23:33 AZ | RUS | ENG

.

               Təqvim

Super Ajax Calendar


Səhifənin xəritəsi



xəbərlər

10 Oktyabr Ümumdünya Psixi Sağlamlıq Günüdür.
 
İnsanların normal həyat sürməsi və fəaliyyət göstərməsi üçün bir çox amillərin yerində olması vacibdir. Bunların ən başlıcası insanların sağlamlığıdır. İnsan bədəni sağlam olmadıqca heç bir normal fəaliyyətdən və inkişafdan söz gedə bilməz. Sağlam insan dedikdə, təkcə onun bədəninin sağlamlığı deyil, həm də onun əqli, yəni psixi sağlamlığı nəzərdə tutulur.
Psixi sağlamlıq insanın öz qabiliyyətlərini reallaşdıra bildiyi, adi həyat streslərinin öhdəsindən gəldiyi əmin-amanlıq vəziyyətidir. Sağlam davranış, düzgün qidalanma, təhlükəsiz əmək şəraiti, sanitar-gigiyenik normalara əməl edilməsi, balanslaşdırılmış iş və istirahət rejimi, idmanla məşğul olmaq psixi sağlamlığın yaranmasına kömək edir. Bu mənada psixi sağlamlıq həm insanın firavanlığının, həm də cəmiyyətin effektiv fəaliyyətinin əsasıdır.
 
 
Ümumdünya Səhiyyə Təşkilatı bildirmişdir ki, sağlamlıq yalnız xəstəliklərin olmaması deyil, eləcə də, normal fiziki, psixi və sosial rifahın olmasıdır. Buraya sağlamlığın möhkəmləndirilməsi, psixi pozğunluqların profilaktikası, həmçinin psixi pozğunluqlardan əziyyət çəkən insanların müalicəsi və reabilitasiyası daxildir.
Dünya əhalisinin psixi sağlamlıq problemləri ilə bağlı məlumatlılıq səviyyəsini yüksəltmək məqsədilə 1992-ci ildən başlayaraq, hər il 10 Oktyabr Ümumdünya Psixi Sağlamlıq Günü kimi qeyd edilir.
Bu tarixi gün Ümumdünya Psixi Sağlamlıq Federasiyasının təşəbbüsü ilə Birləşmiş Millətlər Təşkilatında qeyd olunan beynəlxalq günlər siyahısına daxil edilmişdir.
Ümumdünya Psixi Sağlamlıq Gününün məqsədi psixi sağlamlıq probleminə yanaşmada dünya əhalisinin məlumatlılıq səviyyəsini yüksəltməkdir. Belə ki, Ümumdünya Psixi Sağlamlıq Günündə qlobal miqyasda psixi pozuntular mövzusu cəmiyyətdə daha açıq şəkildə müzakirə edilir, psixi sağlamlığın möhkəmləndirilməsi istiqamətində maarifləndirici tədbirlər həyata keçirilir. Eləcə də psixoloji xəstəliklər, psixi pozğunluğun profilaktikası və müalicə xidmətlərinə sərmayə yatırılmasını stimullaşdırmaq üçün müəyyən işlər görülür.
Psixi pozuntular dünyanın istənilən ölkəsində, hər iki cinsin nümayəndələrində və hər bir yaşda, sosial və etnik qruplara mənsubiyyətdən asılı olmayaraq meydana çıxır, xəstələrin özünə və onların yaxınlarına çox böyük iztirablar gətirir. Eyni zamanda psixi pozuntular bütün cəmiyyətin üzərinə düşən ağır yükdür və mütəxəssislərin proqnozlarına görə bu yük get-gedə artmaqdadır. Psixi və davranış pozuntuları təkcə iqtisadi deyil, həm də çox böyük ictimai itkilərlə - intiharlar, zorakılıq, narkomaniya, yoxsulluq, evsizlik, stiqma (psixi xəstəliyin bir damğa kimi qəbul edilməsi), ayrı-seçkilik kimi amillərlə bağlıdır.
Avropada psixi pozuntuların mənfi nəticələrinin azaldılması məqsədilə Avropa Regionunun 52 ölkəsinin nümayəndələri tərəfindən 14 yanvar 2005-ci ildə Finlandiyanın paytaxtı Helsinki şəhərində Avropa ölkələri Səhiyyə Nazirlərinin Bəyannaməsi və Psixi Sağlamlığın Qorunması üzrə Avropa Fəaliyyət Planı qəbul edilmişdir. Həmin sənədə görə psixi sağlamlığın qorunması sahəsində tədbirlər görməyə imkan verən, bütün əhalinin rifah səviyyəsini yüksəltməyə qabil olan, psixi sağlamlıq problemlərinin qarşısının alınması və profilaktikasını təmin edən, həmçinin psixi problemləri olan şəxslərin sosial inteqrasiyası və fəaliyyət imkanlarını genişləndirən strategiyalar və qanunvericilik aktları yaxın beş-on il ərzində işlənib hazırlanmalı, tətbiq edilməli və effektivliyi qiymətləndirilməlidir.
Psixi pozuntudan əziyyət çəkən vətəndaşların hüquq və azadlıqlarının qorunması Azərbaycan Respublikasının əsas prioritetlərindən biridir. Belə ki, Azərbaycan Respublikası da Avropa ölkələri Səhiyyə Nazirlərinin Bəyannaməsinə imza atmış və Psixi Sağlamlığın Qorunması üzrə Avropa Fəaliyyət Planının yerinə yetirilməsi ilə bağlı öz üzərinə öhdəlik götürmüşdür.
Həmçinin Azərbaycan Birləşmiş Millətlər Təşkilatı Baş Assambleyasının 46/119 saylı 17 dekabr 1991-ci il tarixli "Psixi xəstəlikləri olan şəxslərin müdafiəsi prinsipləri və psixiatriya yardımının yaxşılaşdırılması" Qətnaməsinə, "Uşaq hüquqları haqqında" Birləşmiş Millətlər Təşkilatının Konvensiyasına, "İşgəncənin və qeyri-insani və ya ləyaqəti alçaldan rəftarın və ya cəzanın qarşısının alınması haqqında" Avropa Konvensiyasına qoşulmuşdur. Ümumdünya Psixiatriya Assosiasiyasına üzv olarkən Azərbaycanın səlahiyyətli nümayəndələri tərəfindən "Psixiatriya praktikasında etik standartlar" üzrə 25 avqust 1996-cı il tarixli Madrid Bəyannaməsi imzalanmışdır. Azərbaycan Respublikasının bu sənədləri qəbul etməsi əhalinin psixi sağlamlığının yaxşılaşdırılmasına yönəlmiş fəaliyyətin planlaşdırılması üçün vacib addım olmuşdur.
Belə ki, psixi pozğunluğu olan şəxslərə yardım edilməsi və həmin şəxslərin hüquq və maraqlarının qorunması məqsədilə 3 sentyabr 2001-ci il tarixdə "Psixiatriya yardım haqqında" Azərbaycan Respublikasının Qanunu qəbul edilmişdir. Bu Qanun psixi sağlamlıq sahəsində göstərilən xidmətləri tənzimləyən və psixi pozuntulardan əziyyət çəkən şəxslərin hüquq və mənafelərinin qorunmasına zəmanət verən ən vacib qanunvericilik aktıdır.
"Psixiatriya yardımı haqqında" Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən psixiatriya yardımı pasiyentin psixi vəziyyətinin müayinəsini, psixi pozuntusunun diaqnostikasını, müalicəsini və profilaktikasını, psixo-sosial reabilitasiyasını özündə birləşdirən ixtisaslaşdırılmış tibbi yardım növüdür. Qanunvericiliyə əsasən psixi pozuntusu olan şəxslər Azərbaycan Respublikasının Konstitusiyasında nəzərdə tutulmuş bütün hüquq və azadlıqlara malikdirlər.
Qeyd etmək lazımdır ki, Naxçıvan Muxtar Respublikasında da insan sağlamlığı bütün dövrlər üçün aktual məsələlərdən biri olmuş, insanların sağlamlığının yaxşılaşdırılması, əhalinin bütün təbəqələrinin keyfiyyətli tibbi xidmətlə təmin edilməsi istiqamətində mühüm işlər görülmüşdür.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri bu sahədə görülən işləri yüksək qiymətləndirərək demişdir: "Bu gün muxtar respublikada insanların sağlamlığının qorunması, onların müalicə və müayinəsinin yüksək səviyyədə təşkili istiqamətində ardıcıl tədbirlər həyata keçirilir. Səhiyyə sisteminin maddi-texniki bazasının müntəzəm olaraq möhkəmləndirilməsi, yüksək səhiyyə xidmətinin təşkili öz bəhrəsini verir. Artıq muxtar respublikada ciddi problem yaradan xəstəliklər yoxdur, insanların sağlamlığı daim diqqət mərkəzində saxlanılır".
Qeyd etmək lazımdır ki, muxtar respublikada səhiyyə sahəsində aparılan islahatlar psixi pozğunluqlardan əziyyət çəkən şəxslərin sağlamlığının möhkəmləndirilməsi, psixi pozğunluqların profilaktikası, həmçinin onların müalicəsi və reabilitasiyası sahəsində də uğurla davam etdirilir.
Muxtar respublikada psixi sağlamlığın qorunması, psixi sağlamlıq problemlərinin qarşısının alınması və profilaktikasının təmin edilməsi, həmçinin psixi problemləri olan şəxslərin sosial inteqrasiyası və fəaliyyət imkanlarının genişləndirilməsi məqsədilə bir sıra tədbirlər həyata keçirilmiş, psixi pozğunluqdan əziyyət çəkən şəxslərin hüquqlarının daha səmərəli təmin edilməsi və sosial müdafiəsinin gücləndirilməsi daim diqqət mərkəzində saxlanılmışdır.
Belə ki, muxtar respublikada psixi pozğunluqlardan əziyyət çəkən şəxslərin müalicəsi və reabilitasiyası məqsədilə 29 avqust 2007-ci il tarixdə görkəmli alim və həkim Yaqub Budaqov adına Naxçıvan Muxtar Respublikası Psixi Xəstəliklər Dispanserinin 75 çarpayılıq, 06 may 2010-cu il tarixdə isə 85 çarpayılıq yeni tikilmiş inzibati binası istifadəyə verilmişdir.
Naxçıvan Muxtar Respublikası Psixi Xəstəliklər Dispanserinin müasir avadanlıqlar, müayinə və müalicə aparatları ilə təchiz edilməsi, lazımi sanitar şəraitin yaradılması, o cümlədən burada stasionar şəraitdə müalicə alan pasiyentlərin müayinə və müalicəsi, psixoprofilaktikası, reabilitasiyası, onların tibbi xidmət ehtiyacları üçün dərman preparatları ilə təmin edilməsi, həmçinin pasiyentlərin gündəlik menyuya uyğun olaraq qida rasionu ilə təmin olunması Naxçıvan Muxtar Respublikasının dövlət büdcəsi vəsaiti hesabına yüksək səviyyədə həyata keçirilmiş, psixi pozğunluqlardan əziyyət çəkən şəxslərin hüquqlarının müdafiəsinin daha səmərəli təmin edilməsi məqsədilə həm qanunvericilik bazası, həm də hüquqi müdafiə mexanizmləri daim təkmiləşdirilmişdir.
Muxtar respublikada insan və vətəndaş hüquq və azadlıqlarının etibarlı müdafiəsini təmin edən Naçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsmanın) əsas fəaliyyət istiqamətlərindən biri də əhalinin müxtəlif sosial qruplarının hüquqlarının müdafiəsidir.
Müvəkkilin bu istiqamətdə fəaliyyətini təmin etmək məqsədilə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin 29 dekabr 2011-ci il dördüncü çağırış, dördüncü sessiyasında "Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) haqqında" Naxçıvan Muxtar Respublikası Qanununa edilmiş müvafiq əlavə və dəyişikliklərə əsasən yaradılmış Preventiv qrup preventiv mexanizm yurisdiksiyasının şamil olunduğu müəssisələrdə mütəmadi olaraq başçəkmələr və hüquqi maariflənirmə tədbirləri həyata keçirərək əhalinin müxtəlif sosial qruplarının hüquqlarının daha səmərəli müdafiəsinə xidmət etmişdir.
Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsmanın) preventiv mexanizm yurisdiksiyasının şamil olunduğu müəssisələrdən biri də Naxçıvan Muxtar Respublikası Psixi Xəstəliklər Dispanseridir. Preventiv qrup tərəfindən Dispanserdə müalicə alan pasiyentlərin saxlanma şəraitinin, onların milli və beynəlxalq standartlara uyğun şəkildə hüquqlarının təmin olunması vəziyyətinin öyrənilməsi məqsədilə mütəmadi olaraq başçəkmələr həyata keçirilir və həkim-psixiatrların, digər mütəxəssislərin, orta və kiçik tibb işçilərinin psixiatriya yardımı göstərilməsinə dair fəaliyyətlərinə, o cümlədən psixiatriya yardımı göstərilərkən pasiyentlərin hüquqlarına və qanuni mənafelərinə əməl olunmasına, pasiyentlərlə rəftara dair hüquqi maarifləndirmə tədbirləri davam etdirilir.
Qanununa edilən əlavə və dəyişikliklərlə Müvəkkilin səlahiyyət dairəsinin genişləndirilərək preventiv mexanizm yurisdiksiyasının Naxçıvan Muxtar Respublikası Psixi Xəstəliklər Dispanserinə şamil edilməsi pasiyentlərin hüquqlarının və qanuni mənafelərinin daha səmərəli təmin edilməsi və etibarlı müdafiəsinə göstərilən dövlət qayğısının bariz nümunəsidir.
 
10.10.2022













      

Copyright © 2009. Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman).