19:03 AZ | RUS | ENG

.

               Təqvim

Super Ajax Calendar


Səhifənin xəritəsi



xəbərlər

Evdə qeydiyyatda olmaq qeydiyyatda olan şəxsə pay hüququ vermir.
 
Vərəsəlik hüququ - miras qoyanın əmlakının digər şəxslərə kåçməsi ilə əlaqədar yaranan münasibətləri tənzimləyən hüquq normalarının məñmusudur. Vərəsəlik hüququnun özəyini təşkil edən miras əmlak şəxsin ölümündən sonra hüquq varisliyi qaydasında vərəsələrə keçən əmlak və şəxsi qeyri-əmlak hüquqlarını ehtiva edir. Miras qoyana sağlığında məxsus olan bütün hüquq və vəzifələr deyil, yalnız hüquqi təbiətinə görə başqasına verilə bilən hüquq və vəzifələr vərəsəlik qaydasında keçmək qabiliyyətinə malikdir.
Mülki qanunvericilik miras əmlakın başqa şəxslərə keçməsinin iki növünü müəyyən etmişdir. Mülki Məcəllənin 1133-cü maddəsinə görə ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir.
Qanun üzrə vərəsə sayılan şəxslərin dairəsi və onların vərəsəliyə çağırılması növbəliliyi Mülki Məcəllənin 1159-cu maddəsi ilə müəyyən edilmişdir. Həmin maddədə beş növbə vərəsəlik nəzərdə tutulmuşdur. Məcəllənin 1159.1.1-ci maddəsinə müvafiq olaraq birinci növbədə olan vərəsələrə ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) aiddir. Qanunverici bu cür növbəliliyi müəyyən edərkən vərəsə olan şəxslərin qohumluq dərəcəsini nəzərə almışdır.
Lakin nəzərə alınmalıdır ki, vəsiyyət etmək azadlığı da mütləq xarakter daşımır. Belə ki, mülki qanunvericilikdə vəsiyyət üzrə vərəsəlik və vəsiyyət etmək azadlığı məcburi vərəsələr və onlara məxsus məcburi pay institutu ilə məhdudlaşdırılmışdır.
Mirasda məcburi pay hüququ məcburi vərəsələrə (vəsiyyət edənin uşaqlarına, valideynlərinə, arvadına və ya ərinə) vəsiyyətnamənin mövcudluğundan asılı olmayaraq həcmi qanunvericiliklə müəyyən edilmiş qaydada verilən minimum pay haqqıdır.
"Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1193-cü maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin I və II hissələrinə, 29-cu maddəsinin I, II və III hissələrinə uyğunluğunun yoxlanılmasına dair" 2011-ci il 20 oktyabr tarixli Konstitusiya Məhkəməsi Plenumunun Qərarında "mirasda məcburi pay hüququ" ilə bağlı formalaşdırılan hüquqi mövqeyə əsasən mirasda məcburi pay sosial-iqtisadi və əxlaqi yükü olan vərəsəlik hüququnun ənənəvi hissəsidir. Məcburi pay hüququ ölən şəxsin yaxınlarının müəyyən kateqoriyasına - yəni məcburi vərəsələrinə münasibətdə sosial təminat rolunu oynayır.
Belə ki, məcburi pay hüququ olan vərəsələr vəsiyyətnamədən asılı olmayaraq mirasdan məcburi pay almaq hüququna malikdirlər. Həmin şəxslərin dairəsinin mövcudluğu vərəsəlik hüququnun cəmiyyətdə sosial-təminat funksiyasına malik olması ilə əlaqədardır. Bu funksiyanın təyinatı məhz birinci növbəli vərəsələr dairəsinə aid olan, bilavasitə miras qoyana daha yaxın olan, onunla bir qayda olaraq, birgə təsərrüfat aparan, onun himayəsində olan və ya həmin əmlakın əldə edilməsində bu və ya digər formada rolu olan şəxslərin maraqlarının müdafiəsindən ibarətdir.
Bu vərəsəlik hüququnun ailə-təminat ðrinsiðindən irəli gəlir. Bu prinsipə əsasən mülkiyyətçiyə yaşadığı dövrdə məxsus olan əmlakın və ya onun müəyyən hissəsinin iqtisadi təminatı vəfatından sonra ilk növbədə onun yaxın ailə üzvlərinə məxsus olmalıdır. Mülkiyyətçi yaşadığı dövrdə ona məxsus olan əmlak üzərində sərəncam vermək hüququna malik olmaqla yanaşı, öz övladları, habelə digər yaxın ailə üzvləri qarşısında müəyyən qədər cavabdehlik daşıyır. Mülkiyyətçinin bu cavabdehliyi onun ölümündən sonra vərəsəlik hüququnda öz təsbitini tapmış mirasda məcburi pay institutu ilə təmin edilmiş olur. Bu zaman yaxın qohumluqla (uşaq, ər, arvad, valideynlər) miras qoyana bağlı olan şəxslərə miras qoyanın iradəsindən asılı olmayaraq mirasda məcburi pay ayrılır. Beləliklə, qanunverici mirasda məcburi pay institutunu təsbit etməklə, ailə münasibətlərini bir ailə üzvünün düşünülməmiş, digər ailə üzvlərinin mənafelərini nəzərə almadan, bununla da etibarlı və sağlam ailə münasibətlərinə və təminatına zərər verə bilən qərarından qorumaq məqsədi daşıyır.
Göründüyü kimi, əmlakdan müəyyən pay almaq hüququ vərəsəlik münasibətlərindən irəli gəlir. Qanunverici bu hüququ ilk növbədə qohumluq münasibətləri ilə əlaqələndirdiyindən, özlüyündə hər hansı evdə qeydiyyatda olmaq qeydiyyatda olan şəxsə həmin əmlakdan pay hüququ vermir.
Şəxs hər hansı evdə qeydiyyatda olmaqla həmin əmlakda yaşamaq hüququ əldə edə bilər. Lakin bu zaman həmin əmlakın özgəninkiləşdirilməsi zamanı onun razılığı tələb olunur.
Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 11 sentyabr tarixli, 167 nömrəli qərarı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması qaydaları haqqında" Təlimatın 49-cu maddəsinə əsasən yaşayış sahəsinə (ev, mənzil, otaq) sərəncam verilməsi (özgəninkiləşdirmə, ipoteka, kirayə və sair müqavilələr) haqqında müqavilələr təsdiq edilərkən, notarius həmin yaşayış sahəsində yaşayış yeri üzrə qeydiyyatda olması barədə məlumatı müvafiq informasiya sistemləri ilə qarşılıqlı inteqrasiya vasitəsilə avtomatlaşdırılmış rejimdə əldə edir və ona uyğun olaraq həmin ünvanda qeydiyyatda olan yetkinlik yaşına çatmış bütün ailə üzvlərinin razılığını alır.
Həmin maddəyə əsasən əmlakın özgəninkiləşdirilməsinə və ya girov qoyulmasına razılıq haqqında yazılı ərizə olmalıdır və bu ərizədəki imzanın həqiqiliyi notarius, notariat kontorları olmayan yaşayış məntəqələrində müvafiq icra hakimiyyəti orqanlarının vəzifəli şəxsləri və Azərbaycan Respublikası konsulluqlarının səlahiyyətli vəzifəli şəxsləri tərəfindən təsdiq edilməlidir.
Yəni əmlakda qeydiyyatda olmaqla yaşamaq hüququ əldə etmək həmin əmlakdan pay almaq üçün əsas deyildir. Şəxsin yalnız vərəsə olduğu hallarda bu hüququ yarana bilər. Qanun üzrə vərəsələrin isə evdə qeydiyyatda olub-olmamasından asılı olmayaraq həmin əmlakdan məcburi pay hüququ vardır.
 
 
25.08.2022













      

Copyright © 2009. Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman).