9:14 AZ | RUS | ENG

.

               Təqvim

Super Ajax Calendar


Səhifənin xəritəsi



Hərbi qulluqçuların müraciət etmək hüququ

Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Aparatının İnsan hüquqlarının müdafiəsi şöbəsinin baş məsləhətçisi Rəmzi Həsənovun 18.01.2023-cü il tarixdə "Naxçıvan" Əlahiddə Sərhəd Diviziyasında keçirilmiş hüquqi maarifləndirmə tədbirində "Hərbi qulluqçuların müraciət etmək hüququ" mövzusunda çıxış mətni

Müasir dünyada insan hüquqları ümumbəşər mədəniyyətinin əsas elementidir. İnsan hüquq və azadlıqlarının müdafiəsi və həyata keçirilməsi, ölkə vətəndaşlarının pozulmuş hüquqlarının bərpası müstəqillik, suverenlik şəraitində daha mühüm əhəmiyyət kəsb edir, ön plana keçir və bu şərəfli missiyanın reallaşması daha asan olur. Çünki bütün insan hüquqları məhz bu şəraitdə, müstəqillik mühitində gerçəkləşə bilir.
XX əsrin sonlarında dövlət müstəqilliyini bərpa edən Azərbaycan Respublikasında aparılan hüquqi islahatlarla demokratik, hüquqi dövlət quruculuğu, insan hüquqlarının ən ali dəyər kimi qorunması, insan və cəmiyyətin mənafeyinin daha önə çəkilməsi dövlət siyasətinin prioritet istiqaməti kimi müəyyənləşdirilmişdir.
Azərbaycan Respublikası Konstitusiyasının 57-ci maddəsinə əsasən Azərbaycan Respublikası vətəndaşlarının dövlət orqanlarına şəxsən müraciət etmək, habelə fərdi və kollektiv yazılı müraciətlər göndərmək hüququ vardır. Hərbi qulluqçular bu hüquqdan yalnız fərdi qaydada istifadə edə bilərlər. Hər bir müraciətə qanunla müəyyən edilmiş qaydada və müddətlərdə yazılı cavab verilməlidir.
Müraciət etmək hüququ insan hüquqlarının və azadlıqlarının qorunmasının ən mühüm hüquqi vasitələrindən biridir. Müraciət etmək hüququ cəmiyyətin və dövlətin idarə olunmasında vətəndaşların iştirakının bir formasıdır. Vətəndaşların dövlət hakimiyyəti orqanlarına təklif, ərizə və şikayətlərlə müraciət etməsi insan hüquqlarının həyata keçirilməsində və qorunmasında bir vasitədir.
Vətəndaşların müraciətlərinə baxılması qaydalarını müəyyən edən əsas normativ akt "Vətəndaşların müraciətləri haqqında" 30 sentyabr 2015-ci il tarixli Azərbaycan Respublikası Qanunudur. Həmin Qanunda vətəndaşların müraciətlərinin təklif, ərizə və şikayət formaları göstərilmişdir.
Qanunvericiliyə görə təklif dedikdə qanunların və digər normativ hüquqi aktların təkmilləşdirilməsi, dövlət və bələdiyyə orqanlarının və digər müraciətə baxan subyektlərin fəaliyyətinin yaxşılaşdırılması, elm, təhsil, mədəniyyət, hüquq, sosial-iqtisadi, yaradıcılıq və başqa sahələrlə bağlı məsələlərin həlli barədə edilən müraciət başa düşülür. Anlayışdan da göründüyü kimi, vətəndaş əgər müraciətə baxan subyektlərin hansısa faəliyyətinin təkmilləşdirilməsinə ehtiyac olduğunu düşünürsə, bu halda həmin quruma təklif şəklində müraciət ünvanlaya bilər.
Ərizə dedikdə hüquq və azadlıqların həyata keçirilməsi ilə bağlı tələbləri nəzərdə tutan müraciət başa düşülür. Dəqiq desək, vətəndaşın hüququnun və ya azadlığının həyata keçirilməsini tələb etmək məqsədilə müraciətə baxan subyektə ünvanladığı müraciət ərizə şəklində olmalıdır, yəni vətəndaş müraciətə baxan subyektdən öz hüququnu tələb edirsə, bu halda ərizə şəklində müraciət ünvanlamalıdır.
Şikayət dedikdə isə pozulmuş hüquq və azadlıqların bərpası və müdafiəsi ilə bağlı tələbləri nəzərdə tutan müraciət başa düşülür. Ətraflı qaydada demək mümkündür ki, vətəndaş müraciətə baxan subyektə öz hüquq və azadlıqlarının pozulduğunu bildirirsə və pozulmuş hüquq və azadlıqlarının bərpasını yaxud müdafiəsini tələb edirsə, bu müraciət şikayət hesab edilir.
"Vətəndaşların müraciətləri haqqında" Qanunun 6-cı maddəsinə əsasən vətəndaşlar müraciətlərini həmin məsələyə baxılmasını bilavasitə təmin etməli olan müraciətə baxan subyektlərə və ya onların vəzifəli şəxslərinə yazılı formada təqdim edir və ya şifahi formada bildirirlər.
Müraciətə baxan subyektlər və onların vəzifəli şəxsləri bu Qanunla müəyyən edilmiş qaydada verilən yazılı müraciətləri mütləq qəbul etməli, qeydiyyata almalı və onlara baxılmasını təmin etməlidirlər. Bu Qanunun tələblərinə uyğun olaraq verilən müraciəti qəbul etməkdən imtina qadağandır.
Müraciətdə göstərilən məsələyə baxıldıqda və bu barədə vətəndaşa (kollektiv müraciətlərdə - müraciət edən şəxslərdən birinə) əsaslandırılmış cavab verildikdə müraciət baxılmış hesab olunur. Müraciətə dövlət dilində cavab verilir.
Əlbəttə ki, Konstitusiyamızın 57-ci maddəsində nəzərdə tutulmuş bu hüquqla hərbi qulluqçular da əhatə olunur. Belə ki, "Vətəndaşların müraciətləri haqqında" Azərbaycan Respublikası Qanununun 10-cu maddəsinə əsasən hərbi qulluqçuların və onların ailə üzvlərinin müraciətlərinə daxil olduğu gündən etibarən ən geci 15 iş günü ərzində baxılır.
"Hərbi qulluqçuların statusu haqqında" Azərbaycan Respublikasının Qanununun 2-ci maddəsinə əsasən hərbi qulluqçu statusuna Azərbaycan Respublikasının Silahlı Qüvvələrində, Azərbaycan Respublikasının sərhəd qoşunlarında və Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrdə həqiqi hərbi xidmətdə olan Azərbaycan Respublikası vətəndaşları və başqa dövlətlərin vətəndaşları, habelə toplanışlarda olan hərbi vəzifəlilər malikdirlər.
Hərbi qulluqçu statusuna malik şəxslər Azərbaycan Respublikasının Konstitusiyası və müvafiq başqa qanunvericilik aktları ilə müəyyənləşdirilən və hərbi xidmətin xüsusiyyətləri ilə bağlı olan əlavələrlə və məhdudiyyətlərlə Azərbaycan Respublikası vətəndaşlarının hüquq və azadlıqlarından istifadə edirlər. Onlar, həmçinin Azərbaycan Respublikası vətəndaşlarının bütün vəzifələrini, habelə öz statusundan irəli gələn vəzifələri daşıyırlar.
"Hərbi qulluqçuların statusu haqqında" Azərbaycan Respublikasının Qanununun 22-ci maddəsinə əsasən hərbi qulluqçular dövlət orqanlarına, ictimai təşkilatlara və birliklərə, hərbi idarəetmə orqanlarına təkliflər göndərmək, ərizələr vermək, habelə vəzifəli şəxslərin, dövlət orqanlarının, ictimai təşkilatların və birliklərin, hərbi idarəetmə orqanlarının, habelə vətəndaşların (o cümlədən hərbi qulluqçuların) hüquqa zidd hərəkətləri barəsində müəyyən edilmiş qaydada şikayət etmək hüququna malikdirlər.
Müəyyən olunmuş təminatın qane etməməsi, hərbi qulluqçular barəsində komandirlərin (rəislərin) və ya başqa hərbi qulluqçuların qanunsuz xidməti sərəncamları (hərəkətləri) barəsində, hərbi-xidmət münasibətlərinin başqa məsələləri barəsində şikayətlər Azərbaycan Respublikası Silahlı Qüvvələrinin nizamnamələrində nəzərdə tutulan qaydada verilir, nəzərdən keçirilir və həll edilir.
Hərbi qulluqçular hərbi vəzifəli şəxslərin və hərbi idarə orqanlarının qərar və hərəkətlərindən (hərəkətsizliyindən) inzibati qaydada və (və ya) məhkəməyə şikayət edə bilərlər. Şikayət verilməsinə mane olmaq və buna görə şikayət verəni cəzalandırmaq və ya təqib etmək qadağandır. Bunda təqsiri olanlar Azərbaycan Respublikasının qanunvericiliyinə müvafiq surətdə məsuliyyətə cəlb edilirlər. Şikayət verərkən qəsdən yalan məlumatlar yazmış və ya böhtan atmış hərbi qulluqçu Azərbaycan Respublikasının qanunvericiliyinə. müvafiq surətdə məsuliyyət daşıyır.
Vurğulamaq lazımdır ki, hərbi qulluqçuların və onların ailə üzvlərinin müraciətləri (təklif, ərizə və şikayətləri) daxil olduğu gündən etibarən ən geci 15 iş günü ərzində baxılır.
"Vətəndaşların müraciətləri haqqında" Azərbaycan Respublikasının Qanununun 5-ci maddəsinə əsasən hərbi qulluqçuların xidmətlə əlaqədar bilavasitə rəislərinə və ya böyük rəislərinə müraciət etmə və onlara baxılması qaydası Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Daxili Xidmət Nizamnaməsi və İntizam Nizamnaməsi ilə tənzimlənir.
"Azərbaycan Respublikası Silahlı Qüvvələrinin İntizam Nizamnaməsi"nə əsasən hərbi qulluqçu hərbi əmlakın oğurlanmasını, yaxud korlanmasını, pul vəsaitinin qanunsuz xərclənməsini, qoşunların təchizatında sui-istifadə hallarını, texnikanın saxlanması işindəki nöqsanları və Azərbaycan Respublikasının Silahlı Qüvvələrinə ziyan vura bilən digər faktları aşkar etdikdə bu barədə komanda üzrə məlumat verməyə borcludur və ya hərbi qulluqçu həmin nöqsanların aradan qaldırılması yolları haqqındakı təkliflərini yazılı surətdə Azərbaycan Respublikası müvafiq icra hakimiyyəti orqanının rəhbəri də daxil olmaqla, böyük rəislərinə göndərə bilər.
Hər bir hərbi qulluqçu komandirlərin (rəislərin) onun haqqında qeyri-qanuni sərəncamları və hərəkətləri, xidməti hüquqlarının və üstünlüklərinin pozulması və ya ona çatası təminatın verilməməsi haqqında şikayət edə bilər.
Şikayətçi, kimdən şikayət edirsə, şikayəti onun bilavasitə rəisinə verir. Əgər şikayətçi öz hüquqlarının kim tərəfindən pozulduğunu bilmirsə, şikayəti komanda üzrə verir. Şikayət həm şifahi, həm də yazılı surətdə edilə bilər.
Alay (briqada) komandirləri və onlardan böyük rəislərin hərəkətlərindən şikayətlər (sorğu vaxtı edilən şikayətlərdən başqa) yalnız yazılı surətdə verilə bilər. Hərbi qulluqçu yalnız öz adından şikayət verə bilər. Başqasının əvəzinə və yaxud qrup halında şikayət vermək qadağandır.
Hərbi qulluqçuların sorğu vaxtı etdikləri şikayətlər istisna olmaqla, sırada, qarovulda, gəmi növbətçiliyində, döyüş növbətçiliyində, sutkalıq naryadda və məşğələlərdə şikayət etmək qadağandır.
Komandir (rəis) özünün intizam səlahiyyətini aşmayıbsa, onun verdiyi intizam cəzasının ciddiliyindən şikayət etmək qadağandır.
Hərbi qulluqçu sorğunu aparan şəxsə şifahi və ya yazılı surətdə şikayət edə bilər. Hərbi qulluqçu hər hansı səbəbdən sorğuda iştirak etməyibsə, o, sorğu aparan şəxsin adına yazılı surətdə şikayət edə bilər.
Komandir (rəis) verilən təkliflərə (ərizələrə, şikayətlərə) üç gün müddətində baxmalı və əgər təkliflər (ərizələr, şikayətlər) düzgündürsə, onun həll edilməsi, yaxud şikayətçinin (ərizəçinin) xahişinin yerinə yetirilməsi üçün dərhal tədbir görməlidir.
Təklifləri (ərizələri, şikayətləri) alan komandirin (rəisin) bu təklifləri həll etmək və şikayətçinin xahişini təmin etmək üçün hüquqları kifayət etmirsə, o bu təklifləri (ərizələri, şikayətləri) dərhal komanda üzrə və ya müvafiq idarəyə (müəssisəyə) göndərməlidir.
Şikayətləri (ərizələri) baxılmaq üçün hərəkətlərindən şikayət edilən şəxslərə göndərmək qadağandır. Təkliflər (ərizələr, şikayətlər) baxılmaq üçün başqa idarəyə (müəssisəyə) göndərilmişsə, şikayətçiyə bu barədə məlumat verilməlidir.
Hərbi qulluqçuların təklifləri (ərizələri, şikayətləri): birləşmələrdə, Silahlı Qüvvələr növlərinin və müvafiq icra hakimiyyəti orqanının idarələrində - daxil olduğu vaxtdan 15 gün ərzində; hissələrdə və idarələrdə (müəssisələrdə) təxirə salınmadan, lakin daxil olduğu vaxtdan 7 gündən gec olmayaraq, baxılıb həll edilməlidir.
Daxil olan təkliflərin (ərizələrin, şikayətlərin) baxılıb həll edilməsi üçün xüsusi yoxlamalar aparmaq, əlavə materiallar tələb etmək və digər tədbirlər görmək lazım gələn hallarda hissə, gəmi komandiri (idarə və müəssisə rəisi) məsələnin həllini ən çoxu 15 günədək uzada bilər. Bu barədə şikayətçiyə məlumat verilməlidir.
Hərbi hissə, gəmi və birləşmə komandirləri (idarə, müəssisə rəisləri) hər üç ayda ən azı bir dəfə təkliflərə (ərizələrə, şikayətlərə) baxılmasının daxili yoxlanmasını aparmalıdırlar. Bilərəkdən yalan şikayət (ərizə) vermiş hərbi qulluqçu məsuliyyətə cəlb olunmalıdır.
Komandir (rəis) tabeliyində olan hərbi qulluqçunun verdiyi şikayətinə (ərizəsinə) görə ona qarşı ədalətsizlik və ya qeyri-qanuni hərəkət edərsə, ciddi məsuliyyət daşımalıdır.
Verilən bütün təkliflər (ərizələr, şikayətlər) hər bir hərbi hissədə (gəmidə, idarədə, müəssisədə) olan xüsusi kitaba yazılmalıdır.
Hərbi qulluqçuların təftiş (yoxlama) vaxtı aparılan sorğuda verdikləri ərizə və şikayətlər bu kitaba yazılmalıdır. Təkliflər, ərizələr və şikayətlər kitabında hər bir təklif, ərizə və şikayətə dair qəbul olunmuş qərarlar barəsində qeydlər edilməlidir. Verilmiş sərəncamların düzgünlüyünü yoxlamaq üçün bu kitab hissə (gəmi) komandirinə hər ay, təftiş (yoxlama) aparan şəxslərə isə onların tələbi ilə təqdim edilməlidir.
Qeyd etmək lazımdır ki, hərbi qulluqçuların, habelə onların ailə üzvlərinin hüquqlarının müdafiəsi, pozulmuş hüquqlarının bərpa edilməsi üzrə aparılan işin keyfiyyəti hərbi kollektivlərdə sağlam əhval-ruhiyyə, döyüşə daimi mənəvi-psixoloji hazırlıq, komandirlərə və dövlətə inam yaradılmasına xidmət edən mühüm amillərdəndir. Bu baxımdan Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) tərəfindən hərbi qulluqçuların hüquqlarının müdafiəsi, onlarla mütəmadi olaraq görüşlər keçirilməsi, müraciətlərinin araşdırılması, Aparatda "hərbi qulluqçuların hüquqlarının müdafiəsi üzrə baş məsləhətçi" ştatının yaradılması mühüm əhəmiyyət kəsb edir.
Vurğulamalıyam ki, insan hüquqlarının pozulmasına dair şikayətdə əks etdirilmiş halların araşdırılması və preventiv mexanizm funksiyalarının həyata keçirilməsi zamanı Müvəkkilin istənilən vaxt, maneəsiz və əvvəlcədən xəbərdarlıq etmədən muxtar respublikada yerləşən hərbi hissələrə daxil olmaq, hərbi qulluqçularla görüşmək və söhbət etmək, hərbi hissələrin komandirləri tərəfindən təxirə salınmadan qəbul edilmək, şəxsi heyətin saxlanma şəraitinə aid olan bütün sənədlərlə tanış olmaq və surətlərini almaq, akt tərtib etmək, həyata keçirdiyi tədbirlərin gedişini və nəticələrini protokollaşdırmaq, hərbi hissə komandirlərinə tövsiyələr vermək və həmin tövsiyələrə müəyyən edilmiş müddətdə cavablar almaq hüququ vardır.
Ombudsmanın hərbi qulluqçuların hüquqlarının qorunması sahəsində fəaliyyətinin əsas istiqamətlərindən biri də hərbi qulluqçuların hüquqi maarifləndirilməsidir. Ombudsman təsisatı müvafiq qurumların səlahiyyətli nümayəndələri ilə birlikdə hərbi hissələrdə şəxsi heyətlə hüquqi maarifləndirmə işinin gücləndirilməsi məqsədi ilə müntəzəm olaraq müvafiq tədbirlər həyata keçirir, hərbi qulluqçuların hüquqlarının təmini vəziyyəti araşdırır.














      

Copyright © 2009. Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman).