cənab İlham Əliyevin 1 sentyabr 2016-cı il tarixli Sərəncamına əsasən 27 sentyabr tarixinin ölkəmizdə "Turizm işçiləri günü" kimi qeyd edilməsi, bununla bağlı müxtəlif tədbirlər, ümumrespublika daxili turizm konfransları, turizm sahəsinə aid layihələrin həyata keçirilməsi bu sahənin inkişafı üçün mühüm əhəmiyyət kəsb edir.
Ölkə Prezidentinin 2016-cı il 6 dekabr tarixli Fərmanı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasında ixtisaslaşmış turizm sənayesinin inkişafına dair Strateji Yol Xəritəsi"ndə mövcud imkan və potensialdan səmərəli istifadə etməklə Azərbaycanın 2025-ci ilədək həm regionda, həm də digər dünya ölkələri arasında cəlbedici turizm məkanlarından birinə çevrilməsi əsas məsələ kimi qarşıya qoyulub. 2025-ci ildən sonrakı dövr üzrə perspektiv isə Azərbaycanı dünyada turistlərin ən çox üstünlük verdikləri 20 turizm məkanından birinə çevirmək, mövcud turizm ehtiyatlarından səmərəli istifadə göstəricilərinin maksimuma çatdırılmasını təmin etməkdir. Qeyd olunan məqsədlərə nail olmaq üçün hava əlaqəsinin və əlçatanlığın artırılması, çoxsaylı turizm növləri üzrə fiziki və sosial infrastrukturun təkmilləşdirilməsi, yerli dəyərlərin beynəlxalq aləmdə uğurlu təbliği mühüm əhəmiyyət kəsb edir.
Turizm sahəsində fəaliyyətin hüquqi əsasları və dövlət siyasətinin əsas istiqamətləri "Turizm haqqında" 27 dekabr 2021-ci il tarixli Qanunla tənzimlənir. Bu Qanun Azərbaycan Respublikasında turizmin dayanıqlı inkişafını təmin etmək məqsədilə turizm sahəsində dövlət idarəetməsinin əsaslarını, turizm sənayesinin tənzimlənmə mexanizmlərini, turizm ehtiyatlarından səmərəli istifadə qaydalarını və turizm sahəsinin maliyyələşdirilmə mənbələrini müəyyən edir.
Qanunun 1-ci maddəsinə əsasən turizm dedikdə fiziki şəxslərin getdiyi ölkədə (yerdə) ödənişli fəaliyyətlə məşğul olmamaq şərtilə istirahət, mədəni, tarixi və təbii irslə tanışlıq, sağlamlıq, bərpa və digər məqsədlərlə daimi yaşadığı ölkənin hüdudlarından kənara müvəqqəti səyahəti başa düşülür. Turist isə turizm məqsədilə səyahət etdiyi ölkədə 90 günədək müvəqqəti olan fiziki şəxsdir.
Turistlərin səyahət istiqamətindən asılı olaraq turizmin daxili, gəlmə və getmə kimi formaları vardır. Həmçinin səyahət məqsədindən asılı olaraq turizmin mədəni, ekoloji, kənd (icma), işgüzar, qastronomiya, sahil və su turizmi, həmçinin dağ və idman turizmi kimi növləri də fərqləndirilir.
Qanunvericiliyə əsasən effektiv idarəetmə sisteminin qurulması və bu sahədə fəaliyyətin əlaqələndirilməsi, qabaqcıl texnologiyaların və innovasiyaların tətbiqinin təşviq edilməsi, normativ hüquqi bazanın formalaşdırılması və təkmilləşdirilməsi, turizm infrastrukturunun inkişaf etdirilməsi, ölkədə keyfiyyətli turizm xidmətlərinin göstərilməsinin təmini, bu sahəyə investisiya qoyuluşunun təşviqi və dövlət-özəl sektor əməkdaşlığının dəstəklənməsi, beynəlxalq turizm bazarının tələblərinə uyğun turizm məhsullarının hazırlanması, həmçinin turizm sahəsində təhsilin beynəlxalq standartlara uyğunlaşdırılması və bu sahədə rəqabətqabiliyyətli ixtisaslı kadrların hazırlanması turizm sahəsində dövlət siyasətinin əsas istiqamətləri kimi müəyyən olunur.
"Turizm haqqında" Qanunun 14-cü maddəsinə əsasən turistlərin getdiyi ölkənin ərazisinə daxil olma, orada olma qaydaları, yerli əhalinin adətləri, dini mərasimləri, müqəddəs yerləri, xüsusi mühafizə olunan təbiət, tarix, mədəniyyət abidələri və digər turizm obyektləri barədə məlumat almaq, müvəqqəti olduğu ölkədə mövcud olan məhdudiyyətlər nəzərə alınmaqla, hərəkət-yerdəyişmə hüququndan, turizm ehtiyatlarından istifadə etmək, təxirəsalınmaz tibbi yardım almaq, şəxsi və əmlak təhlükəsizliyinin təmin edilməsini, fərdi məlumatlarının qorunmasını tələb etmək, təklif edilən turizm xidmətinin xüsusiyyətləri və bu xidmətlərin göstərilməsi üzrə müqavilənin şərtləri haqqında tam, dəqiq və düzgün məlumat almaq, müqavilə şərtlərinin yerinə yetirilmədiyi hallarda isə ona dəymiş maddi və mənəvi zərərin ödənilməsini tələb etmək kimi hüquqları vardır.
Turistlər bu hüquqlardan irəli gələn bir sıra vəzifələr də daşıyırlar. Belə ki, turistlər müvəqqəti olduğu ölkənin qanunvericiliyinə, adət-ənənələrinə və dini etiqadlarına hörmət etməli, həmin yerin təbii, tarixi və mədəni irsinə qayğı ilə yanaşmalı, onların mühafizəsi ilə bağlı qaydalara əməl etməli və ətraf mühitə ziyan vurmamalı, müvəqqəti olduğu ölkənin konstitusiya quruluşunun, suverenliyinin, ərazi bütövlüyünün, dövlət təhlükəsizliyinin və ictimai asayişin pozulmasına yönəlmiş hərəkətlərə, həmin ölkədə əhalinin sağlamlığına zərər vura bilən, habelə qanunvericiliklə qadağan edilən digər hərəkətlərə yol verməməlidir.
Həmin Qanunun 16-cı maddəsinə əsasən turizm xidmətləri göstərən şəxslər turistlərin təhlükəsizliyinin təmin edilməsi üçün zəruri tədbirlər görməlidirlər. Belə ki, həmin şəxslər turizm zərfini formalaşdırarkən turistləri səyahət zamanı mümkün olan təhlükələr barədə məlumatlandırmalı, turistlərə təxirəsalınmaz təcili yardım göstərilməsini təşkil etməli, qanunvericiliklə nəzərdə tutulan fövqəladə hallar barədə müvafiq icra hakimiyyəti orqanını (Fövqəladə Hallar Nazirliyini), dövlət turizm orqanını və turistin vətəndaşı olduğu ölkənin (vətəndaşlığı olmayan şəxsə münasibətdə isə onun daimi yaşadığı ölkənin) Azərbaycan Respublikasında fəaliyyət göstərən diplomatik nümayəndəliyini (və ya konsulluğunu) dərhal məlumatlandırmalıdırlar.
Bununla yanaşı, yoluxucu xəstəliklər təhlükəsi olan ölkəyə gedən və ya bu cür ölkədən gələn turistlər beynəlxalq tibbi-sanitariya qaydalarında nəzərdə tutulmuş hallarda tibbi müayinəyə cəlb olunmalı, vaksinasiya və ya digər profilaktik tədbirlərdən keçməli, yaxud bu barədə müvafiq sənəd təqdim etməlidirlər.
Turizm fəaliyyəti həyata keçirilərkən təbii, mədəni və tarixi irsin, ətraf mühitin qorunub saxlanmasına diqqət yetirilməli, həmin turizm ehtiyatları geniş ictimaiyyət üçün açıq olmalı, həmçinin bu obyektlərə giriş dini etiqad azadlığına, adət və ənənələrə mane olmamaq şərtilə təmin olunmalıdır. Turizm sənayesinin subyektləri turizm fəaliyyətini həyata keçirərkən turizm ehtiyatlarına potensial zərərli təsirin qarşısını almalıdırlar.
Qeyd etmək lazımdır ki, "Turizm haqqında" Qanunun tələblərinin pozulması Azərbaycan Respublikasının Mülki, İnzibati Xətalar və Cinayət məcəllələrində nəzərdə tutulmuş hallarda məsuliyyətə səbəb olur.
 
 


23.08.2022













      

Copyright © 2009. Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman).