19:51 AZ | RUS | ENG

.

               Təqvim

Super Ajax Calendar


Səhifənin xəritəsi



xəbərlər

21 sentyabr Beynəlxalq Sülh Günüdür.
 
Sülh sabitlik və inkişafın təməlidir.
 
Birləşmiş Millətlər Təşkilatı 1981-ci ildə 21 sentyabrın "Beynəlxalq Sülh Günü" kimi qeyd olunması barədə Qərar qəbul etmişdir. Həmin tarixdən etibarən 21 sentyabr bütün dünyada "Beynəlxalq Sülh Günü" kimi qeyd olunur.
 
 
Mahiyyətcə dinclik, əmin-amanlıq, qurub-yaratmaq, sosial, iqtisadi və mədəni inkişaf, insanların birlik və bərabərlik şəraitində yaşamasını özündə ehtiva edən sülh bəşəri məfhumdur. İnsanlar arasında sülh dəyərlərini yaymaq, sülh mədəniyyətini təbliğ etmək zəruridir. Bu proses hər ölkədə və regionda onun tarixindən, mədəniyyətindən və ənənələrindən asılı olaraq özünəməxsus şəkildə inkişaf etdirilir.
Ümummilli liderimiz Heydər Əliyev Azərbaycanda ikinci dəfə siyasi hakimiyyətə qayıtdıqdan sonra bəşəriyyətə qarşı törədilmiş dəhşətli cinayət olan Xocalı soyqırımının əsl mahiyyəti açılmış və 1994-cü ilin fevralında Azərbaycan Respublikasının Milli Məclisində Xocalı soyqırımına hüquqi-siyasi qiymət verilmişdir. Ulu öndər böyük müdriklik və uzaqgörənliklə qan tökülməsinin qarşısını almış, 1994-cü ilin mayında atəşkəs haqqında müqaviləni imzalamaqla müharibənin müvəqqəti də olsa dayandırılmasına nail olmuşdur. Bu isə təbii ki, insan tələfatının qarşısının alınması ilə bərabər, regionda sabitliyin yaranması, ölkəmizin iqtisadi və hərbi gücünün artmasına səbəb olmuşdur.
Ulu öndər həmin dövrdə beynəlxalq ictimaiyyətin diqqətini Ermənistanın Azərbaycan ərazilərinə hərbi təcavüzünə yönəltmiş, münaqişənin sülh yolu ilə həll olunması istiqamətində ardıcıl tədbirlər görmüşdür. Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurası Ermənistan tərəfindən işğal olunmuş Azərbaycan ərazilərinin qeyd-şərtsiz azad edilməsi üçün 822, 853, 874 və 884 saylı qətnamələr qəbul etmişdir. Bundan başqa, ATƏT-in 1994-cü il Budapeşt, 1996-cı il Lissabon və 1999-cu il İstanbul sammitlərində münaqişənin dinc və siyasi yollarla həlli istiqamətində də bir sıra mühüm təkliflər irəli sürülmüşdür. Xüsusilə 1996-cı ildə ATƏT-in Lissabon Zirvə Görüşü zamanı ümummilli liderin siyasi uzaqgörənliyi və müdrikliyi sayəsində Azərbaycanın mövqeyi dünyanın haqq və ədalət hissini itirməyən 53 dövləti tərəfindən qəbul və müdafiə olunmuş, xalqımıza qarşı törədilmiş faciələr, soyqırımı aktları tanınmışdır.
Böyük şəxsiyyətin rəhbərliyi ilə hazırlanmış və 1995-ci ilin 12 noyabrında ümumxalq səsverməsi yolu ilə qəbul edilmiş Azərbaycan Respublikası Konstitusiyasının preambula hissəsində ümumbəşəri dəyərlərə sadiq olaraq bütün dünya xalqları ilə dostluq, sülh və əmin-amanlıq şəraitində yaşamaq və bu məqsədlə qarşılıqlı fəaliyyət göstərmək Azərbaycan dövlətinin ən ülvi niyyəti kimi təsbit olunmuşdur. Ümummilli lider Heydər Əliyevin sülhün və əmin-amanlığın əldə olunması istiqamətindəki əvəzsiz xidmətləri bütün dünya xalqları tərəfindən yüksək qiymətləndirilmiş, dahi şəxsiyyət 1999-cu il noyabrın 1-də Beynəlxalq Atatürk Sülh Mükafatına layiq görülmüşdür.
Bu gün müasir Azərbaycan dövlətinin qurucusu, dahi şəxsiyyət Heydər Əliyevin sülhsevər siyasəti onun siyasi varisi, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Ölkə başçısının uğurlu inkişaf strategiyası nəticəsində Azərbaycan bu gün öz iqtisadi qüdrətini daim artıran, eyni zamanda mütərəqqi beynəlxalq normalara uyğun insan hüquq və azadlıqları sistemini formalaşdıran dövlətə çevrilmişdir. "Azərbaycan sülhün, təhlükəsizliyin qarantıdır", - deyən dövlət başçısının apardığı gərgin daxili və xarici siyasət nəticəsində ölkəmizin beynəlxalq aləmdə nüfuzu artmış, dünya dövlətləri və nüfuzlu beynəlxalq təşkilatlar Azərbaycanın haqq işini dəstəkləyərək ölkəmizin ərazi bütövlüyünü tanımışdır. Belə ki, Cənubi Qafqazda ən qüdrətli və güclü orduya malik olan ölkəmiz daim beynəlxalq hüquq normalarına sadiqliyini nümayiş etdirərək Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə, qan tökülmədən, beynəlxalq hüququn hamılıqla tanınmış ərazi bütövlüyü və sərhədlərin toxunulmazlığı prinsipləri əsasında qeyd-şərtsiz həll olunması sahəsində zəruri addımlar atmışdır. Bütün bunlara baxmayaraq, işğalçı Ermənistan cəzasızlıq şəraitində daha da irəli gedərək Azərbaycanı yeni torpaqlar uğrunda yeni müharibə ilə hədələyir, dövlət sərhədi və keçmiş təmas xətti boyu hərbi təxribatlara əl atırdı. 27 sentyabr 2020-ci il tarixdən başlayaraq Ermənistan silahlı qüvvələri beynəlxalq hüququn norma və prinsiplərini, 1949-cu il tarixli Cenevrə konvensiyalarını və onlara əlavə edilmiş protokolları, BMT-nin Təhlükəsizlik Şurasının qərar və qətnamələrini kobud şəkildə pozaraq ölkəmizin sərhəd rayonlarına, şəhər və kəndlərə, yaşayış məntəqələrinə və sosial obyektlərə müxtəlif növ iriçaplı artilleriya qurğuları və digər silahlardan atəş açmış, nəticədə, mülki əhali arasında tələfat olmuş, təhsil və səhiyyə müəssisələri, sosial, mədəni, tarixi, dini obyektlər ağır artilleriya qurğularından və qadağan olunmuş silahlardan istifadə edilməklə dağıdılmışdır.
Ölkəmiz erməni təxribatının qarşısını almaq məqsədilə 44 günlük Vətən müharibəsinə başladı və rəşadətli Ordumuz 30 il işğal altında olan torpaqlarımızı azad edərək tarixi qələbə qazandı, ərazi bütövlüyümüz bərpa edildi. İkinci Qarabağ müharibəsində tamamilə məğlub edilən Ermənistan 10 noyabr 2020-ci il tarixdə kapitulyasiya haqqında Bəyanatı imzalamağa məcbur oldu. Bununla da regionda real sülhün bərqərar olması üçün fundamental əsaslar yarandı. Bu əsaslar Azərbaycan xalqının, Silahlı Qüvvələrimizin və Ali Baş Komandan cənab İlham Əliyevin regionda yaratdığı yeni sülh və əməkdaşlıq erasını şərtləndirən amil oldu. "...nümayiş etdirdiyimiz və elan etdiyimiz addımlar Qafqazda sülhə töhfə vermək üçün iradəmizin bariz nümunəsidir. Biz Qarabağı yenidən qururuq, iqtisadiyyatımızı gücləndirmək üçün resurslarımızı səfərbər edirik çünki onsuz gözəçarpan vəsaitləri ayırmaq asan olmaz. Eyni zamanda biz Qafqazda sülh gündəliyini təşviq edirik. Hesab edirəm ki, bütün istiqamətlərdə təşəbbüs bizim əlimizdədir. Həmin təşəbbüs sülhə xidmət edir və etməlidir".
Üçtərəfli Bəyanatın 9-cu bəndində qeyd olunduğu kimi, regiondakı bütün iqtisadi və nəqliyyat əlaqələri bərpa edilir, bölgədə yerləşən dövlətlərin vətəndaşlarının, nəqliyyat vasitələrinin və yüklərin hər iki istiqamətdə maneəsiz hərəkətinin təşkili məqsədilə yaradılacaq dəhliz vasitəsilə Azərbaycanın qərb rayonları ilə Naxçıvan Muxtar Respublikası arasında nəqliyyat əlaqəsi bərpa olunur. Dəhliz region dövlətlərinin istifadəsi üçün zəmin yaradacaq.
Ermənistan 2020-ci il noyabrın 10-da imzalanan Bəyanatla üzərinə müəyyən öhdəliklər götürməsinə baxmayaraq, həmin öhdəlikləri yerinə yetirməkdən müxtəlif bəhanələrlə yayınmış, iki ölkə arasında münasibətlərin normallaşması istiqamətində atılan addımlara, Ermənistanla sülh müqaviləsi imzalamağa hazır olmağımıza dair ən yüksək səviyyədə edilən bəyanatlara məhəl qoymamışdır. Bunlara baxmayaraq, Azərbaycan qlobal öhdəliklərə, humanizm dəyərlərinə sadiqliyini daim nümayiş etdirir, sülh və təhlükəsizliyin gerçəkləşdirilməsi istiqamətində çevik, konstruktiv siyasət həyata keçirir. Bütün bu səylər isə dünyada yüksək dəyərləndirilir, beynəlxalq ictimaiyyət tərəfindən dəstəklənir. Prezident cənab İlham Əliyevin siyasi uzaqgörənliyi, prinsipial məqamlarda qətiyyətli mövqeyi, diplomatik bacarığı sayəsində ölkəmiz daha uca zirvələrə, daha böyük qələbələrə doğru irəliləyir. Belə ki, 10 noyabr Bəyanatının 6-cı bəndinə uyğun olaraq Azərbaycan Laçın şəhərindən yan keçən yolun tikintisini nəzərdə tutulan 3 il ərzində deyil, daha qısa bir vaxtda tamamladığı üçün bu ilin avqustun 26-da Laçın şəhəri, eləcə də Zabux və Sus kəndləri Azərbaycan Ordusu tərəfindən tam nəzarətə götürüldü.
Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin rəhbərliyi ilə həyata keçirilən dövlət siyasəti nəticəsində Naxçıvan blokada şəraitində inkişafın əsl nümunəsini ortaya qoyaraq Azərbaycanın sürətlə tərəqqi edən təhlükəsiz diyarına çevrilmişdir. Sülh və əmin-amanlıq şəraitində muxtar respublikanın daxili imkanlarından və ehtiyat mənbələrindən səmərəli istifadə olunmuş, həyata keçirilən sabitləşmə, dönüş və inkişaf konsepsiyası iqtisadi və sosial müstəvidə yüksələn xətlə davam etdirilmiş, məqsədyönlü və davamlı inkişaf strategiyası nəticəsində muxtar respublikamızın hərtərəfli tərəqqisində mühüm amil olan ictimai-siyasi sabitlik qorunub saxlanılmışdır. Ötən dövrdə muxtar respublikada bütün parametrlər üzrə iqtisadi sabitliyə və davamlı inkişafa nail olunması, daxili imkanlardan səmərəli istifadə edilməsi, müdafiə, ərzaq və enerji təhlükəsizliyinin təmin olunması, sosial layihələrin əhatə dairəsinin genişləndirilməsi əhalinin maddi rifah halının yaxşılaşdırılmasının, muxtar respublikanın sürətli sosial-iqtisadi inkişafının bariz nümunəsidir. Naxçıvan şəhərinin 2018-ci il üçün İslam Mədəniyyətinin Paytaxtı elan olunması isə Azərbaycanın bu qədim diyarındakı zəngin mədəni-mənəvi irsə verilən yüksək qiymətin təzahürü idi.
Bu gün Azərbaycan öz ərazi bütövlüyünü qoruyur və yaranacaq hər hansı münaqişənin həllinin beynəlxalq hüququn normaları çərçivəsində həll olunmasını istəyir. Bu istək isə hüquqi dövlət kimi Azərbaycanın bir daha sülhməramlı siyasətə sadiqliyindən irəli gəlir. Çünki müstəqil Azərbaycan sülhün keşiyində duran, hər zaman qədim dövlətçilik ənənələrinə, eyni zamanda beynəlxalq hüququn hamılıqla qəbul edilmiş prinsiplərinə sadiq olan hüquqi dövlətdir. Ümummilli lider Heydər Əliyevin də dediyi kimi: "Azad və demokratik cəmiyyət quruculuğu yolunda qətiyyətli addımlarını atan və geosiyasi cəhətdən olduqca həssas bölgədə yerləşən müstəqil Azərbaycan Respublikası üçün sülhün, sabitliyin hökm sürdüyü təhlükəsiz mühit həyati əhəmiyyət kəsb edən bir məsələdir".
 
 
21.09.2022













      

Copyright © 2009. Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman).