21:21 AZ | RUS | ENG

.

               Təqvim

Super Ajax Calendar


Səhifənin xəritəsi



xəbərlər

Beynəlxalq və milli qanunvericilikdə təhsil hüququ: görülən işlər və perspektivlər.
 
Təhsil hüququ insan hüquqları ideyasının əsas özəyidir. Təhsil yalnız bir hüquq kimi deyil, eyni zamanda digər insan hüquqlarının tam və effektiv həyata keçirilməsi üçün də vasitə kimi görülür, hər bir insanın inkişafına və ləyaqətinin dərk olunmasına, insan hüquqlarına və əsas azadlıqlara hörmətin möhkəmləndirilməsinə, eyni zamanda hamıya azad cəmiyyətin faydalı iştirakçısı olmasına imkan yaradır.
 
 
Azərbaycan Respublikası Konstitusiyasının 42-ci maddəsində qeyd olunur ki, hər bir vətəndaşın təhsil almaq hüququ vardır. Dövlət pulsuz icbari ümumi orta təhsil almaq hüququnu təmin edir. Təhsil sisteminə dövlət tərəfindən nəzarət edilir və maddi vəziyyətdən asılı olmayaraq istedadlı şəxslərin təhsili davam etdirməsinə dövlət zəmanət verir.
Təhsil hüququ ilə bağlı müddəalar bir sıra beynəlxalq-hüquqi sənədlərdə də öz əksini tapıb. Belə ki, 1948-ci ildə "Ümumdünya İnsan Hüquqları Bəyannaməsi" ödənişsiz və icbari ibtidai təhsilin əsas insan hüququ olduğunu elan edib. Bu Bəyannamənin 26-cı maddəsində qeyd olunur ki, hər bir şəxsin təhsil hüququ var. Ən azı ibtidai və ümumi təhsil pulsuz olmalıdır, ibtidai təhsil icbari olmalıdır. Hər kəs texniki və peşə təhsili almaq imkanına malik olmalıdır, ali təhsil də hər kəsin qabiliyyəti əsasında hamıya eyni dərəcədə müyəssər olmalıdır.
"İqtisadi, Sosial və Mədəni hüquqlar haqqında" Beynəlxalq Pakt təhsil hüququnu hüquqi cəhətdən məcburi bir öhdəlik kimi təsdiq edib. "İqtisadi, Sosial və Mədəni hüquqlar haqqında" Beynəlxalq Paktın 13-cü maddəsində qeyd olunur ki, bu Paktda iştirak edən dövlətlər hər bir şəxsin təhsil hüququnu tanıyırlar. Onlar razılaşırlar ki, təhsil insan şəxsiyyətinin tam inkişafına və ləyaqətinin dərk olunmasına yönəldilməli, insan hüquqlarına və əsas azadlıqlara hörməti möhkəmləndirməlidir.
"İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında" Konvensiyanın 1 saylı Protokolunun 2-ci maddəsinə əsasən, heç bir şəxsin təhsil hüququndan imtina edilə bilməz. Dövlət təhsil və tədris sahəsində öz üzərinə götürdüyü funksiyaları yerinə yetirərkən valideynlərin öz dini və fəlsəfi baxışlarına müvafiq olan təhsil və tədrisi təmin etmək hüququna hörmət edir.
"Uşaq Hüquqları Konvensiyası"nın 28-ci maddəsində qeyd olunur ki, məktəb intizamı uşağın ləyaqətinə uyğun şəkildə gözlənilməlidir. Təhsil uşağın şəxsiyyəti, istedadı və bacarıqlarının inkişafı, insan hüquqları və əsas azadlıqlarına hörmət, azad cəmiyyətdə məsuliyyətli həyat, anlama, dözümlülük və bərabərlik, təbii mühitə hörmətin təşviq edilməsinə yönləndirilməlidir.
Qeyd etmək lazımdır ki, Birləşmiş Millətlər Təşkilatı dünyada insan hüquqları üzrə təhsillə bağlı əvəzedilməz rola malikdir. 1993-cü ildə Vyanada keçirilən İnsan Hüquqları üzrə Dünya Konfransında insan hüquqlarının təşviqində insan hüquqları üzrə təhsilin, təlimlərin və ictimai informasiyanın önəmli rolu təsdiq olunub. 1994-cü ildə Baş Assembleya tərəfindən 1 yanvar 1995-ci ildən 31 dekabr 2004-cü ilədək olan dövrü əhatə edən Birləşmiş Millətlər Təşkilatının İnsan Hüquqları Təhsili üzrə Onilliyi elan olunub. 2011-ci ilin dekabrında Baş Assambleya tərəfindən Birləşmiş Millətlər Təşkilatının İnsan Hüquqları üzrə Təhsil və Təlim Bəyannaməsi qəbul edilib.
YUNESKO-nun 14 dekabr 1960-cı il tarixli "Təhsil sahəsində ayrı-seçkiliklə mübarizə haqqında" Konvensiyası ayrı-seçkiliyin yolverilməzliyini və hər bir insanın təhsil hüququnu bəyan edir. Konvensiyaya əsasən hər bir şəxs və ya şəxslər qrupu təhsilin hər hansı bir pilləsindən məhrum edilə bilməz.
YUNESKO-nun "Beynəlxalq Qarşılıqlı Anlaşma Əməkdaşlıq və Sülh Ruhunda Tərbiyə və İnsan Hüquqlarına və Əsas Azadlıqlarına Hörmət Ruhunda Tərbiyə Haqqında" 19 noyabr 1974-cü il Tövsiyələrinə əsasən hamı ədalət, azadlıq, insan hüquqları və sülhün təntənəsi məqsədilə tərbiyə olunmalı və bu məqsədlərə yönəlmiş fəaliyyət təhsil yolu ilə həyata keçirilməlidir. Bu baxımdan təhsil insan şəxsiyyətinin hərtərəfli inkişafı, cəmiyyətin mənəvi, əxlaqi, sosial və iqtisadi tərəqqisi, həmçinin insan hüquqlarına və əsas azadlıqlarına dərin hörmətin həyata keçirilməsi məqsədi daşımalıdır.
YUNESKO ilə əməkdaşlığın əsas istiqamətlərindən biri "Təhsil hamı üçün (THÜ)" Proqramı ilə bağlıdır. 1998-ci ildə YUNESKO-nun Daşkənddə keçirilmiş tədbirindən sonra Azərbaycan bu Proqrama cəlb olunub. 1999-cu ilin mayında Nazirlər Kabineti "Təhsil hamı üçün" Proqramı üzrə milli qiymətləndirmənin həyata keçirilməsi qaydalarını təsdiq edib. YUNESKO-nun digər ölkələrdə də həyata keçirdiyi bu Proqramın əsas məqsədi hər bir ölkədə təhsilin gələcək inkişaf prioritetlərini müəyyən etmək və "Təhsil hamı üçün" Proqramının məqsədlərinin uğurla həyata keçirilməsinə zəmin yaratmaqdır.
1991-ci ildə müstəqilliyini bərpa etdikdən sonra bir sıra əhəmiyyətli beynəlxalq və regional təşkilatlarla əməkdaşlıq siyasətini həyata keçirən Azərbaycan Respublikası 3 iyul 1992-ci il tarixdə bu təşkilata daxil olubdur.
YUNESKO ilə davam edən əməkdaşlıq çərçivəsində Azərbaycan təşkilatın bir çox konvensiyalarına qoşulub. Onlar arasında təhsil hüququ ilə bağlı "Avropa regionu dövlətlərində tədris kurslarının, ali təhsil haqqında diplomların və elmi dərəcələrin tanınması haqqında" 21 dekabr 1979-cu il tarixli Konvensiyası, "Asiya və Sakit Okean dövlətlərində tədris kurslarının, ali təhsil haqqında diplomların və elmi dərəcələrin tanınması haqqında" 16 dekabr 1983-cü il tarixli Regional Konvensiyası, "Müəlliflik hüququ haqqında" 6 sentyabr 1952-ci il tarixli Ümumdünya Konvensiyası və "Avropa regionunda ali təhsil ixtisaslarının tanınması haqqında" Konvensiya yer almaqdadır.
YUNESKO üzrə Azərbaycan Respublikasının Milli Komissiyası təhsil sahəsində müxtəlif layihələr həyata keçirməkdə və proqramlar icra etməkdədir. Onlar arasında YUNESKO-nun "Assosiativ Məktəblər Layihəsi"nin, "Davamlı İnkişaf Naminə Təhsil Onilliyi", "Hamı üçün Təhsil" və başqa proqramların adını çəkmək olar.
Azərbaycan təhsilinin mühüm inkişaf mərhələləri ulu öndər Heydər Əliyevin adı və fəaliyyəti ilə bağlıdır. Ulu öndər 1998-ci ildə ölkəmizdə təhsil sistemində islahatlar aparılmasına dair xüsusi Sərəncam imzalayıb, qısa müddət ərzində "Azərbaycan Respublikasının təhsil sahəsində İslahat Proqramı" hazırlanıb və 15 iyun 1999-cu il tarixdə ölkə başçısı tərəfindən təsdiq edilib.
Ümummilli lider Heydər Əliyev ölkədə tədris müəssisələri şəbəkəsinin təkmilləşdirilməsi sahəsində də islahatların aparılmasına böyük önəm verib. Onun 13 iyun 2000-ci il tarixdə imzaladığı "Azərbaycan Respublikasında təhsil sisteminin daha da təkmilləşdirilməsi haqqında" Fərmanı bu sahədə aparılan islahatları yeni keyfiyyət mərhələsinə qaldırıb, Fərmanın icrası istiqamətində görülən işlər nəticəsində bir çox ali məktəblərə "universitet" statusu verilibdir.
Əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulan təhsil strategiyası hazırda ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən ölkəmizin davamlı sosial-iqtisadi inkişaf strategiyası çərçivəsində uğurla davam və inkişaf etdirilməkdədir. Son illərdə Prezident İlham Əliyevin təhsil sisteminə diqqət və qayğısı sayəsində ciddi nailiyyətlər qazanılıb, milli təhsil sisteminin aydın sabahını təmin edəcək bir sıra inkişaf proqramları təsdiq olunaraq reallaşdırılmasına başlanılıb, təhsilin davamlı inkişafına yönəlik əsaslı tədbirlər görülübdür.
Ötən dövr ərzində ölkəmizdə təhsil hüququna dair qanunvericilik bazasının təkmilləşdirilməsi istiqamətində bir çox işlər görülüb, "Təhsil haqqında", "Ümumi təhsil haqqında", "Peşə təhsili haqqında" Azərbaycan Respublikasının qanunları, mühüm dövlət proqramları qəbul olunub, bir sıra fərman və sərəncamlar imzalanıbdır.
21 avqust 2004-cü il tarixdə ölkənin təhsil müəssisələrində təlimin keyfiyyətinin yüksəldilməsi və ümumilikdə təhsil sisteminin təkmilləşdirilməsi məqsədilə Azərbaycan Respublikasının Prezidenti tərəfindən imzalanan "Azərbaycan Respublikasında "Bilik günü"nün təsis edilməsi və təhsil müəssisələrində iş rejiminin tənzimlənməsi haqqında" Fərmana əsasən sentyabrın 15-i "Bilik günü" elan edilib.
2005-ci ildə Azərbaycanın dünya təhsil məkanına - Bolonya prosesinə qoşulması ilə təhsilimizin dünya təhsil sisteminə inteqrasiyası istiqamətində mühüm tədbirlər həyata keçirilib.
Azərbaycan Respublikasının Prezidenti tərəfindən 19 oktyabr 2006-cı il tarixdə "Azərbaycan gənclərinin xarici ölkələrdə təhsil almasına dair Dövlət Proqramı haqqında" və 16 aprel 2007-ci il tarixdə "2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramının təsdiq edilməsi barədə" imzalanmış sərəncamlara uyğun olaraq savadlı gənclərimizin dünyanın ən qabaqcıl təhsil sistemi olan ölkələrdə əhsil almaları həm dövlət, həm də özəl üsullarla təmin edilib.
YUNESKO-nun "Təhsil hamı üçün" Konsepsiyası ilə bağlı ölkə Prezidenti İlham Əliyevin 28 dekabr 2006-cı il tarixli Sərəncamı ilə təsdiq olunmuş "Azərbaycan Respublikasında insan hüquqlarının müdafiəsi üzrə Milli Fəaliyyət Planı"nın 38-ci bəndində "YUNESKO-nun "Təhsil hamı üçün" prinsipinin təbliği" istiqamətində mühüm tədbirlər həyata keçirilib və bu tapşırıq müvəffəqiyyətlə icra olunub.
İkili diplom proqramlarının uğurlu nəticələrinə əsaslanaraq Azərbaycan Respublikası Prezidentinin 16 noyabr 2018-ci il tarixli Sərəncamı ilə təsdiq edilən "2019-2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı" çərçivəsində ikili diplom proqramlarının həyata keçirilməsi daha da aktuallaşıb, yeni müqavilələrin imzalanmasına start verilib
Azərbaycan Respublikası Prezidentinin 24 oktyabr 2013-cü il tarixli Sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası"nın konseptual əsasları ölkəmizdə təhsilin inkişafına, dünya təhsil sisteminə inteqrasiyasına, bununla da yeni elm və texnologiya əsrində Azərbaycan brendlərinin formalaşmasına xidmət edir.
Ölkə prezidenti İlham Əliyevin "Təhsil Azərbaycanın davamlı inkişaf strategiyasının ən öncül istiqamətlərindən biridir" konsepsiyası isə cəmiyyətin inkişafında yeni zəmin yaratmaqla yanaşı, dövlət başçısının bu uzaqgörən fikirlərini bir daha təsdiqləyir: "Biz maddi dəyərlərimizi, iqtisadi potensialımızı insan kapitalına çevirməliyik. Çünki insanın savadı, biliyi onun gələcək həyatını müəyyən edir, ölkənin hərtərəfli inkişafına xidmət edir".
Bu gün ölkəmizdə, onun ayrılmaz tərkib hissəsi muxtar respublikamızda təhsil sahəsində aparılan uğurlu islahatlar, bu sahənin xüsusi diqqət və qayğı ilə əhatə olunması gələcəyimiz olan yeniyetmələrin istedadlı və bilikli vətənpərvər kimi yetişmələrinə ən layiqli töhfəsini verməkdədir.
Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 23 avqust 2014-cü il tarixli Fərmanı ilə Elm, texnika, memarlıq, mədəniyyət və ədəbiyyat üzrə Naxçıvan Muxtar Respublikasının Mükafatlar Komissiyasının, 4 sentyabr 2014-cü il tarixli Fərmanı ilə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Bilik Fondunun, 7 sentyabr 2019-cu il tarixli Sərəncamı ilə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Elmin İnkişafı Fondunun yaradılması muxtar respublikada elmi tərəqqi, müasir elmi nəticələrin əldə olunması, gənc alimlərin formalaşması, təhsilin inkişafı istiqamətində yeni mərhələ təşkil edir.
Bununla yanaşı, Naxçıvan Muxtar Respublikası Ali Məclisin Sədrinin 7 iyun 2021-ci il tarixli "Naxçıvan Muxtar Respublikasında STEAM təhsil metodunun tətbiqi ilə bağlı tədbirlər haqqında" və 25 iyun 2021-ci il tarixli "Ali və orta ixtisas təhsili müəssisələrində ixtisasların müvafiq təşkilatlara hamiliyə verilməsinə dair əlavə tədbirlər haqqında" Sərəncamları təhsil sahəsində yeni islahatların tətbiqinin əsasını qoyub.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbovun qeyd etdiyi kimi: "Muxtar respublikada təhsilin inkişafı beynəlxalq aləmə inteqrasiya, elmi-tədqiqat işlərinin səviyyəsinin yüksəldilməsi, yüksək ixtisaslı kadr hazırlığı işinə müasir yanaşmanı əhatə etməklə ümummilli lider Heydər Əliyevin əsasını qoyduğu təhsil siyasətinə əsaslanır".

  
15.09.2022













      

Copyright © 2009. Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman).