16:28 AZ | RUS | ENG

.

               Təqvim

Super Ajax Calendar


Səhifənin xəritəsi



xəbərlər

Birdən çox qazancı (gəliri) olan borcludan tutmalar hansı qaydada həyata keçirilir?.
 
"İcra haqqında" Azərbaycan Respublikası Qanununun 43-cü maddəsinə əsasən borclunun əmlakı üzərinə həbs qoymaq və onu satmaq yolu ilə tələbin əmlaka yönəldilməsi, tələbin borclunun əmək haqqına, pensiyasına, təqaüdünə və sair gəlirlərinə yönəldilməsi, tələbin borclunun üçüncü şəxslərdə olan pul vəsaitlərinə və digər əmlakına yönəldilməsi, icra sənədində göstərilmiş müəyyən əşyaların borcludan götürülüb tələbkara verilməsi və qanunvericiliyə uyğun olaraq icra sənədinin icrasını təmin edən başqa tədbirlər məcburi icra tədbirləri sayılır.
Məcburi icra tədbirləri icra olunarkən birdən çox qazancı (gəliri) və ya əmlakı olan borcludan tutmaların həyata keçirilməsi növbəliliyə əsasən müəyyən olunur.
Belə ki, qeyd olunan tədbirlər üzrə icra sənədləri icra olunarkən tələb ilk növbədə borclunun manatla və xarici valyuta ilə, o cümlədən banklarda və digər kredit təşkilatlarında olan pul vəsaitlərinə və başqa sərvətlərinə yönəldilməklə, borcluda aşkar edilən nağd pul vəsaitləri götürülür. Borclunun banklarda və digər kredit təşkilatlarında hesablarda və əmanətlərdə, habelə saxlancda pul vəsaitlərinin və başqa sərvətlərinin olması barədə məlumat olduqda, onların üzərinə həbs qoyulur.
Tələbkarın tələblərinin təmin edilməsi üçün borclunun manatla yetərli pul vəsaitləri olmadıqda, tələb borclunun xarici valyutada olan pul vəsaitlərinə yönəldilir. Yetərli pul vəsaitləri olmadıqda isə qanunvericiliyə uyğun olaraq tələbin yönəldilə bilmədiyi əmlak istisna olmaqla, tələb borcluya məxsus olan digər əmlaka yönəldilir.
Tələb, borclunun əmlakına, o cümlədən nağd yaxud banklarda və ya digər kredit təşkilatlarında hesablarda və əmanətlərdə, habelə saxlancda olan pul vəsaitlərinə və başqa sərvətlərinə, icra ödənişinin ödənilməsi və icra hərəkətlərinin həyata keçirilməsi üçün çəkilən xərclər də nəzərə alınmaqla, icra sənədinin icrası üçün lazım olan miqdarda və həcmdə yönəldilir.
Tələbin borclunun əmək haqqına və digər gəlirlərinə yönəldilməsinə aşağıdakı hallarda yol verilir:
  • vaxtaşırı ödəmələrin tutulması haqqında icra sənədləri icra edildikdə;
  • icra sənədində göstərilən tələb üzrə tutulmalı olan məbləğin həcmi qanunla müəyyən edilmiş miqdardan artıq olmadıqda;
  • tələbin tam ödənilməsi üçün borclunun əmlakı olmadıqda və ya onun əmlakı kifayət etmədikdə.
"İcra haqqında" Qanunun 68-ci madəsinə əsasən tələb borcluya ödənilən sağlamlığa vurulmuş ziyana görə, habelə ailəni dolandıranın itkisi nəticəsində zərər çəkmiş şəxslərə vurulmuş ziyana görə ödənilən məbləğlərə, xidməti vəzifəsini yerinə yetirərkən xəsarət almış şəxslərə, həmin şəxslər həlak olduqda (öldükdə) isə onların ailə üzvlərinə ödənilən məbləğlərə, uşağın doğulması ilə əlaqədar çoxuşaqlı analara, tənha ata və ya anaya, pensiyaçılara, orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxslərə, eləcə də 18 yaşınadək əlilliyi müəyyən edilmiş şəxslərə qulluğa görə, sağlamlığa vurulmuş ziyan nəticəsində zərər çəkmiş şəxslərə əlavə qidaya, protezləşdirməyə, sanatoriya-kurort müalicəsinə, habelə həmin şəxslərə qulluğa görə ödənilən məbləğlərə, ağır və zərərli əmək şəraitində işə görə ödənilən məbləğlərə, işdənçıxarma müavinətinin məbləğinə, həmçinin aliment öhdəlikləri üzrə ödənilən məbləğlərə və qanunvericiliklə nəzərdə tutulan digər gəlirlərə yönəldilə bilməz.
Qeyd etmək lazımdır ki, icra sənədi üzrə borcludan tutmalar həyata keçirilərkən "İcra haqqında" Azərbaycan Respublikası Qanununun tələblərinə əməl edilməlidir. Belə ki, həmin Qanunun 65-ci maddəsinə əsasən icra sənədi icra edilərkən borclunun əmək haqqından və ona bərabər sayılan digər gəlirlərindən tutmaların məbləği 50 faizdən çox ola bilməz. Tələb bir neçə icra sənədi üzrə borclunun əmək haqqına və ona bərabər sayılan digər gəlirlərinə yönəldildikdə, qazancın 50 faizi borcluda qalmalıdır.
Azərbaycan Respublikası Əmək Məcəlləsinin 176-cı maddəsində də məcburi icra tədbirləri həyata keçirilərkən əmək haqqından tutulan məbləğlərin miqdarında məhdudiyyət müəyyən olunur. Həmin maddəyə əsasən əmək haqqından bir neçə icra sənədinə əsasən məbləğlər tutularkən, bütün hallarda işçinin əmək haqqının əlli faizi saxlanmalıdır.
Lakin alimentlərin tutulması, sağlamlığa vurulmuş ziyanın ödənilməsi, ailəni dolandıranın itkisi nəticəsində zərər çəkmiş şəxslərə vurulmuş ziyanın ödənilməsi və cinayət nəticəsində vurulmuş ziyanın ödənilməsi zamanı bu məhdudiyyətlər tətbiq edilmir. Belə hallarda isə əmək haqqından və ona bərabər sayılan digər gəlirlərdən tutmaların məbləği 70 faizdən çox ola bilməz.
İstənilən halda tutmalar həyata keçirilərkən əmək haqqının, qazancın və ya digər gəlirlərin 50 faizinin (aliment öhdəliklərinə münasibətdə isə azı 30 faizinin) borcluda saxlanması onun öz həyat şəraitinin təmin edilməsinə yönəlmişdir.
Ailə Məcəlləsinin 105-ci maddəsində aliment ödəyicilərinin əmlakına və digər gəlirlərinə ödəmənin yönəldilməsinin növbəliliyi də müəyyən edilmişdir. Belə ki, aliment ödənilməsi barədə saziş və ya məhkəmənin qətnaməsi əsasında müəyyən olunmuş miqdarda aliment, habelə aliment üzrə borclar ilk növbədə aliment ödəməli olan şəxsin qazancından və ya digər gəlirlərindən tutulur. Qazanc və ya digər gəlirlər çatışmadıqda aliment onu ödəməli olan şəxsin bankdakı və s. kredit idarələrindəki hesabında olan pul vəsaitindən, eləcə də mülkiyyət hüququnun başqasına verilməsinə səbəb olan müqavilələr istisna olmaqla, müqavilə əsasında kommersiya və qeyri-kommersiya təşkilatlarına verilən pul vəsaitindən tutulur. Bu vəsaitlər çatışmadıqda isə tələb aliment ödəməli olan şəxsin qanunla tələb yönəldilə bilən başqa əmlakına yönəldilə bilər.
Göründüyü kimi, aliment ödəməli olan şəxsin birinci və ikinci növbədə ödəmələr yönəldilə bilən əmlakı və ya gəlirləri kifayət etmədikdə, tələb qanunla onun ödəmə yönəldilə bilən başqa əmlakına yönəldilir.
Bununla yanaşı, aliment öhdəliklərinə münasibətdə tutmaların yönəldilməsi üçün Ailə Məcəlləsinin 77-ci maddəsinə uyğun olaraq Azərbaycan Respublikası Nazirlər Kabineti 2001-ci il 23 may tarixli Qərarı ilə "Uşaqlar üçün valideynlərinin aliment tutulan, manat və xarici valyuta ilə aldıqları əmək haqqının və (və ya) başqa gəlirlərinin növləri"ni təsdiq edilib. Həmin Qərara əsasən uşaqlar üçün aliment valideynlərinin manat və xarici valyuta ilə aldıqları əmək haqqından və ya başqa gəlir növlərindən tutulur.
"İcra haqqında" Qanunun 49-cu maddəsinə əsasən fiziki şəxslər barəsində icra sənədi icra olunarkən, borclu və onun ailə üzvləri üçün zəruri olan ərzaq məhsullarına, daimi istifadə edilən qab-qacağa və mətbəx ləvazimatına, digər ilk zərurət əşyalarına, habelə ixtisas üzrə kitablara və peşə fəaliyyəti ilə məşğul olmaq üçün avadanlığa tələb yönəldilə bilməz.
Fiziki şəxslər barəsində icra sənədləri icra olunarkən, tələbin yönəldilməsinə yol verilməyən əmlak növlərinin dəqiq siyahısı isə Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 5 iyun 2002-ci il tarixli Qərarı ilə müəyyən olunur.
 
07.10.2022













      

Copyright © 2009. Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman).