3:44 AZ | RUS | ENG

.

               Təqvim

Super Ajax Calendar


Səhifənin xəritəsi



xəbərlər

Boşanma zamanı kreditlə alınmış əmlak necə bölünməlidir?.
 
Nikahın pozulması zamanı əmlakın ər və arvad arasında bölüşdürülməsi ən problemli və mübahisəli məsələlərdəndir. Müasir dövrdə əmlaklar, xüsusilə də mənzillər təkcə nağd ödənişlə deyil, həm də ipoteka kreditləşməsi yolu ilə alınır.
Azərbaycan Respublikası Konstitusiyasının 34-cü maddəsində ər ilə arvadın ailə münasibətlərində bərabər hüquqlara malik olduqları müəyyən edilmişdir.
Azərbaycan Respublikası Mülki Məcəlləsinin 213-cü maddəsinə əsasən iki və daha artıq şəxsin mülkiyyətində olan əşya onlara ümumi mülkiyyət hüququ əsasında mənsubdur. Ümumi birgə mülkiyyət qanunvericiliklə nəzərdə tutulan əsaslardan əmələ gəlir. Belə əsaslardan biri də nikahdır.
Mülki Məcəllənin 225.1-ci maddəsinə əsasən ərlə-arvadın nikah dövründə qazandıqları əmlak, əgər nikah kontraktında və ya onlar arasındakı razılaşmada ayrı qayda nəzərdə tutulmayıbsa, onların ümumi mülkiyyəti sayılır. Ailə Məcəlləsinin 32.1-ci maddəsi də nikah müddətində ər-arvadın əldə etdikləri əmlakın onların məhz ümumi birgə mülkiyyəti olduğunu müəyyən edir.
Ər-arvadın ümumi birgə mülkiyyətinə onların hər birinin əmək, sahibkarlıq və ya intellektual fəaliyyəti nəticəsində əldə etdikləri gəlirlər, aldıqları pensiya və müavinətlər, eləcə də xüsusi təyinatı olmayan digər pul ödəmələri, ər-arvadın ümumi gəlirləri hesabına əldə edilən daşınar və daşınmaz əşyalar, qiymətli kağızlar, kredit idarələrinə və s. kommersiya təşkilatlarına qoyulmuş paylar, əmanətlər, kapitaldan olan paylar və nikah dövründə ər-arvadın qazandığı hər hansı sair əmlak daxildir. Qanunverici əmlakın ər-arvaddan kimin adına əldə olunmasından, yaxud əmanətin kimin adına və ya kim tərəfindən qoyulmasından asılı olmayaraq nikah dövründə tərəflərin qazandığı əmlakın onların ümumi birgə mülkiyyətini təşkil etdiyini təsbit etmişdir.
Qeyd edilməsi zəruridir ki, əmlak anlayışı bir əşyanı və ya maddi dəyəri olan konkret bir subyektiv hüququ deyil, bir şəxsə mənsub maddi dəyəri olan bütün subyektiv hüquqların və öhdəliklərin cəmini ifadə edir. Yəni mülki hüquqda əmlak anlayışı şəxsin bütöv iqtisadi vəziyyətini ifadə edir. Bu isə ərin (arvadın) ümumi mülkiyyət üzərində sərəncam verməsi nəticəsində əmələ gələn vəzifələrini də əhatə edir. Belə ki, ərin (arvadın) ümumi əmlakının qanuni rejiminin tərkibinə ümumi birgə mülkiyyət əsasında onlara məxsus obyektlər, özündə tələb hüququ ilə yanaşı borcları (aktiv və passiv) ehtiva edən ümumi öhdəliklər də daxildir.
Şəxsə mənsub maddi dəyərə malik olan bütün hüquqlar əmlakın aktiv qismini, iqtisadi mahiyyət kəsb edən öhdəliklər isə onun passiv qismini təşkil edir.
Mülki Məcəllənin 225-ci, Ailə Məcəlləsinin 31 və 32-ci maddələrində ər-arvadın birgə nikah dövründə qazandığı əmlakın ümumiliyi prezumpsiyası müəyyən edildiyindən, onların kimin adına olmasından asılı olmayaraq ailə ehtiyaclarının təmin edilməsi məqsədilə əldə etdiyi əmlak xarakterli öhdəliklər də ümumi birgə əmlaka daxildir.
Qanunverici mülki hüquqi bərabərlik prinsipindən çıxış edərək ümumi əmlakın bölünməsi zamanı bir qayda olaraq ər-arvadın ümumi əmlakdakı paylarının bərabər olduğunu təsbit etmişdir. Nəzərə alınmalıdır ki, bu müddəa ümumi əmlakın bölünməsi zamanı təkcə mülkiyyət payının bölünməsini deyil, iqtisadi dəyərə malik olan tələb hüquqlarının və yerinə yetirilməli olan öhdəliklərin bölünməsi hallarını da əhatə edir.
Qeyd edilən hüquqi yanaşmaya əsasən ər-arvadın nikah dövründə ərin və ya arvadın kredit müəssisələrindən aldığı kreditlər ailənin ümumi tələbatına yönəldilmişdirsə, həmin kredit borcu ər-arvadın ümumi birgə mülkiyyəti sayılır və ümumi borc olaraq ər-arvad arasında əmlakın bölgüsü halında hər birinin əmlakdakı payına uyğun bölünməlidir.
Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun "Azərbaycan Respublikası Ailə Məcəlləsinin 32 və 36-cı maddələri baxımından həmin Məcəllənin 37.3-cü maddəsinin şərh edilməsinə dair" 23 iyul 2021-ci il tarixli Qərarında formalaşdırılan hüquqi mövqeyə əsasən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 225-ci, Ailə Məcəlləsinin 32 və 41.2-ci maddələrinin tələblərinə uyğun olaraq, nikah dövründə ərin və ya arvadın ailə ehtiyaclarının təmin edilməsi məqsədi ilə üzərinə götürdüyü öhdəliklər ər-arvadın ümumi əmlakına daxil olmaqla hər ikisi üçün vəzifələr yaradır. Bu baxımdan Ailə Məcəlləsinin 36-cı maddəsində nəzərdə tutulmuş ər-arvadın ümumi əmlakının bölgüsü müddəası onların mülkiyyət paylarının, iqtisadi dəyərə malik olan tələb hüquqlarının və yerinə yetirilməli olan borc öhdəliklərinin bölünməsini də ehtiva edir.
Belə ki, qanunverici ailə institutunu ər-arvadın şəxsi münasibətlərindən yaranan birgəliyi ilə yanaşı, həm də təsərrüfat birliyi kimi nəzərdən keçirdiyindən onların nikah dövründə əldə etdikləri əmlakın da ər-arvadın birgə təsərrüfat fəaliyyətlərinin nəticəsi olaraq ümumi birgə mülkiyyətlərini təşkil etdiyini qəbul etmişdir.
Qeyd olunan müddəalardan belə nəticəyə gəlmək olar ki, əgər kreditlə alınmış əmlak ər və arvadın ümumi birgə mülkiyyəti hesab olunursa, boşanma zamanı bərabər şəkildə bölünməlidir. Belə ki, əgər ipoteka krediti ilə alınmış əmlak ərin (və ya arvadın) mülkiyyətindədirsə və bunun müəyyən hissəsi birgə nikah dövründə ödənilmişsə, bu zaman yerdə qalan borc hər iki tərəf arasında bərabər şəkildə bölünməklə ödənilməlidir. Amma arvad (və ya ər) bu borcu ödəməkdən imtina edərsə, ər (arvad) həmin vaxta qədər ödənilən məbləğin və ipoteka kreditinə görə verilmiş ilkin ödənişin yarısını ona qaytarmalıdır. Bundan sonra ər (arvad) yerdə qalan borcu özü ödəməli və yekunda əmlak ona qalmalıdır. Əgər ər arvada bu pulu ödəməkdən boyun qaçırarsa, məhkəmə əmlakdan arvada (ərə) həmin məbləğdə müvafiq pay verməli və ya məhkəmə tərəfindən mənzil satışa çıxarılmaqla müvafiq payın qiyməti satışdan əldə edilən məbləğdən ona ödənilməlidir.
Bununla yanaşı, əgər hər iki tərəf qalıq kredit borcunu ödəməkdən imtina edərsə, bank tərəfindən ipotekaya xitam verilərək əmlak satışa çıxarıla bilər. Satışdan əldə edilən məbləğlə bankın borcu ödənilməli, bundan sonra qalıq vəsait olarsa, həmin vəsait ər və arvad arasında bərabər bölünməlidir. Mənzilin və ya əmlakın daha aşağı qiymətə satıldığı və bankın borcunun tam ödənilə bilmədiyi hallarda isə qalıq borc tərəflər arasında yarıbayarı bölünməklə ödənilməlidir. Onlar bu borcu ödəməkdən imtina edə bilməzlər.
 
 
19.09.2022













      

Copyright © 2009. Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman).