10:40 AZ | RUS | ENG

.

               Təqvim

Super Ajax Calendar


Səhifənin xəritəsi



Hərbi xidmət keçməkdən boyun qaçırma, hərbi hissəni və ya xidmət yerini öz başına tərk etmə

Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Aparatının İnsan hüquqlarının müdafiəsi şöbəsinin baş məsləhətçisi Rəmzi Həsənovun 18.01.2023-cü il tarixdə "Naxçıvan" Əlahiddə Sərhəd Diviziyasında keçirilmiş hüquqi maarifləndirmə tədbirində "Hərbi xidmət keçməkdən boyun qaçırma, hərbi hissəni və ya xidmət yerini öz başına tərk etmə" mövzusunda çıxış mətni

 

İlk öncə qeyd edim ki, Azərbaycan Respublikası Konstitusiyasının 9-cu maddəsinə əsasən Azərbaycan Respublikası öz təhlükəsizliyini və müdafiəsini təmin etmək məqsədi ilə Silahlı Qüvvələr yaradır. Silahlı Qüvvələr Azərbaycan Ordusundan və başqa silahlı birləşmələrdən ibarətdir.
Qeyd etmək lazımdır ki, Azərbaycan Respublikasının Konstitusiyası vətənin müdafiəsini onun hər bir vətəndaşının borcu, qanunla müəyyən edilmiş qaydada hərbi xidmət keçməni isə vətəndaşların əsas vəzifələrindən biri kimi müəyyən edir. Belə ki, Konstitusiyamızın 76-cı maddəsinə görə Vətəni müdafiə hər bir vətəndaşın borcudur. Qanunla müəyyən edilmiş qaydada vətəndaşlar hərbi xidmət keçirlər.
"Azərbaycan Respublikasının Silahlı Qüvvələri haqqında" Qanunun 1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Silahlı Qüvvələri dedikdə Azərbaycan Respublikasının müstəqilliyinin, suverenliyinin, ərazi bütövlüyünün qorunması, habelə təhlükəsizliyinin və müdafiəsinin təmin edilməsi məqsədilə yaradılmış, Azərbaycan Ordusundan və başqa silahlı birləşmələrdən ibarət hərbi təsisat nəzərdə tutulur. Bu Qanunda göstərilir ki, Azərbaycan Ordusu Silahlı Qüvvələrin əsas tərkib hissəsi olmaqla Azərbaycan Respublikasına qarşı yönəlmiş təcavüzün dəf edilməsini, ərazi bütövlüyünün və toxunulmazlığının silahlı müdafiəsini təmin edən və fəaliyyəti Azərbaycan Respublikasının Müdafiə Nazirliyi tərəfindən təşkil edilən silahlı birləşmədir.
Azərbaycan Respublikasının başqa silahlı birləşmələri dedikdə isə Silahlı Qüvvələrin tərkib hissəsi olmaqla "Azərbaycan Respublikasının Silahlı Qüvvələri haqqında" Qanunla müəyyən edilmiş xüsusi vəzifələri yerinə yetirən və hərbi xidmət nəzərdə tutulan dövlət orqanları (dövlət orqanlarının strukturuna daxil olan qurumlar) başa düşülür. Başqa silahlı birləşmələrə aid dövlət orqanlarının (dövlət orqanlarının strukturuna daxil olan qurumların) siyahısı Azərbaycan Respublikasının Prezidenti tərəfindən təsdiq edilir.
Hərbi hüququn qoruyucu funksiyasını təmin edən əsas mənbə Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Nizamnamələri, qanunlar və Azərbaycan Respublikasının Cinayət Məcəlləsidir. Hərbi qulluqçular hüquq pozuntuları törətməyə görə Azərbaycan Respublikasının qüvvədə olan qanunvericiliyinə əsasən müvafiq surətdə məsuliyyət daşıyırlar. Hüquqi məsuliyyət dedikdə Azərbaycan Respublikası Konstitusiyasının, qanunlarının, qüvvədə olan hüquqi sənəd və aktların tələblərinin icrasına dövlətin məcburetmə formasının verilməsi başa düşülür.
Hərbi rütbəsindən və xidməti vəziyyətindən asılı olmayaraq hərbi qulluqçular qanun qarşısında bərabərdilər və onlar maddi, mülki, intizam və inzibati məsuliyyətə, o cümlədən cinayət xarakterli əməllər törətdiyi hallarda cinayət məsuliyyətinə cəlb edilə bilərlər. Cinayətkarlıqla mübarizə istiqamətində cinayət qanunun düzgün tətbiq edilməsi hərbi intizamın və nizamnamə qaydalarının qorunub saxlanılmasının zəruri şərtlərindəndir.
Hərbi qulluqçular Azərbaycan Respublikasının qanunlarında və hərbi nizamnamələrində müəyyən edilmiş hərbi intizama ciddi riayət etməyə borcludurlar. Möhkəm hərbi intizam Azərbaycan Respublikası Silahlı Qüvvələrinin keyfiyyətli döyüş hazırlığının təmin edilməsinin zəruri şərtlərindən biridir.
Vurğulamalıyam ki, hərbi xidmət əleyhinə olan cinayətlərə görə məsuliyyət Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin Xüsusi hissəsinin sonunda, başqa sözlə desək XII bölmədə (fəsil 35, 327-353 maddələr) təsbit edilmişdir.
Hərbi xidmət əleyhinə olan cinayətlərin anlayışı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 327-ci maddəsində təsbit olunmuşdur. Burada qeyd olunur ki, çağırış və ya kontrakt üzrə Azərbaycan Respublikası Silahlı Qüvvələrində, digər qoşun və hərbi birləşmələrdə hərbi xidmət keçən hərbi qulluqçuların, qanunla müəyyən edilmiş qaydada hərbi qulluqçu statusuna malik olan başqa şəxslərin, habelə təlim və ya yoxlama toplanışlarına cəlb edilmiş hərbi vəzifəlilərin hərbi qulluğun müəyyən edilmiş qaydaları əleyhinə yönələn və bu fəsildə nəzərdə tutulmuş cinayətləri hərbi xidmət əleyhinə olan cinayətlər hesab olunur.
Qeyd etmək lazımdır ki, hərbi xidmət əleyhinə olan cinayətin subyektinin səciyyələndirilməsi zamanı şəxsin hərbi xidmətə daxil olması qaydasının hüquqi əhəmiyyəti yoxdur. Şəxsin həqiqi hərbi qulluğa çağırılması və ya onun silahlı qüvvələrin şəxsi heyətinə könüllü daxil olması cinayət məsuliyyətinə təsir etmir. Ordu sıralarına könüllü surətdə daxil olmuş vətəndaşlar hərbi qulluqçuların bütün hüquqlarından istifadə edirlər və onlar hərbi rəislərin əmrlərini sözsüz və danışıqsız yerinə yetirməlidirlər.
Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 335-ci maddəsində öz sağlamlığına zərər vurmaqla və ya sair üsulla hərbi xidmətdən boyun qacırma cinayəti öz əksinin tapmışdır.
Hərbi xidmətdən boyun qaçırma dedikdə şəxsin Silahlı Qüvvələrdə və qanunvericilikdə nəzərdə tutulmuş digər hərbi birləşmələrdə həqiqi hərbi xidmətdən azad olmağa can atması başa düşülməlidir. Hərbi xidmətdən boyun qaçırma həqiqi hərbi xidmətdən birdəfəlik tam azad olmağa yönəlmış olur.
Təhlil edilən cinayətin ictimai təhlükəliliyi ondan ibarətdir ki, təqsirkar hərbi xidmətdən qəsdən boyun qacırmanın, habelə hərbi xidmət vəzifələrini yerinə yetirmədən imtinanın daha təhlükəli üsullarında istifadə edir. Həmin əməli törədən hərbi qulluqçu eyni zamanda hərbi intizama, hərbi hissənin döyüş hazırlığına və döyüş qabiliyyətinə, ordunun və donanmanın şəxsi heyətinin komplektləşdirilməsinə ciddi zərər vurur. Bu cinayətin obyekti hərbi xidmət keçmənin qanunvericiliklə müəyyən edilmiş qaydalarıdır.
Cinayətin obyektiv cəhətini təşkil edən əməllər aşağıdakı üsullarla törədildikdə təhlil edilən cinayət tərkibi yaranır:
1. Hərbi qulluqçunun öz sağlamlığına hər hansı zərəri vurması yolu ilə;
2. Hərbi qulluqçunun özünü xəstəliyə vurması yolu ilə;
3. Sənədləri saxtalaşdırma yolu ilə;
4. Sair aldatma yolu ilə.
Sağlamlığa zərər vurma hərbi xidmətdən boyun qaçırma və ya hərbi xidmət vəzifəsini yerinə yetirməkdən imtina etmə məqsədi ilə hərbi qulluqçunun öz sağlamlığına hər hansı zərəri yetirməsində (məsələn, barmağını kəsməsi, ayağına və ya əlinə odlu silahla atəş açması və s.) ifadə olunur.
Özünü xəstəliyə vurma hərbi qulluqçunun özündə müəyyən xəstəliyin, yaxud fiziki qüsurun olmasını uydurmasında və ya həqiqətən mövcud olan xəstəliyi şişirtməsində ifadə olunur. Sənədləri saxtalaşdırma dedikdə hərbi qulluqçunun özü və ya onun xahişi ilə başqa şəxs tərəfindən sənədlərin məzmununun təhrif edilməsi və ya uydurma sənəd tərtib edilməsi və hərbi hissənin komandirinə və ya başqa səlahiyyətli şəxsə təqdim edilməsi başa düşülür.
Sair aldatma dedikdə şəxsin elə yalan faktlar barədə məlumat təqdim etməsi başa düşülür ki, həmin məlumatlar onun hərbi xidmətdən və ya hərbi xidmət vəzifəsini yerinə yetirməkdən daimi və ya müvəqqəti azad edilməsinə əsas ola bilər. (məsələn, ailə üzvlərinin ağır xəstəliyi, faciəli hadisə barədə və s.).
Şərh edilən cinayət onun hansı üsulla törədilməsindən asılı olmayaraq, bütövlükdə hərbi xidmət üzrə vəzifələri icrasının faktiki olaraq dayandırıldığı və ya hərbi xidmət üzrə ayrı-ayrı vəzifələrin yerinə yetirilməsinin dayandırıldığı andan bitmiş başa çatmış cinayət hesab olunur. Şərh edilən cinayət subyektiv cəhətdən yalnız birbaşa qəsdlə törədilir. Hərbi qulluqçunun öz sağlamlığına ehtiyatsızlıqla zərər vurması nəzərdən keçirilən cinayət kimi qiymətləndirilə bilməz. Təhlil edilən cinayətin subyekti istənilən hərbi qulluqçu, habelə təlim və yoxlama tapşırıqlarına çağırılmış hərbi vəzifəli şəxs ola bilər.
Hərbi hissəni və ya xidmət yerini özbaşına tərketmə hərbi xidmət əleyhinə olan cinayətlərdən ən çox təsadüf edilənidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 333-cü maddəsində hərbi xidmətdə olan hərbi qulluqçunun öz hərbi hissəsini və ya xidmət yerini özbaşına tərk etməsinə, o cümlədən, üzrlü səbəb olmadan öz xidmət yerinə vaxtında gəlməməsinə görə cinayət məsuliyyəti nəzərdə tutulmuşdur. Bu cinayətin ictimai təhlükəliliyi ondan ibarətdir ki, təhlil edilən hüquqazidd əməllərin törədilməsi ilə hərbi xidmət keçmənin qanunla müəyyən edilmiş qaydalarına qəsd edilir. Belə ki, hərbi xidmət keçmədən yayınmanın uzun müddət davam etməsi Silahlı Qüvvələrdə nizam-intizamın aşağı düşməsinə, ordunun döyüş qabiliyyətinin zəifləməsinə səbəb olur.
Təhlil edilən cinayətin obyekti hərbi xidmət keçmənin qanunvericiliklə tənzimlənmiş qaydasıdır. Cinayət Məcəlləsinin 333.1-ci maddəsinin obyektiv cəhətini hərbi qulluqçunun öz hərbi hissəsini və ya xidmət yerini özbaşına tərk etməsi, o cümlədən üzrlü səbəb olmadan öz xidmət yerinə vaxtında gəlməməsi təşkil edir. Hərbi hissəni və ya xidmət yerini özbaşına tərk etmə dedikdə komandirin (rəisin) icazəsi olmadan hərbi qulluqçunun hərbi hissənin ərazisini və ya xidmət yerini özbaşına tərk etməsi başa düşülür. Xidmət yerinə vaxtında gəlməmə isə hərbi hissənin ərazisindən və ya xidmət yerindən qanuni əsaslarla kənara buraxılmış hərbi qulluqçunun hərbi hissəyə, yaxud xidmət yerinə üzrlü səbəblər olmadan müəyyən edilmiş müddətdə gəlməməsindən ibarətdir. Hərbi hissəni özbaşına tərk etmənin əvvəli hərbi qulluqçunun hərbi hissəni və ya xidmət yerini özbaşına tərk etdiyi andan, xidmət yerinə vaxtında gəlməmənin əvvəli isə xidmət yerinə qayıtmalı olduğu müddətin bitdiyi andan hesablanır. Təhlil edilən cinayət hərbi qulluqçunun hərbi hissəyə və ya xidmət yerinə gəldiyi, yaxud onun tutulub saxlanıldığı andan bitmiş hesab olunur.
Cinayət Məcəlləsinin 333.1-ci maddəsində nəzərdə tutulmuş cinayətin obyektiv cəhətinin zəruri əlamətlərindən biri də hərbi hissəni (xidmət yerini) özbaşına tərk etmənin və vaxtında gəlməmənin müddətidir. Cinayət Məcəlləsinin 333.1-ci maddəsinin dispozisiyasında, göstərilən əməllərin cinayət məsuliyyətinə səbəb olması üçün hərbi hissəni və ya xidmət yerini özbaşına tərk etmə, yaxud vaxtında gəlməmə 3 gündən 10 günədək olmalı, 3 gündən az olsa belə, 6 ay ərzində təkrar törədilməlidir.
Qeyd olunmalıdır ki, çağırış üzrə hərbi xidmətdə olan hərbi qulluqçu öz hərbi hissəsini və ya xidmət yerini 3 gündən az müddətdə ilk dəfə özbaşına tərk etdikdə və ya üzrlü səbəblər olmadan öz xidmət yerinə vaxtında gəlmədikdə Azərbaycan Respublikası Silahlı Qüvvələrinin İntizam Nizamnaməsinə əsasən müvafiq cəza verilə bilər.
Hərbi qulluqçunun özünün və ya yaxın qohumlarının xəstəliyi, son zərurət vəziyyəti, hakimiyyət orqanları tərəfindən tutulub saxlanma, təbii fəlakət, habelə hərbi qulluqçunun iradəsindən asılı olmayaraq onun vaxtında qayıtmasını qeyri-mümkün edən digər hallar xidmət yerinə vaxtında gəlməmənin üzrlü səbəblərinə aid edilir. Hərbi hissəyə və ya xidmət yerinə vaxtında gəlməmə üzrlü səbəblərlə əlaqədar olduqda cinayət tərkibi yaranmır. Cinayət Məcəlləsinin 333-cü maddəsində nəzərdə tutulmuş cinayətlərə görə məsuliyyət, yalnız hərbi qulluqçunun hərbi hissənin mövqeyini və ya xidmət yerini komandirin (rəisin) icazəsi olmadan tərk etdiyi hallarda yaranır.
Subyektiv cəhətdən şərh edilən cinayət yalnız birbaşa qəsdlə törədilir. Bu cinayətin ehtiyatsızlıqdan törədilməsi mümkün deyildir.
Cinayət Məcəlləsinin 333.1-ci maddəsində nəzərdə tutulmuş cinayətin subyekti yalnız hərbi xidməti çağırış üzrə keçən hərbi qulluqçular ola bilərlər. Cinayət Məcəlləsinin 333.2-ci maddəsində nəzərdə tutulmuş cinayətin obyektiv cəhəti 10 gündən artıq, lakin 1 aydan çox olmayan müddətə hərbi hissəni və ya xidmət yerini özbaşına tərketməni və ya üzrlü səbəblər olmadan xidmət yerinə vaxtında qayıtmamağa görə cinayət məsuliyyətini nəzərdə tutmuşdur. Obyektiv cəhətin bütün qalan (müddətdən başqa) əlamətləri Cinayət Məcəlləsinin 333.1-ci maddəsinin obyektiv cəhətinin əlamətləri ilə eynilik təşkil edir.
Cinayət Məcəlləsinin 333.2-ci maddəsində nəzərdə tutulmuş cinayətin subyekti çağırış və ya kontrakt üzrə hərbi xidmət keçən hərbi qulluqçulardır. Kontrakt (bağlaşma) üzrə hərbi xidmət keçən hərbi qulluqçu dedikdə Azərbaycan Respublikasının Silahlı Qüvvələrinə könüllü daxil olmuş və müvafiq kontrakt bağlamış həm Azərbaycan, həm də xarici dövlətlərin vətəndaşları başa düşülür.
Cinayət Məcəlləsinin 333.3-cü maddəsində nəzərdə tutulmuş cinayətin obyektiv cəhəti hərbi hissəni və ya özbaşına tərketmənin xidmət yerini vaxtında qayıtmamanın 10 gündən 1 ayadək müddətdə davam etməsindən, yaxud özbaşına tərk etmənin və ya vaxtında qayıtmamanın 3 gündən 10 günədək müddətə, lakin 1 il ərzində təkrar törədilməsindən ibarətdir. Bu cinayətin subyekti zabit heyətindən olan şəxs, gizir, miçman, müddətdən artıq hərbi xidmətdə olan və ya kontrakt üzrə xidmət edən hərbi qulluqçudur.
Cinayət Məcəlləsinin 333.4-cü maddəsində təhlil edilən cinayətin tövsifedici əlaməti Cinayət Məcəlləsinin 333.2-ci və 333.3-cü maddələrində nəzərdə tutulmuş əməllərin bir aydan artıq, lakin üç ay müddətindən çox olmayaraq törədilməsinə görə cinayət məsuliyyətini nəzərdə tutmuşdur. Bu əlamətin mövcud olması üçün Cinayət Məcəlləsinin 333.2-ci və 333.3-cü maddələrində nəzərdə tutulan cinayətlərin subyekti olan hərbi qulluqçunun hərbi hissəni və ya xidmət yerini özbaşına tərk etmənin, yaxud xidmət yerinə vaxtında qayıtmamanın müddəti 1 aydan 3 ayadək olmalıdır. Həmin müddət 3 aydan artıq olduqda əməl Cinayət Məcəlləsinin 334-cü maddəsi ilə fərarilik kimi tövsif edilməlidir.
Fərarilik, yəni hərbi qulluqçunun xidmətdən üç aydan artıq müddətə hərbi hissədən və ya xidmət yerindən özbaşına getməsi və ya xidmət yerinə qayıtmaması (gəlməməsi), yaxud müddətindən asılı olmayaraq hərbi xidmətdən boyun qaçırmaq məqsədi ilə hərbi hissəni və ya xidmət yerini özbaşına buraxıb getməsi və ya xidmət yerinə qayıtmaması (gəlməməsi) kimi başa düşülür.
Təhlil edilən cinayətin ictimai təhlükəliliyi ondan ibarətdir ki, fərarilik hərbi hissənin döyüş hazırlığına və döyüş qabilityətinə, ordunun və donanmanın şəxsi heyətinin komplektləşdirilməsinə ciddi zərər vurur.
Bu cinayətin obyekti hərbi xidmət keçmənin qanunvericiliklə müəyyən edilən qaydalarıdır. Cinayət Məcəlləsinin 334-cü maddəsində faktiki olaraq fərariliyin iki növü nəzərdə tutulmuşdur:
1. Hərbi hissəni özbaşına tərk etmənin və ya xidmət yerinə qayıtmamanın müddətinə görə müəyyən edilən fərarilik;
2. Hərbi hissəni özbaşına tərk etmənin və ya xidmət yerinə qayıtmamanın məqsədinə görə müəyyən edilən fərarilik.
Fərariliyin birinci növü o halda mövcud olacaqdır ki, hərbi qulluqçunun hərbi hissədən və ya xidmət yerindən özbaşına getməsi və ya xidmət yerinə qayıtmaması üç aydan artıq davam etsin. Öz mahiyyətinə görə bu, hərbi hissəni özbaşına tərk etmənin fərariliyə çevirilməsi deməkdir. Fərariliyin bu növü hərbi qulluqçunun hərbi hissədən və ya xidmət yerindən özbaşına getməsinin və ya xidmət yerinə qayıtmamasının üç ayı tamam olduğu andan başa çatmış olacaqdır.
Fərariliyin ikinci növü o halda mövcud olacaqdır ki, hərbi qulluqçunun hərbi hissədən və ya xidmət yerindən özbaşına getməsi və ya xidmət yerinə qayıtmaması hərbi xidmətdən boyun qaçırmaq məqsədilə törədilsin. Bu zaman hərbi hissədən və ya xidmət yerindən özbaşına getmənin və ya xidmət yerinə qayıtmamanın müddəti heç bir əhəmiyyət kəsb etmir. Fərariliyin bu növü hərbi qulluqçunun hərbi hissəni və ya xidmət yerini özbaşına buraxıb getdiyi, yaxud xidmət yerinə müəyyən edilmiş müddətdə gəlmədiyi andan başa çatmış cinayət hesab olunur.
Şərh olunan cinayət subyektiv cəhətdən yalnız birbaşa qəsdlə törədilə bilər. Fərariliyin ikinci növü üçün subyektiv cəhətin daha bir zəruri əlaməti xüsusi məqsədin - hərbi xidmətdən boyun qaçırma məqsədinin olmasıdır. Ümumiyyətlə, fərariliyin birinci növündə də belə məqsəd ola bilər, lakin burada həmin məqsədin olması zəruri tərkib ünsürü olması hesab edilməmişdir. Hərbi hissəni və ya xidmət yerini öz başına tərk etmənin və ya xidmət yerinə vaxtında qayıtmamanın uzun müddət - üç aydan artıq davam etməsi özlüyündə hərbi xidmətdən boyun qaçırma məqsədinin olmasını təsdiq edir. Şərh olunan cinayətin subyekti istənilən hərbi qulluqçu ola bilər.
Bütün bunlarla yanaşı, qeyd etmək lazımdır ki, Cinayət Məcəlləsinin 334-cü maddəsinin qeydində sadə fərariliyə görə cinayət məsuliyyətini istisna edən hal da nəzərdə tutulmuşdur. Qeyd hissədə göstərilir ki, həmin əməli ağır şərait zəminində ilk dəfə törətmiş şəxs cinayət məsuliyyətindən azad oluna bilər. Burada ağır şərait dedikdə hərbi qulluqçunun özünün və ya onun yaxın qohumlarının gözlənilməz ağır xəstəliyi, ciddi ailə müaqişələri, hərbi qulluqçunun ailə üzvlərinin yaşadığı yerdə baş vermiş təbii fəlakət və s nəzərdə tutulur.
Həmçinin qeyd etməliyəm ki, hərbi qulluqçuların, habelə onların ailə üzvlərinin hüquqlarının müdafiəsi, pozulmuş hüquqlarının bərpa edilməsi üzrə aparılan işin keyfiyyəti hərbi kollektivlərdə sağlam əhval-ruhiyyə, döyüşə daimi mənəvi-psixoloji hazırlıq, komandirlərə və dövlətə inam yaradılmasına xidmət edən mühüm amillərdəndir. Bu baxımdan Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) tərəfindən hərbi qulluqçuların hüquqlarının müdafiəsi, onlarla mütəmadi olaraq görüşlər keçirilməsi, müraciətlərinin araşdırılması, Aparatda "hərbi qulluqçuların hüquqlarının müdafiəsi üzrə baş məsləhətçi" ştatının yaradılması mühüm əhəmiyyət kəsb edir.
Ombudsmanın hərbi qulluqçuların hüquqlarının qorunması sahəsində fəaliyyətinin əsas istiqamətlərindən biri də hərbi qulluqçuların hüquqi maarifləndirilməsidir. Ombudsman təsisatı müvafiq qurumların səlahiyyətli nümayəndələri ilə birlikdə hərbi hissələrdə və sərhəd zastavalarında şəxsi heyətlə hüquqi maarifləndirmə işinin gücləndirilməsi məqsədi ilə müntəzəm olaraq müvafiq tədbirlər həyata keçirir, hərbi qulluqçuların hüquqlarının təmini vəziyyəti araşdırır.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev sərhədçilərimizin xidmətlərini yüksək qiymətləndirərək dövlət sərhədlərinin etibarlı şəkildə qorunduğunu bildirərək demişdir: "Bütövlükdə Sərhəd Xidmətinin müasir quruma çevrilməsi istiqamətində çox böyük işlər görülübdür. Bu gün Sərhəd Qoşunları çox güclü və çevik hərbi birləşmədir. Sərhəd Xidmətinin qarşısında qoyulan vəzifələrdən biri də məhz ondan ibarətdir ki, Sərhəd Qoşunlarının döyüş qabiliyyəti artırılsın. Bu məqsədlər üçün silah-sursat, texnikanın alınması prosesi davam edir və deyə bilərəm ki, Sərhəd Qoşunları istənilən anda Azərbaycanın ərazi bütövlüyünün bərpası üçün ordumuzla bərabər hərəkət etməyə hazırdır".
Qeyd edə bilərik ki, artıq bu gün ölkəmizdə nizami ordu səviyyəsində, çevik, mütəşəkkil, yüksək intizama və döyüş hazırlığına malik, ən müasir texniki vasitələrlə təmin olunmuş Dövlət Sərhəd Xidməti mövcuddur. Heydər Əliyev ideyalarına, dövlətçiliyə, xalqa sədaqətini dəfələrlə nümayiş etdirən hər bir sərhədçi zabit, gizir, çavuş, əsgər və matros müstəqil ölkəmizin dövlət sərhədlərini gecə-gündüz sayıqlıqla qoruyur. Azərbaycanın müqəddəs sərhədləri etibarlı və inamlı əllərdədir. Dövlət Sərhəd Xidmətində qulluq edən hər bir zabit, gizir, çavuş, əsgər və matros bundan sonra da Sərhəd Qoşunlarına göstərilən yüksək etimadı doğrultmaq üçün üzərinə düşən vəzifələrin öhdəsindən şərəflə, ləyaqətlə gəlməli, bu müqəddəs amal naminə səy və bacarıqlarını əsirgəməməlidir.

 














      

Copyright © 2009. Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman).