17:52 AZ | RUS | ENG

.

               Təqvim

Super Ajax Calendar


Səhifənin xəritəsi



xəbərlər

Əmək fəaliyyətində kişi və qadınların bərabərliyi.
 
Ölkəmizdə kişi və qadınların hüquq bərabərliyi ulu öndər Heydər Əliyevin rəhbərliyi altında hazırlanaraq 12 noyabr 1995-ci il tarixdə ümumxalq səsverməsi yolu ilə qəbul edilmiş müstəqil Azərbaycan Respublikasının Konstitusiyasında təsbit edilmişdir. Konstitusiyanın 25-ci maddəsi kişi və qadınların bərabər hüquq və azadlıqlarını təsbit edir, insan və vətəndaşların hüquq və azadlıqlarının cinsi mənsubiyyətə görə məhdudlaşdırılmasını qadağan edir. Belə ki, qeyd olunan maddəyə əsasən kişi ilə qadının eyni hüquq və azadlıqları vardır. Dövlət, irqindən, etnik mənsubiyyətindən, dinindən, dilindən, cinsindən, mənşəyindən, əmlak vəziyyətindən, qulluq mövqeyindən, əqidəsindən, siyasi partiyalara, həmkarlar ittifaqlarına və digər ictimai birliklərə mənsubiyyətindən asılı olmayaraq, hər kəsin hüquq və azadlıqlarının bərabərliyinə təminat verir.
 
Konstitusiyamızda sadalanan hüquq və azadlıqlar kişi və qadınlar üçün bərabərdir. Bu hüquqlardan biri də əmək hüququdur. Konstitusiyamızın 34-cü maddəsində qeyd olunur ki, hər kəsin təhlükəsiz və sağlam şəraitdə işləmək, heç bir ayrı-seçkilik qoyulmadan öz işinə görə dövlətin müəyyənləşdirdiyi minimum əmək haqqı miqdarından az olmayan haqq almaq hüququ vardır.
Əmək fəaliyyətində kişi və qadınların hüquq bərabərliyi Azərbaycan Respublikasının Əmək Məcəlləsi, "Gender (kişi və qadınların) bərabərliyinin təminatları haqqında" Azərbaycan Respublikasının Qanunu və digər hüquqi aktlarda öz əksini tapmışdır.
Belə ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 16-cı maddəsinə əsasən əmək münasibətlərində vətəndaşlığına, cinsinə, irqinə, dininə, milliyyətinə, dilinə, yaşayış yerinə, əmlak vəziyyətinə, ictimai-sosial mənşəyinə, yaşına, ailə vəziyyətinə, əqidəsinə, siyasi baxışlarına, həmkarlar ittifaqlarına və ya başqa ictimai birliklərə mənsubiyyətinə, qulluq mövqeyinə, həmçinin işçinin işgüzar keyfiyyətləri, peşəkarlıq səriştəsi, əməyinin nəticələri ilə bağlı olmayan digər amillərə görə işçilər arasında hər hansı ayrı-seçkiliyə yol verilməsi, həmin amillər zəminində bilavasitə və ya dolayısı ilə imtiyazların və güzəştlərin müəyyən edilməsi, habelə hüquqlarının məhdudlaşdırılması qəti qadağandır.
Qadınların əmək hüququ, onlara verilən güzəşt və imtiyazalar Azərbaycan Respublikasının Əmək Məcəlləsinin otuz yeddinci fəslində təsbit olunmuşdur. Bu fəsildə hamilə və 3 yaşına çatmamış uşağı olan qadınlarla əmək müqaviləsi bağlanmasının xüsusiyyətləri, qadın əməyinin tətbiqi qadağan olunan iş yerləri və işlər, qadınların gecə işlərinə, iş vaxtından artıq işlərə və istirahət günlərində işə cəlb olunmasının, habelə ezamiyyətlərinin məhdudlaşdırılması, hamilə və yaş yarımadək uşaqlı qadınların daha yüngül işə keçirilməsi, uşağın yedizdirilməsi üçün fasilələr, qadınlar üçün natamam iş vaxtı müəyyən edilən hallar və həkim müayinəsi zamanı əmək haqqının saxlanılması və uşaqlarını anasız böyüdən işçilər üçün öz əksini tapmışdır.
Azərbaycan Respublikası Əmək Məcəlləsinin 16-cı maddəsində qeyd olunur ki, qadınlara əmək münasibətlərində güzəştlərin, imtiyazların və əlavə təminatların müəyyən edilməsi ayrı-seçkilik hesab edilmir və əmək münasibətləri prosesində işçilər arasında bu maddədə göstərilən ayrı-seçkiliyə yol verən işəgötürən və ya digər fiziki şəxs qanunvericilikdə nəzərdə tutulmuş qaydada müvafiq məsuliyyət daşıyır.
Bundan başqa "Gender (kişi və qadınların) bərabərliyinin təminatları haqqında" Azərbaycan Respublikası Qanununun 3.1-ci maddəsinə əsasən qadınlar üçün Azərbaycan Respublikasının Əmək Məcəlləsi ilə müəyyən edilmiş güzəştlər, imtiyazlar və əlavə təminatlar, kişilər üçün həqiqi hərbi (alternativ) xidmətə çağırış, kişi və qadınlar üçün qanunla müəyyənləşdirilmiş fərqli pensiya və nikah yaşı, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 15-ci maddəsinə uyğun olaraq, ərin nikahın pozulmasını tələb etmək hüququnun məhdudlaşdırılması, kişi və qadınlar üçün cəzaçəkmə müəssisələrində fərqli şəraitin yaradılması və gender bərabərliyinin təmin edilməsi məqsədilə xüsusi tədbirlərin həyata keçirilməsi ayrı-seçkilik hesab edilmir.
"Gender (kişi və qadınların) bərabərliyinin təminatları haqqında" Azərbaycan Respublikası Qanununun 7.1-ci maddəsinə əsasən işəgötürən əmək fəaliyyətində kişi və qadınların bərabərliyini təmin etməlidir.
Qeyd etmək lazımdır ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 16-cı maddəsinə əsasən ayrı-seçkiliyə məruz qalan işçi pozulmuş hüququnun bərpa edilməsi tələbi ilə məhkəməyə müraciət edə bilər.
 
01.09.2022













      

Copyright © 2009. Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman).