12:37 AZ | RUS | ENG

.

               Təqvim

Super Ajax Calendar


Səhifənin xəritəsi



Ümumtəhsil internat məktəblərinin nümunəvi əsasnaməsinin tələbləri

Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Aparatının İnsan hüquqlarının müdafiəsi şöbəsinin baş məsləhətçisi Həsən Həsənovun 28.02.2023-cü il tarixdə M.Füzuli adına Ordubad şəhər tam orta internat məktəbində həyata keçirilmiş hüquqi maarifləndirmə tədbirində "Ümumtəhsil internat məktəblərinin nümunəvi əsasnaməsinin tələbləri" mövzusunda çıxış mətni

 

Azərbaycan dövlətinin yeritdiyi siyasət ölkədə gələcəyin vətənpərvər, yüksək zəkalı, intellektual gəncliyi olacaq bugünkü uşaqların firavan həyatının, təlim-tərbiyəsinin, fiziki-mənəvi sağlamlığının müdafiəsinə yönəlib. Təbii ki, ölkəmizin iqtisadi imkanları artdıqca cəmiyyətin həssas və kövrək təbəqəsi olan uşaqlara və onların təhsilinə diqqət və qayğı daha da artırılır. Təhsilin insanın yetişməsində, dünyagörüşünün artmasında, cəmiyyətə yararlı fərd kimi formalaşmasında rolu danılmazdır. Azərbaycan Respublikasının Təhsil haqqında qanununda da qeyd olunub ki, cəmiyyətin bütün üzvlərinin bərabər təhsil alma hüquqları vardır. Eyni zamanda ailə himayəsindən məhrum olmuş uşaqların sosial reabilitasiyasının təşkili istiqamətində həyata keçirilən təhsil siyasəti, o cümlədən, onun hüquqi aspektləri milli dövlətimizin həm daxili inkişaf konsepsiyasına, həm də onun sürətlə inteqrasiya olunduğu beynəlxalq birlik qarşısında götürdüyü öhdəliklərə uyğun reallaşdırılır.
Azərbaycan Respublikası BMT-nin üzvü olan bir dövlət kimi Ümumdünya İnsan Hüquqları Bəyannaməsinə və Uşaq Hüquqları Konvensiyasına qoşulmaqla həmin sənədlərin tələblərinə əməl etməyi öz üzərinə götürmüşdür. Uşaq Hüquqları Konvensiyasının 20-ci maddəsinin 1-ci bəndinə görə, "öz ailə mühitindən müvəqqəti və ya daimi məhrum olan və ya özünün ən yaxşı mənafeyi naminə belə mühitdə qala bilməyən uşaq dövlət tərəfindən xüsusi müdafiə edilmək və ona yardım göstərilmək hüququna malikdir". Həmin sənəd ona qoşulan bütün dövlətlər, o cümlədən, bizim ölkəmizin də öz milli qanunvericilik aktlarına uyğun olaraq belə uşaqları alternativ qayğı ilə əhatə etməyi öhdəlik kimi qəbul etməsini nəzərdə tutur.
Bu gün Azərbaycan Respublikasının dövlət uşaq siyasətinin başlıca prinsipləri uşaqların keyfiyyətli təhsil və yüksək standartlara cavab verən tibbi xidmətlərlə təmin edilməsi, hərtərəfli qayğı ilə əhatə olunması, yüksək mənəvi və sosial mühitdə böyüməsi üçün zəruri şəraitin yaradılması, şəxsiyyət və layiqli vətəndaş kimi formalaşmasıdır. Ölkəmizdə təhsil sahəsində həyata keçirilən işlər uşaq siyasətində qarşıya qoyulan məqsədlərin layiqincə reallaşmasından xəbər verir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin "Ümumtəhsil internat məktəblərinin nümunəvi əsasnaməsinin təsdiq edilməsi haqqında" Qərarı ilə bu sahədə fəaliyyət göstərən ümumtəhsil müəssisələrinə dair tələblər müəyyənləşdirilmişdir.
Ümumtəhsil internat məktəbləri aztəminatlı, zəruri sosial-məişət şəraiti olmayan ailələrdən qəbul edilmiş, valideynlərini itirmiş və valideyn himayəsindən məhrum, sağlamlığının bərpasına ehtiyacı olan uşaq və yeniyetmələrin təlim-tərbiyəsinin təşkilində, onların xalqımızın milli ənənələri ruhunda böyüməsi və layiqli vətəndaşlar kimi yetişməsində mühüm əhəmiyyətə malik təhsil müəssisələridir. Bu məktəblərin açılması, tipinin dəyişdirilməsi və fəaliyyətinin dayandırılması Azərbaycan Respublikası Nazirlər Kabinetinin müəyyən etdiyi qaydalar əsasında həyata keçirilir və bu məktəblər imkan və şərait nəzərə alınmaqla, əsas və ya orta təhsil bazasında təşkil olunur.
Ümumtəhsil internat məktəbləri məqsədindən asılı olaraq, aztəminatlı, zəruri sosial-məişət şəraiti olmayan ailələrin uşaqları üçün ümumi tipli ümumtəhsil internat məktəbləri, valideynlərini itirmiş və valideyn himayəsindən məhrum uşaqlar üçün xüsusi ümumtəhsil internat məktəbləri və sanator tipli ümumtəhsil internat məktəblərinə ayrılırlar. Bu məktəblərin nümunəvi əsasnaməsinə uyğun olaraq ümumi tipli ümumtəhsil internat məktəblərinə əsasən çoxuşaqlı, lazımi maddi-məişət və tərbiyə şəraiti olmayan ailələrdən gələnlər, o cümlədən tək anaların (ataların) övladları, səhhəti ilə əlaqədar əmək qabiliyyətini itirmiş valideynlərin (yaxud digər qanuni nümayəndələrin) uşaqları və qəyyumluğa (himayəyə), övladlığa götürülən uşaqlar qəbul edilir.
Xüsusi ümumtəhsil internat məktəblərinə valideynlərini itirmiş uşaqlar, müxtəlif səbəblərdən (valideynlərin həbs edilməsi, ruhi xəstə olması, valideynlik hüququndan məhrum olunması, valideyn tərəfindən imtina edilməsi və s.) valideyn himayəsindən məhrum olan uşaq və yeniyetmələr qəbul edilir.
Sanator tipli ümumtəhsil internat məktəblərinə isə qan-damar sistemində xəstəliklər olan uşaq və yeniyetmələr, vərəmin ilkin, kiçik, sönməkdə olan formalarına tutulmuş uşaq və yeniyetmələr, tənəffüs orqanlarında xroniki qeyri-spesifik xəstəliklər olan uşaqlar qəbul edilir.
Ümumi tipli ümumtəhsil internat məktəblərinə şagirdlər valideynin (yaxud digər qanuni nümayəndənin) ərizəsinə, xüsusi ümumtəhsil internat məktəblərinə yaşadıqları rayonun (şəhərin) icra hakimiyyətinin qərarına, sanator tipli ümumtəhsil internat məktəblərinə isə, uşaq poliklinikaları nəzdində təşkil edilmiş ixtisaslı həkim komissiyalarının rəyinə əsasən qəbul olunurlar.
Zəruri hallarda müvafiq yerli təhsili idarəetmə orqanının, yaxud polis idarəsinin təqdimatı əsasında yerli icra hakimiyyətlərinin qəyyumluq və himayə orqanlarının qərarı uşağın xüsusi ümumtəhsil internat məktəbinə qəbulu üçün əsas sayılır. Bu məktəblərindəki təmayüllü siniflərə, təmayüllü ümumtəhsil internat məktəblərinə şagirdlər müsabiqə yolu ilə qəbul edilirlər. Xüsusi və sanator tipli ümumtəhsil internat məktəblərində şagirdlər tam dövlət təminatında saxlanılırlar.
Ümumtəhsil internat məktəbinin şagirdləri müəyyən edilmiş normativlər və qaydalar üzrə paltar, ayaqqabı, şəxsi gigiyena əşyaları, yumşaq inventar, dərslik, tədris ləvazimatları və digər zəruri avadanlıqlarla təmin olunurlar. İnternat məktəbini bitirən şagirdlərə istifadələrində olan paltar və ayaqqabını özləri ilə aparmalarına icazə verilir. İnternat məktəbini bitirən valideynlərini itirmiş və valideyn himayəsindən məhrum şagirdlərə respublika Nazirlər Kabinetinin qərarı ilə nəzərdə tutulan qaydada müvafiq güzəştlər edilir.
Xüsusi ümumtəhsil internat məktəblərinin məzunları istehsalatda işləməyə gedərkən istehsalat təlimi dövründə 6 ay, onlardan xroniki xəstəlikləri olanlar isə 1 il müddətinə internat məktəbdə saxlanıla bilirlər. Yaşayış sahəsi olmayan məzunların yetkinlik yaşına çatana qədər bu məktəblərdə qalmasına icazə verilir.
Bir ailənin uşaqlarının (bacı-qardaşlar), habelə qohumluq əlaqəsi olan uşaqların eyni internat məktəbinə qəbul edilməsi məqsədə müvafiqdir. Həmin uşaqlardan hansınınsa tibbi göstəriciləri və ya sağlamlığının vəziyyəti uyğun gəlmirsə, o, digər müvafiq internat tipli müəssisəyə göndərilir.
Xüsusi ümumtəhsil internat məktəbində tərbiyə alan eyni ailənin uşaqlarından hər hansı birinin övladlığa götürülməsi məsələsi ortalığa çıxarsa, uşağın mənafeyinə cavab verən hallar istisna olmaqla, qardaş və bacıların müxtəlif şəxslər tərəfindən övladlığa götürülməsinə yol verilmir.
Müəyyən olunmuş qaydalar daxilində uşağı xüsusi ümumtəhsil internat məktəbinə qəbul edilmiş valideyn üzürlü səbəb olmadan 6 aydan artıq müddətdə uşağı ilə görüşə gəlməzsə, taleyi ilə maraqlanmazsa, internat məktəbinin rəhbərliyi onun valideynlik hüququndan məhrum edilməsi barədə müvafiq orqanlar qarşısında məsələ qaldıra bilər.
Yay tətili müddətində uşaqlar valideynləri (yaxud digər qanuni nümayəndələr) tərəfindən evə aparıla bilərlər. Bu və ya digər səbəblə bağlı evə aparılmayan uşaqlar üçün internat məktəbində yay-istirahət düşərgəsi təşkil olunur, yaxud putyovka ilə digər düşərgələrə göndərilirlər. Uşaqların yay istirahətinin təşkilində yerləşən yerli icra hakimiyyətləri, ərazi üzrə dövlət təhsil və tibb müəssisələri internat məktəblərinin rəhbərliyinə hərtərəfli kömək göstərməlidirlər. Yay tətili ilə yanaşı, dərs ili ərzində olan bayram və digər tətil günlərində də şagirdlər valideynin (yaxud digər qanuni nümayəndənin) ərizəsinə əsasən, evə gedə bilərlər
Ümumtəhsil internat məktəbinin şagirdləri, əsasən, internatın yataqxanasında qalmalıdırlar. Müəyyən hallarda (yaşadığı ev yaxındadırsa, şəraitlə əlaqədar uşağın valideynin yanında qalması zəruridirsə, səhhəti ilə bağlı gecələr valideyn nəzarətinə ehtiyacı varsa və s.) valideynin ərazisinə əsasən, ümumi və sanator tipli ümumtəhsil internat məktəblərinin bəzi şagirdlərinin yalnız axşam yeməyindən sonra öz evlərində gecələmələrinə icazə verilir. I-VI sinif şagirdlərinə valideynin və ya digər qanuni nümayəndənin nəzarəti olmadan müstəqil surətdə evə gedib-gəlməsinə icazə verilmir.
Ümumtəhsil internat məktəblərində təlim-tərbiyə prosesinin təşkili müasir elmi-pedaqoji, metodiki nailiyyətlərə əsaslanır, daim təkmilləşdirilir və şagirdlərin möhkəm bilik zəminində təhsil almasına xidmət edir. Sanator tipli ümumtəhsil internat məktəblərində təlim-tərbiyə işləri ilə yanaşı, müalicə-sağlamlıq tədbirlərinin həyata keçirilməsinə ciddi diqqət verilir. Müalicə-sağlamlıq tədbirləri Səhiyyə Nazirliyinin qüvvədə olan göstərişlərinə əsasən yerinə yetirilir.
Ümumtəhsil internat məktəblərində hər bir şagirdin maraq dairəsi, qabiliyyəti diqqətlə öyrənilməli, onların bacarıq və vərdişlərinin inkişaf etdirilməsi üçün hərtərəfli şərait yaradılmalıdır. Bu və ya digər sahə üzrə istedadlı şagird aşkar olunarsa, internat məktəbinin rəhbərliyi onun müvafiq təmayüllü internat məktəbinə, gimnaziyaya və ya litseyə qəbul edilməsi barədə məsələ qaldıra bilər.
Ümumtəhsil internat məktəblərində şagirdlərin əmək tərbiyəsinə ciddi diqqət yetirilir, internat məktəbinin rəhbərliyi uşaqların meyl və maraqlarına görə peşə öyrənmələrinə şərait yaratmaq məqsədilə, lazımi tədbirlər görür, bununla əlaqədar müxtəlif təsərrüfatların, istehsalat müəssisələrinin imkanlarından səmərəli istifadə edir.
Ümumtəhsil internat məktəblərində ümumi təhsilin müəyyən olunmuş müddətdən əvvəl başa çatdırılmasına yol verilir. Belə hallarda şagirdlərin bilik səviyyəsinin dövlət proqramları tələblərinə uyğun olub-olmaması müvafiq təhsil orqanları tərəfindən müəyyənləşdirilib rəsmiləşdirilir.
Ümumtəhsil internat məktəblərində şagirdlərin dərsdənkənar vaxtlarının səmərəli təşkili və onların hərtərəfli inkişafı məqsədilə klublar, studiyalar, dərnəklər, özfəaliyyət kollektivləri, idman bölmələri yaradılır, müntəzəm olaraq gecələr, müsabiqələr, baxışlar, yaradıcı adamlarla görüşlər keçirilir, şagirdlər vaxtaşırı olaraq konsertlərə, teatr tamaşalarına, muzeylərə, ekskursiyalara, gəzintilərə aparılır, ərazinin, eləcə də respublikanın flora və faunasının, tarix və mədəniyyət abidələrinin öyrənilməsi təmin edilir.
Ümumtəhsil internat məktəblərində dərsdənkənar vaxtlarda təşkil olunan iş prosesi şagirdlərin milli ənənələrimizi, vətənpərvərlik ruhunda böyüməsini, dilimizi, tariximizi, mədəniyyətimizi öyrənməsini, saf əqidəli, fiziki cəhətdən sağlam, bədii-estetik duyumlu vətəndaşlar kimi yetişməsini təmin etmək istiqamətində qurulmalıdır.
Ümumtəhsil internat məktəblərində müəllim və tərbiyəçilər təlim-tərbiyə işlərini təkmilləşdirmək məqsədilə, qabaqcıl pedaqoji təcrübəni müntəzəm olaraq öyrənməli və öz fəaliyyətlərində tətbiq etməlidirlər. Bununla yanaşı, internat məktəblərinin rəhbərliyi müvafiq təhsil orqanlarının yaxından iştirakı ilə internatın qabaqcıl müəllim və tərbiyəçilərinin iş təcrübəsinin öyrənilməsi, yayılması, habelə pedaqoji işçilərin əməyinin stimullaşdırılması üçün müvafiq əməli tədbirlər həyata keçirir.
Ümumtəhsil internat məktəblərində təlim-tərbiyə prosesinin keyfiyyətini yüksəltmək, pedaqoji işçilərin peşə ustalığını, yaradıcılıq meylini artırmaq üçün pedaqoji şura yaradılır və Təhsil Nazirliyi tərəfindən təsdiq olunmuş Əsasnaməyə uyğun fəaliyyət göstərir. Ümumtəhsil internat məktəblərinin bütün kateqoriyadan olan işçilərinin hüquq və vəzifələri, daxili intizam və iş qaydaları bu Əsasnamənin tələbləri baxımından hazırlanmış Nizamnamədə öz əksini tapmalıdır. Nizamnamə hər bir ümumtəhsil internat məktəbində hazırlanır Azərbaycan Respublikasının Təhsil Nazirliyi tərəfindən təsdiq edilir.
Təlim-tərbiyə prosesinin idarə edilməsini və internat məktəbinin gündəlik fəaliyyətinə rəhbərliyi direktor həyata keçirir. Direktor seçkisi "Təhsil Qanunu"na uyğun olaraq aparılır. Ümumtəhsil internat məktəbinin direktoru ümumtəhsil məktəblərinin nümunəvi Əsasnaməsində müəyyən olunmuş hüquq və səlahiyyətlər daxilində fəaliyyət göstərir.
Ümumtəhsil internat məktəblərində psixoloji xidmət fəaliyyət göstərir və "Psixoloji yardım haqqında" Azərbaycan Respublikası Qanununun tələblərinə riayət edilməklə, psixoloji yardım həyata keçirilir. Psixoloji xidmətin təşkili qaydaları Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən müəyyən edilir.
Ümumtəhsil internat məktəblərində uşaqların sağlamlığının mühafizəsi, sanitar-gigiyena tələblərinin gözlənməsi vacib şərtlərdən sayılır və internat məktəbinin rəhbərliyi həmin məsələlərin lazımi qaydada həyata keçirilməsi ilə əlaqədar ardıcıl və təsirli tədbirlər görməlidir.
Şagirdlərin sağlamlığının qorunması və internat məktəbində ciddi sanitar-gigiyena rejimi yaradılması üçün əsas məsuliyyət burada çalışan tibbi xidmət işçilərinin üzərinə düşür. İnternat məktəbinin həkimi uşaqların il ərzində 2 dəfədən az olmayaraq dərinləşdirilmiş tibbi müayinədən keçirilməsini təşkil edir. Xəstəliklərin qarşısını almaq məqsədilə, profilaktik işlər həyata keçirir və onun səmərəliliyini nəzarətdə saxlayıb ardıcıl yoxlayır, ocümlədən şagirdlərin sağlamlığını vəziyyətinə, fiziki, psixoloji inkişafına nəzarət edir, lazım olan hallarda onların müalicəsi üçün tədbirlər görür, uşaqların düzgün qidalanmasına, yeməklərin keyfiyyəti və kalorililiyinə, menyuların mövsümə və milli mətbəxə uyğun tərtibinə nəzarət edir və metodiki tövsiyələr verir, internat məktəbində epidemioloji və sanitar-gigiyena rejiminə mövcud qaydalara uyğun surətdə əməl olunmasına ardıcıl nəzarət edir.
Azərbaycanda uşaqların sağlamlığı, onların yaxşı təhsil və təlim-tərbiyə alması, vətən və xalq üçün gərəkli övlad kimi böyüməsi dövlət səviyyəsində həmişə diqqətdə saxlanılıb. Cəmiyyətin gələcəyi olan uşaqların sağlam və firavan böyüməsi, onların fiziki və mənəvi inkişafı ölkəmizdə dövlət siyasətinin əsas istiqamətlərindən biridir. Uşaqların sağlam və xoşbəxt böyüməsi müasir cəmiyyətdə gedən proseslər fonunda daha çox aktuallıq qazanıb. Əlbəttə, uşaq hüquqlarının müdafiəsi yalnız bir dövlətin deyil, beynəlxalq birliyin, vətəndaş cəmiyyətlərinin, həmçinin siyasi və sosial qüvvələrin birgə səyləri nəticəsində mümkündür. Ölkəmizdə uşaq hüquqlarının qorunması istiqamətində həyata keçirilən çoxşaxəli təşəbbüslərin uğurla reallaşdırılmasında ümumtəhsil internat məktəblərinin üzərinə böyük öhdəliklər düşür. Bu mənada uşaqların hüquqlarının təmin edilməsi həm valideynlərin, həm dövlətin, həm də cəmiyyətin qarşısında duran ən əsas məqsəd hesab olunur. Sonda bir daha qeyd etmək istərdik ki, Azərbaycanda həyata keçirilən dövlət proqramları, layihələr, tədbirlər uşaqların müdafiəsi sahəsinə uğurlu töhfələr verəcək və bu istiqamətdə fəaliyyət daha da güclənəcəkdir. 













      

Copyright © 2009. Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman).