0:49 AZ | RUS | ENG

.

               Təqvim

Super Ajax Calendar


Səhifənin xəritəsi



xəbərlər

Səs və video yazılardan sübut kimi istifadə oluna bilərmi?.
 
 
Azərbaycan Respublikasının Konstitusiyasının 32-ci maddəsinə əsasən hər kəsin şəxsi toxunulmazlıq hüququ vardır. Hər kəsin şəxsi və ailə həyatının sirrini saxlamaq hüququ vardır. Qanunla nəzərdə tutulan hallardan başqa, şəxsi və ailə həyatına müdaxilə etmək qadağandır.
Öz razılığı olmadan kimsənin şəxsi həyatı haqqında məlumatın toplanılmasına, saxlanılmasına, istifadəsinə və yayılmasına yol verilmir. Qanunla müəyyən edilmiş hallar istisna olmaqla, heç kəs onun xəbəri olmadan və ya etirazına baxmadan izlənilə bilməz, video və foto çəkilişinə, səs yazısına və digər bu cür hərəkətlərə məruz qoyula bilməz.
Hər kəsin yazışma, telefon danışıqları, poçt, teleqraf və digər rabitə vasitələri ilə ötürülən məlumatın sirrini saxlamaq hüququna dövlət təminat verir. Bu hüquq qanunla nəzərdə tutulmuş qaydada cinayətin qarşısını almaqdan və ya cinayət işinin istintaqı zamanı həqiqəti üzə çıxarmaqdan ötrü məhdudlaşdırıla bilər.
Bundan əlavə qeyd edə bilərik ki, bu növ münasibətlər "İnsan hüquq və əsas azadlıqları haqqında" Konvensiyada da öz əksini tapmışdır. Belə ki, 1945-ci il 12 dekabr tarixli Konvensiyanın 8.1-ci maddəsinə görə hər kəs öz şəxsi və ailə həyatına, mənzilinə və yazışma sirrinə hörmət hüququna malikdir. Həmçinin Konvensiyanın 13-cü maddəsində Konvensiyada təsbit olunmuş hüquq və azadlıqları pozulan hər kəsin, hətta bu pozulma rəsmi fəaliyyət göstərən şəxslər tərəfindən törədildikdə belə, dövlət orqanları qarşısında səmərəli hüquqi müdafiə vasitələrinə malik olması qeyd olunmuşdur.
Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcələsinin 16-cı maddəsində qeyd olunmuşdur ki, cinayət təqibi gedişində heç kəsin şəxsi (özünün və ailəsinin) həyatın sirrinin, yazışma, telefon danışıqları, poçt-teleqraf və digər rabitə vasitələri ilə ötürülən məlumatların və başqa məlumatların sirrinin saxlanılması hüququ bu Məcəllədə nəzərdə tutulmuş hallardan başqa məhdudlaşdırıla bilməz.
Həmin Məcəllənin 124-cü maddəsinə görə məhkəmənin və ya cinayət prosesi tərəflərinin əldə etdiyi mötəbər dəlillər (məlumatlar, sənədlər, əşyalar) cinayət təqibi üzrə sübutlar hesab olunur. Bu sübutlar cinayət-prosessual qanunvericiliyinin tələblərinə əməl edilməklə insan və vətəndaşın konstitusion hüquq və azadlıqları məhdudlaşdırılmadan və ya məhkəmənin qərarı əsasında (bu Məcəllə ilə nəzərdə tutulmuş təxirə salına bilməyən hallarda isə müstəntiqin qərarı əsasında) məhdudlaşdırılmaqla əldə olunmalıdır.
Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 76-cı maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur.
Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir.
Qanunu pozmaqla əldə edilmiş sübutlardan istifadə olunmasına yol verilmir.
Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 95-ci maddəsinə görə elektron və digər daşıyıcılar üzərində səs və ya video yazılar təqdim edən və ya onların tələb olunması barədə vəsatət qaldıran şəxslər həmin yazıların nə vaxt, kim tərəfindən və hansı şəraitdə yazılmasını göstərməyə borcludur. Qanunla icazə verilən hallardan başqa, gizli yolla əldə edilmiş səs və ya video yazılardan sübut kimi istifadə oluna bilməz.
Şəxsi yazışma məlumatları yalnız onların ünvanlandığı şəxslərin razılığı ilə açıq məhkəmə iclasında açıqlana bilər. Göstərilən qaydalar şəxsi xarakterli məlumat daşıyan səs və video yazıların tədqiqində də tətbiq olunur.
Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsindən də aydın olur ki, səs və ya video yazıları təqdim edən şəxs bunun hansı şəraitdə yazılmasını, bu yazıdan digər şəxsin xəbərdar olub-olmamasını, həmçinin yazıda şəxsi xarakterli məlumatın mövcudluğu məsələsini bildirməyə məcburdur. Hər bir halda səs yazısını qeyd edən şəxs bu yazıya görə mütləq qaydada məsuliyyət daşıyır.
Yalnız əməliyyat-axtarış fəaliyyətinin subyektləri "Əməliyyat-axtarış fəaliyyəti haqqında" Qanununun 10-cu maddəsinə görə məhkəmə qərarı əsasında telefon danışıqlarına qulaqasma, texniki rabitə kanallarından və digər texniki vasitələrdən informasiyanın çıxarılması, insanların güdülməsi, əşya və sənədlərin tədqiqi kimi əməliyyat-axtarış tədbirləri tətbiq edə bilərlər. Telefon danışıqlarına qulaqasma, poçt, teleqraf və digər göndərişlərin yoxlanılması, texniki rabitə kanallarından və digər texniki vasitələrdən informasiyanın çıxarılması, binalara, o cümlədən yaşayış yerlərinə, hasarlanmış tikinti obyektlərinə, qurğulara və torpaq sahələrinə daxil olma və baxış keçirmə, binaların, o cümlədən yaşayış yerlərinin, hasarlanmış tikinti obyektlərinin, qurğuların, torpaq sahələrin, nəqliyyat vasitələrinin və digər obyektlərin müşahidəsi, insanların güdülməsi həmin Qanunda nəzərdə tutulmuş bəzi hallar istisna olmaqla, məhkəmənin (hakimin) qərarı əsasında həyata keçirilir.
Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş əsaslar olduğu hallarda əməliyyat-axtarış fəaliyyətinin subyektləri hakimin qərarı olmadan, şəxsiyyət əleyhinə ağır cinayətlərin və ya xüsusi təhlükəli dövlət cinayətlərinin qarşısının alınması üçün telefon danışıqlarına qulaq asa, poçt, teleqraf və digər göndərişlərini yoxlaya, texniki rabitə kanallarından və digər texniki vasitələrdən informasiyanı çıxara, habelə insanları güdə bilərlər, cinayəti hazırlayan, törədən, törətmiş, azadlıqdan məhrum etmə və ya həbs yerlərindən, yaxud mühafizə altından qaçmış və gizlənən şəxslərin yaxalanması, yanğın, partlayış və ictimai təhlükəsizliyə qəsd edən və ya qəsd edə biləcək halların aradan qaldırılması üçün binalara, o cümlədən yaşayış yerlərinə, hasarlanmış tikinti obyektlərinə, qurğulara və torpaq sahələrinə baxış keçirə bilərlər.
Əməliyyat-axtarış fəaliyyətinin subyektləri tərəfindən "Əməliyyat-axtarış fəaliyyəti" haqqında Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş əməliyyat-axtarış tədbirlərinin tətbiqi istisna olmaqla, şəxsin onun xəbəri olmadan və ya etirazına baxmayaraq kütləvi informasiya vasitələrinin nümayəndələri və başqa şəxslər tərəfindən izlənilməsi, video və foto çəkilişinə, səs yazısına və digər bu cür hərəkətlərə məruz qalması qanunvericiliklə müəyyən edilmiş məsuliyyətə səbəb olur.
 
 
08.09.2022













      

Copyright © 2009. Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman).