13:36 AZ | RUS | ENG

.

               Təqvim

Super Ajax Calendar


Səhifənin xəritəsi



xəbərlər

Piyadanın vəzifələri və məsuliyyəti.
 
Yol hərəkəti iştirakçılarından biri piyadadır. Piyada nəqliyyat vasitələrindən kənarda yol hərəkətində iştirak edən və yolda hər hansı iş görməyən şəxsdir. Həmçinin əlilliyi olan şəxs üçün mühərriksiz arabalarda gedən, velosiped, moped və ya motosiklet aparan, kirşə, əl arabası, uşaq və ya əlilliyi olan şəxs üçün araba aparan şəxslər də piyadaya bərabər tutulur. Məlum olduğu kimi gündəlik ictimai həyatda hər birimiz piyada kimi yol hərəkətinin iştirakçısı qismində çıxış edirik. Bu səbəbdən də hər birimiz piyada olaraq üzərimizə qoyulmuş vəzifələri bilməliyik. Piyadanın vəzifələri isə "Yol hərəkəti haqqında" qanunun 40-cı məddəsində nəzərdə tutulub. Həmin maddəyə əsasən piyada:
- səki ilə, piyada zolağı ilə, yol çiyinləri ilə, bunlar olmadıqda isə velosipedçilərin hərəkətini çətinləşdirməmək şərti ilə velosiped yolu ilə hərəkət etməli və ya ayırıcı zolağı olan yollarda hərəkət hissəsinin xarici kənarı ilə getməlidir (iri əşyalar daşıyan və ya aparan piyadaların, habelə əlilliyi olan şəxs üçün mühərriksiz arabalarda gedən şəxslərin səki və ya yol çiyini ilə hərəkəti başqa piyadalar üçün maneə yaratdıqda, onlar yolun hərəkət hissəsinin kənarı ilə gedə bilərlər);
- dəmiryolunu, avtomobil yolunun hərəkət hissəsini, küçələri piyada keçidləri ilə, o cümlədən yeraltı və yerüstü keçidlərlə, bunlar olmadıqda isə yolayrıclarında səki xətti və ya yol çiyni xətləri boyunca keçməlidir;
- yaşayış məntəqələrindən kənarda yolun hərəkət hissəsi ilə hərəkət etdikdə nəqliyyat vasitələrinin hərəkəti istiqamətinə qarşı getməlidir (əlilliyi olan şəxs üçün mühərriksiz arabalarda hərəkət edən, motosiklet, moped, velosiped sürən şəxslər belə hallarda nəqliyyat vasitələrinin hərəkəti istiqamətində getməlidirlər);
- ümumi istifadədə olan nəqliyyat vasitəsini və taksini, yalnız yolun hərəkət hissəsindəki nisbətən azca hündürə qaldırılmış minik meydançalarında, onlar olmadıqda isə, səkidə və ya yol çiyinlərində gözləməlidir (azca hündürə qaldırılmış minik meydançalarının olmadığı dayanacaq məntəqələrində nəqliyyat vasitəsinə minmək üçün yolun hərəkət hissəsinə yalnız nəqliyyat vasitəsi dayandıqdan sonra çıxmağa icazə verilir. Nəqliyyat vasitəsindən düşdükdən sonra ləngimədən yolun hərəkət hissəsini tərk etmək lazımdır);
- hərəkətin nizamlandığı yerlərdə nizamlayıcının və ya piyada svetoforunun, o olmadıqda isə, nəqliyyat svetoforunun işarəsini əsas tutmalıdır;
- yolun hərəkət hissəsində zərurət olmadan ləngiməməli və dayanmamalıdır;
-qırmızı və ya göy sayrışan işıq və xüsusi səs siqnalı qoşulmuş nəqliyyat vasitəsi yaxınlaşdıqda, yolun hərəkət hissəsini keçməməlidir (hərəkət hissəsində olanlar isə bu nəqliyyat vasitələrinə yol verməli və hərəkət hissəsini dərhal boşaltmalıdırlar);
- dayanmış nəqliyyat vasitəsinin və ya görmə sahəsini məhdudlaşdıran başqa maneənin arxasından yolun hərəkət hissəsinə çıxmazdan əvvəl yaxınlaşan nəqliyyat vasitəsinin olmadığını yəqin etməlidir;
- görünmə zonasında keçid və ya yolayrıcı olmadıqda, ayırıcı zolaq olmayan və sədd çəkilməyən, hər iki tərəfdən yaxşı görünən sahələrdə hərəkət hissəsinin kənarına nisbətən yolu düzbucaq altında keçməlidir;
- sutkanın qaranlıq vaxtı yolun işıqlanmayan hissələrində yalnız görünüş dairəsində nəqliyyat vasitəsi olmadıqda keçməlidir.
Qanunvericiliyin tələblərinə əsasən avtomobil yolunun hərəkət hissəsini, küçələri yeraltı və yerüstü keçidlərlə keçmək lazımdır. Avtomobil yollarında piyada keçidləri isə əsasən təhsil, tibb, iri ticarət (xidmət, istehsalat) müəssisələrinin, nəqliyyatın dayanacaq məntəqələrinin, idman, istirahət və turizm obyektlərinin və insanların kütləvi toplaşdığı digər obyektlərin yaxınlığında olmalıdır. Piyada zolağında hərəkət vacib olan hallarda isə svetoforla nizamlanmalıdır. Svetoforun və nizamlayıcının siqnallarının yerinə yetirilməsi isə yol iştirakçıları üçün məcburidir. Svetoforun və ya nizamlayıcının qadağanedici siqnalı verildikdə sürücülər nəqliyyat vasitələrini stop-xətt qarşısında (əgər bu xətt yoxdursa, piyadaların hərəkətinə maneə törətmədən kəsişən yolun hərəkət hissəsi qarşısında), piyada keçidi qarşısında, digər yolayrıclarında isə svetofor qarşısında dayanmalıdırlar. Vurğulamaq lazımdır ki, nizamlanan piyada keçidlərində svetoforun icazə siqnalı yandırıldıqda, sürücü imkan verməlidir ki, həmin istiqamətin hərəkət hissəsindəki piyadalar yolu keçməyi başa çatdırsınlar.
Əgər piyada keçidində nəqliyyat vasitələrinin hərəkəti nizamlayıcı tərəfindən və ya svetofor vasitəsilə nizamlanmırsa, sürücü keçidə yaxınlaşarkən sürəti lazımınca azaltmalıdır ki, yolu keçməyə başlamış piyadaları təhlükəyə məruz qoymasın. Əgər piyada keçidə daxil olmuşdursa sürücü nəqliyyat vasitəsini dayandırmalı və piyadaya yol verməlidir.
Əgər nəqliyyat vasitəsi nizamlanmayan piyada keçidinin qarşısında dayanmışdırsa və ya sürətini azaltmışdırsa, qonşu zolaqlarda hərəkət edən digər nəqliyyat vasitələrinin sürücüləri yalnız dayanmış nəqliyyat vasitəsinin qarşısında piyadaların olmadığını yəqin etdikdən sonra hərəkəti davam etdirə bilərlər. Piyada isə nizamlanmayan piyada keçidlərində yolun hərəkət hissəsinə (yolun nəqliyyat vasitələrinin hərəkəti üçün istifadə edilən hissəsinə) yalnız yaxınlaşmaqda olan nəqliyyat vasitələrinədək məsafəni, onların sürətini qiymətləndirdikdən və yolu keçməyin onlar üçün təhlükəsiz olacağını yəqin etdikdən sonra çıxa bilər. Keçidi başa çatdıra bilməmiş piyadalar isə nəqliyyat vasitələrinin əks istiqamətli hərəkətlərini ayıran xəttin üstündə dayanıb gözləməlidirlər. Piyadalar yalnız hərəkətin təhlükəsizliyinə əmin olduqdan sonra və svetoforun (nizamlayıcının) siqnalını nəzərə almaqla yolu keçməyə davam edə bilərlər.
Həmçinin sürücü yaşayış məntəqələrində, piyada keçidlərindən kənarda ağ çəliklə işarə verən kor piyadalara yol verməlidir. Əgər ümumi istifadədə olan nəqliyyat vasitəsinə minmə və ya ondan düşmə yolun hərəkət hissəsində və ya orada yerləşən minik meydançasında aparılırsa, sürücü dayanacaqda duran ümumi istifadədə olan nəqliyyat vasitəsinə doğru gedən və ya ondan düşüb gedən sərnişinlərə yol verməlidir (qapılar tərəfdən). "Uşaqlar" tanınma nişanı olan dayanmış nəqliyyat vasitəsinə yaxınlaşarkən isə, sürücü sürəti azaltmalı, lazım gəldikdə dayanmalı və uşaqlara yol verməlidir.
Qeyd etmək lazımdır ki, piyadalar tərəfindən qanunla üzərlərinə qoyulmuş vəzifələrin yerinə yetirilməməsi inzibati və ya cinayət məsuliyyətinə səbəb olur. Belə ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 338-ci maddəsində piyadalar və yol hərəkətinin başqa iştirakçıları tərəfindən yol hərəkəti qaydalarının pozulmasından bəhs edilir. İnzibati Xətalar Məcəlləsinin 338.1-ci maddəsində göstərilir ki, piyadalar tərəfindən yol hərəkəti qaydalarının pozulmasına, yəni piyada svetoforunun və ya nizamlayıcının işarələrinə riayət edilməməsinə, yolda yaxınlaşmaqda olan nəqliyyat vasitələrinin qarşısına qəflətən çıxılmasına, qırmızı və ya göy sayrışan işıq və xüsusi səs siqnalı qoşulmuş nəqliyyat vasitəsi yaxınlaşan zaman hərəkət hissəsinin tərk edilməməsinə görə 20 manat məbləğində cərimə edilir. Belə ki, piyada svetoforu və ya nizamlayıcı deyərkən svetoforda piyadalar üçün nəzərdə tutulan bölmədəki işığın tələbi nəzərdə tutulur. Nizamlayıcı isə ümumi svetofor və yolda xidmət aparan yol polisi əməkdaşıdır. Avtomobillər üçün svetoforun yaşıl işığı yanarkən yolu keçən piyada qayda pozmuş sayılır. Buna görə də, piyada avtomobillərin qırmızı işıqda dayanmasını mütləq gözləməlidir. Yolayrıcında isə onsuz da, sağa-sola dönən sürücü piyadaya yol verməyə borcludur.
Bundan əlavə, yolda xidmət aparan polis əməkdaşı hansısa istiqamət üzrə hərəkəti qadağan edən siqnal verərkən sürücülərlə yanaşı, piyadalar da bu işarələrə əməl etməli və dayanmalıdır.
Sürücülərin daim narazı qaldığı məqamlardan biri də piyadaların yaxınlaşmaqda olan avtomobilin qarşısına qəflətən çıxmasıdır. Odur ki, piyadalar yolu keçməyə başlayarkən sağa-sola baxmalı, yaxınlaşmaqda olan avtomobillərin ötüb keçməsinə imkan verib sonra yolu keçməlidir. Ən əsası isə avtomobillə özü arasındakı məsafəni mütləq nəzərə almalıdır. Avtobusdan düşərkən yolu avtobusun qarşısından yox, arxa tərəfindən keçməlidir.
Daha bir məsələ isə qırmızı və ya göy sayrışan işıq və xüsusi səs siqnalı qoşulmuş nəqliyyat vasitəsi yaxınlaşan zaman hərəkət hissəsinin tərk edilməməsidir. Bu isə o deməkdir ki, təcili yardım, polis, yanğınsöndürən maşınları, habelə, DYP avtomobilinin müşaiyət etdiyi avtomobil karvanı (kartej) yaxınlaşarkən piyadalar yolun hərəkət hissəsini tərk etməli və yolu keçməməlidir.
İnzibati Xətalar Məcəlləsinin 338.2-ci maddəsində isə qeyd olunur ki, piyadalar tərəfindən yolun hərəkət hissəsinin, dəmiryol keçidinin müəyyən olunmayan yerdən keçilməsinə görə iyirmi manat məbləğində cərimə edilir. Bu isə o deməkdir ki, piyadalar keçid olmayan yerdən və ya keçidin yanından, altından və ya üstündən keçdiyi halda cərimə oluna bilərlər. Dəmiryolunu isə istənilən yerdən keçmək olmaz.
Vurğulamaq lazımdır ki, piyadanın hərəkətləri və hərəkətsizliyi ilə hər hansı qəza baş verərsə, o zaman piyadanı daha ağır cəza gözləyir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 267-ci maddəsində nəqliyyat vasitələrinin təhlükəsiz işləməsini təmin edən qaydaları pozmağa görə məsuliyyət müəyyən olunmuşdur. Cinayət Məcəlləsinin 267 -ci maddəsinə əsasən sərnişin, piyada və ya yol hərəkətinin digər iştirakçıları tərəfindən yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına az ağır zərər vurulmasına səbəb olduqda iki min manatdan üç min manatadək miqdarda cərimə və ya bir ilədək müddətə islah işləri və ya bir ilədək müddətə azadlığın məhdudlaşdırılması ilə cəzalandırılır.
Eyni əməllər ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına ağır zərər vurulmasına səbəb olduqda üç min manatdan dörd min manatadək miqdarda cərimə və ya iki ilədək müddətə islah işləri və ya iki ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya altı ayadək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
Qeyd olunan əməllər ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə, ehtiyatsızlıqdan iki və ya daha çox şəxsin ölümünə səbəb olduqda isə üç ildən altı ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
Ümumiyyətlə yol hərəkəti qaydalarını öyrənmək və bu qaydalara əməl etmək hər bir yol hərəkəti iştirakçısına lazımdır, çünki həyati təhlükəsizliyimiz bu istiqamətdəki biliyimizdən və məsuliyyətimizdən asılıdır.
Gəlin hər birimiz yol hərəkəti qaydalarına əməl edək ki, özümüzü bədbəxt hadisələrdən qoruya bilək!
12.09.2022













      

Copyright © 2009. Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman).