9:04 AZ | RUS | ENG

.

               Təqvim

Super Ajax Calendar


Səhifənin xəritəsi



Sərhəd xidməti qaydalarını pozmağa görə cinayət məsuliyyətinin əsasları

Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Aparatının İnsan hüquqlarının müdafiəsi şöbəsinin baş məsləhətçisi Rəmzi Həsənovun 18.01.2023-cü il tarixdə "Naxçıvan" Əlahiddə Sərhəd Diviziyasında keçirilmiş hüquqi maarifləndirmə tədbirində "Sərhəd xidməti qaydalarını pozmağa görə cinayət məsuliyyətinin əsasları" mövzusunda çıxış mətni

Hər bir dövlətin müstəqilliyini və ərazi bütövlüyünü təsdiq edən amillərdən biri onun sərhədləri və bu sərhədlərin toxunulmazlığıdır. Təsadüfi deyil ki, Birləşmiş Millətlər Təşkilatının prinsiplərinə görə, dövlətlərin müstəqilliyinin müəyyən edilməsində hər bir ölkənin ərazi bütövlüyünün toxunulmazlığı əsas şərt kimi qoyulub. Bu mənada sərhəd, ərazi bütövlüyü hər bir ölkənin dövlət müstəqilliyinin əsasını təşkil edən atributlardır.
"Azərbaycan Respublikasının dövlət sərhədi haqqında" Qanunun 27-ci maddəsinə əsasən Azərbaycan Respublikası dövlət sərhədinin mühafizəsi Azərbaycan Respublikasının milli təhlükəsizliyinin təmin edilməsi sisteminin ayrılmaz tərkib hissəsidir. Azərbaycan Respublikasının dövlət sərhədinin mühafizəsi dövlət sərhədinin qanunsuz surətdə dəyişdirilməsinin qarşısının alınmasına, dövlət sərhədi rejiminə, sərhədboyu rejimə və dövlət sərhədindən buraxılış məntəqələrində rejimə əməl olunmasına, dövlət sərhədində dövlətin, cəmiyyətin və şəxsiyyətin digər həyati mənafelərinin xarici və daxili təhlükələrdən qorunmasına yönələn siyasi, hüquqi, iqtisadi, hərbi, əməliyyat, təşkilati, texniki, ekoloji, sanitariya və başqa tədbirlərin həyata keçirilməsi ilə təmin edilir.
Azərbaycan Respublikası dövlət sərhədinin quruda, dənizdə, çaylarda, göllərdə və digər sututarlarda mühafizə olunması sərhəd mühafizə orqanlarına, havada mühafizə olunması isə hava hücumundan müdafiə və hərbi hava qüvvələrinə həvalə olunur. Sərhəd mühafizə orqanları, hava hücumundan müdafiə və hərbi hava qüvvələri Azərbaycan Respublikası dövlət sərhədinin qorunması vəzifələrini yerinə yetirərkən bu Qanunu, Azərbaycan Respublikasının başqa qanunvericilik aktlarını, Azərbaycan Respublikasının dövlətlərarası müqavilələrini rəhbər tuturlar.
Sərhəd xidməti çəkmə qaydaları "Sərhəd mühafizə orqanları haqqında" Azərbaycan Respublikasının 6 yanvar 1994-cü il tarixli Qanunu, "Azərbaycan Respublikasının Dövlət sərhədi haqqında" Azərbaycan Respublikasının 9 dekabr 1991-ci il tarixli Qanunu və sair normativ aktlarla tənzim edilir.
"Sərhəd mühafizə orqanları haqqında" Qanunun 1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının sərhəd mühafizə orqanları sərhəd qoşunlarından, çevik hərəkət qüvvələrindən, xüsusi hava əməliyyatları qüvvələrindən, sahil mühafizəsindən, sərhəd nəzarətindən və digər qurumlardan ibarət olmaqla, Azərbaycan Respublikasının dövlət sərhədinin mühafizəsini və toxunulmazlığını təmin edir.
Dövlət sərhədlərinin hərtərəfli şəkildə qorunması Vətənin müdafiəsinin mühüm tərkib hissəsidir. Azərbaycan Respublikasının dövlət sərhədinin quruda, dənizdə, çayda və sair hüdudlarda mühafizə edilməsi Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinə, o cümlədən "Naxçıvan" Əlahiddə Sərhəd Diviziyasına həvalə edilmişdir.
Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 339-cu maddəsində sərhəd xidməti qaydalarının pozulmasına görə cinayət məsuliyyəti müəyyən olunmuşdur. Belə ki, Cinayət Məcəlləsinin 339.1-ci maddəsinə əsasən sərhəd dəstəsinin tərkibinə daxil olan şəxs tərəfindən və ya sərhəd xidməti üzrə sair vəzifələri yerinə yetirən şəxs tərəfindən sərhəd xidməti qaydalarını pozma, bu əməllər dövlətin təhlükəsizlik mənafelərinə real təhlükə yaratdıqda iki ilədək müddətə hərbi xidmət üzrə məhdudlaşdırma və ya iki ilədək müddətə intizam xarakterli hərbi hissədə saxlama və ya eyni müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
Cinayət Məcəlləsinin 339.2-ci maddəsinə əsasən eyni əməllər dövlətin təhlükəsizlik mənafeyinə zərər vurduqda və ya sair ağır nəticələrə səbəb olduqda iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
Təhlil edilən cinayətin ictimai təhlükəliliyi ondan ibarətdir ki, sərhəd xidməti qaydalarını pozma dövlətin xarici təhlükəsizliyini, onun ərazi toxunulmazlığını və bütövlüyünü, iqtisadi və siyasi müstəqilliyini təhlükə altına alır. Bu cinayətin obyekti sərhəd xidməti çəkmənin qaydaları, habelə Azərbaycan Respublikasının dövlət təhlükəsizliyi mənafeləridir. Bu cinayətin obyektiv cəhəti sərhəd xidməti qaydalarını pozmadan və bu əməllərin dövlətin təhlükəsizlik mənafelərinə zərər vura bilməsi imkanından ibarətdir.
Sərhəd xidməti qaydalarını pozma sərhəd dəstəsi tərkibində hərbi xidmət çəkmə zamanı xidməti özbaşına dayandırmada, kənar məşğuliyyətlərlə əlaqədar xidmətdən yayınmada, diqqətsizlikdə, sərhəddən qaçaqmalçılıq yolu ilə əşyaların keçirilməsində, silah tətbiqi qaydasına əməl edilməməsində, sərhədi pozan barəsində məlumatın verilməməsində, xarici dövlətin vətəndaşları ilə danışıqlar aparılmasında və ya əşyaların mübadiləsində və s. təzahür edir. Bu cinayət tərkibinin mövcud olması üçün sərhəd xidməti qaydalarını pozmanın dövlətin təhlükəsizlik mənafeyinə zərər vurma təhlükəsi yaratması zəruridir.
Burada dövlətin təhlükəsizlik mənafeyinə zərər vurma təhlükəsi dedikdə-sərhəd xidməti qaydalarının pozulması nəticəsində düşmənin qoşun qrupları və dəstələrinin silahlı müdaxiləsinin mümkün olması, sərhəddə silahlı və sair münaqişələrin yaranması təhlükəsi, qaçaqmalçılıq yolu ilə partlayıcı, zəhərləyici, radioaktiv, narkotik maddələrin ölkəyə gətirilməsi üçün şərait yaranması, ümumiyyətlə, Azərbaycan Respublikasının qonşu dövlətlərlə sərhədlərinin nəzarətsiz qalması başa düşülməlidir.
Bu cinayət sərhəd xidməti qaydalarının pozulması nəticəsində dövlətin təhlükəsizlik mənafelərinə zərər vurula biləcəyi təhlükəsinin yarandığı andan başa çatmış hesab edilməlidir.
Nəzərdən keçirilən cinayət subyektiv cəhətdən təqsirin qəsd forması ilə törədilə bilər. Təqsirkar sərhəd xidməti qaydalarını pozduğunu dərk edir, bunun dövlətin təhlükəsizlik mənafelərini təhlükə altına alacağını qabaqcadan görür və bunu arzu edir və ya bunun baş verməsinə şüurlu surətdə yol verir.
Bu cinayətin subyekti yalnız sərhədin mühafizəsi üzrə sərhəd dəstəsinin tərkibinə daxil olan Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçusu, habelə sərhəd xidməti üzrə sair vəzifələri yerinə yetirən şəxs ola bilər.
Burada sərhəd xidməti üzrə sair vəzifələri yerinə yetirən şəxs dedikdə dəstəsinin tərkibinə daxil olmayan, lakin xidməti vəzifələrinə dövlət sərhədinin mühafizəsi üzrə ayrı- ayrı işləri icra etmək daxil olan hərbi qulluqçu (məsələn, sərhəd zastavasının komandiri, rabitəçi, sərhəd pozuntuları barədə məlumat verməli olan şəxs və s.) başa düşülür.
Cinayət Məcəlləsinin 339.2-ci maddəsində sərhəd xidməti qaydalarını pozmanın tövsifedici əlaməti- eyni əməllərin dövlətin təhlükəsizlik mənafeyinə zərər vurması və ya sair ağır nəticələrə səbəb olması nəzərdə tutulmuşdur.
Burada dövlətin təhlükəsizlik mənafeyinə zərər vurulması dedikdə düşmənin qoşun qrupları və dəstələrinin silahlı müdaxiləsi, sərhəddə silahlı və sair münaqişələrin yaranması, sərhəd məntəqələrinə silahlı basqınlar edilməsi və s. başa düşülə bilər.
Sair ağır nəticələrə dövlət sərhədini qanunsuz keçmə, sərhəd bölgələrində yaşayan vətəndaşların, eləcə də dövlətin mülkiyyətinə ziyan vurulması, partlayıcı, zəhərləyici, radioaktiv, narkotik maddələrin dövlət sərhəddindən keçirilməsi, Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin şəxsi heyətində və ya texnikasında tələfatın olması və s. aid edilə bilər. Bu zaman təqsirkarın dövlətin təhlükəsizlik mənafeyinə zərər vurulmasına və ya sair ağır nəticələrə psixi münasibəti təqsirin ehtiyatsızlıq formasında olacaqdır.
Həmçinin qeyd etməliyəm ki, hərbi qulluqçuların, habelə onların ailə üzvlərinin hüquqlarının müdafiəsi, pozulmuş hüquqlarının bərpa edilməsi üzrə aparılan işin keyfiyyəti hərbi kollektivlərdə sağlam əhval-ruhiyyə, döyüşə daimi mənəvi-psixoloji hazırlıq, komandirlərə və dövlətə inam yaradılmasına xidmət edən mühüm amillərdəndir. Bu baxımdan Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) tərəfindən hərbi qulluqçuların hüquqlarının müdafiəsi, onlarla mütəmadi olaraq görüşlər keçirilməsi, müraciətlərinin araşdırılması, Aparatda "hərbi qulluqçuların hüquqlarının müdafiəsi üzrə baş məsləhətçi" ştatının yaradılması mühüm əhəmiyyət kəsb edir.
Ombudsmanın hərbi qulluqçuların hüquqlarının qorunması sahəsində fəaliyyətinin əsas istiqamətlərindən biri də hərbi qulluqçuların hüquqi maarifləndirilməsidir. Ombudsman təsisatı müvafiq qurumların səlahiyyətli nümayəndələri ilə birlikdə hərbi hissələrdə və sərhəd zastavalarında şəxsi heyətlə hüquqi maarifləndirmə işinin gücləndirilməsi məqsədi ilə müntəzəm olaraq müvafiq tədbirlər həyata keçirir, hərbi qulluqçuların hüquqlarının təmini vəziyyəti araşdırır.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev sərhədçilərimizin xidmətlərini yüksək qiymətləndirərək dövlət sərhədlərinin etibarlı şəkildə qorunduğunu bildirərək demişdir: "Bütövlükdə Sərhəd Xidmətinin müasir quruma çevrilməsi istiqamətində çox böyük işlər görülübdür. Bu gün Sərhəd Qoşunları çox güclü və çevik hərbi birləşmədir. Sərhəd Xidmətinin qarşısında qoyulan vəzifələrdən biri də məhz ondan ibarətdir ki, Sərhəd Qoşunlarının döyüş qabiliyyəti artırılsın. Bu məqsədlər üçün silah-sursat, texnikanın alınması prosesi davam edir və deyə bilərəm ki, Sərhəd Qoşunları istənilən anda Azərbaycanın ərazi bütövlüyünün bərpası üçün ordumuzla bərabər hərəkət etməyə hazırdır".
Qeyd edə bilərik ki, artıq bu gün ölkəmizdə nizami ordu səviyyəsində, çevik, mütəşəkkil, yüksək intizama və döyüş hazırlığına malik, ən müasir texniki vasitələrlə təmin olunmuş Dövlət Sərhəd Xidməti mövcuddur. Heydər Əliyev ideyalarına, dövlətçiliyə, xalqa sədaqətini dəfələrlə nümayiş etdirən hər bir sərhədçi zabit, gizir, çavuş, əsgər və matros müstəqil ölkəmizin dövlət sərhədlərini gecə-gündüz sayıqlıqla qoruyur. Azərbaycanın müqəddəs sərhədləri etibarlı və inamlı əllərdədir. Dövlət Sərhəd Xidmətində qulluq edən hər bir zabit, gizir, çavuş, əsgər və matros bundan sonra da Sərhəd Qoşunlarına göstərilən yüksək etimadı doğrultmaq üçün üzərinə düşən vəzifələrin öhdəsindən şərəflə, ləyaqətlə gəlməli, bu müqəddəs amal naminə səy və bacarıqlarını əsirgəməməlidir.













      

Copyright © 2009. Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman).