11:24 AZ | RUS | ENG

.

               Təqvim

Super Ajax Calendar


Səhifənin xəritəsi



Ulu Öndər Heydər Əliyev - Azərbaycanın dövlət sərhədlərinin mühafizəsi konsepsiyasının müəllifi

Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Aparatının İnsan hüquqlarının müdafiəsi şöbəsinin baş məsləhətçisi Rəmzi Həsənovun 18.01.2023-cü il tarixdə "Naxçıvan" Əlahiddə Sərhəd Diviziyasında keçirilmiş hüquqi maarifləndirmə tədbirində "Ulu Öndər Heydər Əliyev - Azərbaycanın dövlət sərhədlərinin mühafizəsi konsepsiyasının müəllifi" mövzusunda çıxış mətni

 

İlk öncə qeyd edim ki, hər bir dövlətin milli sərhədləri onun atributlarından birini təşkil edir. Milli atribut kimi qəbul edilən sərhədlərin toxunulmazlığı dövlətlərin, xalqların suverenliyini əks etdirir və nəticə etibarilə, bu toxunulmazlığı təmin etmək üçün milli resurslar səfərbər olunur. Azərbaycanda da Dövlət Sərhəd Xidmətinin işinin yüksək səviyyədə təşkili, Sərhəd Qoşunlarının maddi-texniki təchizatının gücləndirilməsi əsas prioritetlərdən biri kimi çıxış etməklə bu amala xidmət edir.
Əlbəttə, sərhədlərimizin toxunulmazlığının təmin edilməsi, beynəlxalq terrorizmə, qaçaqmalçılığa, narkotik vasitələrin qeyri-qanuni dövriyyəsinə, qeyri-qanuni miqrasiyaya qarşı qətiyyətlə mübarizə aparılması kimi vacib vəzifələrin öhdəsindən layiqincə gələn Sərhəd Qoşunları respublikamızın qazandığı uğurlarda özünəməxsus rol oynayır.
Bəlli olduğu kimi, Dövlət Sərhəd Xidməti hələ Azərbaycan Xalq Cümhuriyyəti dövründə formalaşıb. Azərbaycan Xalq Cümhuriyyətinin həyata keçirməyə başladığı çoxsaylı dövlət əhəmiyyətli məsələlərdən biri də ölkə sərhədləri barədə müvafiq qərarlar qəbul edilməsi olub. Sərhədlərin mühafizəsini haqlı olaraq dövlətin mövcudluğunu sürdürməsi üçün mühüm amil hesab edən milli hökumət bu vəzifəni ön plana çəkib və bir sıra qərarlar qəbul edib. 1918-ci il iyun ayının 22-də baş nazir Fətəli Xan Xoyskinin imzaladığı qərarla Poylu stansiyasında sərhəd postunun yaradılması və sərhəd mühafizəsinin təşkili sahəsində vəzifələrin yerinə yetirilməsinə başlanılıb. İyulun 12-də Qazax qəzasında Salahlı və Şıxlı sərhəd postları təşkil edilib, 1919-cu il avqust ayının 18-də isə parlamentin qəbul etdiyi "Azərbaycan Xalq Cümhuriyyətinin gömrük baxımından sərhəd mühafizəsinin təsis edilməsi haqqında" Qanunda bütün respublikanı əhatə edən sərhəd postlarının yaradılması nəzərdə tutulurdu. Məhz həmin tarixdə sərhəd mühafizə qüvvələrinin yaradılmasının ilk rəsmi əsası qoyulub.
Müasir müstəqil Azərbaycan Respublikasının dövlət sərhədlərinin toxunulmazlığının təmin edilməsi, milli suverenliyin qorunması istiqamətində isə, ilk növbədə, Ümummilli lider Heydər Əliyevin rəhbərliyi ilə görülən işlər müstəsna əhəmiyyət kəsb edib. Ümummilli lider dövlətin Dövlət Sərhəd Xidmətinə diqqət və qayğısının nəticəsi olaraq ölkəmizin sərhədlərini qoruyan Sərhəd Qoşunlarının yaranması gününün 1919-cu il 18 avqustdan hesab edilməsi barədə tarixi Fərman verib.
Bu məqamda qeyd edək ki, Azərbaycan müstəqillik əldə etdikdən sonra dövlət sərhədlərinin qorunması istiqamətində müəyyən işlər görülməyə başlanıb. Lakin ilk illər bu heç də uğurlu nəticə verməyib. Məsələn, 1991-ci il dekabr ayının 16-da Dövlət Sərhədini Mühafizə Komitəsi yaradılsa da, ölkədəki ağır siyasi-iqtisadi vəziyyət və sərhədçi kadrların azlığı, Azərbaycandan çıxan sovet sərhədçilərinin törətdiyi təxribatlar sərhədlərimizin qorunması sahəsində təxirəsalınmaz tədbirlərin görülməsinə imkan vermirdi. Bütün bu çatışmazlıqlara isə Ulu öndər Heydər Əliyevin 1993-cü ilin iyununda xalqın təkidli tələbi ilə yenidən siyasi hakimiyyətə qayıdışından sonra son qoyulmağa başlanıldı.
Ümumiyyətlə, ölkəmizin Sərhəd Qoşunlarının keçdiyi yola nəzər salarkən dövlət sərhədlərinin qorunmasına, həmçinin milli sərhəd anlayışına Ümummilli lider Heydər Əliyevin özünəməxsus və xüsusi münasibəti çox aydın şəkildə görünür. Belə ki, üçrəngli bayrağımızın Silahlı Qüvvələrdə ilk dəfə 1992-ci il avqust ayının 22-də Naxçıvan Sərhəd Dəstəsində qaldırılmasından, şimal və şimal-qərb sərhədlərimizdə ilkin zəruri infrastrukturların yaradılmasından tutmuş Dövlət Sərhəd Xidmətinin təşkilinə qədər bütün proseslər Ulu öndərin adı ilə bağlıdır. Ulu öndər müstəqil dövlətimizin sərhədlərinin qorunması, Sərhəd Qoşunlarının formalaşdırılması və inkişafı proseslərini daim nəzarətdə saxlayıb, bu sahənin müasir tələblər səviyyəsinə qaldırılması üçün müvafiq qərarlar verib. Nəticədə, Azərbaycanın öz sərhədlərini qorumağa qadir olması hamıya sübut edilib, dövlət sərhədinin mühafizəsində müasir texniki vasitələrin tətbiqi, dəniz sərhədlərinin mühafizəsi sisteminin və sərhəd aviasiyasının təşkili, şəxsi heyətin sosial-məişət şəraitinin yaxşılaşdırılması üçün zəruri baza yaradılıb.
Xüsusi olaraq qeyd etmək lazımdır ki, 2002-ci il iyul ayının 31-də Ulu öndər Heydər Əliyev Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidmətinin yaradılması barədə Fərman imzalayıb və Azərbaycan dövləti üçün sərhədlərin etibarlı mühafizəsinin xüsusi əhəmiyyət kəsb etməsini nümayiş etdirib. Beləliklə, Dövlət Sərhəd Xidmətinin yaradılması və ona mərkəzi icra hakimiyyəti orqanı statusunun verilməsi ilə Azərbaycan sərhədçilərinin fəaliyyəti keyfiyyətcə yeni mərhələyə qədəm qoyub. Dövlət Sərhəd Xidməti qarşısında müasir dövrün tələblərinə uyğun olaraq yeni vəzifələr qoyulub və sərhəd təhlükəsizliyinin təminatı məsələlərinin ən yüksək səviyyədə həll olunmasına başlanılıb.
Ümummilli lider Heydər Əliyevin siyasi kursunu uğurla davam etdirən ölkə Prezidenti cənab İlham Əliyev də bu sahəyə xüsusi diqqət yetirir. Dövlətimizin başçısının rəhbərliyi ilə yeni sərhəd infrastrukturlarının yaradılması, sərhədçilərin xidməti-döyüş şəraitinin yaxşılaşdırılması, peşə bacarığının, səfərbərlik və döyüş qabiliyyətinin artırılması, yeni texnika, avadanlıq və vasitələrlə təminat sahəsində məqsədyönlü tədbirlər həyata keçirilib. Bunlarla yanaşı, həyata keçirilən məqsədyönlü tədbirlər sayəsində sərhəd dəstələrində videonəzarət sistemlərinin yaradılması, sərhəd zastavalarında müşahidə kameralarının quraşdırılması və görüntülərin dəstə qərargahına ötürülməsi nəticəsində bilavasitə sərhəd xəttində xidmətin təşkilinə nəzarət gücləndirilib. Çevik hərəkət qurumları üçün yüksək manevrli və keçid qabiliyyətli nəqliyyat vasitələri, sualtı əməliyyat və müşahidə, istehkam avadanlığı və qoruyucu vasitələr alınıb.
Ölkə Prezidenti cənab İlham Əliyevin müvafiq Sərəncamı ilə Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin Akademiyasının yaradılması da sərhəd mühafizəsi sisteminin təkmilləşdirilməsində mühüm rol oynayır. Akademiyanın yaradılması ölkəmizin sərhədlərinin mühafizəsinə göstərilən yüksək qayğının növbəti təzahürüdür. Sözsüz ki, akademiya Dövlət Sərhəd Xidmətinin ixtisaslı ali hərbi təhsilli zabit kadrlarının, komandir və qərargah zabitlərinin, hərbi elmi işçilərin hazırlanmasında mühüm rol oynamaqla sərhədlərimizin daha mükəmməl şəkildə qorunmasına çox böyük təsir göstərir. Dövlət Sərhəd Xidmətinin əsgər və zabit heyəti daim özlərinin malik olduqları yüksək peşəkarlığı həm təlimlərdə, həm xüsusi əməliyyatlarda sübut ediblər.
Dövlət Sərhəd Xidmətinin xarici ölkələrin sərhəd xidmətləri, müxtəlif beynəlxalq təşkilatlarla ikitərəfli və çoxtərəfli əlaqələri mövcuddur. Vurğulayaq ki, Azərbaycan Sərhəd Mühafizəsi üçün ötən ilin yekunları da döyüş hazırlığının daha yüksək səviyyədə təmin edilməsi, dövlət sərhədinin toxunulmazlığının təminatı tədbirlərinin ardıcıl davamı, dövlət sərhədinin əməliyyat yolu ilə mühafizəsinin gücləndirilməsi, beynəlxalq sərhəd əməkdaşlığının genişləndirilməsi ilə əlamətdar olub və cari ildə də qarşıya qoyulan vəzifələr uğurla yerinə yetirilir. Onu da qeyd edək ki, Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin xarici ölkələrin sərhəd xidmətləri, eləcə də müxtəlif beynəlxalq təşkilatlarla ikitərəfli və çoxtərəfli əlaqələri mövcuddur. Xarici ölkələrin müvafiq qurumları ilə inteqrasiya olunmuş sərhəd idarəçiliyi, sərhəd nəzarəti, qeyri-leqal miqrasiya ilə mübarizə, dəniz sərhədlərinin mühafizəsi, pilotların və mobil qruplarının əməkdaşlarının hazırlığının təkmilləşdirilməsi, təlim-tədris sisteminin təşkili və digər sahələr üzrə əməkdaşlıq edilir. Dövlət Sərhəd Xidməti Yaxın Şərq və Asiya ölkələrinin sərhəd mühafizə qurumları ilə təcrübə mübadiləsinə və əməkdaşlığa malikdir. Eyni zamanda, Dövlət Sərhəd Xidməti regional əməkdaşlığın inkişafına da xüsusi diqqət yetirir. Dövlət sərhədinin mühafizəsinin səmərəliliyinin artırılması məqsədilə Türkiyə, Gürcüstan, Rusiya, Qazaxıstan, Türkmənistan və İran, eləcə də GUAM-a üzv dövlətlərin sərhəd xidmətləri ilə məlumat mübadiləsi həyata keçirilir. Bununla yanaşı, NATO, Avropa İttifaqı, Sərhəd məsələləri üzrə beynəlxalq konfrans, GUAM, Atom Enerjisi üzrə Beynəlxalq Agentlik kimi beynəlxalq təşkilatlarla qarşılıqlı əməkdaşlıq əlaqələri inkişaf etdirilir.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev sərhədçilərimizin xidmətlərini yüksək qiymətləndirərək dövlət sərhədlərinin etibarlı şəkildə qorunduğunu bildirib: "Bütövlükdə Sərhəd Xidmətinin müasir quruma çevrilməsi istiqamətində çox böyük işlər görülübdür. Bu gün Sərhəd Qoşunları çox güclü və çevik hərbi birləşmədir. Sərhəd Xidmətinin qarşısında qoyulan vəzifələrdən biri də məhz ondan ibarətdir ki, Sərhəd Qoşunlarının döyüş qabiliyyəti artırılsın. Bu məqsədlər üçün silah-sursat, texnikanın alınması prosesi davam edir və deyə bilərəm ki, Sərhəd Qoşunları istənilən anda Azərbaycanın ərazi bütövlüyünün bərpası üçün ordumuzla bərabər hərəkət etməyə hazırdır".
Qeyd edə bilərik ki, artıq bu gün ölkəmizdə nizami ordu səviyyəsində, çevik, mütəşəkkil, yüksək intizama və döyüş hazırlığına malik, ən müasir texniki vasitələrlə təmin olunmuş Dövlət Sərhəd Xidməti mövcuddur. Heydər Əliyev ideyalarına, dövlətçiliyə, xalqa sədaqətini dəfələrlə nümayiş etdirən hər bir sərhədçi zabit, gizir, çavuş, əsgər və matros müstəqil ölkəmizin dövlət sərhədlərini gecə-gündüz sayıqlıqla qoruyur. Azərbaycanın müqəddəs sərhədləri etibarlı və inamlı əllərdədir.
Beləliklə, Ulu öndər Heydər Əliyevin ideyalarına, dövlətçiliyə, xalqa sədaqətini dəfələrlə nümayiş etdirən Dövlət Sərhəd Xidmətində qulluq edən hər bir zabit, gizir, çavuş, əsgər və matros bundan sonra da Sərhəd Qoşunlarına göstərilən yüksək etimadı doğrultmaq üçün üzərinə düşən vəzifələrin öhdəsindən şərəflə, ləyaqətlə gəlməli, bu müqəddəs amal naminə səy və bacarıqlarını əsirgəməməlidir.

 














      

Copyright © 2009. Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman).