9:37 AZ | RUS | ENG

.

               Təqvim

Super Ajax Calendar


Səhifənin xəritəsi



Cəza siyasətinin humanistləşdirilməsi və insan hüquqları

Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Aparatının İnsan hüquqlarının müdafiəsi şöbəsinin müdiri Vahidə Bayramovanın 28.02.2023-cü il tarixdə Qarışıq Rejimli Cəzaçəkmə müəssisəsində keçirilmiş hüquqi maarifləndirmə tədbirində "Cəza siyasətinin humanistləşdirilməsi və insan hüquqları" mövzusunda çıxış mətni

 

Hər bir ölkənin və onun əhalisinin təhlükəsiz, əmin-amanlıq şəraitində və rifah halında yaşaması güclü dövlətin ən mühüm şərti kimi sosial-siyasi və milli-əxlaqi mühitin, birgəyaşayış norma və qaydalarının mövcudluğunu özündə ehtiva edir. Azərbaycan dövlətçiliyi də məhz insan hüquqlarının təmin edilməsi və müdafiəsi prinsiplərinə əsaslanır. Ulu öndərimiz Heydər Əliyevin respublikaya rəhbərliyi dövründə qəbul edilən normativ hüquqi aktlar, imzaladığı fərmanlar tam hüquqi, demokratik dövlətin formalaşmasına xidmət etmişdir.
Demokratik dəyərlərin başlıca meyarlarından sayılan insan hüquq və azadlıqlarının təmin olunmasına və müdafiəsinə diqqətlə yanaşan Azərbaycan hakimiyyəti cəmiyyətdə humanizm ənənələrinin təşəkkül tapmasına və möhkəmlənməsinə də hər zaman həssaslıqla yanaşmışdır. Məhz ümummilli lider Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra demokratikləşmə ilə yanaşı, cəmiyyətimizin bütövlüyünə xidmət edən humanizm ənənələrinin təməli qoyulmuşdur.
Ümumilli lider Heydər Əliyev müstəqil Azərbaycanda insan hüquq və azadlıqlarının təmin edilməsi, onların müdafiəsi və daha da genişləndirilməsini dövlətin ən ali məqsədi elan etmişdir. Bu ali məqsədin müəyyənləşdirilməsi, onun həyata keçirilmə mexanizmlərinin tapılması və reallaşdırılması, sözügedən sahədə hüquqi bazanın yaradılması isə müstəqil dövlətimizin qurucusu, ümumilli lider Heydər Əliyevin adı ilə bağlıdır. Ulu öndər yaxşı bilirdi ki, demokratik dəyərlərin üstünlüyünü qəbul edən, azadlığın, haqq və ədalətin bərqərar olunduğu dövlət qurmaq istəyən hər bir ölkə, hər bir xalq üçün Konstitusiya birinci dərəcəli əhəmiyyət daşıyır.
Azərbaycan Respublikasının ilk milli Konstitusiyasının hazırlanmasında həm ölkəmizin tarixi keçmişinin milli dəyərlərindən, həm də ümumbəşəri dəyərlərdən, dünyanın demokratik dövlətlərinin təcrübəsindən istifadə edilməsini mühüm vəzifə kimi irəli sürən ulu öndər qeyd edirdi: "Biz elə bir layihə hazırlamalı və nəhayət, elə bir Konstitusiya qəbul etməliyik ki, o, müstəqil Azərbaycan Respublikasının demokratik prinsiplər əsasında uzun müddət sabit yaşamasını təmin edən əsas qanun, tarixi sənəd olsun." Nəhayət, 1995-ci ilin iyul ayında görkəmli dövlət xadimi Heydər Əliyevin sədrliyi ilə Azərbaycan Respublikasının Konstitusiyasını hazırlayan Dövlət Komissiyası təşkil edildi və həmin ilin noyabr ayının 12-də ümumxalq səsverməsi yolu ilə müstəqil Azərbaycan Respublikasının ilk milli Konstitusiyası qəbul olundu. Ümumdünya İnsan Hüquqları Bəyannaməsinin əsas müddəalarını özündə əks etdirən Konstitusiyada insan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin edilməsi dövlətimizin ali məqsədi kimi bəyan olundu. Çoxəsrlik dövlətçilik ənənələrimizə, milli və ümumbəşəri dəyərlərə söykənərək yaradılan Konstitusiyamız hüquqi-demokratik dövlət və vətəndaş cəmiyyəti quruculuğunun təməlini qoydu.
Hakimiyyət illərində ulu öndərin rəhbərliyi ilə islahatların hüquqi bazası yaradılmış, insan hüquq və azadlıqlarının qorunması sahəsində mühüm sənədlər qəbul edilmiş, respublikamız müxtəlif beynəlxalq konvensiya və sazişlərə qoşulmuş, qanunvericilik, icra və məhkəmə hakimiyyətlərinin qarşılıqlı fəaliyyətinin təmin edilməsi məqsədi ilə ardıcıl və məqsədyönlü tədbirlər həyata keçirilmişdir. 1996-cı il fevralın 21-də yaradılmış Hüquqi İslahatlar Komissiyası bu sahədə mühüm rol oynamışdır. Belə ki, komissiya tərəfindən Avropa standartlarına uyğun hazırlanmış Cinayət Məcəlləsinin, Cinayət Prosessual Məcəllənin layihələri və bir sıra digər qanunlar milli qanunvericilik sisteminin təkmilləşdirilməsini, yeni dövrün tələblərinə uyğunlaşdırılmasını təmin etmişdir. Bundan əlavə, komissiya tərəfindən işlənib hazırlanmış "Konstitusiya Məhkəməsi haqqında", "Məhkəmələr və hakimlər haqqında" qanunlar ölkəmizdə məhkəmə-hüquq islahatları sahəsində aparılan ilk mühüm addımlar olmaqla müstəqil məhkəmə sisteminin yaradılmasına və fəaliyyət göstərməsinə imkan yaratmışdır.
Ümummilli lider bütün dövrlərdə humanizm məfkurəsindən çıxış edərək, mərhəmət və insanpərvərlik kimi ən ali keyfiyyətləri əldə rəhbər tutmuşdur. Ulu öndərin humanizm ideyalarına böyük önəm verməsi və real həyatda bunu təcəssüm etdirən addımlar atması vətəndaş həmrəyliyinə xidmət etməklə yanaşı, insanların hakimiyyətə olan inamını daha da artırmışdır.
Müstəqillik əldə etdikdən sonra ölkəmizdə insan hüquq və azadlıqlarının təmin edilməsi məqsədilə həyata keçirilən islahatların ən mühüm istiqaməti isə yaşamaq hüququnun təmin edilməsi sahəsində həyata keçirilən tədbirlər olmuşdur. Məhz Heydər Əliyev humanizminin nəticəsi olaraq ölkəmizdə ölüm hökmü aradan qaldırılmış və Azərbaycanın adı Şərqdə ilk olaraq bu cəzanı ləğv edən ölkə kimi tarixə düşmüşdür. Əvvəlcə 1993-cü ildə ölüm cəzasının icrası üzərində moratorium (təxirə salma, ləngitmə) qoyulmuş, 1998-ci il 10 fevral tarixində isə bu cəza tamamilə ləğv edilmişdir. Sonradan ulu öndər bu humanist qərara münasibət bildirərkən demişdir: "Mən cinayət-hüquq siyasətini hərtərəfli təhlil edərək ədalət, azadlıq, humanizm və insanpərvərlik kimi yüksək ideallara sadiq qalaraq, ölkəmizdə ölüm cəzasının ləğv edilməsi qənaətinə gəlib bu tarixi bəyanatı vermişəm." Bu gün dünyanın bir çox qabaqcıl ölkələrində belə, ölüm cəzasının hələ də ləğv olunmadığını və mütəmadi olaraq tətbiq edildiyini nəzərə alsaq, ulu öndərin bu addımının nə dərəcədə böyük hüquqi, tarixi əhəmiyyət kəsb etdiyini dərk etmiş olarıq.
Həmin dövrdə Azərbaycan Respublikasında insan və vətəndaş hüquqları və azadlıqlarının təminatı sahəsində bir çox qanunlar və qanun qüvvəli aktlar qəbul olunmuşdur. Qanun qüvvəli aktlar sırasında Azərbaycan Respublikası Prezidentinin "İnsan və vətəndaş hüquqları və azadlıqlarının təmin edilməsi sahəsində tədbirlər haqqında" 1998-ci il 22 fevral tarixli Fərmanını, Azərbaycan Respublikası Prezidentinin 1998-ci il 18 iyun tarixli Sərəncamı ilə təsdiq edilmiş "İnsan hüquqlarının müdafiəsinə dair Dövlət Proqramı"nı qeyd etmək olar. Bu aktlarda insan və vətəndaş hüquqları və azadlıqlarının təminatı və müdafiəsi sahəsində bir çox tədbirlərin tətbiq edilməsi nəzərdə tutulmuş və ötən dövr ərzində icrası təmin edilmişdir.
Qeyd olunan Dövlət Proqramında insan hüquqlarının müdafiəsi sahəsində yeni mexanizm olan Ombudsman institutunun yaradılması nəzərdə tutulmuşdur ki, bu da ölkədə insan hüquqlarının müdafiəsinin daha da təkmilləşdirilməsinə xidmət etmişdir.
Qeyd edək ki, ölkəmizdə hüquqi islahatların davamı olaraq "Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə" 2017-ci il 10 fevral tarixli Azərbaycan Respublikası Prezidentinin Sərəncamı xüsusi əhəmiyyət kəsb edir. Həmin Sərəncam cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəzaların və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsinə əlverişli imkan yaratmışdır. Sərəncamın mahiyyətinə uyğun olaraq qanunvericilik aktlarına bir sıra müvafiq əlavə və dəyişikliklər edilmişdir. Cinayət Məcəlləsinə, ümumilikdə, 300-ə yaxın dəyişiklik olunmuş, bütövlükdə, 15 cinayət məcəllədən çıxarılmışdır. Bunlar daha çox mülkiyyət və iqtisadi fəaliyyət sahəsində olan, habelə ehtiyatsızlıqdan törədilən cinayətlərdir. Həmçinin Cəzaların İcrası Məcəlləsinə "Elektron nəzarət vasitələrinin tətbiqi xüsusiyyətləri" və "Probasiya nəzarəti" ilə bağlı edilən yeni maddələr şərti məhkumetmə institutunun daha geniş tətbiq edilməsini nəzərdə tutur.
Son dövrlər qəbul edilən amnistiya aktları və əfv sərəncamları respublikamızın humanizm prinsipləri əsasında inkişaf yolu seçdiyini bir daha nümayiş etdirir, xalqın dövlətə, ədalətə inamını daha da artırır. Bütün bunlar Azərbaycan dövlətinin humanizm siyasətinin əyani ifadəsidir.

 














      

Copyright © 2009. Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman).